Страница 11 из 13 · 77%

İstanbuldan, boğaz içindən söhbət açarkən, İstanbulu odlu bir məhəbbətlə sevən, ona incə tellərlə bağlı olan gənc şair Orxan Vəlini xatırlamamaq haqsızlıq olardı. Çinaraltı yəqin ki, Orxan Vəlinin gözəl şeirlərini dinləmiş, rüzgarların qanadında onları məmləkətin ən uzaq guşələrinə yola salmışdır. Orxan Vəli İstanbul şairi idi. İstanbulu tərənnüm edən şair idi. Amansız ölüm onu İstanbuldan vaxtsız ayırmasaydı, daha gözəl şeirlər yazardı İstanbula....

İstanbulda boğaz içində
bir fəqir Orxan Vəliyim
Vəlinin oğluyum,
Urmeli hisarına oturmuşum
Oturmuşum da bir türkü tutdurmuşum:
İstanbulun mərmər daşları
Başıma qonuyor, qonuyor, aman,
martı quşları,
Gözlərimdən boşanır
Hicran yaşları
Edalım, sənin yüzündən bu halım
İstanbulun orta yeri sinema
Qəribliyim, məhzunluğum duydurmayın anama...

Orxan Vəli İstanbula həsr etdiyi bir başqa şerində onu belə təsvir edir:

İstanbulu dinliyorum gözlərim qapalı,
Xəfifdən bir ruzgar əsiyor,
Yavaş-yavaş sallanıyor
yarpaqlar ağaclarda...
İstanbulu dinliyorum gözlərim qapalı
Sərin-sərin qapalı çarşı,
Civil-civil Mahmud paşa, göyərçin dolu avlular,
Çəkic səsləri gəliyor doklardan.
Gözlərim bahar ruzgarındakı qoxular,
İstanbulu dinliyorum gözlərim qapalı...

Orxan Vəlinin bu qədər böyük məhəbbətlə sevdiyi gözəl İstanbulda insanların həyatı eyni dərəcədə firavan və rəngarəng deyil. Şəhərin bütün tezadlarını şairin balaca bir şeri ilə ifadə etmiş olsaq, əsl realist boyalarla işlənmiş canlı bir mənzərə açılır:

Bedava yaşıyoruz, bedava,
Hava bedava, bulud bedava,
Dərə, təpə bedava,
Otomobillərin dışı,
Sinemaların qapısı
Camedanlar bedava,
Peynir, əkmək deyil, amma
Acı su bedava
Kəllə fiyatına hüriyyət.
Əsirlik bedava,
Bedava yaşayoruz, bedava.

İstanbulun şairanə guşələrindən biri də “Aşiyan”dır. Şerin, sənətin, yüksək idealların aşiyanı. Böyük humanist şair, demokratik ideyalar carçısı, xalqın gələcəyinə inanan, azadlığa böyük ümidlər bəsləyən şair Tofiq Fikrətin aşiyanı – “Aşiyan”da boğaz içindədir, indi o, Fikrətin ev-muzeyidir, həm də bu ev-muzeydə heç bir muzey soyuqluğu, muzey cansıxıcılığı yoxdur, ora arı yuvası kimi qaynayır. Bütün günü “Aşiyan”ı dolduran adamlar içərisində gənclərə daha çox təsadüf edilir. Dəstə-dəstə oğlanlar, qızlar “aşiyan”ın otaqlarına dolub-boşalırlar. Görünür, gənclərdə Fikrət yaradıcılığına böyük maraq var. Bələdçinin verdiyi məlumata görə, iki alt mərtəbənin birində Əbdülhəq Hamidin, o birində isə Nigar bənd Osmanın həyat və yaradıcılığına aid materiallar saxlanılır. Nigar xanımın mərtəbəsinə “Şair Nigar salonu” adı verilmişdir. Bu salon eyni zamanda qiraətxanadır. Bağlı olduqları üçün biz bu qatları görmədik.

“Aşiyan”ın pəncərələri boğaz içinə açılır. Bu pəncərələrə dünyanın ən gözəl pəncərələri deyirlər. “Aşiyan” boğaz içində, təpə üzərində yerləşmişdir. Otaqlarda Fikrətin çoxlu əlyazmaları, çəkdiyi rəsmlər, aldığı məktublar, işlətdiyi əşyalar saxlanılır. Rza Tofiqin Fikrətin ölümü münasibətilə yazdığı şeir də burdadır.

Dedilər ki, izsiz qalan türbəndə
Vəhşi güllər açmış, görməyə gəldim.
O bağı cənnətin xakinə mən də
Həsrətlə üzümü sürtməyə gəldim.

Fikrətin məzarı da “Aşiyan”ın həyətindədir. Əyilib “Aşiyan”ın torpağından bir ovuc götürdüm, dəsmalıma bağladım. Bakıya gələndə onu dostum Sabihə Sərtələ hədiyyə apardım. Səbihə xanım Fikrəti çox sevirdi. O, Fikrətin yaradıcılığı haqqında bir neçə əsərin müəllifidir. Bolqarıstanda nəşr edilmiş “Fikrət irəliçilik və geriçilik qavqasında” əsərində Fikrət haqqında belə yazır: “Tofiq Fikrət, yıxılmaqda olan bir imperatorluq dövrünün məhsuludur. Bu imperatorluğun tarix içində bir oluş, yıxılış dövrü, bu dövrün içində də xarici mücadilələr, ziddiyyətlər, islahat və reaksiyalar vardır. Heç şübhə yox ki, bütün bunlar Fikrətin həyatında olduğu kimi, şerində, fəlsəfəsində, fikirlərində də öz əksini tapmışdır”.

Bakıya qayıtdığım zaman Səbihə xanım xəstəxanada yatırdı. Onu görməyə getdim. Başqa hədiyyələrlə bir yerdə Aşiyanın torpağını da apardım. Çox sevindi. Vətən torpağı... İstanbul torpağı, həmin ilin payızında Səbihə xanım vəfat etdiyi zaman qızı Yıldız bu torpağı onun məzarına tökdü.

Türkiyənin ictimai fikri inkişafına böyük təsir göstərmiş şairlərdən biri Tofiq Fikrətdir. O, xalqına Əbdülhəmid istibdadına qarşı üsyan ruhu aşılayır, vətəni bürüyən acı sisdən xilas olmağa çağırırdı. Fikrət optimist şair idi, gələcəyə böyük inam bəsləyirdi. “Fərda” şeri ilə vətənin istiqbalını salamlayırdı. Avropaya təhsil almağa gedən oğlu Xəluqə yazdığı şeirlərdə vətənə elm, mədəniyyət, tərəqqi, işıq lazım olduğunu söyləyirdi:

Nə bulursan, burakma – sənət, fən,
Etimad, etina, cəsarət, ümid.
Həpsi lazım bu yurda, həpsi müfid.
Bizə bol-bol ziya qucaqla gəlir.
Düşmək ətrafı görməməkdəndir.

Fikrət bacısına yazdığı çox səmimi və çox təsirli “Həmşirəm için” şerində qadın varlığına yüksək qiymət verir, qadın azadlığının cəmiyyətin inkişafı üçün mühüm bir amil olduğunu söyləyirdi:

“Əlbət, səfil olursa qadın, alçalar bəşər”.

Humanist ideyalarla yazıb-yaratmış, insanlığı dostluğa, qardaşlığa çağıran şair bu gün də gənclər tərəfindən odlu bir məhəbbətlə sevilir və hörmətlə yad edilir.

Səhnədə izdiham çırpınır, çıxış yolu axtarırdı. Lakin heç bir çıxış yolu yox idi. Bir dəstə adam – uşaq, böyük, kişi, qadın, kasıb geyimli, kasıb görkəmli bir dəstə adam ağır vəziyyətdən çıxmaq istəyir, qurtuluş yolu axtarır, tapa bilmirdi. Hansı yana can atırsa təpədən-dırnağa qədər silahlı, dəmir papaqlı nəhəng Amerika hərbçisi qarşılarına çıxır, izdiham çevrilib o biri tərəfə qaçmaq istəyir, bir an içində silahlı nəhəng başqa yerdən yolları kəsir; qurtuluş yolu bağlıdır, qurtuluş yolu yoxdur. Bu səhnə quruluş etibarilə o qədər ifadəlidir ki, ona heç bir söz əlavə etmək lazım deyil. Əslinə baxsan, bu səhnədə bir kəlmə də söz yoxdur. Sözsüz də hər şey aydındır. Sonrakı səhnələrdə dövlət başçıları, onların şəxsi həyatı, Amerika dövlət xadimləri ilə əlaqələri, onların əmri altında hərəkət etmələri göstərilir və kəskin tənqid olunur. Aktyor səhnəyə çıxıb Süleymanı təqdim edir:

Süleymaniyə burası,
Hər cins insan yatağı –
Sağçı, solçu, sosialist,
Turançı, irqçı, faşist,
Dinli, dinsiz, müsəlman
və həpsinin üstündə
Şu möhtəşəm Süleyman
Şu möhtəşəm Süleyman.

İstanbul “Ho”, yəni xalq oyunları teatrında “Devri Süleyman” əsərinə tamaşa edirik. “Ho” teatrı nədənsə taleyini pilləkənlərlə bağlayıb. Ankarada bu teatrın tamaşa salonuna girmək üçün pilləkənlərlə küçədən xeyli aşağı enməli olduq. İstanbulda isə “Ho” teatrına girmək üçün pilləkənlərlə yuxarı qalxmalıyıq. Yaxşı ki, bizi lift qaldırdı. “Devri Süleyman” pyesinin müəllifi Aydın Engin, əsərdə həm quruluşçu rejissor, həm də aktyor kimi çıxış edirdi. Klmprador Şərbətçi oğlunu oynayırdı. Əsər açıqdan-açığa Amerika imperialistlərinin Türkiyədə apardığı siyasəti, dövlət başçılarının isə Amerikanın əmri ilə hərəkət etdiklərini kəskin suretdə tənqid edirdi. Əsər çoxdan tamaşaya qoyulduğuna baxmayaraq salon tamaşaçılarla dolu idi. Tez-tez əl çalırdılar.

Qadının səsi bulaq suyu kimi çağlayırdı. Həzin və şəffaf bulaq suyu kim... Onun səsində heç bir gərginlik hiss olunmurdu, nəğmələr bir-birinə qoşulub çağlayırdı, nəğmələr bir-birini təqib edirdi. Ona toxunan olmasaydı, bütün gecəni beləcə sərbəst, axıcı bir ahənglə, səmimi və bakir bir ilhamla oxuya bilərdi. Oxuduğu şərqilər bir-birinə elə təbii bağlanırdı ki, onların səfini qırmaq, dağıtmaq, yarıda buraxmaq insafsızlıq olardı. Köhnə türk şairlərinin şeirlərinə bəstələnmiş havalardan oxuyurdu. Nədim, Qul Nəsimi...

Nəsimiyə derlər: yarın ilə xoşmusan?
Xoş olaydım, olmayaydım kimə nə?
O yar bənim, kimə nə?
Könül bənim, kimə nə?

Gah çıxarım göy üzünə,
seyr edərim aləmi...
Gah enərim yer üzünə,
Seyr edər aləm bəni...

Qoca Şərq, sənin dörd divar arasında nə qədər istedadın batıb gedir. Kimisi avamlıqdan, kimisi cəhalətdən... Kimisini də sərvət məhv edir. Qadın üçün səhnəyə çıxıb oxumaq çox da ləyaqətli hərəkət sayılmır. Məlihə xanımın şeirlərini xatırladım.

Onu təvazökarlıq boğurdu. İnsan üçün qiymətli bir keyfiyyət olan təvazökarlıq burda lazımsız və yersiz idi.

İndi dinlədiyimiz Səmra xanımın da məlahətli səsi divarlar arasında boğulurdu. Səmra xanım oxuyurdu, mənə elə gəlirdi ki, o, heç dinləyicilərə də əhəmiyyət vermir, öz-özünə oxuyur, daxili bir ehtiyacla könlünü şərqilərlə açıb tökürdü. Onun səsi təbii, bərrak, həzin bir bulaq suyu kimi axırdı. O, bütün gecəni ardı-arası kəsilmədən bu gözəl şərqilərini oxuya bilərdi. Biz də bütün gecəni səhərə qədər onu dinləməyə hazır idik.

Bircə onun nəğmələri yanda qalmasın, o nə gözəl, nə təbii, nə səyyal bir ahənglə çağlayırdı... Bu səsi insan qulağıyla yox, könlü ilə, bütün varlığı ilə dinləyir.

Əri ona qaş-göz eləyib nə isə işarələr verir, mətbəx tərəfi göstərirdi. Yəni süfrə açmaq, masanı düzəltmək vaxtıdır demək istəyirdi. Mən onun qolundan yapışıb – “amandır ona dəyməyin, biz heç bir şey istəmirik, nə yemək, nə içmək, yalnız siz ona toxunmayın, qoyun nəğmələri qırılmasın” – demək istəyirdim.

O yerindən qalxıb mətbəxə sarı getdi, bir an içində masanın üstü yemək-içməklə doldu, keçən illərdə yazdığım mətbəx şeirləri yadıma düşdü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов