Sağlıqla qal, yaxın qonşu!
Страница 12 из 13 · 85%
Dostumuz yazıçı-jurnalist Həyatı Asılyazıçının evində idik. Həyatı bəy çox qalın bir türk poeziya antologiyası götürüb ordan şeirlər oxumağa başladı.
Bu kitaba çox qədimlərdən bu günə qədər türk şairlərinin şeirlərindən nümunələr toplanmışdır. Həyatının balaca oğlu Sinan bayaqdan bir tərəfdə oturub anasının şərqilərinə qulaq asırdı. Uşağın üzündə elə ifadə vardı ki, elə bir anasını ilk dəfə dinləyirdi. Zahid Hüseynovla Azadə xanım da orada idilər. Bərabər getmişdik. Azadə xanım ərəb ölkələrində yaşadıqları günlərdən, ərəblərin adət və ənənələrindən söhbət edirdi.
Həyatı teatr tənqidi ilə məşğul olur. İndi onun Gürcüstan teatrı haqqında yazdığı silsilə məqalələr “May” jurnalında dərc olunur. O, bizdən teatra aid materiallar göndərməmizi xahiş edirdi. Bu evdə də mədəni əlaqələrin zəifliyindən söhbət getdi. Hara getsək eyni sözü eşidirdik. Gürcü yoldaşlar səliqə ilə respublikanın teatr həyatı, ədəbiyyatı və mədəniyyəti haqqında materiallar göndərir, gürcü mədəniyyətini Türkiyədə təbliğ edirlər. Bu iş hər cürə təqdirə layiqdir. Biz isə ətalətdən qurtara bilmirik.
Həyatı gürcü dilini az bilir. O, anası tərəfdən lazdır. Keçən ilki səfərimizdə bizimlə bərabər gəlmiş gürcü yoldaşlarla danışa bilirdi. Həyatı bəy deyir: “Türkiyədə dənizə çıxan laz, dağa çıxan kürd, ata minən çərkəz, piyada gedən türk olur”.
Gecə xeyli söhbətdən sonra otelə qayıtdıq. Biz durub gedəndə balaca Sinanın yorğun gözləri lap qapanırdı.
Səhər yazıçı dostumuz Yaşar Kamal yaşadığımız “Kavak” otelinə bizimlə görüşə gəldi. O, həmişəki kimi səs-küylü idi. Bakı səfərini xatırlayır, Qubaya getdiklərini yada salır, deyib-gülür, şaqqıldayırdı. Nəşr elədiyi “Ant” jurnalında keçən il Nazimin ölümünün beşinci ildönümü münasibətilə xeyli material çap eləmişdi. Jurnalı mənə təqdim edib: – Al, şerini oxu, – dedi.
Nazimin ölümünə yazdığım “Bəşər oğlu” şerini jurnalın səhifələrində görüb, çox sevindim. Şeri olduğu kimi azərbaycanca nəşr etmişdilər. Səhifənin sonunda bir çox Azərbaycan sözünün lüğəti mənasını vermişdilər.
Jurnalın səhifələrini vərəqləyib gözucu öz şerimi də oxumağa başladım. Rəsul Yaşar Kamal ilə şirin söhbətə girişmişdi. Rəsul, Ankarada “Ho” teatrında onun “Tənəkə” əsərinə baxdığımızı söylədi. Yaşar – fəna, fəna, – deyirdi, – məndən dramaturq çıxmadı. Sonra söhbət “İncə Məməd” romanına keçdi. Rəsul xəbər aldı: – İncə Məmədin gerisini yazdınmı?
– Yazdım, əvət, ikinci, üçüncü kitab da basıldı.
Başımı qaldırıb xəbər aldım: – Onlar da birinci kitab kimi gözəldirmi?
– Birincidən də gözəldirlər, – dedi.
– Müəllifin öz əsərindən razı olması yaxşı iş deyil ha!.. – deyə Rəsul zarafat elədi. Hər üçümüz bərkdən güldük.
Yaşar Bakıdakı həyatımız, ədəbiyyatımız, yazıçılarımızla maraqlanır, hamını xəbər alır, salam göndərirdi.
Saat on birdə sovet konsulxanasının məsul işçisi Zahid Hüseynov yoldaşı Azadə xanımla gəldi, bizi oteldən götürüb, konsulxananın yay bağına qonaq apardılar.
İstanbulda sovet konsulxanası İstanbulun kübarlar məhəlləsi sayılan Bəyoğlunda, İstiqlal caddəsindədir. Binanı rus çarı I Nikolay, hələ osmanlı imperatorluğu dövründə rus səfarətxanası üçün tikdirmişdir. Bina Moskvada olan rus dvoryanlarının qış malikanələri üslubundadır. Ağır sütunlu salon, ağır qapılar, şaxtalı keçirən soyuq şimal ölkələrinə məxsus bir tərzdə inşa edilmişdir. Binaya daxil olmaq üçün, dəmir barmaqlığı olan açıq darvazadan həyətə girmək, sonra həyəti keçib o biri başda olan binaya girmək lazımdır.
Maşınla konsulxananın yay evinə gedirdik. Maşını Zahid müəllim özü sürürdü. Yolu getdikcə Azadə xanım İstanbulu bizə göstərir, izahat verirdi. Bosforun lap sahilində Sarı yer deyilən yerə çatdıq. Yay evinin ərazisi yerləşən hissə “Böyük dərə” adlanır. Maşın dəmir barmaqlıqlı böyük darvazadan içəri girəndə üzümüzə ətirli bir meşə sərinliyi vurdu. Maşından düşüb, böyük və kölgəli ağacların altındakı gül-çiçək xiyabanları ilə keçdik, evin pilləkənlərindən yuxarı mərtəbəyə qalxdıq. Otaqları gəzdik, balkona çıxdıq. Balkondan Bosfor görünürdü. Cökə və dəfnə ağaclarının ətri bağçanı bürümüşdü. Balkonda bir az oturub, yenidən ayağa qalxdıq. Bağı gəzməyə getdik. Açıq havada düzəldilmiş yay kinoteatrının idman meydançasının yanından keçdik. Meşə yolu ilə yoxuş yuxarı getdikcə yüksəklərə qalxırdıq. Fısıqlıq meşə təbii halında saxlanılırdı. Palıd, qarağac, dəfnə, şam ağacları olan sıx, basırıq meşə Hacıkəndin kölgəli, rütubətli meşələrinə bənzəyirdi. İnsanın əsəblərini heç bir şey meşə sükutu qədər dincəldə bilməz. Qalın, sərin kölgəli meşə dərin sükuta qərq olmuşdu. Arabir isaq-musaq quşunun səsi gəlir, ağacdələnin, ağacların gövdəsinə vurduğu dimdiyinin yüngül balta səsi kimi tappıltısı eşidilirdi. Otların arasından qurdalanan tısbağalar hərdən qart baxışlarını qından çıxarır, ətrafa baxıb yenə gizlədirdi. Meşə sükunət aləmində idi.
İstanbulun gurultulu, qarmaqarışıq, səs-küylü həyatından sonra, həyəcanlı, intizarlı görüşlərin sevinc və ağrısından sonra bu vəhşi təbiət, bu əzəmətli meşə sükutu bizi bir günlük də olsa hər şeydən ayırmışdı. Təbiətin qoynunda, çox doğma, çox mehriban bu iki həmvətənimizlə bir yerdə olmaq sonsuz fərəh verirdi.
Bu gün bütün varlığımızla istirahət etdik. Meşə yolunda rast gələn konsulxana işçiləri, onların arvad-uşaqları ilə mehriban salamlaşıb yolumuza davam edirdik. Xeyli yuxarı qalxmışdıq. Açıq bir tarlada sərv ağaclarının altındakı skamyada oturub bir az dincimizi aldıq. Azadə xanımın bir cüt qızı Moskvada internat məktəbində təhsil alır. Onun canı qızlarının yanında idi. Bir neçə gün sonra qızları ilə görüşmək üçün Moskva səfərinə hazırlaşırdı. Bütün analara xas olan görüş həyəcanı ilə günləri sayırdı. Skamyada oturub söhbət edirdik. Mən də artıq uşaqlar üçün darıxdığımı söyləyirdim. Bosfor lap yaxında idi. Bosfordan gəlib-gedən gəmilər aydın görünürdü.
Axşama qədər meşəni, bağı gəzdik. Nahar vaxtı bağa enib Azərbaycan kababı bişirdik. Kababı Zahid müəllim üstü bağlı manqalda bişirirdi. Azadə xanım süfrə hazırlayırdı, mən də yalançı pəhləvan kimi girib çıxır, iş görürəm deyə səs-küy salırdım. Onlar çox hörmətli və qonaqpərvərdilər, bizi heç bir iş görməyə qoymadılar. Yaxşıca dincəldikdən sonra axşama yaxın şəhərə yola düşdük.
İstanbulda axırıncı günümüzdür. “May” yayın evinə getmək, köhnə kitablar satılan “Sahaflar” kitab mağazalarına baxmaq, arada bir türk filminə tamaşa eləmək istəyirik. Başqa xırda-para işlər də var. “May” – Məmməd Ali Yalçının yayın evində nəşr edilən jurnalın adı belədir. Məmməd Ali Yalçın ad və familiyasının birinci hərflərini götürüb “May” adı düzəltmiş və jurnalına bu adı vermişdir. Məmməd Alinin anası azərbaycanlıdır. Atası türk kommunisti olub, Mustafa Sübhinin nəslindəndir. Türkiyədə keçmişdə uzun illər sürgündə olub. Həbsxanada vəfat etmişdir. Məmməd Alini görən onun azərbaycanlı olduğuna şübhə edə bilməz. O bizim Abşeron kəndlərinin oğlanlarına bənzəyirdi. Nazik qarabığlı, qaragözlü, dərisinin rəngi tünd, ortaboylu, ortayaşlı bir adamdı... “May” jurnalından başqa onun yayın evi həm dünya ədəbiyyatı nümunələri, həm də türk yazıçılarının əsərlərini nəşr edir. Məmməd Ali Azərbaycan yazıçılarının əsərlərini çap eləməyə böyük həvəs göstərir. Bizdən əsərlər göndərməmizi xahiş etdi. “May” yayın evində ən müasir çap maşınları var idi. Maşınlar yığcam, təmiz və səliqəli görünürdü. Poliqrafiya sənayesində ən son modern maşınlar hesab edilirdi. Nəşriyyat işləri ilə tanış olduq, görüşüb ayrıldıq. Birbaş qapalı çarşı bazarının aşağı hissəsində yerləşən “Sahaflar” kitab mağazalarına getdik. Heç bir şey insanı kitab mağazaları qədər yora bilməz. Kitablara baxdıqca baxırsan, saatlar sürətlə ötür, vaxtın keçdiyini hiss eləmirsən. Bir də başında böyük bir ağırlıqla ayaq üstə dura bilmədiyini hiss edirsən.
“Sahaflar”da əsas etibarilə köhnə kitablar satılır. Burada nələr yoxdur! Təzə kitablar da cərgə-cərgə düzülüb alıcılarını gözləyir. Ərəb əlifbası ilə də qədim kitablar çoxdur. Köhnə şairlərin divanları, Cəlaləddin Rumi, Nədim, Yunis İmrə... müasir şairlərin şeir kitabları, romanlar, dünya ədəbiyyatı nümunələri, rus klassikləri – Tolstoy, Dostoyevski, Çexov, müasir rus ədəbiyyatı – Maksim Qorki, Şoloxov, Pasternak və sairə və sairə... Bu kitabların əksəriyyəti türk dilinə fransızcadan tərcümə olunub. Azərbaycan ədəbiyyatından bir nüsxə də kitab görmədim... Füzuli əsərlərinə və Füzuli haqqında əsərlərə rast gəlmək olur. Füzulidən və Nəsimidən başqa heç bir Azərbaycan yazıçısının əsərinə rast gəlmədik.
Çox yorulmuşam, amma türk filminə baxmaq imkanından da keçə bilmirəm. Filmin yarısını yatsam da, yarısını görərəm, heç olmasa, bir təsəvvürüm olar. “Cinganə gözəli” filminə baxırıq. Yüngül komediya kimi bir şeydir. Aktrisa gözəldir. Yorğunluqdan gözlərim qapanır. Filmin ancaq yarısına baxa bilirəm, o biri yarısını Rəsul mənə nəql eləyir. Elə görmüş kimi varam. Qoca kişi xəstədir, oğluna deyir ki, gətir alacağın qızı mənimlə tanış elə, var-yoxumu sizə vəsiyyət eləyim. Oğlanın sevdiyi qız başqa şəhərdədir. Atam ölər, arzusu gözündə qalar, – deyə bir cinganə gözəli, yəni qaraçı qızı tapır, nişanlı rolu oynamasını ona tapşırır, əvəzində pul təklif edir. Qaraçı qızı evə oğlanın sevgilisi kimi gəlir. Ata ilə tanış olur, ataya həkim pəhriz təyin eləyib, bütün günü ona yemək verməyib ac saxlayırlar. Cinganə gözəli hər gecə hamıdan xəlvət ataya podnos dolu yemək gətirir, qocanı o ki var yedirdir. Qoca sağalıb ayağa qalxır. Qoca gələcək gəlininə çox bağlanır, onu çox sevir. Oğul da bu qızı daha çox sevməyə başlamışdır. Əsl nişanlı geri döndüyü zaman oğlan onu soyuq qəbul edir. Qız qaçıb ataya söyləmək istəyir, ata da cinganə gözəlinin tərəfindədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-sagliqla-qal-yaxin-qonsu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
PəncərəBu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,
GözələBu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...