Sağlıqla qal, yaxın qonşu!
Страница 6 из 13 · 38%
Axşama doğru idi. Konyada aldığımız zəngin təəssüratla Ankaraya qayıdırdıq. Yolda bizə “Anadol” markalı türk maşınları rast gəlirdi. Bu maşınların altmış faizi Türkiyədə hazırlanır. Xaricdən yaraşıqlı görünən bu maşınları türklər çox sevirlər. Maşın almaq imkanı olan adamlar türk markalı “Anadol” maşını almaq üçün növbəyə yazılıb aylarca gözləyirlər.
Yolda yenə radio ilə verilən türk şərqi və türkülərini dinləyərək Ankaraya dönürdük. Arada özümüz də Azərbaycan nəğmələri oxuyurduq. Ankaraya girməzdən “gecəqondu” evləri görünməyə başladı.
“Gecəqondu” bir gecənin içində qurulub üstü örtülən evlərə deyilir. Gecə ikən evin damı örtülmüş olsa polis nəfərlərinin belə evləri uçurmağa ixtiyarı yoxdur. Bu evlərdə şəhər civarının ən yoxsul əhalisi yaşayır.
Səhər maşın bizi Qum bulvarı caddəsinə gətirdi. Maşından düşüb Ankara milli kitabxanasına gəldik. Kitabxananın müdiri Müjgan xanım bizi öz kabinetində qəbul elədi. Müjgan xanım qarabuğdayı, zəif vücudlu bir qadın idi. Ağıllı və ciddi baxışları ona hörmət hissi oyadırdı. Bizə kitabxananın hazırkı fəaliyyətindən söhbət açdı, kitabxana binasının gələcək layihəsini göstərdi. Layihədən danışarkən gözləri ümid və fərəhlə şölələnirdi. Müjgan xanım xarici ölkələrlə kitab mübadiləsi işindən xeyli danışdı, Azərbaycanla mübadilə işinin çox zəif olduğundan şikayətləndi. Kitabxananın işçilərindən Məbrurə adlı gənc bir qızı çağırıb bizi gəzdirməsini tapşırdı. Gündəlik qəzet və jurnallar şöbəsi, oxucu şöbəsi, oxucu sifarişi şöbəsi, qiraət salonu, mikrofilm şöbəsi, qədim əlyazmaları və qədim kitablar şöbəsi (ərəb əlifbası ilə), başqa ölkələrlə kitab mübadiləsi şöbəsi, başqa bir çox şöbələrlə gəlib tanış olduq. Şöbələrə girərkən Məbrurə bizi təqdim edən kimi, kitabxana işçiləri bizə böyük hörmət göstərir, maraqlandığımız suallara həvəslə cavab verirdilər. Bu hörmət, əlbəttə, bizim ölkəmizə, xalqımıza olan səmimi münasibətin ifadəsi idi. Kitabxanaya Bakıdan gətirdiyimiz bəzi kitabları bağışladıq.
Ankarada olduğumuz günlərdən birində səhər yaşadığımız “Bulvar Palas” otelinin qabağındakı qəhvəxanada oturub çay içirdim. Rəsul hələ otaqda idi. Masaların arasıyla ağsaçlı nurani bir qocanın mən tərəfə gəldiyini gördüm. Yaxınlaşıb salam verdi, adını söylədi. Doktor Hasan. Mən yer göstərib oturmağı təklif etdim. Söhbətə başladıq. Doktor bizim gəldiyimizi eşidib neçə dəfə otelə telefon eləmişsə də bizi tapa bilməmişdi. Bizi evinə dəvət edir, arvadı şairə xanımın mənimlə maraqlandığını söyləyirdi. Vaxtımız dar olduğundan onların dəvətini qəbul edə bilmədiyimiz üçün üzr istədim. Doktor Hasan təkid edirdi. Mən tərəddüd içindəydim. Rəsul imdadıma yetişdi, tanış oldu: – Gələrik, vaxt tapıb şairə xanımın görüşünə gələrik, – dedi.
Axşam doktor Hasan gəlib bizi maşınla evinə apardı. Ankaranın yaşıllığa qərq olmuş küçələrindən birində yasəmən ağacları arasındakı evdə doktorun ailəsi yaşayırdı. Məlihə xanım – doktorun arvadı. O, gözəl süfrə açmış, masanın üstünə böyük bir dəstə yasəmən qoymuşdu. Görünür, bizim gəlməyimiz üçün şairə xüsusi hazırlıq görmüşdü. Süfrədə yeməli şeylər çox idi. Təəssüf ki, biz insan orqanizmi üçün faydalı olan zeytun yağı yeməyə hələ alışa bilməmişik. Türklər günorta və axşam yeməyindən qabaq bir qab kahının üstünə zeytun yağı tökür və limon sıxıb yeyirlər. Bu, yeməkxanalarda və evlərdə geniş yayılmış salatdır. Biz bu salatı yeyə bilmirdik. Yeməkxanalarda “bizə çoban salatı gətirin” deyirdik, bu bizim salatlara bənzəyir. Göy, xiyar, pomidor, göy soğan və azca sirkə. Zeytun yağı başqa xörəklərdə də çox işlənir, yarpaq dolmasına və başqa yeməklərə zeytun yağı tökürlər.
Süfrə başında söhbətimiz uzun çəkdi. Bu ailə haqqında mümkün qədər çox şey bilmək istəyirdim. Doktor özü əlli beş il bundan qabaq, yəni inqilabdan əvvəl buraya gəlmişdi. Doktorun ailəsi Ermənistanda yaşarmış, ata-anası kəndli imiş. Aclıq, səfalət, milli qırğın, kiçik Hasanı vətəndən didərgin düşməyə məcbur etmiş, bir parça çörək qazanmaq ümidi ilə evindən, anasından ayrı düşmüşdü. Xoşbəxtlikdən kiçik Hasan fərasətli çıxmış, işləmiş, oxumuş, alın təri ilə həyatını qazanmışdı. Doktor həyatını danışarkən mən – Bəs ananız heç sizdən xəbər tuta bilmədimi? – deyə soruşdum. Doktorun üzünə elə bil əbədi bir qüssə, bir ayrılıq qüssəsi möhürünü basmışdı. Onun gözləri həmişə kədərli idi.
– Anam ayrılığa dözə bilməyib 26-27 yaşlarında vəfat etmişdir.
On yaşında ərə verilib, 11 yaşında ana olan Azərbaycan qızı, sənin keçmiş taleyinlə mən indi burada, Ankara küçələrinin birindəki yasəmənli evdə üz-üzə gəldim. Övladı itkin düşmüş bədbəxt ana, sən yəqin ki, məzarının içində belə, övlad həsrəti ilə yanırsan.
Qapı zəngi çalındı, doktorun qızı gəldi, doktor fərəhlə qızını təqdim elədi. – Qızım Leyla, ona anamın adını qoymuşam, özü də anama oxşayır... – Leyla qarabuğdayı Azərbaycan qızıydı. Anasına bənzəmirdi, anasında mərmər gözəlliyi və mərmər soyuqluğu var idi. Leyla isə zərif və hərarətli idi. Gənc qızların aləminə girməyi, onların həyatını, sevgi və maraq dairəsini öyrənməyi çox sevirəm. Leylanı yanımda oturtdum. Harda oxuduğunu, gələcəkdə nə olmaq istədiyini soruşdum.
Leyla dövlət konservatoriyasının dram aktyorları fakültəsində təhsil alır. O, dram aktrisası olmaq istəyir.
– Müasir əsərlərdə oynamaq, yoxsa klassik dramalardamı çıxış etmək istəyirsən? – dedim.
– Qədim yunan faciələrində oynamaq istəyirəm, – dedi. – Diplom işi olaraq Evripidin “Elektra”sını hazırlayıram.
– Şeri sevirsənmi? Müasir türk şairlərindən kimin şeirlərini sevirsən?
– Cahid Sıdkı Torançının şerlərini, Eyyiboğlunun şeirlərini sevirəm. – Leyla Eyyiboğlunun “Qara tut” şeirini əzbər oxumağa başladı:
Qara tutum, çatal qaram, cingənəm,
Nar tanəm, nur tanəm, bir tanəm,
Ağac isəm – dalımsan, pətək isəm – balımsan.
Dili mərcan, dizi mərcan, dişi mərcan.
Leyla şeri çox gözəl oxuyurdu. Onun ifasında şeirlər gözəl bir ahənglə çağlayırdı. Oxuduğu şeirlər üçün Leylaya təşəkkür etdik.
Birdən Leyla məndən soruşdu ki,
– Türk şairlərindən kimi bəyənirsiniz?
– Müasir şairlərdən Nazim Hikməti sevirəm, – dedim.
Gənc qızın qara gözləri sevinclə parladı, Nazimin Sovet İttifaqındakı həyatından bizə çoxlu suallar verməyə başladı. Görünür, Nazimi çox sevir və həyatı ilə maraqlanırdı.
Üzümüzü evin xanımına tutub şeirlərindən bizə oxumasını xahiş etdik. Məlihə xanım oxumaq istəmirdi. Doktor arvadına müraciətlə – Qonaqların sözünü yerə salmaq olmaz, – dedi. – Gətir, oxu!
Məlihə xanım yazdığı şeirləri səliqə ilə saxlamır, hara gəlsə atırmış. Şeirləri tapıb gətirmək xeyli çəkdi. O, şeirlərini çap elətdirmir. – Belə şeirləri Türkiyədə hər kəs yazar, onları çap eləməyə dəyməz, – deyirdi. Bu şeirlərin sandıq ədəbiyyatına məxsus intim planda olduğunu güman edirdim. Məlihə xanımın qoşma formasında, heca vəzni ilə yazdığı şeirlərdə müəyyən bir ictimai fikir ifadə olunurdu. O, bu şerləri qısa müddət xaricdə yaşadığı zaman yazmışdı. Şeirlərdə vətən həsrəti, qürbətdə keçirdiyi günlər, aldığı təəssürat təsvir edilirdi. Məlihə xanım, bu şeirləri çap etməyə cəsarət etmirdi.
Doktor Hasanın sevincinin hüdudu yox idi. Çoxdan bəri ayrı düşdüyü vətənindən gəlmiş adamlarla görüşdən böyük ləzzət alırdı. Səmimi söhbətlər, zarafatlarla keçən bu gecədən biz də ürəkdən isinmiş qayıtdıq.
Ankara-İstanbul yolu mənzərəli və rahat yoldur. Bu yolda 6-7 saat avtobusla getmək adamı heç yormur. Səhər tezdən Ankara avtobus stansiyasından “Qəzənfər–Bilgə” ekspresi ilə İstanbula yola düşdük. Qəzənfər–Bilgə Türkiyənin məşhur pəhləvanlarından olub vaxtilə dünya çempionu adı almışdır. İndi onun avtoşirkəti vardı. Yolda bizə yük maşınları rast gəlirdi. Bu maşınlar İstanbula göyərti, tərəvəz məhsulları, kahı, göy lobya, kələm və başqa kənd təsərrüfatı məhsulları daşıyırdı. Maşınların üstündə “Maşallah”, “Allahım, məni qoru” sözləri yazılmışdı. Dəli bir sürətlə maşın sürən türk sürücülərinə görünür Allah da kömək göstərməkdə acizdir. Böyrünə “dağ dələn” yazılmış çox böyük bir yük maşını qutu kimi böyrü üstə çevrilmiş, içindəki yoğun şalbanlar kibrit çöpü kimi yerə dağılmışdı. Yaxşı ki, sürücü sağ-salamat qurtara bilmişdi. Yollar gözəldir, yolun hər iki yanı yaşıllıq və çiçəklikdir. Çiçəklər yollara əlvan xalılar kimi sərilib. Yolun Bolu hissəsi xüsusilə gözəldir, sıx meşəli dağlar, şəlalələr, yaşıl düzənlər...
Koroğlunun adı ilə bağlı olan bu yerlər Çənlibeli xatırladır. Bolu meşələri sis duman içindədir. Yolun bir hissəsini çox qatı duman içində keçirik. Qarşıdan gələn maşınlar işıq yandırır, ən yaxın məsafə belə görünmür. Bolu lokantasında nahar elədik. Getdikcə təbiət duman əsarətindən qurtarır, çöllər, meşələr aydınlaşırdı.
Radio aramsız musiqi verir, saz şairləri yana-yana, göynəyə-göynəyə türkülər oxuyurlar. Bilmirəm, dünyada ikinci bir xalq varmı ki, bu qədər çox ayrılıq nəğmələri yaratmış olsun? Vətənindən, övladından, sevgilisindən ayrı düşən ancaq türklərdirmi? Görəsən, hansı xalqın dilində bu qədər çox həsrət, qürbət, hicran mahnıları yaranmışdır? Bütün günü eşitdiyimiz bu sızıltılardan ürəyim ağrıyır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-sagliqla-qal-yaxin-qonsu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
PəncərəBu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,
GözələBu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...