Sağlıqla qal, yaxın qonşu!
Страница 4 из 13 · 23%
Tamaşa salonunda gurultulu alqışlar qopdu. Türk yaradıcı ziyalıları Amerika imperializmi ilə mübarizədə bütün vasitələrdən istifadə edirlər.
Hər il may ayının ikinci bazar günü Türkiyədə “Analar” gününü bayram edirlər. Bu gün övladlar analarına gül-çiçək dəstələri, ətir və başqa müxtəlif çeşidli hədiyyələr bağışlayırlar. Anası sağ olmayan övladlar analarının qəbrini ziyarət edir, ana məzarını gül-çiçəklə bəzəyirlər. Qəzetlərdə və radio verilişlərində analara aid verilişlər təşkil edilir, ana mövzusunda şeirlər, nəğmələr, başqa yazılar dərc olunur. Türk Analar dərnəyi tərəfindən “İlin anası” seçilir. İlin ən yaxşı anasına mükafat verilir. Mən bu ilin anası kim seçiləcək, – deyə maraqlandım. “Akşam” qəzetində dərc olunmuş gözüyaşlı bir ananın fotoşəkli və altındakı yazılar sualıma cavab verdi.
Türkiyənin uzaq qəza şəhərlərindən birində gənc müəllimə Fatimə Dəmirqəlb apendisitdən xəstələnir. Həkimlər operasiya edilməsini təkid edirlər. Müəllimə, şagirdləri dərsdən qalmasın deyə, əməliyyatdan boyun qaçırır. Şagirdlərin imtahanı bitdikdən sonra əməliyyata razı olacağına söz verir. Amansız ölüm gənc müəlliməni həyatın əlindən alır. Türk qadın dərnəyi həmin müəllimənin anası Gülşah Dəmirqəlbi bu ilin Anası seçir və ona mükafat təqdim edir. Müəllimə qızını itirmiş qoca ana mükafatı alarkən – “Bu ərməğanı həyatımın ən dəyərli xatirəsi kimi qəlbimdə saxlayacağam – deyir, göz yaşlarını saxlaya bilməyib ağlayır. Yığıncaqda olan bütün qadınlar ananın böyük dərdinə şərik olub ağlayırlar. Fotomüxbirlər elə bu anda ananın şəklini çəkib qəzetlərdə dərc edirlər.
Qəzetlərin yazdığına görə, analar günü münasibətilə bütün ölkədə milyonlarca lirə dəyərində hədiyyələr satılmışdı. Bizdə martın 8-də olduğu kimi.
Deyirlər, bu adət Türkiyəyə Kaliforniyadan keçmişdir. Yaxşı adət və ənənələr hansı ölkədən keçirsə-keçsin, xalq arasında yayılır və yaşamaq hüququ qazanır. “Analar günü” bayramı da türk xalqı tərəfindən sevilən, səmimiyyətlə qarşılanan əziz bayramlardan biridir. Xalq bu bayramı bəyənir və yaşadır.
Bu gün Şövkət Sürəyya Aydəmirlə görüşə getdik. Onun evi Bağçalı evlər caddəsindəydi. Mənzili iki qatda yerləşirdi. Yuxarı qatda arvadı və bütün ev təsərrüfatı yerləşir, aşağı qatdakı üçotaqlı mənzil isə Şövkət Sürəyya bəyin iş mənzilidir. Hər üç otaq kitab rəfləri, qəzet və jurnallarla doludur. Oturub qəhvə içmək və söhbət etmək üçün yumşaq kreslolar, divan vardı. Şövkət Sürəyya Aydəmiri, Vala Nurəddinin “Bu dünyadan Nazim keçdi” kitabından tanıyıram. Nazim Hikmət haqqında yazılan əsərlərdə onun adı Nazimin yoldaşı kimi çəkilir. Vaxtilə hər üçü – Şövkət Sürəyya, Vala Nurəddin və Nazim Hikmət bir yerdə Sovet İttifaqına gəlmiş, Moskvada Şərq xalqlarının kommunist universitetində (KUTB) təhsil almışlar. Şövkət Sürəyya inqilabdan əvvəl Azərbaycanda olmuş, bir neçə il Şəkidə dil və ədəbiyyat müəllimi işləmişdir. O bir çox romanların və publisist əsərlərin müəllifidir. “Suyu arayan adam”, “Torpaq oyanırsa” və sairə onun qələminin məhsuludur. Evindəki kitabların çoxu sol ədəbiyyatdır. O, rus dilini bilir, klassik rus ədəbiyyatı rəflərini doldurmuşdur. Şövkət Sürəyya yaşlı adam olduğuna baxmayaraq gümrahdır, həyata, cəmiyyətə, ictimai-siyasi hadisələrə münasibəti aktivdir. Keçənilki Moskva səfəri zamanı görüşdüyü dostlardan söhbət açır, Azərbaycanla maraqlanır, həyatımız, dilimiz və əlifbamız haqqında suallar verirdi. Xeyli söhbət edib görüşdük və ayrıldıq. O bizi gördüyünə ürəkdən şad oldu.
Baraj Ankaranın on kilometrliyində süni surətdə düzəldilmiş su bəndidir. Bu bəndin həm təsərrüfat əhəmiyyəti var, həm də ankaralıların istirahət və əyləncə üçün seyrə çıxmağı sevdikləri yerdir. Gölün ətrafında təbii gözəllik, dağ, çəmən, şam ağacları vardır. Restoran, üstü əlvan şəmsiyələrlə örtülü dondurmaxanalar və sairə. Restoran adamla doludur. Ağacların altında xalça salıb süfrə açan qadınlar, çoluq-çocuq. Qızlar və oğlanlar dəstə-dəstə gölün ətrafında dolaşır, oxuyur, oynayırdılar. Baraj gözəl gəzinti yeridir. Gölün ətrafını xeyli gəzdik, şəkil çəkdik, dağ çiçəklərindən yığıb dəstə bağladıq. Baraja bizi doktor Birsən xanım öz maşınında aparmışdı. Maşını çox rahat və ehtiyatla sürürdü. Maşının radiosu konsert verir, türk şərqilərinə qulaq asırdıq. Türk radiosu arabir Azərbaycan nəğmələri də verirdi. “O mah camalın, ağ yüzdə xalın, öldürdü məni, ay xanım, nədir xəyalın?”. Türk qızı bu nəğməni xüsusi bir ədayla oxuyurdu. Onun dilində Azərbaycan nəğməsi çox məlahətlə səslənirdi.
Axşam Ankara dövlət teatrında fransız yazıçısı Rasinin “Andromak” pyesinə baxdıq. Teatrın tamaşa salonu geniş, hündür, havası təmizdir. Burada “Ho” teatrında olduğu kimi adamın nəfəsi darıxmır. Tamaşaçılar geyimli-kecimli, hər yandan xoş ətir qoxusu gəlir.
Pərdə açılır, tamaşa bizi qədim yunan dövrünə aparır. Tamaşanı Fransanın görkəmli rejissorlarından biri olan Jülyen Berto hazırlamışdır. Bu rejissor Parisin Komedi Fransez və başqa bir sıra teatrlarında Şekspirin, Molyerin və başqa klassik yazıçıların əsərlərində həm aktyor, həm də rejissor kimi çıxış etmişdir. Türkiyə Mədəniyyət Nazirliyinin dəvəti ilə Ankara Dövlət Teatrında “Andromak” əsəri müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
XVII əsr fransız klassiklərinin nümayəndələrindən olan Rasin insan taleyini, insan psixologiyasını, insanın məhəbbət və iztirablarını ön plana çəkən bir sənətkardır. Rejissor müəllifin bu əsas fikrini açıb göstərməyə çalışmışdır. Yazıçının təsvir etdiyi padşahlar, sərkərdələr və başqa personajlar hər şeydən əvvəl sevən və sevilən, rədd edən və rədd edilən, iztirab çəkən, övladının həyatını xilas etmək üçün hər cürə fədakarlığa hazır olan ana, sevdiyindən rədd cavabı alan, bunun üçün də intiqama hazır olan gənc qadın, diz çöküb sevdiyi qadına yalvaran məğrur sərkərdə – bunların hər birisi ayrı-ayrılıqda canlı insanlardır. Bütün bu insana xas olan cəhətlər Rasin qəhrəmanlarını çox uzaq keçmişdən çəkib gətirir və bugünkü tamaşaçıya yaxın eləyir.
Əsərin bədii tərtibatını vermiş çox istedadlı memar-rəssam Tarik Ləvəndoğlu qədim yunan faciəsinin əsas ünsürlərindən olan zaman və məkan vəhdətini gözləmişdir. Bütün tamaşa eyni səhnə tərtibatında cərəyan edir. Tərtibat çox gözəldir. Pərdə açılarkən qədim yunan imarətinin fasadı görünür. Hündür ağ mərmər sütunların başında mərmərdən işlənmiş naxışlar bizi qədim Elladanın Akropoluna, oradakı əzəmətli Parfenona aparır. Memar-rəssam, qədim Yunanıstanın ölməz sənət abidələrinin səhnə ifadəsini yaradır. Fransız klassiki Rasin isə bizi bu dövrdə yaşamış insanların həyat, mücadiləsi taleyi və faciəsi ilə tanış edirdi.
Müasir dünyamızda yaranan memarlıq əsərləri qədim dövrün imarətlərindən çox-çox fərqlidir. Bu binalar müasir adamların zövq və tələbatına uyğun olaraq qurulur, hər şey dəyişir, yeniləşir, maddi nemətlər müasir formasını alır. Bəs insan? Əgər bu səhnədə çıxış edən personajların libasını dəyişsən, onlarda nə qədər müasir olan insan sifətləri var! Fədakar ana... Hansı əsrdə ana fədakar olmamış, övladını təhlükədən qorumaq üçün özünü oda-közə atmamışdır? Məhəbbətin insan taleyindən silindiyi varmı? İnsanı çox zaman xoşbəxt, yaxud bədbəxt edən məhəbbət deyilmi?
Geyimlər də rəssam Tarik Ləvəndoğlunundur. Səhnə tərtibatına çox yaraşır, incə zövqlə işlənmişdir. Kül rəngi və qırmızı parçadan libas geyinmiş gənc qızın qıvrım, qızılı saçları xoş bir ahəng yaradır. Andromakın solğun yaşıla çalan sarı paltarı qəm və qüssə gətirir, ananın ümidsiz məyusluğu elə bil geydiyi paltarın rəngində belə ifadə olunmuşdur, o, bu solğun paltarında belə Pirosun qəlbinə tamamilə hakimdir.
Fransız rejissorun tamaşanın proqramına yazdığı bir neçə sözdə aktyor heyətinin yaradıcı əməyinə yüksək qiymət verilir. Aktyorlar hamısı rollarını ümumi bir ahəng, bir ritm daxilində ifa edirlər. Tələffüzləri gözəl və aydındır. Rasin şerinin fransız dilindəki axıcı musiqisi türk dilində də səlis və ahəngdar səslənir. Rejissor rəssamın işinə də yüksək qiymət verir. Tamaşanın müvəffəqiyyəti üçün yaradıcı heyətə təşəkkürünü bildirir.
“Andromak” tamaşasından xoş bir təəssüratla çıxdıq.
Ayın 12-də tezdən maşınla Konyaya yola düşdük. Konya Ankaranın 250 kilometrliyində olan, Türkiyənin qədim şəhərlərindən biridir. Gözəl, günəşli bir səhərdir. Yolun hər iki tərəfi yaşıllıqdır. Cərgə-cərgə körpə ağaclar əkilib, təpələrin üstü belə, sıx əkilmiş xırdaca şam ağacları ilə doludur. Görünür, bir neçə il sonra burada şam meşəliyi əmələ gətirmək nəzərdə tutulmuşdur. Bu ormanları tələbələr salır, boş vaxtlarında paytaxt şəhərinin ətrafını şam meşələri ilə əhatə etmək üçün buralarda ağac basdırırdılar.
“Kol başı”, “Ağ buz”, “Qara həmzəli” kəndlərinin yanından keçdik. Bu kəndlərin evləri çiy kərpicdən – ayıbalasından tikilmişdir. Dərədə qadınlar ocaq qalayıb qazan asmış, su qızdırıb paltar yuyurdular. Yaşıl dərənin fonunda al-əlvan geyimli kəndli qadınları, əlvan dağ çiçəklərinə bənzəyirdilər.
Qulu kəndinin yaxınlığındakı düzlərdə çoxlu qoyun sürüləri otlayırdı. Elə bil göydən köpüklü ala bir bulud yerə enmiş, torpağın üstü ilə sürünürdü.
Qulu kəndindən sonra sanki rəssam təbiətin yaşıl boyaları qurtarmış, boz rənglərlə işləməyə başlamışdı. “Doşan Çalı” kəndi, “Damla quyu” kəndi... Görkəmi acınacaqlı olan bu kəndlər ağacsız, çılpaq idilər, torpaq damları ilə sevincsiz bir həyat sürürdülər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-sagliqla-qal-yaxin-qonsu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
PəncərəBu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,
GözələBu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...