Sağlıqla qal, yaxın qonşu!
Страница 2 из 13 · 8%
Xalq oyunçuları teatrının bu şairin həyatından bəhs edən bir pyesi tamaşaya qoyması təsadüfi deyil. Pir Sultan Abdal haqqında əfsanə çox müasirdir, bu günlə səsləşir. Əfsanənin qısaca məzmununu yazmaqla oxucuları pyesin məzmunu ilə də tanış etmiş olaram. Əlbəttə, əfsanə eyni ilə köçürülməmiş, müəllif tərəfindən xeyli işlənmiş və axırı dəyişdirilmişdir.
Real, mübariz, eyni zamanda incə və kövrək şeirləri, mərd həyatı və mübarizəsi ilə xalq arasında bu gün də yaşayan şairin dastana dönmüş həyatı belədir. Deyilənə görə, Pir Sultanın nəsli Yəməndən gəlmişdir. Özü Sivasın Banaz kəndində doğulmuşdur. Pir Sultan Səfəvilər tərəfindən Osman oğulları əleyhinə təşkil edilmiş yetmiş adamdan ibarət olan dəstəyə başçılıq etmiş, üsyan hərəkatına qoşulmuş Xəzər Paşa adlı bir osmanlı vəziri tərəfindən Sivasda asılmışdır. Rəvayətə görə, həmin Xızır Paşa əvvəlcə ələvi olan Sufilər kəndindən imiş. Pir Sultanın müridlərindən olmuş, yeddi il onun yanına gəlib – Pirim, mənə kömək elə, İstanbula gedim, böyük rütbə sahibi olum, – demişdir. Pir Sultan – Xızır, vəzir olsan, gəlib məni asarsan, – demiş.
Xızır İstanbula gəlir, rütbələr qazanır, yüksəlir, nəhayət, Paşa olub Sivasa təyin edilir. Sivasa gəlincə ilk işi Pir Sultanı axtarmaq və onu hüzuruna çağırtdırmaq olur. Ona yemək təklif edir. Pir Sultan – Xızır, sən xəyanət etdin, mən sənin çörəyini yemərəm, – deyir. – İtlərin də sənin çörəyini yeməz.
Həyətdən iki iti səsləyir, itlər qaça-qaça gəlirlər, itlərin qabağına yemək atır, itlər yeməyib gedirlər.
Xızır Paşa qəzəblənir, Pir Sultanı torpaq qalaya saldırır. Bir müddət sonra yenə çağırtdırıb deyir: üç şer söylə, içində şahın adı olmasın, səni bağışlaram. Pir Sultan söylədiyi şeirlərdə şahın adı çəkilir. Xızır Paşa Pir Sultanı asmağı əmr edir. Şair dar ağacına gedərkən şeir söyləyir. Pir Sultan asıldıqdan sonra, ertəsi günü qəhvəxanaya yığışanlardan birisi: Xızır Paşa Pir Sultanı asdırdı, – deyir. Bir başqa adam: ola bilməz, – deyir, – mən onu bu sabah – Koç Pisar yolunda, seyfi belində gördüm. Bir başqası, – Mən onu Malatya yolunda, Qardaşlar aşırımında gördüm. Bir başqa adam: mən onu Yenihan yolunda, Tavra boğazında, filan yerdə, filan yerdə gördüm, – deyir.
Bu işə çaş-baş olan adamlar yığılıb dar ağacının yanına gəlirlər. Gəlib görürlər ki, dar ağacından Pir Sultanın çuxası (xırkası) asılmışdır. Özü isə yoxdur. Pir Sultan asıldıqdan sonra dar ağacından düşür, yola çıxır. Dalınca casuslar düşür. Şair Qızıl İrmak körpüsündən keçir. “Gəl körpü” deyir, körpü suya batır, onu təqib edənlər bəri yanda qalırlar. Pir Sultan şeirlərindən birində deyir: “Pir Sultan ölür, dirilir.
Pir Sultan Xorasana getmiş, ordan Ərdəbilə keçmiş, orda vəfat etmiş və basdırılmışdır”, deyirlər. Deyilənə görə, Pir Sultanın üç oğlu və bir qızı varmış, qızı şair təbiətli olmuşdur. Bu şerin Pir Sultanın qızının olduğu güman edilir:
Uzundu, üsuldu dədəmin boyu,
Yıldızlar yaylası Banazdır göyü,
Yaz bahar ayında bulanır suyu,
Sular ağlar-ağlar, Pir Sultan deyə.
Pir Sultan qızıydım mən də Banazda,
Qanlı yaş axıtdım baharda, güzdə.
Dədəmi asdılar qanlı Sivasda,
Dar ağacı ağlar, Pir Sultan deyə.
Kəməndini atdım, dara dolaşdı,
Kafirlərin əli qana bulaşdı.
Qoyun gəldi, quzuları mələşdi,
Qoçlar da ağlaşır, Pir Sultan deyə.
“Ho” teatr kollektivinin çox uzaq keçmişdə yaşayıb-yaratmış bir xalq şairinin, xalq qəhrəmanının əfsanəvi həyatına müraciəti, mübariz bir şair surətinin yenidən canlanması bu gün də çox-çox aktualdır. Xalq arasından çıxmış, rütbələri, mənsəbləri artdıqca xalqdan aralanmış, kütləşmiş, zalım və insafsız olmuş, xalq arzu və ehtiyaclarına tamamilə biganə olmuş mənsəb sahiblərinə Xızır Paşa surəti ibrətamiz bir örnəkdir.
Səhnənin ortasında Pir Sultan əyləşmiş, bir dəstə oğlan və bir dəstə qız onun dediyi şeirləri xorla təkrar edirlər:
Qalxın, canlar, bir olalım
Münkirə qılınc çalalım
Yoxsulun haqqın alalım.
Qadın və kişi xorunun birlikdə təkrar elədiyi bu sözlər səhnədən xüsusi bir qüvvətlə səslənirdi. Tamaşanın başqa bir şəklində üzü yaşmaqlı utancaq bir kəndli qızı görünür. Bu, şairin sevgilisidir. İctimai ədalətsizliyə, haqsızlığa, zorakılığa qarşı cəngavər olan şair, gözəllik, incəlik, məhəbbət qarşısında diz çökür, səcdə qılır. O, sarı tamburunu döşünə sıxıb incə-incə türkü söyləyir:
Türlü donlar geyər, güldən nazikdir,
Bülbülə cur etmə, ey gül, yazıqdır.
Çox həsrətin çəkdim bağrım əzikdir,
Gülə-gülə gəlir canlar pərisi.
Bənim uzunboylu salan çinarım
Ürəyimə bir od düşdü, yanarım,
Qiblam sənsən, üzüm sana dönərim,
Mehrabımdır, qaşlarının arası!
Pir Sultan Abdalım, yüksək uçarsın,
Salamsız, sabahsız, gəlib keçərsin.
Dilbər, məhəbbətdən niçin qaçarsın,
Böyləmidir yolumuzun tirəsi?
Başqa bir eşq şerində üzünü sevgilisinə tutub oxuyur:
Bu gözəlin aşiqiyəm, ağalar,
Onun üçün daşa dutar es bəni.
Gündüz xəyalımda, gecə düşümdə.
Qumdan quma savuruyor yol bəni.
Reyhanını devşir-devşir dəstələr,
Mən dəliyəm, öğüd verib pəst elə.
Düşmanımı əl yanında dost elə,
Bir gecəcik mehman elə sor bəni.
Ağ gül olsam, ağ yanağa soxulsam,
Gülab olsam, ağ yüzünə saçılsam,
Gedən olsam, bazarlarda satılsam
“Kölәm” deyə ağ sinənə al bəni.
Pir Sultan Abdalam, qəmzəsi okdur,
Həzaran sinəmdə yaralar çoxdur.
Mənim səndən özgə sevdiyim yoxdur
İnanmazsan, ol Allaha sal bəni!
Uzaq keçmişin bu məğrur mübarizi və incə rübablı aşığı, ilahiyyatdan, o biri dünya nemətlərinin tərənnümündən çox uzaq olan real varlıqla yaşayan, mühitinin nəbzini tutmağı bacaran, mühitinin havası ilə tənəffüs edən bir sənətkardır.
O, ağaclara, quzulara şeir deyər, quzusunu qurd aparmış qoyunun halına yanar.
Dərəyə aşağı gedər qurd izi,
Qurd ağzında gördüm bir körpə quzu.
Sevərsən mövlayı, ağlatma bizi,
Gəl, qoyun, mələmə, vaz keç quzundan.
Ağacları seyr edərkən aldığı təəssüratı belə ifadə edir:
Çiçək açar, domru-domru dal verər,
Kimi uzar, bir-birinə əl verər,
Kimi meyvə verər, kimi gül verər,
Quşlar üstündə dillənər ağaclar.
Kəndlinin ən yaxın köməkçisi olan öküzü də yaddan çıxarmaz.
Öküzün damını alçacıq yapın,
Yaş qoman altına quruluq səpin.
Qoşumdan qoşuma gözlərin öpün
İrəcbərlər, xoşca tutun öküzü.
Pir Sultan Abdal tutduğu yolun haqq yolu, ədalət yolu olduğuna inanan bir sənətkardır. Onu asmaq, kəsmək istəyən, hədə-qorxu gələn paşalara, sultanlara meydan oxuyur, gələcəyə böyük inam bəsləyir:
Gögəribən mən də bostan olarsam,
Ellərin dilinə dastan olarsam,
Qara torpaq, səndən üstün olarsam,
Mən də bu yayladan şaha gedərəm.
“Ho” teatrının binası çox dərin, anbar kimi bir yerdə yerləşmişdir. Tamaşa zamanı adamın ürəyi darıxır, hava çatışmır. Buna baxmayaraq salon ağzına kimi doludur, boş yer yoxdur. Teatrın aktyor kollektivi fədakar adamlardı. Başda rejissor Umur Buğay olmaqla bu kollektiv çətin şəraitdə böyük işlər görür. Pir Sultan Abdal rolunda çıxış edən aktyor Tuncer Nəsmioğlu, Xızır Paşa rolunda Colak və bütün kollektiv bu əsərdə müvəffəqiyyətlə çıxış edir. “Ho” teatrı İstanbulda da tamaşalar verir. Teatrın kollektivi bütün işləri özü görür, bütün işləri özləri idarə edir.
Tamaşa bitdikdən sonra teatrı tərk edərkən gözəl bir şairin həyatı ilə tanış olduğum üçün sevinirdim, həm də çətin şəraitdə çalışan istedadlı və fədakar aktyor kollektivinə böyük rəğbət hissi duyurdum.
Tamaşadan qayıdandan sonra uzun zaman yuxuya gedə bilmədim. Nədənsə uşaq vaxtı yaylağa getdiyimiz Gəncə dağları, Xaçbulaq, Ağbulaq, Muşavak, Pir Sultan dağını xatırlamağa başladım. Kim bilir, bəlkə dar ağacından qurtarandan sonra Pir Sultan Abdal Gəncə yaylaqlarına qədər getmiş, bu dağı da onun adı ilə bağlamışlar. Şeir üçün, sənət üçün şahların, sultanların qoyduğu sərhədlərin nə əhəmiyyəti ola bilər? Sənətkar və sənət əsəri ən yüksək zirvələri belə aşıb keçmək qüdrətinə malikdir. Bəlkə Pir Sultan şair Gəncə aşıqlarının məclisində Pir Sultan dağının qonağı olmuşdur. Kim bilir?
Səhər Rəsul ilə birlikdə sovet səfarətxanasına getdik. Arif Heydərovla görüşdük. Rəsul Ariflə yuxarı mərtəbəyə qalxdı. Mən Arifin iş otağında qaldım. Qapıdan çıxarkən Arif qəzet və jurnalları göstərib: – Darıxmayın, bunlara baxın, – dedi. Gözüm ərəb əlifbası ilə basılmış tanış bir kitaba sataşdı. “Molla Pənah Vaqif” ...Əzizim, xoş gördük, sən Türkiyə torpağına xoş gəlmisən, o gün olsun ki, Sabir gəlsin, Mirzə Cəlil, Mirzə Fətəli Axundov gəlsin bu ölkəyə... Hər cürə kitabla dolu olan kitab mağazalarında yeriniz elə görünür ki!.. “Vaqif”i götürüb vərəqləməyə başladım. Dünya nemətlərini, həyat zövqünü, gözəlləri tərənnüm edən şair, al yanaqlı, ağ buxaqlı, mina gərdənli, sürahi boylu gözəllərin vəsfindən doymayan şair, hansı mənəvi sarsıntılar nəticəsində bu “Görmədim” şerini yazdın? “Heç birində aqibət bir zövqi rahat görmədim”. Əlbəttə, əzizim “alilər xaki məzəllətdə, dənilər mötəbər” olan bir zəmanədə, şair üçün belə şikayətli, gileyli, küskün olmamaq mümkün olan şey deyildi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-sagliqla-qal-yaxin-qonsu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
PəncərəBu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,
GözələBu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...