Страница 3 из 13 · 15%

Qapı açıldı, Rəsul Azad Şərifovla gəldi. Azad bizi maşınla otelə apardı. Otelin qabağında bir neçə adam dayanıb bizi gözləyirdi. Tanış olmadığımız bu adamlar bizə yanaşıb görüşdülər, hal-əhval soruşdular. Əlli-altmış ildən bəri vətəndən ayrı düşmüş bu adamlarda Azərbaycana olan maraq və məhəbbət böyük idi. Onların arasında çox gənc bir oğlan var idi. O, Türkiyədə doğulmuş azərbaycanlı gənclərdən idi. Keçən il turist kimi Bakıya gəlmiş, bakılı gənclərlə dost olmuşdu. Bu gənc bizim yanımızda vurnuxur, sözlü adam kimi nə isə bir şey demək istəyirdi. Mən onu yanıma çağırdım: – Bala, sən sözlü adama oxşayırsan, nə sözün var, de, çəkinmə, bəlkə, Bakıda qohum, ya dostların var? – dedim. Oğlan qızardı, gözlərini aşağı dikdi, sonra utana-utana: – Bəli, – dedi. – Sizə bir-iki sözüm var. Mən onunla ayrıca bir masanın başında oturdum. O, keçənilki gəlişində bir bakılı qıza vurulduğunu və onunla evlənmək istədiyini söylədi. Mən Füzulinin misralarını xatırladım:

Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı,
Nə müşkül dərd imiş eşqin ki, dərman eləmək olmaz.

– Oğul, gənclər arasında belə hallar çox olur. Bəlkə də keçəri haldır? O qızı anasından, vətənindən ayırıb buraya gətirmək doğru olarmı?

– Bir ildir, o qızı görəndən bəri rahatlığımı itirmişəm, unuda bilmirəm, həmişə onu düşünürəm, – dedi. Mən nəsihətamiz tonda uzun bir nitq söylədim, amma nitqim özümün də xoşuma gəlmədi.

Atatürk orman çiftliyi Ankaranın on kilometrliyində gözəl bir parkdır. Vaxtilə boş bir sahə olan bu yerdə deyilənə görə Atatürk bir ağacın əkilməsində özü iştirak etmiş, gənclər üçün gözəl istirahət və əyləncə yeri düzəltmişdir. Burada hündür, kölgəli ağaclar, sarmaşıqlı çardaqlar, gül-çiçək xiyabanları, üstü əlvan şəmsiyələrlə örtülmüş dondurmaxanalar, yeməkxana, estrada səhnəsi, tamaşaçılar üçün sandalyalar vardı. Hər tərəf tərtəmiz, səliqə ilə silinib süpürülmüşdü. Orman çiftliyi parkında xeyli gəzdik, sonra heyvanat parkına getdik. Heyvanat parkı hündür ağaclar arasındakı bir sahədə yerləşmişdi. Şələquyruq tülkünü görəndə bugünkü “Ak baba” jurnalındakı bir şəkil yadıma düşdü. “Ak baba” Türkiyənin satirik məzhəkə jurnalıdır. Burada məşhur dövlət başçılarından birisinin karikaturası çəkilmişdi. Başında yeddi tülkü baş-başa verib dayanmışdı. Şəklin altında bu sözlər yazılmışdı: “Filankəsin başında yeddi tülkü dolaşar, quyruğu bir-birinə dəyməz”.

Quşlar olan hissədə diqqətimi tovuz quşları cəlb elədi. Bizim görməyə alışdığımız əlvan rəngli quyruğu bərq vuran gözəl tovuz quşlarına nədənsə məhəl qoyan yox idi. Hamı bir tərəfdə öz gözəlliyinə əmin bir tövr ilə cövlan edən bir cüt dümağ tovuz quşuna baxırdı. Onlar toy gecəsi ağ geyinmiş bəzəkli, zərif gəlinlərə bənzəyirdilər. Mən heç belə tovuz quşu görməmişdim. Rəngli tovuz quşu əlvan quyruğunu gah yelpazə kimi açır, gah da yığıb bağlayırdı. Elə bil “Gözəl mənəm, mənə baxın” deyirdi. Lakin hamı ağ tovuz quşlarına baxırdı. Onlar diqqət mərkəzində idilər. Demək olar ki, gözəllik və orijinallıq üz-üzə gəlmişdi.

Ankara kedileri də (pişikləri) xeyli maraqlı idi. Pişiklər qar kimi ağappaq idilər. Bu pampıq pişiklərin gözünün hərəsinin bir rəngdə olduğu aşkar görünürdü. Havada çox sürətlə mayallaq vuran meymunlar hər yerdə olduğu kimi, burda da, çevik və məzəli idilər. Balıqlar və ilanlar qapalı binada saxlanılırdı. Mən oraya girmədim, ilanlara baxa bilmirəm.

Parkdan şəhərə qayıdıb “Ankara” kinoteatrına getdik. Burada “Ruslar gəlir” adlı ingilis filmi göstərilirdi. Zarafat kimi çəkilmiş bu film əslində mənalı bir əsər idi.

Okeanda bir sovet gəmisinin maşın hissəsində bir detal işdən çıxır. Onu əvəz etmək lazımdır. Gəminin kapitanı durbinlə baxıb ətrafda bir qara axtarır. Bu halda ada görünür, gəmi adaya yan alır, dənizçilər adaya çıxıb lazım olan hissəni axtarmağa gedirlər. Milçəkdən fil qayırmağı bacaran adamlar, xüsusən qadınlar bir an içində adaya xəbər yayırlar ki, “ruslar gəlir”, ruslar havadan paraşütlə töküldülər, sualtı qayıqla adaya desant çıxardılar, ruslar hər yanı tutdular. Xəbər bir an içində bütün adanı dolaşır, böyük bir iğtişaşa səbəb olur. Adamlar özlərini itirmiş halda çıxış yolu axtarırlar. Köhnədən qalıb pas atmış qılınclar, silahlar işə düşür, kimi paya götürür, kimi daş götürür, hamı adanı mühafizə eləməyə hazırlaşır. Bütün bu hadisələr çox gülməli şəkildə verildiyi üçün tamaşaçılar bütün film boyu gülürlər. Vuruşlara tamaşa etmək üçün adanın uşaqları da çırpınır, yer axtarır, kilsənin qülləsinə dırmaşırlar. Beş-altı yaşında bir uşaq yuxarı dırmaşmağa can atarkən əli üzülür və kilsə divarındakı asqıya ilişib qalır. Qızışmış izdiham, uşağı təhlükədə görüb hər şeyi unudur. Cəmisi yeddi-səkkiz nəfərdən ibarət olan rus dənizçiləri də onlara qoşulur, insanlardan canlı nərdivan düzəldib kilsə qülləsinə qalxırlar, gənc rus dənizçisi ən yüksək zirvəyə qalxıb uşağı xilas etməyə can atır. Uşağın anası və başqa qadınlar həyəcan içindədirlər. Rus dənizçisi paltarlarından mismara ilişib havadan asılı qalmış uşağı qucağına götürür. Hamı sevinir, hamı əl çalır, uşağın həyatı xilas olunmuşdur.

Bir-birinin qanını tökməyə hazır olan adamlar bəşəriyyətin gələcəyi olan uşağın həyatını qorumaq əzmi ilə birləşir, dostlaşır, qucaqlaşıb bir-birlərini təbrik edirlər.

Rus gəmisi motorunu düzəldib yola çıxır, ada əhalisi xırda qayıqlara minib dostları gül-çiçəklə dənizdə müşayiət edirlər. Bütün bu hadisələrin fonunda adalı bir qıza rast gəlib onunla sevişməyə başlayan sarı saçlı rus oğlan da sevişdiyi qızdan ayrılır, hamı ruslara əl edib məhəbbətlə yola salır. Film həm mənalı, həm də istedadlı kollektiv tərəfindən yaradılmış olduğu üçün maraqla baxılır.

Axşam biz yenə xalq oyunçuları teatrında “Tənəkə” pyesinə baxdıq. “İncə Məmməd” romanı ilə bizdə maraq oyatmış yazıçı Yaşar Kamalın pyesinə tamaşa etməyə həvəslə getdik. Yenə həmin boğucu havası olan binaya, küçənin səthindən xeyli pilləkənlə aşağı, dərinlərə endik. Tamaşa salonu yenə də dolu idi. Nəfəs almaq mümkün deyildi. Hava çox ağır idi. Bu şəraitdə aktyorlar gündə bir neçə dəfə tamaşa göstərməli olurlar. Hər dəfə də salon dolu olur. Günün aktual mövzularına toxunmaq, realist boyalarla işləmək, canlı insan xarakteri yaratmaq, həyat səhnələrinin rəngsiz, boyasız təsviri, çılpaq həqiqət tamaşaçını bu teatra cəlb edir. Romantik bir vüsətlə əfsanəvi xalq qəhrəmanı “İncə Məmməd” yaratmış müəllif bu dəfə həyatın lap alt qatlarına enir, xalq fəlakətini, aclığın, səfalətin acı lövhələrini yaradır.

Fikrət İmraklı universitetin məzunudur. Humanistdir, xeyirxahdır, dünya mədəniyyətinin məşhur nümunələri ilə tanışdır. Tanımadığı, bilmədiyi yalnız türk kəndlisi və onun həyatıdır. Müəllif əsərinə Atatürkün cümhuriyyətin ilk günlərində söylədiyi bu sözləri epiqraf götürmüşdür: “Aydınlarımız bəlkə bütün dünyanı, bütün digər millətləri tanıyır, lakin özümüzü tanımırıq. Xalqa yaxınlaşmaq və xalqa qaynayıb qarışmaq aydınlarımızın üzərinə düşən ən mühüm vəzifədir”.

Fikrət İmraklı qəza yerinə qaymakam, yəni qəza reisi təyin edilir. Səhnəyə üstü-başı tərtəmiz, şalvarı səliqəylə ütülü, xoşsifət, nəcib və nəzakətli bir gənc çıxır. Küncdə-bucaqda tullanıb qalmış zir-zibili, papiros kötüklərini, kağız qırıntılarını əli ilə yığışdırıb zibil qabına atır, stolunu səliqəyə salır, lakin bir an keçmədən kənd qolçomaqlarının toruna düşür; onlar gənc qaymakamı salamlamaq üçün gəlirlər, ərşdən-gürşdən söhbət açırlar. Fikrət çox nəzakətli və mərifətlidir. Adamlarla hörmətlə danışır, məqamdan istifadə edən qoyun dərisi geymiş qurdlar ona mühüm bir vəsiqəyə qol çəkdirirlər.

Fikrət gözünü qırpmadan qol çəkir. Ac kəndlilərə kömək etmək məqsədi güdən gənc özü də bilmədən kəndlilərin fəlakətinə qol çəkir. Onun imzaladığı sənəd əsasında suyu qolçomaqların xeyrinə açırlar. Neçə kəndi və neçə kəndin təsərrüfatını su basır, yoxsul kəndlərin evi su altında qalır. Başdan-ayağa palçığa bulanmış Zeyno qarı (aktrisa Əlif Çolak) vay-şivənlə səhnəyə çıxır, təmiz və mərifətli Fikrət İmraklı ilə üz-üzə gəlir, kəndin dərdini deyib ağlayır. Fikrət dəhşətə gəlir. O ki, gözəl, xeyirxah niyyətlərlə kəndlilərə kömək etmək üçün buraya gəlmişdir! Necə olur ki, onun imzası ilə fəlakət səhnələri yaranır?

Müəllifin fikrincə, Fikrət İmraklı qəza rəislərindən biridir. Əsas səhvi oradadır ki, insanlara inanır, sadəlövhdür. Mürtiza, Patır Patır, Tofiq Ali, Okçu oğlu kimi yırtıcıların əsl üzünü tanıya bilmir, tanıdığı zaman isə iş işdən keçmiş olur. Quruluşçu rejissor Tinçel Kurtiz, Atatürkün “Türkiyənin həqiqi sahibi kəndlidir” sözlərini əsas götürür, ağır vəziyyətdə yaşayan türk kəndlisinin acınacaqlı həyatını ön plana çəkir. Türk ziyalılarını kəndin işıqlı həyatı uğrunda mübarizəyə çağırır. Tamaşanın axırıncı şəklində iştirak edən aktyor və aktrisalar, əllərində plakatlarla səhnəyə çıxdılar. Plakatlarda bu sözlər yazılmışdı: “6-cı filo”, “dəf ol”, “NATO, hayır!”, “Sento, hayır!”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов