Страница 1 из 3

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.

Dilbər — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. (Fikrə gedir) Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. (Portfelindən telegram çıxarıb baxır). Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» (Başını tutub otağı dolaşır). Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. (Pəncərənin qarşısına gedir və öz-özünə danışır): Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

Mirzə Əhməd — (əlində portfel daxil olur, portfeli stolun üstünə qoyaraq danışır). Vaxtilə biz də gənc olmuşuq. Böyüklər desəydi ki, qatıq qaradır, nə həddimiz var idi ki, deyək yox, ağdır. Buna görə də iş irəli gedirdi, hörmət, ehtiram da var idi. Amma indi işlər təmamilə tərsinədir. Ağzından süd qoxusu gələn uşaqlar tribunaya çıxıb məruzə oxuyur. Atası-babası yaşında olan adamlara yol göstərir, onları tənqid edir.

Dilbər — (başını pəncərəyə söykəyib sakit durur. Mirzə Əhməd ona sual verir) Nə üçün qaş-qabağından qar yağır?

Dilbər — (başını qaldırıb deyir) Bu gün həddindən artıq yorğunam.

Mirzə Əhməd — Sən fikir yorğunusan. Bilirəm, Qəhrəmandan nigaransan.

Dilbər — Əlbəttə ki, ondan nigaranam, onun bizdən başqa kimi vardır ki, qeydinə qalsın.

Mirzə Əhməd — O gəlməsəydi daha yaxşı olardı. Artıq ondan zəhləm gedir.

Dilbər — Ata! O bizə heç bir yamanlıq etməmişdir. Daima səni ata deyib səsləmiş, hörmətini saxlamış.

Mirzə Əhməd — Əməklərim ona haram olsun. Onu qır tiyanlarının altından götürüb böyütdüm. Mən bilirdim ki, o özgəsinin oğludur. Lakin anan məni məcbur etdi. Onu saxlayıb böyütdüm.

Dilbər — Ata, sən ona yaxşılıq etmisən, onu hamı bilir, lakin bunu tez-tez onun üzünə çırpmağın mənası yoxdur. Söylə, ata, o sənə nə yamanlıq etdi?

Mirzə Əhməd — O çox dikbaşdır. Həm də həddindən artıq vəfasız çıxdı. Altı ilin ərzi-müddətində mənə quru bir məktub belə göndərmədi. İndi gəlir, amma mənə lazım deyildir.

Dilbər — Cəbhədə olan adamdan küsmək yaramaz. Cəbhə şəraiti təmamilə başqadır.

Mirzə Əhməd — Sən əbəs yerə onu müdafiə edirsən. O cəbhəyə getməmişdən də qabaq sənin onu sevdiyini bilirdim. O isə mənim görmək istəmədiyim bir aktrisanı sevirdi. Dilbər, nəhayət səndə bir avropalı qüruru olsaydı, onun adını belə çəkməzdin. Qulağını aç, eşit, mən səni ona verməyəcəyəm.

Dilbər — Hər nə deyirsən ixtiyarın vardır. Lakin cəsarətlə deyirəm ki, Qəhrəman tam mənasilə təzə adamdır. Mədənidir, vüqarlıdır, mən onun xatirini hər kəsdən artıq istəyirəm.

Mirzə Əhməd — (acıqlanır, əlini stola vurub qışqırır) Kəs səsini, utanmaz qız! Mən səni Avropa, Amerika mədəniyyəti şəraitində tərbiyə etmişəm. Heç olmasa bir avropalı şərəfinə, bir xırdaca da olsa amerikalı qüruruna malik olmalısan, ya yox?

Dilbər — (gəlib atasının başını sığallayır) Əsəbiləşmə ata. De görüm amerikalı qüruru nədən ibarətdir? O qürur amerikalı olmayanlara qarşı iyrənc bir qabalıqdan ibarət deyilmi? Onlar yerli zənciləri nələr etmədilər? De görüm hazırda dünyanı qan çanağına döndərmək istəyənlərdə nə kimi şərəf ola bilər?

Mirzə Əhməd — Bəsdir, mənə siyasi dərs vermə! (kənara) Zəmanəyə baxın bir, qızım da mənə siyasi tərbiyə dərsi verir, görün bir mən nə günə qalmışam?

Dilbər — Ata, bir fikirləş. Bütün dünya sosializm mədəniyyətinin yüksəlişindən danışdığı zaman, Avropa, Amerika mədəniyyətinə səcdə etməyin nə mə’nası var?

Mirzə Əhməd — Sən bu sözləri o yaramaz Qəhrəmandan öyrəndin. O da sənin kimi qabalıq ilə qürurun fərqini qoya bilmirdi.

Dilbər — Anam rəhmətlik son nəfəsinə kimi deyirdi ki, atan Amerikaya təcrübə dərslərinə getməzdən əvvəl vüqarlı və mülayim təbiətli bir adam idi. Amerikadan qabalıqdan başqa bir şey gətirmədi.

Mirzə Əhməd — Bilmirəm ananla bərabər sən üçün ölmədin? Sənə qəti deyirəm, mənim evimi komsomol iclasına döndərmə! Dil pəhləvanlarısınız, əlinizdən nə gələr?

Dilbər — Sənin bütün qüsurun da bursındadır ki, gənclərə bir amerikalı kimi çox ucadan baxırsan. Hər şey və hər üstünlüyü özünəməxsus bilirsən.

Mirzə Əhməd — Nə edim? Qız uşağısan, yoxsa bu gün səni evdən qovardım, nə edə bilərəm, namusuma qısılmışam.

Dilbər — Belə ki, sən başlamısan, mənim özüm başımı götürüb bir tərəfə getməliyəm. Mənim atam bir sovet mütəxəssisi ola-ola işi-peşəsi Amerika texnikasına, Amerika mədəniyyətinə səcdə etməkdir. Bu mənim üçün ar deyildirmi?!

Qapı döyülür, Dilbər qapıya gedir.

Mirzə Əhməd — (öz-özünə) Bir mənim qızım deyil, bunların hamısı özünü bir adam hesab edir. Oğul-uşaq yığınçağına düşmədim?!

Dilbər, Qəhrəman və Bəhlul ilə bərabər daxil olurlar.

Qəhrəman — (gəlib Mirzə Əhmədi qucaqlayıb öpür) Salam mehriban ata! Səni sağ-salamat görməkdən başqa bir arzum yox idi.

Mirzə Əhməd — (təvrini dəyişir) Əleykəssalam, otur görüm nə xəbər gətirmisən?

Qəhrəman — (Bəhlulu təqdim edir) tanış olun, gənc mühəndis Bəhluldur.

Mirzə Əhməd — (tanış olur) Xoş gəlib, səfa gətirmisən. Əyləş oğlum.

Qəhrəman — (Dilbərin əlini sıxır) kefin necədir, Dilbər? İşə başlamısınızmı?

Dilbər — Xeyr, hələlik torpaq işi gedir. Bəs dünəndən bəri harada idiniz?

Qəhrəman — Gecə maşınımız xarab oldu, kolxozçulara qonaq olduq. Onlar bizim üçün təntənəli bir şam yeməyi düzəltdilər.

Bəhlul — Mən ömrümdə birinci kərədir ki, bu cürə zəngin və səmimi həyata rast gəlirəm.

Qəhrəman — Xüsusən çox qoca bir müəllimin mə’nalı söhbətləri məni həddindən artıq maraqlandırdı.

Dilbər — Yəqin ki, o Mürid kişidir. Bizim dostumuzdur.

Qəhrəman — Yaşının çoxluğuna baxmayaraq təmamilə təzə adamdır. Mümkün olursa onu buraya gətirəcəyəm.

Mirzə Əhməd — Amma mənim barəmdə vəfasızlıq göstərdin. Məni xəstə qoyub getmişdin. Quru bir kağız da göndərmədin.

Qəhrəman — Mənim üçün səndən də sevimli adam yoxdur. Mən səni necə unuda bilərdim? Sən mənim həyatımın səbəbisən. Amma düşmənin arxasında çalışdığım üçün məktub göndərmək mümkün olmadı.

Mirzə Əhməd — Bunların hamısı keçib gedib. İndi de görüm cəbhə sənin xasiyyətini dəyişdimi? Mən elə bilirəm ki, necə gedibsən elə də qayıtmısan.

Qəhrəman — Böyük Vətən müharibəsi cəbhələri mənim şuurumda böyük dəyişiklik yaratdı. Sovet texnikasının üstünlüyünə olan inamım bir daha möhkəm oldu. Qaliblərin çərkəsində döyüşmək mənə böyük bir şərəf qazandırdı. Texnikamızın möcüzələr yaratdığını gözümlə gördüm. Xüsusən sovet adamlarının döyüş qabiliyyəti məni heyran qoydu. Ata, heç bilirsən xalqın içərisindən nə qədər qəhrəmanlar çıxdı!

Mirzə Əhməd — Bunların hamısı yerində, de görüm sən nə gətirmisən?

Qəhrəman — (meşin çantasını açıb döşündəki nişanları göstərir) Qorxma, ata, mən də əliboş qayıtmamışam.

Mirzə Əhməd — Çox gözəl, çox da pakizə (Bəhlula) oğlum, sən harada təhsil görmüsən?

Bəhlul — Azərbaycanda ali məktəbi bitirəndən sonra Moskvada təcrübə dərsləri keçmişəm.

Mirzə Əhməd — Bizim vaxtımızda təcrübə üçün Amerika və Avropaya gedirdilər.

Bəhlul — Sizin vaxtınızda bəlkə də buna ehtiyac var imiş. İndi isə sovet texnikasının sirlərini öyrənmək bir mütəxəssis üçün kifayət edər.

Qəhrəman və Dilbər — (birdən) Əlbəttə ki, kifayət edər. Biz bu texnika ilə alman faşizminə qələbə çalmadıqmı?

Mirzə Əhməd — (Dilbərə) Sən söhbətə qarışma, yoldan gəliblər, get xidmətçiyə xəbər ver ki, çay və yemək hazırlasın.

Baş mühəndis — (daxil olur) Salam Mirzə, sizi təbrik edirəm. Gənc mühəndislərin gəldiyini eşitdim, sizə gözaydınlığı verməyə gəldim.

Mirzə Əhməd — Çox razıyam, tanış olun, bu oğlan sizə dediyim Qəhrəmandır. Bu da onun yoldaşı Bəhluldur.

Tanış olurlar.

Baş mühəndis — Mən bir iş üçün də gəlmişəm, sabah vəzifələri bölüşdürmək istəyirik. Yaxşı olardı ki, Qəhrəman və Bəhlul, eləcədə Dilbər xanım layihələri götürüb tanış olmaq üçün kontora gələydilər.

Mirzə Əhməd — Nə eybi vardır, gedib götürüb gəlsinlər.

Baş mühəndis — (qalxır) Buyurun gedək. (Gedirlər. Mirzə Əhməd tək qalır).

Mirzə Əhməd — Bilmədiyini də gedib öyrənib gəldi. Özündən daha da dili uzununu yanına salıb gətirdi. Bu cürə adamlar ilə nəinki böyük bir zavod tikmək olar, hətta kiçik bir anbar da tikmək mümkün deyildir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Erməni-müsəlman qırğınının zəminəsi

Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

8 мин
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 мин
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 мин
Nakaşidze Peterburqdan gəldi

Hacı yuxusundan duran kimi, Bakı qubernatoru Nakaşidzenin Peterburqdan göndərdiyi məktubu ona verdilər.Məktubu oxumaq üçün adam lazım idi. Lakin çox tez idi. Buna görə də Hacı məktubu xanıma oxutdurmaq istəyirdi, xanım isə ondan küsmüşdü. Hacı onun otağına adam göndərib görüşmək istədiyini bildirdi.

14 мин

Стихи других поэтов