Birinci pərdə
Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.
Şofer — (Kabinədən düşərək qapını açır) Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
Qəhrəman — Nə üçün, Sumqayıta yetişdikmi?
Şofer — Xeyr, hələ yetişməmişik. Artıq bu maşın gedə bilməz. Dinamo partladı, həm də yolu itirmişik.
Bəhlul — (Maşından düşür) Bu nə hadisədir? Nə üçün stansiyada gecələmədik? İqbal bizi bir fələkin qoynunamı sürükləyir? Biz haradayıq?
Şofer — Vətəndaş, heç bir həyəcan lazım deyil. Burada kolxozçular vardır. Mən özüm də maşını burada buraxmalı olacağam.
Qəhrəman — Nə etməli?! Bir qədər soyuqqanlı olmaq lazımdır.
Qapılardan birisi açılır. Mürid kişi əlində fənər dışarı çıxır.
Mürid kişi — Oradakılar, kimsiniz?
Qəhrəman — Qoca baba, yol adamıyıq, yolu azmışıq, maşınımız da xarab olubdur. Burada gecələmək mümkündürmü?
Mürid kişi — Bu nə sözdür? Nə üçün mümkün deyil? Qonağın üzünə qapı bağlanarmı?
Bəhlul — Çox razıyıq, qoca baba!
Mürid kişi — (gəlib fənəri onların üzünə tutur) Balalarım, indi ki, yolu itirmisiniz, gəlib qonağımız olun, sabah sizi Sumqayıta yola salaram. Bizim kolxozçuların həyatı ilə də tanış olun.
Bəhlul — Nə qədər maraqlı hadisə! Mən çoxdan bəri kolxozçuların həyatı ilə maraqlanırdım.
Mürid kişi — Hava da bir qədər sərindir. Sizin üçün bir tonqal düzəldim. (Fənəri ağacdan asıb tonqal düzəldir). Gəlib qızının, mən də gedib uşaqlara xəbər verim.
Qəhrəman — Lazım deyil. Kolxozçuların rahətini pozmayın, özünüz də gedib rahat olun.
Mürid kişi — Yox balalarım, adətimizi poza bilmərik. Ataların sözüdür, qonaq girməyən evə xeyir-bərəkət girməz. (Mürid kişi gedir).
Bəhlul — Hava olduqca sərindir.
Qəhrəman — Sərin olmasa belə, kimin gözünə yuxu gedə bilər?
Bəhlul — Xüsusən kolxozçuların yaşadığı bu mənzərə olduqca şairanədir. Bir də ki, bizim ikimiz də cəbhə həyatı ilə uzun illər yaşamışıq, şükür olsun ki, böyük qələbələrlə məmləkətə qayıtdıq.
Qəhrəman — (bir ah çəkərək) Doğrudur qələbə ilə qayıtdım. Lakin həyatımdan qiymətli olan bir cəvahiri itirdim.
Bəhlul — Harada?
Qəhrəman — O Moskvada musiqi məktəbində oxuyurdu. Xəbərim yoxdur, kim bilir bəlkə də öz qəlbinin qapısını başqa bir sevgiyə açdı.
Bu əsnada kolxozçular, kolxozçu qız və qadınlar gəlirlər.
Portfel Güllü — Xoş gəlib, səfa gətiribsiniz, gözümüzün üstündə yeriniz var. (Qadınları və qızları səsləyir). Ay qız Xırda xanım, ay qız Göyçə, niyə dayanmısınız? Xalçaları açın, Nazlı xanım su gətir, qonaqlar yıxansın. Ay Güldəstə samovarı hazırla!
Vıstavka Nəsir — Ay Tapdıq, çüçələrdən kəs! Əliqulu dayanma, alnı qaşqa şişəyi vur yerə!
Qəhrəman — Ay canım, bu nə zəhmətdir? Biz heç də buna razı deyilik.
Portfel Güllü — Çoxda ki, siz razı deyilsiniz. Sizi buradan əzizləməmiş yola salsaq bizə nə deyərlər? Oturub bizimlə bir tikə çörək kəsmək günah deyil ki.
Nəsir — Ay Cəvahir bacı, niyə durmusan? Sarı inəyi sağsana! Qızxanım bacı, təndiri yandırıb, lavaş hazırla!
Nazlı su gətirir, qonaqlar yıxanırlar, qızlar üz dəsmalı gətirir.
Bəhlul — Kolxozlarda nə qədər şən və səmimi həyat vardır. Doğrudan da indi mən özümü tamamilə başqa bir aləmdə hiss edirəm. Biz kəndi tanımırıq.
Nəsir — Yolu azıb bizim kolxoza gəlməyiniz biz kolxozçular üçün xoşbəxtlik oldu. Nə olar, gəlib bizim həyatımızla da tanış olun. Bu da bir cürə yaşayışdır.
Qəhrəman — (Bəhlula) Kolxoz həyatı nə qədər mə’nalı həyatdır. Böyük bir kənd möhtəşəm bir ailə şəklinə girmişdir.
Mürid kişi — Bu həyat xüsusən mənim üçün gündən-günə təzə bir qüvvət yaradır. Bunlar məni öz doğma ataları kimi bəsləyirlər. Kaş yüz il ömrüm olaydı, bu əzizlik içində yaşayaydım!
Qəhrəman — Qoca baba, sizin bir kəsiniz yoxdurmu?
Mürid kişi — Məni bir kərə çar hökumətinin zamanında, bir kərə də müsavat dövründə dağıtdılar.
Bəhlul — Nə üçün?
Mürid kişi — Balalarım, yaltaqlıq ilə təvazö’karlığın və şərab sərxoşları ilə iqbal sərxoşlarının fərqini qoyan adamlar o dövrdə azad yaşaya bilmirdi. Dilim dinc oturmadı, ailəmi dağıtdılar, özüm də sürgünə göndərildim. Nə isə qonağı kədərləndirmək yaxşı deyil.
Süfrə açılır, gəlinlər və qızlar xidmət edir.
Mürid kişi — (qonaqlara) Doğrudur, mən köhnə dünyanın müəllimi idim, amma təzə həyatla da bir qədər tanışam. Süfrəyə əyləşənlər bir-birləri ilə tanış olmalıdırlar.
Güllü — Mən kolxozun briqadiriyəm. Adıma Portfel Güllü deyərlər.
Kolxozçular gülüşürlər.
Mürid kişi — Təəccüb etməyin, balalarım! Bu adın başqa bir mə’nası vardır. Kolxozumuzda tənbəllər və özünü portfel dalında gizlədənlər çox idi. Güllü onları tənqid etmək üçün bir rəqs düzəldib, adını Portfel rəqsi qoymuşdu.
Nəsir — (irəli gəlib özünü qonaqlara təqdim edir) Mənə də burada Vıstavka Nəsir deyərlər. Güllü xanım da mənim gələcək həyat yoldaşımdır.
Mürid kişi — İctimai təşkilatların buraxdığı bütün nişanlar Nəsirin döşündədir. Buna görə də kolxozumuzda adına Vıstavka Nəsir deyirlər.
Nəsir döşünü açıb göstərir.
Bəhlul — Nə qədər maraqlı kişidir!
Mürid kişi — Balalarım, indi deyin görüm, siz kimsiniz və nə iş sahibisiniz?
Qəhrəman — Mən də, Bəhlul yoldaş da mühəndisdir. Cəbhədə idik, Sumqayıt şəhərini salmaq və lülə tökən zavodu tikmək üçün bizi bu yerə göndəriblər.
Mürid kişi — Deməyinizə görə arzularım yaxınlaşır.
Güllü — Mən də, Nəsir də və bizdən başqa çoxları da orada işləmək üçün gedə bilərik.
Qəhrəman — Çox məmnuniyyətlə! Hətta Mürid babanı da öz yanıma aparmağa söz verirəm.
Mürid kişi — Mən burada doğulmuşam, burada oturanların ata-babalarının müəllimi olmuşam. Sumqayıtda məndən yaşlı adam yoxdur.
Bəhlul — Mürid baba, məgər bu yerin adına Sumqayıt deyirlər?
Mürid kişi — Eh balalarım, bu gördüyünüz qumlu və daşlı düzlərdən tarixin qanlı dastanlarını oxuya-oxuya yaşamışam. Bu çöllər əfsanələr, dastanlar vətənidir.
Qəhrəman — Danış, nurani qoca, danış! Danış sizdən bir şey öyrənək.
Mürid kişi — Bir zaman var imiş bizim babalarımız oda sitayiş edərmiş. Haman o gördüyünüz təpədə bir od mə’bədi var idi. O zamanlar hələ iranlılar dilimizə və ərəb isə dinimizə təcavüz etməmişdi. Çünki burada möhkəm qala var idi. Burada Simürg adlı bir qəhrəman yaşayırmış.
Bəhlul — Rica edirəm, fikrini ixtisar etmə! Danış gecəmiz xoş keçsin.
Mürid kişi — Babalarımız bir-birinin dilindən belə danışırlar. İran padşahı Kəsranın qoşunu Dəmirqapı Dərbəndi almaq üçün əvvəlcə bizim qalanı alıb keçməli idi. İldə bir necə kərə bu yerə böyük qoşun hücum edərmiş. Hücumların hamısında Simürg pəhlivan onları darmadağın edib qaytarardı.
Qəhrəman və Bəhlul — (tələsik) Sonra?!
Mürid kişi — İndi də bu yerləri qazanda İran sərkərdələrinin məğrur kəllə sümükləri və sınmış silahları yer altından çıxır. Düzlərə baxanda iranlı başından başqa bir şey görmək olmazdı. Axırda Nuşirəvan padişah bizim qalanın adını Cür’ət qalası qoymuşdu.
Bəhlul — Hazırda o qaladan bir əsər qalmırmı?
Mürid kişi — Onun yerində Çorat kəndi qalır. Uzun illərdən bəri xarabaların üstünə qonan bayquşların səsini eşidirik.
Qəhrəman — Kədərlənmə baba! Yaxın zamanda buradan zavodların fit səsləri, tramvayların, dəmir yolların xarıltısını eşidəcəksiniz. Xaraba damların yerində böyük zavodlar, möhtəşəm binalar, kaşanələr tikiləcəkdir.
Mürid kişi — Yaradın balalarım! Sizi tərbiyə edən dövlət və hökumətə eşq olsun!
Bəhlul — Mürid baba, başladığın söhbəti bitirmədin. Simürg pəhlivanın aqibətindən danışmadın.
Mürid kişi — Xalqın arasında ona Simü pəhlivan deyirdilər. O, Səbail padişahının qızı şahzadə Günəşə evlənmiş imiş. Yerlilərin adətinə görə təzə gəlin atəşgədənin ətrafında rəqs etməli imiş. Rəqs əsnasında külək gəlinin başındakı şalı dənizə atmışdı, Simü pəhlivan şalı tutmaq üçün dənizə atılmışdı. Gəlin həmin bu qayanın üstündə durub onu səsləmişdi. Simü qayıt! Simü qayıt!
Bəhlul — Nə qədər qəmgin bir dastan. Mürid baba, sonra necə oldu?
Mürid kişi — Gəlin pəhlivanın qərq olduğunu görüb özünü dənizə atmışdı.
Güllü — Keçmişdə belə bir adət var imiş. Təzə gəlinlər bu qayanın üstündə durub «Simü qayıt! Simü qayıt!» səslərmişlər.
Mürid kişi — Vətənimizin bədbəxtliyi həmən ildən başladı. İran padişahının ordusu bu yerlərin daşını daş üstdə qoymadı. Qızlarımızı, gəlinlərimizi qoyun sürüsü kimi sürüb İran saraylarına apardılar. Zənnimcə bəsdir! Sizi kədərləndirdim.
Qəhrəman — Mən çox maraqla dinlədim. Fikir etməyin qoca baba! Bu yerlərin xoşbəxt günləri çoxdan başlanıbdır. İndi İran quldurlarının burnunu əzmək üçün milyonlarca Simurq pəhlivanlarımız vardır.
Mürid kişi — Ay uşaqlar, patefonları gətirin, çalıb-oynayın, qoy-qonaqlar deməsinlər ki, kolxozçular işləməkdən və yeməkdən başqa bir şey bilmirlər.
Patefonları və qarmonları gətirirlər, qızlar və gənclər rəqs edirlər.
Bəhlul — Güllü xanım, rica edirəm, portfel rəqsini oynayın.
Güllü — Amma bir şərt ilə. Gərək bizi Sumqayıtda işə qoyasınız.
Qəhrəman — Söz veririk.
Nəsir portfeli götürüb üzünə tutur, Güllü rəqs edərkən portfeli Nəsirdən almağa çalışır, nəhayət, portfeli ondan qapır.
Güllü — Üzünü göstər görüm kimsən, axı nə vaxta kimi tənbəl-tənbəl özünü portfel dalında gizlədəcəksən?!
Qəhrəman — Maraqlı və mə’nalı rəqsdir.
Gəlinlər, qızlar birlikdə rəqs edirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-boyuk-qurulusda-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.
Yeni hücumlarQaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:
Həsənağanın toyuToy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.
Sülh heyətiEynüddövlə tərəfindən Təbrizə gələn sülh heyəti əvvəlcə rus konsulunu ziyarət etmiş, lazımi təlimatı aldıqdan sonra əncümənə gəlmişdi. Heyət talış hakimi Sarimüddövlə, Ərdəbil rəiyyət vəkili və bir də Rəşidülmülkdən ibarət idi.Sülh heyətinin əhali tərəfindən təntənə ilə qəbul edilməsi, əhali arasında lazımi iş aparılmamasını və inqilabçıların lazımi nüfuza malik olmamasını göstərirdi.
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Dul arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nədə baxmaz o movlaya dul arvad.