Страница 3 из 4 · 50%

Mən qısaca:

– Mən və Nina, mənsub olduğumuz möhtərəm və kübar ailənin icazəsini gözləyirik, – cavabını verdim. Bu sözüm üzərinə konsul öz arvadına dönərək:

– Nə qədər səmimi, nə qədər tərbiyəli bir gəncdir! – dedi.

Dəvət edilmiş qonaqlardan bir çoxu gəlmişdi, süfrə başına keçmək üçün Azərbaycan valisi Hacı Səmədxanın intizarını çəkirdik.

Valinin gəlmək xəbəri verildikdə, konsulun düzəltdiyi kiçik simfonik ansambl İran marşını çalmağa hazırlaşdı.

Hacı Səmədxan, onun müavini sərdar Rəşid, Etimadüddövlə, Hacı Səmədxanın əmisi oğlu şəhər komendantı Mahmud xan, sərdar Rəşidin arvadı İraida və bacısı Mahru xanım, simfonik ansamblın tərənnümləri altında ziyafət salonuna daxil oldu.

General konsuldan başqa, salondakıların hamısı, Şərq qaydasınca, əllərini döşlərinə qoyub Hacı Səmədxana təzim elədi, mən də onları təqlid etdim.

Konsul birinci olaraq məni Hacı Səmədxana təqdim etdikdə o mənim üzümdən öpdü. – Sizi fəramuş buyurmamışıq, cənab generalın Nemətabadda verdiyi ziyafətdə xidmətimizə müşərrəf olmuşdunuz – dedi. Konsul onun mənimlə bir ağanın öz nökərilə danışdığı kimi danışdığını hiss etmiş olmalı ki, bir daha məni ona təqdim edərək söylədi:

– Əbülhəsənbəy bizim ailənin möhtərəm bir üzvü sayılır. Onun cənab valiyə qarşı bəslədiyi səmimi ehtiram haqqında ailəmiz içərisində qəti bir etimad mövcuddur. Sizin Əbülhəsənbəyə nisbət iltifatınız da bizim ailəmizə bəslədiyiniz dostluğun içərisinə daxildir.

Səmədxan konsulun bu sözündən sonra özünü yığışdırdı və səsinin ahəngini dəyişərək dedi:

– Cənab ağanı birinci görüşdə bəyəndim. Nəcib bir zat olduğunu bildim. Doğrudan da, ağanın vücudunu Təbriz üçün böyük bir qənimət hesab edirəm.

Hacı Səmədxan bu sözdən sonra, sərdar Rəşidə müraciətlə:

– Ağanın özünün və əqvamının salamətliyi təmin olunmalıdır. Nə qədər salamətlik vəsiqəsi lazımsa ağadan müzayiqə etməməlisiniz, – dedi.

Sərdar Rəşid valiyə təzim edərək:

– Əmr, əmri-mübarəkdir, – dedi.

Mən özümü qismən təmin olunmuş hesab edirdim. Özümüzün saxta vəsiqələr qayırdığımıza baxmayaraq, konsuldan və Hacı Səmədxandan alacağımız vəsiqələrlə də Təbrizdə gizlənmiş neçə yüzlərcə mücahidin Təbrizdən salamat çıxıb getməsinə səbəb olacaq idik.

Hələ süfrəyə oturmamışdıq. Qonaqlar iki-iki, üç-üç qruplara ayrılaraq gəzirdi. Mən sərdar Rəşid, Hacı Səmədxan bir tərəfdə, konsulun qızları, Nina, İraida bir tərəfdə kiçik dəstə düzəldib dolaşırdıq. Əvvəlcə Etimadüddövlə, sonra Mahmud xan konsulun arvadı ilə bərabər gəlib konsulun qızları düzəldən qrupa qoşuldu, mən uzaqdan baxırdım. Mahmud xan Ninanın qolundan tutub gəzmək istərkən Nina qolunu onun qolundan çəkib başqa tərəfə keçdi. Onlar bir neçə dəqiqə dolaşdı, yenə də Mahmud xan ona yanaşdı. Nina isə əvvəlki kimi ondan dartınıb kənara çəkildi və dəstədən tamamilə ayrılaraq mənim yanıma gəldi.

Süfrəyə əyləşdik. Mahmud xan hər bir piyaləsini qaldırırkən, Ninaya baxır və gözlərilə «Sənin şərəfinə içirəm» işarəsini verirdi. Çox sağlığa içildi. Süfrə başında bir çox məsələlər həll olundu. Səmədxanla konsul arasında gedən alış-verişdən birisi də Etimadüddövlə məsələsi idi.

Etimadüddövlənin şərəfinə içilərkən, Səmədxan söz alaraq danışdı:

– Etimadüddövlə vaqeən xeyli inanılmalı bir zatdır. O, doğrudan da, Urmi hakimliyinə layiqdir, – dedikdə, konsul:

– Bizim tərəfimizdən heç bir manea yoxdur, – dedi.

Ondan sonra da, süfrə başında oturanlar Etimadüddövləni təbrik etdi.

Mahmud xanın şərəfinə içilməyə başlandı: hamı piyaləsini qaldıraraq içmək istədi, nə Nina, nə də konsulun qızları onun şərəfinə piyalə qaldırmadı, bununla da Mahmud xan özünün təhqir olunduğunu hiss etdi.

Şam yeməyi bitdi; çay içmək, qəlyan çəkmək üçün qonaqlar başqa otağa keçdi. Mən, bəlkə də, gizlin söhbətlər olacaqdır deyə, gerilədim. Konsul bunu hiss edərək:

– Buyurun! – deyə, məni də özü ilə bərabər apardı.

Otaqda konsul, mən, Etimadüddövlə, sərdar Rəşid və Səmədxandan başqa kimsə yox idi.

Çay və qəlyan gətirdilər. Səmədxanın sözlərini konsul üçün mən tərcümə edirdim.

Həbs və edam ediləcək şəxslərin məsələsinə keçdikdə Səmədxan:

– Siz cənab konsula tərcümə edin! – dedi. – Mən Səttar xanın qardaşı Hacı Əzimin və onun iki oğlunun asılmasını məsləhət görmürəm. Onların evlərini dağıtdıq və bütün var-yoxunu aldıq. Özlərinin azad edilməsini məsləhət görürəm.

Konsul bu sözlərdən razı qalmadı və:

– Buna bir səbəb göstərmək lazımdır! – dedi.

Səmədxanın boğazı qurudu, güclə cavab verdi:

– Onların Təbrizdə böyük nüfuzu vardır, hələ Səttar xan da Tehrandadır. Xüsusən Hacı Əzim də bəlvalərdə iştirak eləməmişdir.

Konsul yenə də sözə başladı:

– İmperator hökumətinin bütün təşəbbüsləri yeni valinin mövqeyini möhkəmlətmək üçündür. Bu kimi ünsürlər təmizlənməzsə, Təbrizdə yenə də bəzi ixtilaf zühur edə bilər. Buna baxmayaraq, hərgah cənab vali məsləhət görürsə, bizim etirazımız yoxdur.

Səmədxan sözünü davam etdirərək:

– O ki, maralanlı Hüseynxanın edam edilməsidir, burada mənim də etirazım yoxdur, – dedi, – lakin mən cənab generaldan rica edərdim ki, onu aparıb Xoy şəhərində edam eləsinlər. Onun burada edam olunması Maralan xalqının iğtişaşına səbəb ola bilər, çünki maralanlılar çox haramzada adamlardır.

Konsul:

– Bu yaramaz, – dedi, – çünki biz İranın daxili işlərinə qarışmaq istəmirik. Bu məsələlər sizin öz işinizdir. Hərgah onu Xoyda edam etsələr, yenə İran məhəlli hakimləri tərəfindən edam edilməlidir.

Səmədxan konsulun bu təklifini qəbul etdi, sonra Məşədi Rzanın azad olunmasını rica edərək:

– Onu çox döydürmüşəm. Bu da onun üçün kifayətdir, qoy deməsinlər ki, Səmədxan günahsızları da edam etdirir – dedi.

Çar konsulu burada da güzəştə getdi və Hacı Səmədxanın qarşısına imza olunmaq üçün bir siyahı qoydu.

Bu edam olunacaq şəxslərin siyahısı idi:

  1. Kəblə Haşım dəllal

  2. Məşədi Abbasəli qəndfüruş

  3. Hacı Əli dəvafüruş

  4. Mirzə Əhməd Süheyli

  5. Mirzə Ağabala Xiyabanlı

  6. Mir Kərim Natiq

  7. Məhəmməd Əmi oğlu və sairə...

Səmədxan bunların edamına razı oldu. Əli titrəyə-titrəyə eynəyini silib gözünə taxdı; nəhayət, gecə saat birin yarısında edam hökmünü imza etdi.

Mən bu vərəqəni görürkən, təsəvvürümdə canlanıb ucalan dar ağaclarında iki ildən bəri bərabər çalışdığımız yoldaşları seyr edirdim.

Siyasi söhbətlər və ziyafətin əsas məqsədini təşkil edən bütün məsələlər həll edildiyi vaxt, konsulun kiçik salondakı musiqi dəstəsi çalırdı. Hamımız qalxıb salona keçdik. Mahmud xan qızlar əyləşdiyi yumşaq divanın ətrafında fırlanırdısa da, özü üçün oturmağa yer tapa bilmirdi.

Qızlar məni gördükdə, ən əvvəl Mahru xanım:

– Əbülhəsənbəy, bura buyurunuz. Məclisimiz çox kəsalətli və kədərlidir, – dedi.

Mən onların yanında oturdum. Qarşımızdakı girdə stolun üzərində çay və şirniyyat düzülmüşdü. Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. Stolun dövrəsində Nina, bacısı İraida, sərdar Rəşidin bacısı Mahru, konsulun qızları Olqa və Nadejda otururdu.

Söhbət üçün maraqlı bir mövzu axtarılmaqda idi. Onlardan biri musiqidən alınan nəşəni bütün nəşələrdən üstün tuturdu, o birisi dəniz səyahətindən, başqası çöllərdə dolaşmaqdan, bir başqası axşamın səfasından, digəri səhərin nəşəsindən danışırdı.

Mən onlardan icazə istəyərək:

– Söhbətinizdə mən də iştirak edə bilərəmmi? – deyə soruşduqda, hamısı birdən:

– Bunların hamısı sizi ortalığa çəkmək üçün deyilmi? – dedilər.

Mən onlara belə bir sual verdim:

– Dünyada hər şeyin səfası birdirmi? Nəşələr arasında fərq yoxdurmu?

Hamıdan qabaq İraida cavab verdi:

– Hər şeydən, hər görkəmdən, hər mənzərədən və həyatın başqa-başqa şeylərindən alınan nəşələrin arasında heç bir fərq yoxdur. İnsana bədii zövq və mənəvi nəşə verən şeylərin arasında nə kimi fərq ola bilər? Çünki nəşə və bədii zövq deyilən şey, canlı bir şey deyildir ki, onları aralığa töküb müqayisə etmək mümkün olsun.

İraidanın həm özü, həm də ona qulaq asanların fikrincə, bu doğru bir fikir idi.

Təəccüb burasındadır ki, İraidanın bədii sahədəki istedadına və onun hazırcavab bir qadın olduğuna Ninanın özü də inanırdı.

Mən çox mülayim bir etirazla dedim:

– Zövqlər bir deyildir, biri digərindən fərqli olan mənzərələrdən alınan səfaların hamısı biri digərindən fərqlidir. Əvvəlcə bunu bilməlisiniz ki, dünyanın hər yeri və hər şeyi fərqlidir. İnsanlar belə şəkil, qiyafə və əlaməti-məxsusə, fikir, hiss cəhətcə biri o birisinə bənzəmir. Dağda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib-içməsi və şəkilləri də fərqlidir. Yuxarıdan bəri göstərilən insan və heyvanların şəkli, təbii quruluşu və hər şeyi fərqli olduğu kimi onların duyğuları da bir-birinin eyni deyildir. Nəşə və səfaları insana hiss etdirən duyğudur. Ola bilər ki, bir insanın zövq aldığı şey, o biri insana zövqi-bədii verə bilməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов