Çar konsulxanasında ziyafət
Страница 4 из 4 · 75%
İraida soruşdu:
– Məsələn?..
– Burada nə düşünüləcək bir şey, nə də anlaşılmayan dərin bir fəlsəfə var. Hər kəs öz başına, yaşına görə zövq ala bilir. Səfa nədir? Hərtərəfli bəyənilən şeydən alınan zövq və nəşə deyilmidir?
Hamısı birdən cavab verdi.
– Belədir ki, var.
– Elə isə burada hər kəs öz nəşə və zövq aldığı şeylərdən bəzisini söyləsin, baxaq, söylənənlərin arasında bir oxşayış tapa bilirsinizmi? Məsələn, ilk bahar – şairlərin böyük bir həsrətlə gözlədiyi lətif mövsümü bir düşünəlim: bu zaman aləm tamamilə yeni libasa girmiş olur. Səhralar zümrüd şəklini alır, günəşin yüksəkdən görünən işıqları sakit, saf, bərraq bir dənizin dalğalarında çimərək bəşəriyyətin gözünü işıqladır. O işıqlar yeni göyərməkdə olan cavan yarpaqların üzündən öpür, çəmənlərin üstünə düşən şəbnəmləri brilyant kimi parladır, uyumuş kələbəkləri uyğudan qaldırır, insanlar isə bunların hamısından zövq alır. Lakin bunlardan alınan zövq və səfalar bir deyildir. Məsələn, gecəyarısı, əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir... Ətrafı işıqlandırmaqda olan ay işığı da ara-sıra buludların arxasına keçərək yer üzünü kölgələndirir. Bu sırada bir-birini sevən bir gənc oğlanla gənc bir qız bağçaya baxan pəncərəni açaraq bu gözəlliyi, bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın olan şeylərdən danışırlar. Bunun da səfası başqadır. Sabaha yaxın issiz və səssiz aləm oyanmağa başlayır. Yavaş-yavaş Dan ulduzu da pərdə dalından sevimli bir gəncə baxan qızın göz bəbəyi kimi parlayır. Üfüqlərdə duran kiçicik boz buludların çöhrəsi utanmış pənbə üzlü bir qızın yanaqları kimi qızarır, bu aralıq quşların civiltiləri hər şeydən əvvəl eşidilir, xoruz da səhərin son siqnalını verir. Axşamdan bəri eşidilməkdə olan şəlalənin səsi də oyanmış quşların və vəzifə başına qoşan insanların səsləri arasında itib gedir. Səhərə məxsus ruzigar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını ataraq, günəşin ziyalarına yol açdığı zaman, təpələrin döşündə otlayan quzu sürülər də görünməyə başlayır. Çobanın çaldığı neyin səsi də qoyun mələşmələrinə qarışaraq bir musiqi ansamblını xatırladır. Quzu sürüsünün yanı ilə gedən gözətçi köpək də dərənin dibindən keçən dəvə karvanının zəng səslərini dinləyə-dinləyə qoşqulanır. Bunlardan alınan zövq və nəşələr də başqadır.
Sözümü burada bitirmək istəyirdim, lakin Mahru yenə də məğrur qaşlarını dartaraq:
– Bir az da söyləyin. Bizim xəbərimiz olmayan zövq və nəşələrdən danışınız, – dedikdə mən danışmağa məcbur oldum və dedim:
– Öz yatağında şirin-şirin yatan uşağın üzü parıldayır, ara-sıra dodaqları gülümsər kimi görünür, pəncərədən içəri girən ruzigar da onun balışı üzərinə tökülən saçlarını dalğalandırır və onun gözəlliyini artırır. Belə sevimli bir uşağa baxmaqla ürək doymaz və sevməklə insan yorulmaz. Bu mənzərə insana könül oynadıcı bir nəşə verər. Bundan alınan bədii zövqlər də başqalarına bənzəməz.
Nina burada:
– Ah, bu mənzərə, doğrudan da, bədii bir mənzərədir! – deyərək köks otürdü. Onun öz Məcidini xatırlamış olduğu aşkardı.
Mən:
– Həyatda daha başqa zövq alınacaq anlar da vardır, – dedim. – Vurulmuş bir gənc özünün çoxdan bəri sevdiyi və arzuladığı bir qızı gördüyü və qızdan: «Mən də səni axtarırdım» sözünü eşitdiyi zaman duyduğu səfa, heç də başqa səfalara bənzəməz... Gözəl bir musiqi alətində çox bəyəndiyin bir havanı sevdiyin qızın çalmasından və xoş bir şərqini onun dodaqlarından eşitməkdən duyulan zövq və nəşə də bir ayrı aləmdir. İraida xanım düşündüyü kimi, hər şeydən alınan zövq və duyulan nəşələr – nəşədir. Amma onların biri digərinə oxşamaz. Məsələn, sizin heç xəyalınıza gəlməyən başqa səfalar da mövcuddur. Məhzun bir qəlb, səhər günəşinin aləmə bəxş etdiyi lətafətdən ziyadə, qürubun üfüqlər üzərində təsvir etdiyi məhzun lövhələrdən ləzzət alır. Nazik bir qəlb, cazibədar bir qızın gül rəngini və hələ uşaqlıq ifadələrini itirməmiş çöhrəsinə baxmaqdan ziyadə, dərdli, ələmli bir çöhrəyə tamaşa etməkdən nəşələnir. Bu da, hüzn içərisində şadlıq və qəmlər içində nəşə hiss etmək deməkdir. Bu da başqa cür bir səfadır. Hələ dünyanın şadlığından ümidini kəsən bəzi xəstə və zəif ürəklər də vardır ki, onlar daima ağlamaqdan nəşələnir, əyləncələrdən deyil, yas evlərində zövq aramağa çalışır. Əlbəttə, elələrinin zövq və nəşəsi sağlam və qüvvətli ürəyə malik insanların zövqünə bənzəməz. İndi növbət sizindir, hər kəs nədən çox zövq alırsa, onu burada söyləməlidir.
Onların heç birisindən səs çıxmadı, onlar yalnız utana-utana bir-birinin üzünə baxmaqda idi.
Bu sükut Səmədxanın konsulu və bizi vida edərək getmək istədiyinə qədər davam etdi.
Biz yenə də evə dönmək üçün general konsulun faytonuna əyləşdik, yenə də dörd atlı kazak bizi müşayiət edirdi.
Biz evə döndükdə Tütünçüoğlu və Həsənağanın bizi gözlədiyini gördük. Onlar mənim kazaklarla konsulxanaya getdiyimi eşidərkən rahətsiz olduqlarını söyləyib, ikisi də salamat evə qayıtdığımdan sevindi. Onlar şam da yeməmişlərdi. Nina qollarını çırmaladı, onlar üçün yemək hazırladı, özü də süfrəyə oturarkən:
– Kaş mən ölünçəyə qədər bu ailəmdən ayrılmayaydım, – dedi.
Mən Ninadan soruşdum:
– Bir çox şeylər öyrəndim, sən nə kimi yeniliklər bildin?
Nina cavab verdi:
– Hacı Səmədxan konsulun tövsiyəsi üzərinə Mirzə Rza pişnamaza beş top ağ göndərmişdir. O, Məhəmmədəlini taxt-tacına qaytarmaq üçün camaatdan tərəfdar toplamağa və haman ağlara imza qoydurmağa başlayacaqdır.
Həsənağa:
– Qoymarıq! – dedi. – O da elə bir iş deyildir ki, Həsənağa öhdəsindən gələ bilməyə. Mirzə Rza pişnamazı öldürə də bilərik!
Tütünçüoğlu:
– O mənim işimdir, – dedi.
Mən, buna razı deyildim, çünki Mirzə Rza pişnamazı bir hərbə kağızı ilə də bu yoldan qaytara bilərdik.
Mən, Həsənağa və Tütünçüoğlunu buraxmadım. Nina və Təhminə xanıma:
– Gecəniz xeyrə qalsın, – dedikdən sonra üçümüz də o biri otağa keçdik.
Soyunub yatmaq istədikdə Həsənağa ilə Tütünçüoğlu hərəsi iki kiçik Bolqarıstan bombası çıxarıb başının altına qoydu.
Mən:
– Bunlar nə üçündür? – deyə soruşdum.
Onlar:
– Hərgah konsulxanadan salamat qayıtmasaydın, Səmədxan və konsulu məhv edib, özümüz də məhv olacaqdıq, – dedilər.
Biz lapmanı keçirib yatağımıza uzanarkən dan ulduzu çar topları ilə yıxılmış olan cəbbəxananın dalısından baxır, sanki o da bizə:
– Gecəniz xeyrə qalsın! – demək istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-car-konsulxanasinda-ziyafet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəzetələr Yaponiyada zəlzələdən zərərdidə onlara ianə toplamaq üçün xəbərlər yazdıqda dükançıların acığına gəlmişdir.*Qalsın sənin yadında bircə vəsiyyət, oğlum!
İstəməmParis kino-teatrlarında Şura filmlərini göstərən vaxt «Yaşasın Lenin, yaşasın Şura hökuməti» kimi hissələri göstərdikdə dayandırmışlar.*İstəməm qorxulu rüxsarını rə’yadə görüm.
QorxaramLondonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan)*Qorxaram ən doğrusu bu tazə üsyandan bəri,
GəlirəmƏhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)*Millətimdən, vətənimdən nigaranəm, gəlirəm
Стихи других поэтов
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Söhbəti hal əhlinin ruhə təravət verirSöhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.