Страница 2 из 2 · 50%

Fəxrəddin küçə dəhlizindən keçib həyətə daxil olduğu zaman, özünü başqa bir aləmdə hiss etdi. Həyətin tam ortasında daşdan tikilmiş dəyirmi bir imarət gördü. Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. Balkonun döşəməsi kəhrəba daşları, tavanları isə əlvan qəndillər, avizələr və çilçıraqlar ilə bəzənmişdi.

Dəyirmi binanın ətrafındakı xiyaban qırmızı əqiq daşları ilə şahmat taxtası şəklində döşədilmişdi. Ətraf geniş gülkarlıq idi. Gülün arxasında dəyirmi bir hovuz var idi ki, bina bu hovuzun içərisində qayırıldığı üçün bir ada şəklini almışdı. Geniş və uzun hovuzda səyahət üçün kiçik qayıqlar üzürdü. Hovuzdakı fiqurların müxtəlif əzalarından fışqıran fəvvarələr Bağdad gündüzünə məxsus hərarətin müqavimətini qıraraq, həyəti bahar nəsimi ilə bərabər gələn şəbnəmlərlə doldururdu.

Hovuzdan o biri tərəfə sıra ilə limon, portağal, narınc və nar ağacları əkilmişdi. Fəxrəddin həyətdə dolandığı zaman dimağına rəngbərəng güllərin ətirləri ilə bərabər limon və portağal qoxuları da gəlirdi.

Limon ağaclarının arxasında Bağdad səmasına baş çəkmiş sərv ağacları boynunu ruzigara əyməyən qəhrəmanlar kimi səf çəkib dayanmışdı. Bunlar qəsrin alçaq hasarının dibində bitdikləri üçün qəsrin həyətini sərinlətmək vəzifəsini bitirirdi.

Fəxrəddin sanki yuxu görürdü. O, həyəti qadınla bərabər gəzdiyi zaman belə düşünürdü:

“Bu qadın Bağdad əyanları və yaxud xəlifəzadələrindən birisinin cariyəsidir. Biləks, adi bir qadın bu qədər böyük və şahanə saraya malik ola bilməz. Bilmirəm, qadın öz ağasından icazə almadan mənim kimi yabançı bir adamı qonaq gətirmək səlahiyyətinə malikdirmi?

Fəxrəddin Bağdad haqqında eşitdikləri xüsusiyyətlərdən daha birisini xatırladı və öz-özünə dedi:

“Olmaya mən dul bir qadının şəhvətinə alət olmaq üçün aldanıb bu evə gətirildim? Əcəba, mən Bağdadın iyrənc xüsusiyyətlərindən xəbərdar olduğum bir halda nə üçün də bu qadının tələsinə düşdüm? Əcəba, bu cariyə məni ərə gedə bilməyən dul xanımı ilə tanış etmək üçünmü bu evə gətirdi?! Mən heç vaxt bu alçaqlığı qəbul edə bilmərəm”.

Fəxrəddin bu düşüncələrin təsiri altında olaraq əlini şir heykəlinin başına qoyaraq dayandı və qadına müraciətlə dedi:

– Zənn edirəm ki, bu qədər bəsdir, indi xanım icazə versin, mən getməliyəm. Yoldaşlarım bura gəldiyimdən xəbərdar deyildir.

Fəxrəddin bu sözləri dedikdə qadın heyrət və təəccüblə onun üzünə baxaraq soruşdu:

– Mənim ağam, bu nə deməkdir?! Bizim duz-çörək kəsdiyimiz bundan ibarətmi idi?! Bir qadının evinə gəlib onun bir piyalə şərbətini içmədən çıxıb getməyin nə qədər acı bir təhqir olduğunu təsəvvür edirsinizmi?!

Fəxrəddin yenə də inad göstərərək dedi:

– Zənn edirəm ki, tanışlığı böyük tarixə malik olmayan və bir-birini az tanıyan adamların bir-birinə artıq zəhmət verməsi cayiz deyildir.

Qadın buna etiraz edərək:

– Mənim ağam, əbəs yerə siz belə düşünürsünüz, tanışlıqların hamısı əvvəlcə bu cür başlanır, – dedi. Fəxrəddin də:

– Göstərdiyiniz məhəbbətlərdən razıyam, bundan artığına layiq deyiləm, – dedikdə, qadın ağladı və onun gözündən düşən bir qətrə yaş Fəxrəddinin alovlanmaqda olan cürbəcür fikirlərini söndürdü. O, qadının qəlbini ələ gətirmək üçün:

– Mən getmək üçün tələsməkdə gözəl xanımı təhqir etmək istəmədim. Bütün bunlar sizin rahatınızı pozmamaq üçün idi, – dedi.

Onlar həyəti dolaşıb balkona çıxdıqları zaman, cariyələr yemək süfrəsi düzəldirdi. Balkonun ətrafına nazik ipəkdən pərdə çəkilmişdi. Balkonun iki tərəfində duran xidmətçilər balkonun tavanından asılmış böyük yelpazəyə hərəkət verir və burada bahar nəsiminin sərinliklərini yaradırdı. Gözəl cariyələr, buzda sərinləşmiş əlvan şərbət və qiymətli şərabları süfrəyə düzürdü. Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib qadına və Fəxrəddinə təqdim edirdi.

Bu dəbdəbə yenə də Fəxrəddini düşündürdü, ona özünün adi adamın evində olmadığını xatırlatdı. Fəxrəddin qəlbində götür-qoy edib “tutaq ki, bu qadının mənə nisbət iltifatı bir səmimiyyətin nəticəsidir. Mən bu səmimiyyəti nə ilə qarşılaya bilərəm?! Dünya malına, qızıla və qiymətli daşlara ehtiyacı olmayan bir qadının qəlbini nə kimi bir mükafatla ələ gətirmək olar?” – deyir və sonra da belə bir qərara gəlirdi:

“Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. Hərgah qadının mənə olan bu hörməti bir məhəbbətin nəticəsidirsə, bunun üçün o mənə hər cürə köməyi verə bilər, mən də burada Dilşadı bu qadının vasitəsilə tapıb görüşə bilərəm”.

Qadın Fəxrəddinin süfrə başında da düşündüyünü hiss edərək kənarda duran cariyəni səsləyərək:

– Teyyibə, durma, sən də, Müəlla da udu, kamançanı və dəfi götürüb bura gəlin, – dedi. Bir neçə dəqiqədən sonra, qızlar dəf, ud və kamança ilə gəlib oturdular. Qadının özü udu əlinə götürüb pərdələrini düzəltdi və Fəxrəddinə müraciətlə dedi:

– Dünən gecə bizim üçün yelkəndəki qız Dilşaddan oxudu, pis də oxumadı. Mən Həyatı tanıyıram, o, Bağdad oxuyanlarının ən yaxşısıdır. İndi də mən ağa üçün Dilşaddan oxuyacağam, – dedi və udun ipək simlərini tərpətdi.

Bebinəm əz nəfəsi an cəmalü zibara,
Digər nəzər nə güşayəm behişti hürara.
Çü tarü çəng zi çəngü qamət şödəm lağər
Əzon kəşəm çü kamança xürüşi bicara.
Çü ney fəqan benümayem çü ud nalə konəm,
Bayəd avərəm an təlötü dilarara.

Fəxrəddin Azərbaycanda olduğu zaman və Dilşada nişanlandığı zaman onun bu qədər məşhur gözəl olduğunu, hətta Şərq gözəllərinin mərkəzi sayılan Bağdad şəhərinin diqqətini cəlb edəcəyini bilmirdi. Dilşadın gözəlliyinə yüzlərcə qəzəllər və rübailər həsr edildiyini eşidərkən, bir daha qəlbində inlədi, elə bir qiymətli cavahirin bir daha özünə qayıtmayacağını yəqin etdiyindən soyuq-soyuq ahlar çəkdi.

Nahar yeməyi bitdi, Fəxrəddin qalxıb getmək istərkən qadın etiraz edərək:

– Yox, mənim ağam, günün bu zamanı Bağdadda dışarı çıxılmaz, axşam sərinləri düşünçəyə qədər burada istirahət etməlisiniz, – dedi.

Cariyələrdən birisi qabağa düşüb Fəxrəddini zəngin bir otağa gətirdi. Lakin Fəxrəddini yuxu aparmırdı. O, otağın zənginliyinə baxır, düşünür, bu müəmmalı qadının kimliyi barəsində fikrə gedirdi.

Fəxrəddinin şübhələrini cəlb edən ən başlıca səbəb, qadının ona diqqətlə baxması və baxarkən qəmli-qəmli düşünməsi idi.

Fəxrəddin bu fikirlə də qəti olaraq dedi:

“Yəqin ki, o məni bir adama oxşatmışdır”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şəriət istəriz

Osmanlıda köhnə idarəni qaytarmaq istəyən «Şəriət istəriz» adlı firqəyə daxil olanların ən ictihadlılarının biri sövdakar Əhməd imiş ki, mərhum Zakir İşanın yaxın müridlərindən olub Rusiyadan Türkiyəyə köçüb alış-veriş eləyir.«Vəqt»in yazdığına görə bu cənab Türkiyədə qabaqlarda fahişəxana sahibi imiş və Rusiyadan doqquz-on yaşında qızları alıb aparıb Osmanlıda ona-buna satarmış.

1 мин
Çarə

Çarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə!Cavab:

1 мин
Dərd

Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb:«Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb.

2 мин
Yeni bir qit’ə, yaxud supalar çölü

Avropanın gözüaçıq çoğrafiyun və riyaziyunları Zöhrə ulduzunu mülahizə edib bilmişlər ki, hənuz kəşf olunmamış genə yer üzündə bir qit’ə qalıbdır. Buna görə qütbün hər tərəfinə gözüaçıq adamları göndərib qütbü dolandırırlar. Bu günlərdə Qütbi-cənubidən çox qəribə xəbərlər gəlir. Səyyahlar Asiyanın qərbi-cənubisində bir qit’ə tapıb «Supalar çölü» adlandırmışlar. Məzkur qit’ənin əhvali-coğrafisi böyük əhəmiyyəti haizdir: şimalən Rusiyə, Bəhri-xəzər, şərqən Əfqanıstan, Bəluçustan. Cənubən Ümman dənizi, Bəsrə körfəzi. Qərbən Osmanlı ilə həmhududdur. Bu qit’ə müxtəlif ölkələrdən ibarət olub, qalın meşələr, qorxulu çənkəllər, uçurumlu dərə-təpələrdir. İçində müxtəlifülcins heyvanlar vardır. Cənab allah bu yerləri xəlq edən gündən insan ayağı dəyməyib. Meşələrin heyvanları heç bir iş görməyib, ancaq, ot, ələf və ağacların meyvələri ilə güzəran edirlər. Bu qit’ənin supaları və qeyri heyvanları movqe’ və havasına görə doğrudan da müxtəlifülcinsdir. Astarabad, həmçinin Bəmnən, Nərməşizdən uzanıb Sistana qədər rəngləri boz və surətləri qıllı supalar vardır. Ançaq Türbət və Tus çöllərində ağbaşlı və sarıdırnaqlı, qulaqları qayət tüklü ulaxlar həddən ziyadədir. Xorasandan başlayaraq Məsqət hududuna qədər Kirman həvalisində elə ulaxlar vardır ki, üstlərində qalın və uzun çulları var. Kirman məsqətindən başlamış Bəluçustan, Küləhr, Kirmanşahdan, Bilubur, Sərdəşt, Sinən, Dəclədən Van gölü sahillərinə qədər çul-çapuqları dağılmış, palanı qarnı altına düşmüş, örkəni qırılmış, qarınaltısı yerdən sürünmüş supalar həddən ziyadədir. Bu tərəfdə Umru adlı qayət cəsim və qalın bir meşə tapılmışdır ki, içində olan canavarların cinsini bilmək əbədən mümkün deyil. Bu meşənin Van gölü sahilindən başlamış Maku xərabələrinə, oradan da Ararat dağlarının ətəklərinə qədər dağ-daş bütün-bütünə başları müdəvvər, qarınları yoğun, umuzları iri canavarlar doludur. Maku çənkəlliyindən başlayıb Aras çayını başaşağı Zənkilan, Muğan, Beləsuvar namında bir çox supa çöllərini dolaşıb, Kür çayı ilə Aras çayı Bəhri-Xəzərə tökülənə qədər elə uzunqulaqlar var ki, qulaqlarının kölgəsində on beş xırda heyvanlar daldalanar. Səyyahın verdiyi mə’lumata görə bu tərəflərdə, yə’ni sərhəddin içərisində elə bir meşə kəşf etmişlər ki, supa çöllərinin ən əhəmiyyətlisidir. Bu qit’əni də çox fikirdən sonra Azərbaycan adlandırmışlar. Çünki buranın supaları özgə çöllərin supaları kimi başlı-başına buraxılmayıb, qonşuluqda olan şimal ovçuları onları bir-bir tutub gətirib məxsusu töylələrə doldurmuşlardır. O ki, supalara layıq tərbiyədir bunlara edirmişlər. Lakin burada tərbiyəli supalar getdikcə çoxaldığından meşələrin əlafiyyatı daha kifayət verməyib şimal tərəflərdən buralara məxsus azuqə də gəlirmiş.Tazə tapılan qit’ənin Əstərabad adlı meşəsindən bu günlərdə bir heyvan peyda olmuş ki, bütün qit’ənin heyvanları onun zühurundan təşvişə düşüb qulaqlarını sallamışlardır. Bu heyvanın adına «Supaqıran» deyildiyindən bütün supalar qorxuya düşmüşlər. Səyyahın dediyinə görə, bu heyvan neçə il bundan qabaq bir də zühur etdiyindən supalar şıllaqlayıb qovmuşdular. İndi genə zühur etmişdir. Amma bu canavar Türkmənə mənsub olduğu üçün Türkmən və Mazandaran supaları bunun səsini eşidən kimi qulaqlarını şişləyib yanında quyruqlarını buluyurlar. Qərəz yer üzündə qəribə çöllər, əcayib biyabanlar və əntiqə supalar varmış.

2 мин

Стихи других поэтов