Gözəl
Страница 3 из 6 · 33%
Qız yemək şeylərini yığmaq istərkən, etinasız bir tövr alaraq dedi:
– Hər kəs öz damının altında xanımlıq qurmaqla xoşbəxt ola bilər, hər kəs öz qazandığı ilə mükafatlansa daha yaxşıdır.
– Sən mükafatı qazanmışsan.
– Mən bir mükafata səlahiyyətdar olsam belə, siz mənə verəcəyiniz mükafatı özünüz qazanmamışsınız.
Hökmdar bilməlidir ki, mükafat almaq olar, lakin hər kəsdən yox. Bir az əvvəl xain və qatil hesab etdiyiniz qız, hansı bir vicdanla sizin mükafatınızı qəbul edə bilər?!
Önünüzdə duran qız sizin qapınızı elə bir xain fikirlə döysəydi, hökmdarı həyətə çağırmaq lazım deyildi. Siz qapını açan kimi mən sizi öldürərdim. Heç kəs də bilməzdi.
– Sən dünən gecə mənə dediyin sözlərindən indi peşman olursanmı?
– İnsan düşünərək deyilən sözdən peşman olmaz.
– Sənə Gözəl adını kim qoyubdur? Bu ad sənin üçün nə qədər uyğundur. Körpə ikən onlar sənin bu qədər gözəl qız olacağını haradan bilmişlər?
– Atam və anam qoymuşdur. Burada bir çətinlik yoxdur. Onlar kəndlidir, nə əkib, nə biçdiklərini bilirlər.
– Sən olduqca gözəlsən. Xasiyyətin daha gözəldir. Söylə, mən səni nə ilə mükafatlandırım? Nə üçün öz hökmdarını şadlandırmaq istəmirsən?
– Elə bilirəm ki, hökmdar mənim istədiyim mükafatı verməyə qadir deyildir. Çünki mən istədiyim hökmdarlığın əsas arzularının əleyhinədir.
– Mənim hər bir şeyə qüdrətim vardır. Hər nə istəyirsən istə, mən öz arzularımı da sənə qurban verə bilərəm.
– Mən istəyirəm ki, hökmdar qayıdıb öz yerinə getsin, qabaqda qış gəlir, xalqa rahatlıq versin. Bu ikinci kərədir ki, sizin ordunuz bu məmləkəti dağıdır. Bu xalqa rəhm etmək, həm xalqı, həm də məni mükafatlandırmaq deməkdir. Hökmdar buna qadirdirmi?!
– Mən xalqa rahatlıq vermək məqsədilə nadinc adamları cəzalandırmaq üçün gedirəm.
– O zaman hökmdar nadinc adamları öz ətrafına yığıb getməlidir. Siz nadinclərə də o qədər böyük ixtiyar veribsiniz ki, özünüzü öldürməyə qədər cəsarət ediblər. Hökmdarını öldürə bilənlər, rəiyyətlə dinc yola gedə bilərmi?!
Qızın sözləri Atabəyi düşündürdü, özünün nə kimi bir xalq içində olduğunu və nə kimi bir mühitin insanları ilə qarşı-qarşıya durduğunu təyin etdi. Uzun dəqiqələr aralığı sükut bürüdü, nəhayət, Atabəy qıza müraciətlə:
– Səndən üzr istəmək üçün yanıma çağırmışdım, çünki səni və ailəni rahatsız etmişdim. Eyni zamanda sənin bu qədər gözəl olduğunu bilmirdim.
Gözəl gözünün yanı ilə ona baxaraq gülümsündü və:
– Elədir hökmdar, hər şeyi bilmək bilməməkdən yaxşıdır, – dedikdə, Atabəy də:
– Bilmədiyin zaman maraqlanır, biləndən sonra da dərdlənirsən.
– Tək bir qız üçün dərd çəkməkdənsə, hökmdar öz məmləkətinin dərdini çəkməlidir. Yalnız bir qızın gözəlliyi ilə bir məmləkəti gözəlləndirmək olmaz. Bütün məmləkətin gözəl olmasının qeydinə qalın. Əlahəzrət, siz ki, gözəlliyin əleyhinəsiniz? Gözəl təbiətə malik olan Azərbaycanı dağıtmaq gözəlliyə qarşı xəyanət deyildirmi?! Araz çayı ilə Kür çayının arasındakı cənnəti at dırnaqlarında çeynədən bir hökmdar, gözəllik tərəfdarı olduğunu iddia edə bilərmi?!
– Mən atanı yanıma çağırıb məsələni ona aça bilərəmmi?
– Hansı məsələni? Azərbaycanı dağıtmaq məsələsinimi?
– Xeyr, gözəl qızın məsələsini.
– Mənə aid məsələni atamla həll etməyin nə mənası vardır? Əcəba, hökmdar mənim məsələmi həll etmək üçünmü ordu çəkib gəlmişdir?
– Sənin bu məsələni şəxsən həll etmək üçün səlahiyyətin vardırmı?
– İnsanların hamısında öz məsələsini həll etmək üçün səlahiyyət vardır. Bəzən bu səlahiyyəti insan azadlığının əleyhinə düzəlmiş qanunlar insanlardan alır.
– Kimdən tərbiyə aldın?
– Anamdan.
– Anan elmlidirmi?
– Həm elmli, həm də tərbiyəlidir.
– Anan hansı ailədəndir?
– Bilmirəm sizə nəyi deyim və kimləri anladım. Siz Azərbaycanda hansı ailəni tanıyırsınız? Şairlərdən, ədiblərdən, ziyalılardan və məşhur qəhrəmanlardan tanıdığınız adamlar vardırmı?
– Mən Azərbaycanda mötəbər şairlərdən Nizamini, Xaqanini, Əbül-Ülanı tanıyıram. Ruhanilərdən xətib Gəncəvini, əyanlardan Süleyman ibni Bərəkəti, qəhrəmanlardan isə Fəxrəddini tanıyıram.
– Son adını çəkdiyiniz zat mənim doğma dayımdır.
– Elə isə səni təbrik edirəm, xoşbəxt qızsan, səni bir daha xoşbəxt etmək istəyirəm.
– Hökmdar məni nə kimi bir şeylə xoşbəxt edə bilər?!
– Keyqubad və Firidunların tacından qiymətli olan tacımla.
Qız gülümsünərək hökmdara dedi:
– Bəlkə də hökmdar tacı çox qiymətli hesab edir, lakin məncə, onun baş üçün vediyi ağırlıq qiymətindən daha ağırdır.
– Səni Cümşidin taxtına meydan oxuyan uca taxtımla sərəfraz edərəm.
– Böyük şair Nizaminin padşahlara həsr etdiyi şeir əlahəzrətin nəzərinə çatmadımı?
Atabəy təəccüblə soruşdu:
– Hansı şeri?!
– Nizami padşahları qəflət yuxusundan ayıltmaq üçün yazdığı şeirdə deyir ki: – "Ey hökmdar, çox da taxtım-taxtım deyərək məğrur olma, əcəlin atı daima yəhərli halda durur. Hər taxtın kölgəsində bir də bir tabut vardır".
– Səni dünyanı öz ovcunun içində saxlayan bir hökmdar sevərsə, onunla iftixar etməzsənmi?
– Hansı şərtlə iftixar edərəm? Dünyanı ovcunun içərisində saxlayan qüvvət elin qüvvəti deyil, öz şəxsi qüvvəti olsaydı, iftixar edərdim. Lakin xalqın qanı və canı ilə əldə edilən qələbəyə tək-tək şəxslərin iftixar etməsi düzgün deyildir. Hökmdar xalqın qüvvətinə güvənir.
– Mən özüm də pəhləvanam. İndiyə qədər mənimlə tək-tək qarşı-qarşıya çıxanların qalib gəldiyini görməmişəm. Səni sevən zat hələlik öz qılıncını bir kimsəyə təslim etməmişdir. Mən bir ölkənin və bir məmləkətin pəhləvanı deyiləm, cahanın pəhləvanıyam.
– Məni sevməyin şərtləri vardır. Yalnız pəhləvanlıqla məsələ bitmir.
– Nə kimi şərt? Gözəl qız, onu söylə, hökmdar bu gözəlliyə qarşı bəndəlik etməyə hazırdır.
– Məni sevən, xalqımı sevməlidir. Mənim sevdiyim zat, bu xalqın düşməni olmamalıdır. Çünki mən bu torpaqda və bu xalqın içərisində doğulmuşam.
– And içirəm.
– Hökmdar bilməlidir ki, bizim elin adətində and içib andını sındıran adamdan da düşmən adam yoxdur. Hərgah andı sındırsanız, onda necə olsun?!
– O zaman məni cəzalandırmağa haqqın vardır. İndi de görüm, atanı çağırıb danışımmı?
Atabəyin bu təklifindən sonra Gözəl heç bir söz demədi, bu sükut onun razılığı demək idi. Gözə öz qəlbində Atabəyin bu sevgisindən istifadə edib, Aran xalqını qətl-qarətdən qurtarmağı və öz xalqını xoşbəxt etməyi düşünürdü. Buna görə də Atabəyin təklifini rədd etmədi.
Qabları da, süfrəni də yığışdırıb getdi.
Atabəy öz katibi kiçik Buğanı çağırıb tapşırdı:
– Həbsə alınan caniləri möhkəm saxlayın. Mən bu sui-qəsdin Qızıl Arslan tərəfindən düzəldiyinə inana bilmirəm... Burada başqa əllərin işləməsi ehtimalı vardır. Mənim həyatımı təhlükədən qurtaran qızın xidmətini ən uca bir mükafatla qarşılamaq istəyirəm. O, həm gözəldir, həm də bir igiddir. Onun bütün varlığı hökmdara layiq bir qız olduğunu oxuyur. Qəhrəman bir nəsil yaranması üçün belə bir qadın lazımdır.
Buğa bu sözlərdən gülümsünərək hökmdara sual verdi:
– Bəs Mələkə?!
– Mələkə yenə də öz mələkəliyində qalır, bu qız mələkəlik düşkünü deyildir. Elə zənn edirəm ki, mən ailə xoşbəxtliyini ancaq bu qızda tapa biləcəyəm. Bu, sözü çox açıq danışır. Bu cür qadınlarla anlaşmaq çox da çətin deyildir. Mənim mələkəm isə şübhəli bir qadındır, nə istədiyini öyrənmək mümkün deyildir. Doğrusu ki, mən mələkədən qorxuram. O mənim üçün bir təhlükədir.
İndi, gedib qızın atasını mənim yanıma çağır.
Kiçik Buğa getdi. Atabəy özünün qız haqqında fikirlərini mühakimə etməyə başladı. "Doğrudur, o bir kəndli qızıdır, lakin ədəb və mərifətcə yüzlərcə qətibələrdən üstündür.
Mənim taxt-tacım vardırsa, o da yüzlərcə taxtın zinətidir. Əgər mən dünyanın məşhur pəhləvanıyamsa, o da dünyanın adlı-sanlı gözəlidir.
Mən bütün dünyanı öz kəməndimə sala bilərəmsə, o da dünyaları kəməndinə salan bir pəhləvanı öz kəməndinə salmaq hünərinə malikdir. Əgər mənim oxumdan can qurtarmaq mümkün deyilsə, onun da qəmzəsinin oxundan qurtara bilmədim. Mənim qılınc vurmağım bütün İraq və Ərəbdə şöhrət qazanmışdırsa, onun qılıncdan kəskin dili də, daş qəlbləri deşə bilər. Onun da kaman qaşları və ox qədər iti kirpikləri vardır. Mən dünyanın qanını tökdürmüşəmsə, lakin o da öz gözəlliyi ilə böyük qanlara səbəb ola bilər...
Onun dişləri kimi inci və dodaqları kimi yaqut hansı padşahın xəzinəsində tapıla bilər?! Onun ağlı-qırmızılı çöhrəsilə müqabilə dura biləcək almaq hansı bir bağçanın ağacında bitə bilər?".
Hökmdar bu barədə çox düşündü və nəhayət, bir fal vuraraq: – "Kim bilir, bəlkə də bu təsadüf bir qələbənin başlanğıcıdır" – dedi və qalxıb otağı dolaşmağa başladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-gozel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.
Alış-verişVəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...
QorxuTəbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.
Mahrunun toyuO, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.
Стихи других поэтов
Vahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GetdiBir ah çəkdim, sinəm üstə dağ düşdü,Dilimin hər yana sədası getdi.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd