Страница 4 из 6 · 50%

Kiçik Buğa ilə Gözəlin atası Canpolad otağa daxil oldu və baş endirib durdu:

Atabəy onun salamını alaraq:

– Otur, qoca, – dedi.

Canpolad qapının qabağında oturmaq istərkən Atabəy onun qolundan tutub bir az əvvəl Gözəlin oturduğu kürsünün üstündə əyləşdirdi.

Kiçik Buğa çıxıb getdi. Atabəy sözə başladı:

– Mən sizi iki işdən ötrü yanıma çağırmışam. Onlardan birisi razılıq izhar etmək, ikincisi də üzr istəməkdir. Qızın mənim həyatımı təhlükədən qurtardı, buna görə təşəkkür edirəm. Hazırda mənim həyatım sizin ailənizə minnətdardır. Eyni zamanda bu hadisədən ötrü sizi həbs etdirməyimdən üzr istəyirəm. Özünüz dünyanı görübsünüz, sizdə yaxşının və yamanın təcrübəsi vardır. Bilirsiniz ki, insana bir fəlakət üz verdiyi zaman öz mühakimə qüvvəsini itirir, dostunu düşmənindən ayırd edə bilmir. Gecənin vaxtında baş verən bu hadisə məni təbii halımdan çıxartdı, nə edəcəyimi bilmədim. Canpolad hökmdarın sözlərini təsdiq edərək dedi:

– Padşah doğru buyurdu. Lakin bu barədə üzr istəməyə gəlməz. Ola bilər ki, bizim həbs edilməyimiz padşah üçün ağır gəlir, çünki o, həbsxananın nədən ibarət olduğunu bilmir. Lakin biz kəndlilər buna öyrənmişik; çünki hökmdarın təyin etdiyi məmurlar bizi hər ayın başında həbsxanalara göndərirlər. O ki qaldı möhtərəm qonağın həyatını təhlükədən qurtarmaq, o da bizim ata-babamızdan qalmış bir vəzifədir.

Hökmdar həzrətləri, bizim xalqımızın içərisində belə bir adət vardır: hər kəsin qonağının başına bir fəlakət gələrsə, o adam öz etibarını itirər. Elə bir adamın qapısının başından tikan asmaq lazımdır. Buna görə də tikan asılan qapıdan içəri qonaq girməz. Qonaqsız adam kəndin vətəndaşlıq hüququnu itirər, onu müştərək həyata buraxmazlar, cəmiyyət içərisində nüfuzunu itirər.

Atabəy bu sözlərdən öz məqsədi üçün giriş əldə edərək Canpolada dedi:

– Mən neçə gündən bəri sizin nə qədər alicənab və nəcib xalq olduğunuzu təyin etdim. Mən sizin kimi qonaqcanlı adamlar məmləkətimin heç bir tərəfində görməmişəm. Bu hörmətə müqabil qızınızı Eldəniz ailəsinə daxil etmək və xoşbəxt eləmək istəyirəm.

Canpolad Atabəyin nə dediyini anladı və Atabəyi Canpolad kəndinin bəzi adətləri ilə xəbərdar etməklə öz arzusundan daşındırmağı düşündü:

– Böyük hökmdar! Malımızın, canımızın ixtiyarı sizdədir. Biz nökərlərin nə cürəti vardır ki, sizin əmrinizdən boyun qaçırsın, lakin mən qızın barəsində danışmaq səlahiyyətini daşımıram.

Atabəy təəccüblə sual verdi:

– Nə üçün? Məgər sən ata deyilsənmi?

– Malımızın, canımızın sahibi! Nə qədər övlad həddi-buluğa yetişməmişdir, onun tərbiyəsi bizim öhdəmizdədir. Lakin həddi-buluğa yetişəndən sonra, səlahiyyət cəmiyyətimizin ixtiyarına keçir.

– Nə kimi cəmiyyət?

– Kəndin dörd nəfər ağsaqqalı vardır. Hər ixtiyar onların əlindədir.

– Ağsaqqallar hökumət tərəfindənmi seçilmişdir?

– Xeyr, onları cəmiyyətimiz seçibdir.

– Əcəba, sizin hökumətiniz yoxdurmu?!

– Hökumətin vergilərini də haman ağsaqqallar verir.

– Bəs divan və cəza işləri kimin əlindədir?

– Bir yerdə ki, haqsızlıq, oğurluq, yalançılıq, təcavüz, adam öldürmək, bir-birini incitmək olmasın, daha orada kimlərə cəza verilə bilər?

– Biri-birinin mülkünü zorlarsa və yaxud suyunu kəsib öz bağına apararsa, onu cəzalandırmaq vəzifəsi kimin öhdəsinə düşəcəkdir?

– Burada tək-tək adamların mülkü yoxdur. Sular da, bağ-bağçalar da, zəmilər də – nə ki var, – bütün xalqın malıdır.

– Necə yəni xalqın malı?!

– Bəli, xalqınkıdır; çünki burada bağların, bağçaların sərhədi yoxdur, hər kəs torpaqda işləməlidir.

– Bəs məhsulunu kim aparır?

– Məhsul elliyindir. Hər kəs bir anbardan yeyir, bir kisədən xərcləyir, bir biçim, bir ölçüdə olan binalarda yaşayır. Mənim evimdə gördüyünüz şeylər hər kəsin evində vardır.

– Bu otaqlar ki, mən yaşayıram, kimə məxsusdur?

– Xalqındır, eyni zamanda mənimkidir. Ailədə nə qədər adam varsa, adam başına bir otağı olmalıdır. Biz üç nəfərik, üç də otağımız vardır. Eyni zamanda hər ailədə qonaq üçün əlavə iki otaq vardır.

Buradan qürbət ölkəyə qız vermək qadağandır. Kəndin qızları kəndin oğlanlarına ərə getməlidirlər. Hərgah qız oğlandan artıq olarsa və yainki qız başqa kəndin oğlunu sevərsə, o zaman oğlan gəlib bu kəndin adətini qəbul etməklə kəndin vətəndaşlığına girməlidir. Lakin bu da asan iş deyil. Ağsaqqallar haman adamın əsil-nəsəbini lazımınca öyrənməlidir. Hərgah olduğu yerində ondan və tayfasından bir yamanlıq baş verməmişsə, o zaman ağsaqqallar onun bu kəndin qızına evlənməsinə və kəndin vətəndaşı sayılmasına icazə verərlər.

Oğlanlar da bunun kimidir. Hərgah oğlan başqa yerdən bir qız sevib kəndə gətirmək istəyirsə, ağsaqqallar qızın namuslu və tərbiyəli bir qız olmasını yoxladıqdan sonra bu kəndin cəmiyyətinə daxil olmasına icazə verərlər.

Buna görə də mən elimizin adətini pozub qızımı əlahəzrətə vədə verə bilmərəm. O zaman kənddə vətəndaşlıq hüququnu itirmiş olacağam. Mən elə bilirəm ki, əlahəzrət mənim ömrümün sonlarında bədbəxt olmağıma razı olmaz.

Atabəy dərindən düşünməyə başladı. Onun görüb və eşitdiklərinin yaşadığı dünyada deyil, gözəgörünməz başqa bir aləmdə yarandığını zənn etdi. O bu xalq ilə daha artıq maraqlandı və öyrənmək istəyərək soruşdu:

– Sizin uşaqlarınız təhsilini kimdən alır? Kəndinizdə neçə nəfər ruhani vardır?

– Bizim kəndimizdə ruhani tapılmaz; çünki onlara ehtiyac yoxdur, onların deyəcəyi sözü bir kərə qədim babalarımız bizə demişdir. Bizdə günah edənlər də yoxdur ki, onları cəhənnəm əzabından qorumaq lazım gəlsin. Hərgah doğrudan da behişt vardırsa, biz ondan məhrum olmayacağıq, çünki içimizdə günah edən adamlar çox az tapılar.

Atabəy bunların müsəlman olmaları barəsində şübhələndi. Buna görə də sual verdi:

– Din məsələləri üçün başınız kimə bağlıdır?

– Biz din cəhətdən ancaq qardaşlığı tanıyırıq. Bu barədə əxlaq tərbiyəmizi Əxi Fərrux Zəncani həzrətlərindən alırıq.

– Siz müsəlman deyilmisiniz?

– Bizim xalqımızın içərisində din ancaq əxlaqdan ibarətdir. Əxlaq dərsinin əsası isə Əxi Fərrux göstərən qardaşlıq yolundan ibarətdir. Bizim bütün diqqətimiz dünya işlərinədir. Sənət, musiqi, şeir, təmizlik, sədaqət, doğruluq ən sevdiyimiz işlərdəndir.

Atabəy yenə də bunların nə din və nə əqidədə olduqlarını təyin edə bilmədi. Lakin bu cəhət onun məqsədinə mane də törədə biləcək cəhətlərdən deyildi. Buna görə də o, söhbəti yenə də Gözəl məsələsinin üzərinə çəkib dedi:

– Bunların heç birisi, mənim sizin ailənizi şərəfləndirmək məqsədlərimə bir mane də törətməyi bacarmaz. Mən sizin həyatınızla maraqlanıram, buna görə də icazə verin mən də bu həyatda sizinlə bərabər iştirak edim.

Canpolad yenə də Atabəyin arzularından boyun qaçırmaq məqsədilə dedi:

– Mən elə bilirəm ki, əlahəzrət qızın xasiyyəti ilə tanış olursa, öz fikrindən daşınar. Doğrudur, qız gözəldir. Lakin onunla bir ailə düzəldib yaşamaq mümkün deyil. O heç bir zaman kişiyə itaət etməz. Doğrudur, qızdır, lakin kişilik iddiasındadır. Peşəsi at minmək, qılınc, nizə oynatmaq, ox atmaq, mizraq işlətməkdir. Nədənsə, cəmiyyətimiz ona qadınlıqdan tələb olunacaq şəkli verə bilmir.

Zənnimcə, qızın burdan getməsinə kəndimizin xalqı da razı olmaz; çünki bu qız ərsəyə gələndən bəri bu kənddə bir nəfər də olsa oğru ayaq basa bilməmişdir. Bu igid qızın səbəbinə bizim yaylağımızdan bir quzu aparan olmaz. Bunun üçün də əlahəzrət məni həbsə aldığı zaman o dedi ki, bu həyətə azərbaycanlı girməz, bu evə girənlər yabançılardır.

Atabəyin marağı daha da artdı və qəlbində:

“Belə bir qızı əldə etmək zəngin bir məmləkət əldə etməkdən daha qiymətlidir”, – dedi.

Canpolad da, Atabəyin özü də oturub düşünürdülər.

Atabəy qəlbində deyirdi ki: “Əsası çürümüş xəlifə ilə qohum olmaqdansa, gözəl, igid, dilli, mərifətli bir kəndli qızına evlənmək daha yaxşıdır. Bir halda ki, qızın dayısı da Fəxrəddindir. Mən onunla qohum olandan sonra Aran məsələsini həll etmiş olacağam”.

Atabəy çox düşüncədən sonra bir daha Canpolada müraciət edib dedi:

– Mən sizin adət və əqidənizi qəlbən sevirəm. Sizin qızınızı xoşbəxt edəcəyimə and içirəm.

– Mənim qızım onsuz da xoşbəxtdir. Gözəlin canına yalandan and içən hər kəs olursa olsun, bu kənddə yaşaya bilməz. Bir kəsi inandırmaq üçün ancaq Gözəlin canına and içmək lazımdır. Mən bilmirəm, Gözəlin özü hökmdardan belə bir andı tələb etdimi?

– Bəli, Gözəl özü bu andı məndən tələb etdi, mən də and içdim.

– Əcəba, böyük məmləkətin padşahı, bu kiçik kənddə yaşamağa və buranın vətəndaşlığına girməyə razı olacaqmı?!

– Mən bu kəndin vətəndaşı olandan sonra kənd tamamilə dəyişəcəkdir. Mən hər yerə getsəm, yenə də bura qayıdacağam. Gözəli bu kəndin əlindən almamağa söz verirəm və onun canına and içirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sərdar Rəşid Təbrizi satdı

Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

9 мин
Alış-veriş

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

19 мин
Qorxu

Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

4 мин
Mahrunun toyu

O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.

13 мин

Стихи других поэтов