Страница 2 из 3 · 33%

Bu cənab, miralay Arutyunovdur, bu isə Qazarov, bu da sizin körpüdə tanış olduğunuz, ərkani-hərb miralayı və hazırdakı cəbhə komandanı Avetisov cənablarıdır.

Təqdim rəsmi bitdikdən sonra, vizitqalar və çerkeskaların dal ətəkləri birdən-birə hərəkətə başladı.

Yemək vaxtı idi. Leyla xanım, Sadovski və Ester bir stolda, İvanov, Raya xanım, Melik-Elçiyan və Ayollo isə digər bir stol başında yerləşdilər.

Yemək başlandı, Bakı işçilərini süni surətdə aclığa tutan menşevik, eser və daşnaq rəhbərləri stollar üzərində qoyulmuş «halal» və körpə heyvanların vücuduna daraşdılar.

Onlar quzu budlarını dişlərinə çəkdikdə, yalan vədlərə qurban olan və bu vədlər nəticəsində öz sinfindən, Bakı proletarlarından ayrılan Nobel müəssisələri işçilərinin aclığını heç də xatırlamırdılar.

Stol üzərinə qonmuş qanadlı heyvanların cəmdəyini Slavinskinin simfoniyası tərənnümləri ilə didməyə başlayan rəhbərlərin bir gözü Leyla, bir gözü də Raya və Esterdə idi.

Xəyal aləmində qələbələr çalmaqda olan silahlı və eyni zamanda ikiüzlü «rəhbərlər» cəbhələrdə qalibiyyət üçün vuruşan Qızıl Ordunun vəziyyətini tamamilə unutmuşdular.

Onlar cücələrə, quzulara hücum etdikləri anda, Qızıl Ordu da Ağçaqabul cəbhəsini yarmaq istəyən türk-alman ordusu ilə ölüm-dirim mübarizəsi aparırdı.

Lakin bu eser, daşnaq və menşevik rəhbərləri nə qədər toxdularsa, oradakılar bir o qədər ac idilər.

Toxluğundan çətin nəfəs alan general Dukaçiyevin cəbhədəki əskərləri bir ovuc fındıqla kifayətlənir, bəzən onu da tapa bilmirdilər. Hər şey unudulmuşdu, unudulmayan bir şey vardısa, o da Bakı kommunasına xəyanət və zahirdə Britaniya imperializminin nümayəndələri sayılan iki gözəl qıza olan meyl və məhəbbətdən ibarətdi.

Silahlı və silahsız «rəhbərlər» gözünü Leylanın qara gözlərindən çəkərək Rayanın mavi gözlərinə dikməkdə və bütün gələcəyini iki göz bəbəklərinin əsrənkiz hərəkətində oxumaqda idi.

Sanki menşevik, daşnaq və eser rəhbərlərinin gələcəyi erməni milli soveti üzvü doktor Araratyanın Ənzəlidən qonaq gətirdiyi bu iki qızın pənbə yanaqlarında qərar tutmuşdu ki, rəhbərlər bir an da olsa gözünü oradan götürə bilmirdilər.

«Metropol» salonunda oturanların siması, əgidə, vəzifə və çöhrələri müxtəlif olsa da, Sovet hökumətinə qarşı düzəltdikləri xəyanətdə vahid cəbhədə çalışırdılar. Onların danışıqları da, məzmun və mündərəcə etibarı ilə bir-birinin eyni idi. Biri dediyini o birisi təsdiq edir, üçüncüsünün inkar etdiyi bir həqiqətin üzərinə dördüncüsü pərdə çəkməyə çalışırdı.

Sadovski ağ dəsmal ilə dodaqlarının yağını silərək, Leyla xanıma baxdı, dişlərini ağardaraq dedi:

– Şəhərimiz olduqca zənkin bir şəhərdir. Lakin üsuli-idarəsi biz deyən deyil!

Sadovski özünə məxsus iftiraçı dilini açaraq bir neçə ay bundan əvvəl Bakıda daşnaq və müsavat partiyalarının əksinqilabi fəaliyyəti nəticəsində törənən qırğın haqqında danışdı. O, bütün başqa yoldaşları kimi böhtan, hiylə və yalan söhbətlərini davam etdirərək, Bakıya yeni gəlmiş qonaqları da aldatmaq istədi.

Leyla xanım Sadovskiyə belə bir sual verdi:

– Neft sənayesinin milliləşdirmək istənildiyi doğrudurmu?

Sadovski bir ah çəkərək, qaşlarını çatdı və təəssüfedici bir surətdə cavab verdi:

– Bəli, belə bir məsələ vardır, bununla da bolşeviklər dünyaları işıqlandıran neft sənayesini bərbad etmək istəyirlər. Hərgah bu hökumət bir il yaşarsa, mən sizə dünyanın altıda bir hissəsindən ibarət böyük bir xarabalıq verə bilərəm.

Leyla bu sözdə:

– Təəssüflər olsun! – dedi.

Velonts qabağında olan cücənin qabırğasından nazik ətləri gümüş çəngəlin ucu ilə təmizlədi və sümüyünü soruub, nimçəyə atdıqdan sonra ağzındakı tikəni uda-uda dedi:

– Bəlanın böyüyü budur ki, məhəlli zənkinlərdən təzminat alırlar.

Leyla onları əmin etmək üçün dedi:

– Nefti milliləşdirmək məsələsini mən hələ Ənzəlidə eşitmişdim. Mən bunu eşidən zaman özüm-özümə: «Hərgah bolşeviklərin bütün təşəbbüsləri neft sənayesini milliləşdirmək arzuları kimidirsə, onlar heç bir işdə qalib çıxa bilməyəcəkdir» – dedim, çünki neft, yerli burjuaziyanın deyildir. Doxsan beş faizi əcnəbi malı olan nefti bolşeviklər heç bir zaman milliləşdirməyi bacarmazlar. Qərb kapitalistləri buna yol verməz!

İvanov oturduğu stulunu Rayanın yaxınına sürüşdürmüşdü, onlar başqalarının eşidə bilməyəcəyi qədər yavaşdan söhbət edirdilər.

İvanov:

– Özləri bacarmır, bizləri də hökumətin idarəsinə buraxmırlar, – dedi, – onlar menşevik və eserlərin hökuməti idarə etmək işlərindəki qüvvəsini inkar edirlər.

İvanovla Raya bu mövzu üzərində durduqları zaman Sadovski də Leyla xanımın qara gözlərini nişan alaraq deyirdi:

– Dörd ildən bəridir ki, müttəfiqlərlə olan əlaqəmiz kəsilmişdi, gözəl xanımların şəhərimizə qonaq gəlməsi, qırılmış əlaqənin düzəlməsinə imkan verir. Bu təşriflə biz ümid edirik ki, dörd il boyunca silah arqadaşlığında olduğumuz mədəni müttəfiqlərlə birlikdə ümumi düşmənə qarşı mübarizə aparacağıq.

Biz bununla da alman-türk ordusunu Zaqafqaziyadan qovar və Brest-Litovsk müqaviləsini rədd edə bilərik.

Leyla:

– Belədir, – dedi, – ancaq bizimkilər, yəni cənab Bahadır xan və cənab general öz ərkani-hərbilə Bakıya gəldikdən sonra biz ümumi iş və ümumi mübarizə haqqında danışa biləcəyik.

İvanov hələ Raya ilə başladığı mövzusunu bitirməmişdi ki, Rayanın əli artıq onun əlində idi. İvanov onun ağ və ətli barmaqlarını sayaraq deyirdi:

– Vəd vermək bir gün olar, iki gün olar, üç gün, dörd gün, beş gün ola bilər, axırda işçi deyər ki, «vəd ilə qarın doymaz, buyur, hökuməti təslim et, bacarmırsansa, məmləkəti idarə etmək üçün cənab İvanovlar vardır».

İvanov bu söhbətləri ilə özünü gözəl qıza təqdim edir və gözlərindən qürur və kübarlığa məxsus dərin bir düşüncənin dalğaları yağırdı.

Raya əlini onun əlindən çəkdiyi vaxt, İvanov bunu rədd əlaməti hesab etmədi, çünki Raya qarşısına qoyulan qəhvəni içməyə hazırlaşırdı...

«Metropol» salonunda daha bir yenilik hiss olundu. Hamazasb cəbhədən gəldi. O da, başqa qoşun rəhbərləri kimi öz adətini pozmamışdı, bir az təxirlə də olsa, şam yeməyi üçün «Metropol»a gələ bilmişdi.

O, general Dukaçiyevin stolunun yanında duraraq, əskəri nizam almaqla raport verdi və dedi:

– Dünəndən bəri başlanan türk-alman hücumu indiyə qədər davam edir, hər iki tərəfdən verilən böyük tələfata baxmayaraq, inadlı hücumlar sakit olmamışdır, ikinci xətə çəkilmək lazım gələcəkdir.

Bu xəbər, simfonik orkestrin səsinə təsir yetirə bilmədiyi kimi şirin və dadlı xörəklərin ləzzətini də azalda bilmədi.

Bolşevik Bakısını təhdid edən bu xəbər, «Metropol» salonunda düzəlmiş menşevik, eser və daşnaq qərargahının nəşəli vəziyyətini heç də dəyişmədi, çünki bolşevizm əleyhinə başlanmış məfkurəvi söhbətlərə, gözəl qızlara qarşı oyanmış şəhvət duyğuları da yardım edirdi.

Mavi və qara gözlərə verilən diqqət, ingilis zabitləri xanımlarına qarşı coşan məhəbbətlər, «Metropol» salonunda oturanların Bakı müdafiəsinə qarşı qeydsizliyini söyləyirdi.

İvanov xörəkdən bir tikə ağzına alaraq, Rayanı danışdırırdı:

– Möhtərəm və gözəl bir xanımın hüzurunda olmaq nə qədər böyük bir səadət imiş. Doğrudan da mən bir çox şeyləri unutdum.

Raya gülümsəyərək dedi:

– Mən də özümü xoşbəxt hesab edirəm, çünki mən böyük bir ölkəni idarə etmək səlahiyyətinə malik olan, sevimli bir zat ilə üz-üzə oturmuşam.

İvanov heç utanmadan:

– Bilirsinizmi? Sizin söhbətlərinizi dinləmək və sizin üzünüzə baxmağın nə qədər şirin və nə qədər dadlı olduğunu hiss etmiş olsaydınız, şübhəsiz ki, özünüz-özünüzü sevmiş olardınız, – dedikdə, Raya onun həm şərab, həm də şəhvət təsiri nəticəsində danışdığını hiss etməmiş deyildi. Buna görə də bir sərxoşun söhbətindəki istiqaməti pozmamaq üçün:

– Madam ki, qadını başqalarının sevməsi mümkündür, o halda qadının özü-özünü sevməsinin nə mənası vardır, – dedi.

İvanov bir qədər şərab doldurdu və:

– Bizim nə qədər mədəni olduğumuzu, qadınlara qarşı nə qədər mədəni sevgi əlaqəsi yarada biləcəyimizi ancaq bizimlə bir neçə gün vaxt keçirdikdən sonra təyin edə biləcəksiniz, – dedikdə, Raya başı ilə təsdiq işarəsi verdi:

– Mən bu gün sizin nə qədər alicənab bir zat olduğunuzu bildim. Hansı partiyaya mənsub olduğunuzu soruşmadan belə, sizin gözəl təbiətinizi sevməyə məcbur oldum. Sizdə hökumət idarəçiliyi və qanunvericiliyinə bacarıq xüsusiyyəti olduğunu, bir çox kişilərin içində nadir sima sayıldığınızı təyin etməmiş deyiləm.

İvanov:

– Məni öyrənmək və mənim dahilik xüsusiyyətlərimi təyin etmək üçün uzun bir müddət lazımdır. Mən fövqəladə bir hissə, xariqüladə düşüncəyə, təbiətin fövqündə duran idraka, indiyə qədər bəşər tarixinin nişan verə bilmədiyi qəlb qüvvətinə malikəm.

Mən özüm tək deyiləm, bəlkə bu xüsusiyyəti daşıyan bir çoxları da vardır. Lakin bəzən mühit şərait yaratmadığı üçün ali və yüksək simaları seçmək mümkün olmur, onlar öz duhalarını bəşəriyyətə təqdim edə bilmirlər. Hərgah biz Böyük Britaniyanın himayəsini əldə edə bilsək, o vaxt mənim dünyagörüşümü, əqidəmi öyrənmiş olacaqsınız. Bağışlayın, mənim bir qüsurum vardır ki, o da az danışmaqdır, buna görə də başınızı ağrıtmaq istəmirəm, hər halda Böyük Britaniya miralayının nişanlısı ilə şam süfrəsinə oturmaq şərəfi, bütün şərəflərdən yüksəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXI. Esterin romanı

Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:

33 мин
XXII. Generalın yanında

Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:

20 мин
XXIII. Yeni hökumətin siması

«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson

3 мин
XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 мин

Стихи других поэтов