Страница 2 из 2 · 50%

Günəşin bu açıqlı baxışı, xorasanlı Soltan Cəlaləddinin taxt-rəvan içində Tiflisə girdiyi, taxtını Siyon soborunun gülləsi üzərində qurub Tiflis xalqının ümumi qətlində Xorasan qoşununun göstərdiyi dəhşətlərə tamaşa etdiyi gündəki baxışına bənzəyirdi.

Günəşin bu baxışı olduqca açıqlı və qəmkin idi. O, Metel kilsəsinin cəvarında riyazət çəkən və əziyyət içərisində özünü torpağa təslim edən «müqəddəs Şuşanikin» məzar daşına işıq saldığı vaxt, sanki həyat altıncı əsrlərə qayıdır və Tiflis şəhəri Şuşanik dövrünün əziyyətli günlərini xatırladırdı.

Kilsələrin xırda və böyük zənkləri səslənirdi. Məbədlərin daş pilləkanlarından aşağı düşənlər, sanki İsarrın Bezans məbədindən — Ançaxat kilsəsinə gətirdiyi — ikonanın ziyarətinə tələsirdi.

Günəş yüksəlirdi, «müqəddəs Davud» kilsəsində yatan Suriya missionerinin qəbir daşına təzə-təzə işıq salırdı.

Knyaz Qalitsinin üsul-idarəsi təzyiqini həzm etməyən Tiflis yenə də əski şəklində yaşayırdı. O, sınıq hasarlar, yüz dəfələrlə əldən-ələ keçən qələlər içərisindəki məscid və kilsələri qucaqlayıb durmuş, günəşin qeyri-adi baxışlarını gözdən keçirirdi.

Siyon soborunun dəmir şəbəkəli pəncərələri çar Quriyanın gülləsindəki baçalarla üz-üzə duraraq «Çar Rostam» sarayında inləyən tavat gəlinlərinin kədərli əfsanələrini oxurkən günəş də Vaxtanq şahzadəsinin əski yaylası olan «Botanika» bağının başı üstündə durmuşdu.

Hava isti idi. Xalq qırmızı kərpicdən tikilmiş evlərin pəncərəsindən başını çıxarıb təmiz hava alırkən, Metex həbsxanasında çürüyən dustaqlar da dəmir şəbəkəli pəncərələrin açılmasını, rütubətli havanın dəyişilməsini arzu edirdilər.

Əski Tiflis çar Nikey dövründən fərqli olmayan Nikolay üsul-idarəsinin ağırlığı altında, isti tərlər tökdüyü vaxt Taboris və Siminda dağlarının odlu qəlbindən çıxan isti sular da çarlar, soltanlar və padşahlar sarayına göndərilən gürcü qızlarının isti göz yaşları kimi coşurdu.

Mavi rəngli fəzanın isti çanağı daş tava şəklini alan meydanın üzərində çevrilərək, ətrafı bişirdiyi anlarda, yapınçı, yun çuxa, isti başlıq və qoyun dərisindən tikilən qalın papaqlar geymiş gürcülər, «hey, hey» deyə-deyə kəl və öküz arabalarını sürməkdə idilər.

Avlabar qayaları ilə qoç kimi baş-başa döyüşən Kür çayı Metex həbsxanasında çürüyən insan sümüklərinin rahatlığını pozsa da, qaranlıq zirzəmilərdən çar əleyhinə qaldırılan nifrət səslərini örtə bilmirdi.

Günəşin üzü, Tiflisin ümum qətlinə əmr verən Teymurlənkin gözləri kimi qızarırdı; Kür çayının bulanıq dalğaları Taboris və Siminda dərəsində tökülən qanları xatırladırdı.

Vaxtanq dərəbəyliyindən geri qalmayan çar üsul-idarəsində inləyən əski Tiflis qırx səkkiz kilsənin zəng səslərini örtmək üçün Gürcüstan kəndlilərinin iniltisini irəli sürür və Qarqaslan ruhaniliyinə məxsus dini nəğmələrin simfoniyasını qapamağa çalışırdı.

Çar sallaqxanası olan yeni Tiflisin başı üstündən keçərək, əski Tiflisin «sallaqxana» hissəsi üzərində çırpınan günəş, əsrlərdən bəri üzünə sıçramış olan qan ləkələrini yumaq üçün Kür çayına enirkən Metex dustaqxanasında olanlar da soldatların təhdidinə baxmayaraq pəncərələrə qalxırdılar.

Günəş, tabut şəklində qayrılan əski Tiflisin içərisi ilə qərbə doğru sürünürkən, qərbdəki qara buludlarla qarşı-qarşıya gələrkən Tiflisə səyahətə gələn böyük Puşkinin, Qriboyedovun qara parçaya bükülmüş tabutu ilə qarşı-qarşıya gəldiyini xatırladırdı.

Günəşin zərrələri, rus ədibinin qara mərmər qəbrini qucaqlayan qadın heykəlini oxşadığı və Tiflis dağlarına onun «unudulmaz Ninası!..» kəlmələrini yazdığı vaxt tütün fabrikinin fəhlələri evlərinə buraxılırdı. Metex həbsxanasından baxan dustaqlar da onları salamlayırdılar. Bu hal pəncərə altında gəzən növbətçi soldatı rahatsız etmirdi, çünki o, çar jandarmeriyasından aldığı əmri yerinə yetirmək üçün bir fürsət axtarırdı. Çar jandarmeriyası bu fürsəti 1903-cü il avqustun 17-də əldə edə bildi. Günəş qürub doğru çəkilirkən, Metex həbsxanası pəncərəsindən görünən əllər tütün fabriki fəhlələri ilə danışırkən, çar jandarmının təyin etdiyi güllə açıldı. Bütün həyatını fəhlə sinfinin azadlığı yolunda sərf edən və həbsxanada olduğu vaxt yenə də işindən ayrılmayan dustaq arxası üstə yıxıldı. O, Bakı fəhlələrinin yorulmaz Lado Ketsxovelisi idi!

Ladonun gecə-gündüz yuxu bilməyən və çar üsul-idarəsinə nifrətlə baxan gözləri əbədi olaraq qapandı. Lakin onun üzündəki təbəssüm yenə də dururdu və çar hökumətinə istehza ilə: «bu fikirlər güllə ilə ölməz!» deyirdi».

Jenya oçerki oxuyub bitirirkən otaqda olanlardan ağlamayan yox idi. Hər kəs öz rəhbərinin façiənə ölümünə heyrət edir, onun yolunu davam etdirəcəyinə and içirdi...

Jenya oçerki cibinə qoydu. Tiflisdən, Metex həbsxanasından göndərilən məktubu çıxarıb oxudu:

«Bütün dustaqlar, həyətə çıxarıldığı zaman «Yaşasın Lado!» deyərək Lado yaşayan otağın pəncərəsini salamlayırdılar. Həbsxana işçiləri nə qədər səy etdilərsə bunun qabağını ala bilmirdilər. Lado öz pəncərəsində göründüyü zaman bütün dustaqlar köksünü dərir, şəbəkəyə söykənib bayıra baxmağa başlayırdılar.

Lado yoldaş öz fikrini barmaq işarəsi ilə bayırdan baxan tütün fabriki fəhlələrinə bildirir və onlara rəhbərlik edirdi.

On gün bundan qabaq Tiflisdəki yoldaşlar, jandarm rotmistri Runiçin Tiflis baş jandarm idarəsinə Lado barəsində belə bir məlumat vermiş olduğunu bizə bildirdilər:

«Müttəhim Lado (Vladimir) Ketsxoveli... tutulana qədər, yəni 1902-ci ilin sentyabrınadək, müxtəlif zamanlarda Tiflis, Kutaisi və Bakı quberniyalarında yayılmış olan bütün intibahnamələrin və başqa inqilabi ədəbiyyatın, demək olar ki, hamısının çapedicisi və gizli mətbəənin başlıca təşkilatçısı sifətilə ifşa edilmişdir. Ketsxovelinin, qoşunu açıqdan-açığa itaətsizliyə və üsyana çağırmaq məqsədini təqib etdiyi və müəyyən edildiyi üzrə, qoşun arasında geniş surətdə yayılan intibahnamələri, başqa müttəhimlərin bəzilərilə bir yerdə öz gizli mətbəəsində çap etdiyi də yenə həmin sorğuda ifşa edilmişdir.

...Ketsxoveli öz geniş inqilabi fəaliyyəti və tanışlığı sayəsində mətbəə kimi çətin və təhlükəli bir müəssisəni təşkil etməyə müvəffəq olmuşdur. Düzəltdiyi mətbəə təqribən iki ildir işləyir, həm də onun bir hissəsi indiyə qədər aşkara çıxarılmamışdır».

Jenya bu məktubu oxuduqdan sonra, jandarm rotmistri Runiçin Lado yoldaş barəsində baş jandarm idarəsinə verdiyi başqa raportu da oxudu:

«İnqilab hərəkatı üçün Ketsxovelinin ciddi və əhəmiyyətli olması, birinci sorğuda isbat edildiyinə görə... sürgün zamanı Ketsxoveliyə qarşı xüsusi tədbirlərin görülməsi faydalı olardı, çünki Ketsxoveli azadlığa çıxdıqda, fürsət əlinə keçən kimi xarici məmləkətlərə qaçacaq və gələcəkdə öz ifrat etiqadları ilə, yəqin ki, bir çox bəlalar törədəcəkdir».

Jenya Ladonun öldürülməsi münasibəti ilə Tiflis komitəsinin nəşr etdiyi intibahnamələri də oxudu.

«Yoldaşlar! Azadlıq və sosializm uğrunda yorulmaz mübariz Lado Ketsxoveli bazar günü, səhər saat onun yarısında, Metex həbsxanasında güllə ilə öldürüldü. O, gənc yaşlarından başlamış son nəfəsinə qədər insanın müqəddəs hüququnu yorulmadan müdafiə etmiş, hər cür zülm və özbaşınalığa qarşı protest etmişdir.

O, hələ gənc tələbə ikən 1893-cü ildə seminariyadakı iğtişaşlarda qızğın surətdə iştirak etmiş və buna görə də məktəbdən qovulmuşdu. Sonra o, Kiyev seminariyasında oxuyurdu. Lakin onu oradan iki dəfə tutub dustaqxanaya salmışdılar.

1897-ci ildən başlayaraq o, Qafqaz fəhlə hərəkatında ciddi surətdə iştirak etmişdir. Tiflisdə konka qulluqçularının ilk tətilini təşkil etmişdir. «Brdzola» redaksiyasını ilk təşkil edən də odur.

Xalq azadlığı uğrunda qorxmaz mübariz, sənin torpağın qarşısında əyilirik!

Yoldaşlar, dəhşətli ölümü protestsiz buraxmayaq! Lado kimi qüvvətlə qışqıraq:

– Rədd olsun mütləqiyyət!

– Yaşasın demokratik respublika!

– Rədd olsun kapitalizm!

– Yaşasın sosializm!

Tiflis komitəsi».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çar hökumətinin yeni macərası

Nina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi.Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi.

4 мин
Miss Hannanın məktubu

Mən Məhəmmədəlinin İrana gətirilməsi xəbərini lazımınca təhqiq etmək üçün miss Hannanın evinə getməyi qərara almışdım, bu barədə Amerikanın fikrini bilmək çox əhəmiyyətli idi.Mən içəri girdikdə miss Hannanın qulluqçusu Nəsir əlində bir məktub olaraq dışarı çıxırdı.

7 мин
Böyük qazanc

Bugünkü iclas Məşədi Kazım ağanın evində idi. Məhəmmədəlinin İrana gətirilməsi və bundan Tehranın xəbərdar olub-olmaması məsələsi müzakirə ediləcəkdi. İclasda yalnız Hacı Əli, Əmir Heşmət, Mirzə Əhməd, Məşədi Kazım ağa iştirak edəcəkdi.İkimiz oturub yoldaşları gözləyirdik. Mən əvvəlcə Məşədi Kazım ağaya amerikalıların fikrini bildirdim.

14 мин
Miss Hanna Şərq haqqında

Miss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim.Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi.

6 мин

Стихи других поэтов