Mustafa ilə deyişmə
M u s t a f aCavan oğlan, nə məkandan gəlirsən,Səbəb nədi, de, düşmüsən çölə sən?Gözəl sevib, abdal olub çaşıbsan,Mən baxıram, nabələdsən yola sən.
Q u r b a n iBaşına döndüyüm ay pirü qoca!Bir pəri salıbdı çöllərə məni.Nə günüm günüzdü, nə gecəm gecə,Bir pəri salıbdı çöllərə məni.
M u s t a f aMal istəsən, dövlətim var, varım var,Namusum var, qeyrətim var, arım var.Oğul olsan, gözüm üstə yerin var,Bir qızım var, ona həmdəm olasan.
Q u r b a n iXəbər alsan, budu sözümün düzü,Sızıldayır yaram, səpmə gəl duzu.Cavad xan bacısı, Ziyad xan qızı,O pəri salıbdı çöllərə məni.
M u s t a f aMustafa, bil, ilqarında bütündü,Yeri, oğul, mənzilinə yet indi.Axtarıb Pərini tapmaq çətindi,Duam budu: sevdiciyini alasan.
Q u r b a n iQurbaninin dərdi olub ziyada,Allahı çağırram, yetişər dada.Bir gözəl sevmişəm fani dünyada,O pəri salıbdı çöllərə məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-mustafa-ile-deyisme
Клавиши ← → для перехода, R — случайное стихотворение