Qızım Fidana

Günəş çoxdan üfüqlərdən rəngini çəkdi;Göy üzündə ağ ulduzlar çiçək-çiçəkdi.Kimsə, birdən evimizdə işıq yandırdı,Elə bil ki, yuvasında quş oyandırdı.

Sənin məsum gözlərində dərin bir maraq,Tez diksinib gülümsədin, dedin: “Ata, bax!Evimizdə işıq yandı, nə göyçək oldu!..”Sonra birdən gözlərinin şəfəqi soldu;Bir təşvişlə qaşlarını düyünləyərək,Ətrafına göz gəzdirdin, sən ürkək-ürkək.O bayaqkı sevincindən qalmadı əsər,Gözlərində qorxu vardı, üzündə kədər.Evə baxdın, mənə baxdın, işığa baxdın,Həyəcanından az qala ki, ağlayacaqdın.Dedin: “Tez ol, işıq çıxdı, ört pəncərəni,Yoxsa gəlib əsgər əmi aparar səni!Bilmirsənmi işıq çıxsa, görərlər bizi,Bomba atıb sındırarlar pəncərəmizi”.

Mən qıvırcıq saçlarını sığallayaraq,Dedim: “Mənim körpə balam, nədir bu maraq?Tut əlimdən, nazlı qızım, gəl eyvana çıx!Gözlərində gəzən kölgə çəkilsin artıq.

Bax, çıraqban küçələrə, nə çox işıq var!Göy üzündən çəkilmişdir qara buludlar.Qoy pəncərə açıq qalsın, bol olsun işıq...Qaranlığın pəncəsindən onu almışıq!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе