Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Gizli cəm’iyyət yapın, məclis qurun, şura edin,Rəşt, Zəncan irtica’ın hər yerə icra edin,Hər nasılsa rişeyi-məşrutəyi imha edin,Heykəli-mənfuri-istibdadımı ehya edin,Iğtişaşə başlayın hər yerdə, fürsət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Cəhd edin göndərdiyim təhrirlər puç olmasın,Yazdığım, göstərdiyim təzvirlər puç olmasın,Məmdəli-Kazım tökən tədbirlər puç olmasın,Verdiyim qövl, aldığım təqrirlər puç olmasın,Indi isbati-hünər, sidqü sədaqət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Sanmayın ancaq Ədesdə kefdəyəm nisvan ilə,Irtibatım yoxdur öz mülküm olan Tehran ilə,Lafəvallah, var əlaqəm büsbütün Iran ilə,Rəşt ilə, Qəzvin ilə, Kirman ilə, Zəncan ilə!Mən işi qaldırmışam, sizdən də hümmət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Sanmayın azdır bu gün Iranda ə’vanım mənim,Ev başı hər yerdə var minlərcə dərbanım mənim,Onlara sadir olur hər anda fərmanım mənim,Mən bu yolda işdəyəm, var hər qədər canım mənim!Leyk sizdən də mənə indi həmiyyət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Bax, nasıl İran bu saət haləti-böhrandadır,Parlaman heyrətdə, ə’za mə’rəzi-tufandadır,

Qanmayır heç kəs ki, kəşti qanda, dərya qandadır,Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır,Etməyin qəflət, bu fürsətdən qənimət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Görməyirsizmi, kişi gəh söz, gəh iste’fa verir,Xeyrsizmi mənsəbindən əl çəkir, yekca verir?Ya Nəcəfdən müctəhid müftə məgər fitva verir?!Sanma bu fitvayə bihəqqül’əməl imza verir...İş aparmaqçın bu gün dünyadə fürsət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира