Страница 2 из 4 · 25%

Səməndərli

Necə? Sən də artist olmaq istəyirsən? Gəl bir neçə günün içində səni məşhur artist eləyim.

Hüseyn

Yox, işsiz qalmamışam ki, artist olum. Mənə bir neçə sürüşkən söz lazımdır.

Səməndərli

O sözlər sənin nəyinə lazımdır? Ey qaranlıq keçmişin mənfur heykəli.

Hüseyn

Bir qıza deyəcəyəm. Dayım tapşırıb.

Səməndərli

Hə, qız, qadın... Qadınlar... Cinayət sizin adınızdır. Hansı qıza deyəcəksən?

Hüseyn

Sənə deməli deyil.

Səməndərli

Sus, ey taxıl yeyənlərin ən böyüyü!

Hüseyn

Bura bax, yüz dəfə sənə demişəm ki, mənimlə taxıl zarafatı eləmə.

Səməndərli

Bəs mən qızı tanımasam, sənə söz öyrədə bilərəmmi ki?

Hüseyn

O qız ki, mən almaq istəyirəm, ona heç söz də kar eləməz. Adamı o özü söz içində basdırar. Mənə sözdən çox, üsul lazımdır. Qızın gözünü bağlamaq üsulu.

Səməndərli

Hə, bu barədə Şekspir deyir ki...

Hüseyn

Şekspir kimdir? ZAQS müdiridir?

Səməndərli

Yox, Şekspir dahidir. Biz onun yanında fındıq qabığıyıq!

Hüseyn

Mənim evlənməyimlə o kişi də maraqlanır?

Səməndərli

Yox, mən arvad məsələsində yalnız Şekspirin üsullarını işlədirəm.

Hüseyn

Onda mənə öyrət, mən də işlədim də...

Səməndərli

Öyrədərəm, niyə öyrətmirəm ki? Sənə üç seçmə üsul öyrədəcəyəm. Ucuz, hərəsi iki yüz manata!

Hüseyn

Əşi, sən də bahalıq salmasana... O qiymətə bazarda üsul yoxdur ki?

Səməndərli

Özün bil. Üç üsul, biri iki yüz manatdan. Tez ol, qəti cavab ver.

Hüseyn

Biri yüz əllidən. Axı bir nəzərdə tut ki...

Səməndərli

Yox, heç bir şey nəzərdə tutmayacağam. Xudahafiz, ey mənim tərlan atım!

Getmək istəyir. Hüseyn qoymur.

Hüseyn

Dayan, dayan, ikisini öyrət bəsdir.

Səməndərli

Elə isə pulları çıxart, görək.

Hüseyn

Pulum indi yoxdur, sabah...

Səməndərli

Nisyə bəşəriyyətin ən böyük düşmənidir. Eşitməmisənmi, bədbəxt adam?

Hüseyn

Sən öl, sabah verərəm. İndi yanımda yoxdur.

Səməndərli

Yox, əzizim. Sən öl vaxtı keçib. Qabaqda sən öl deyirdin, cavabında sənə bir at bağışlayırdılar. İndi sən öl deyirsən, cavabında deyir, özün öləsən, məsələn, bu saat ən gözəl nəqliyyat vasitəsi maşın deyil, təyyarə deyil, xoruzdur. Xoruzun quyruğunu göstər. Səni əl üstündə aparsınlar. Başa düşdünmü, ey taxıl aşiqi?

Hüseyn

Yenə dedi taxıl! Bura bax, bu sən öl, indi yanımda yoxdur.

Səməndərli

Yenə dedi “sən öl”. Nisyə girməz kisəyə! Başa düş!

Hüseyn

Yaxşı daha, qaçmırıq ki? Sabah verərəm.

Səməndərli

Sabah da üsulları öyrənərsən. Pul cibimə girməmiş ağzımdan üsul çıxmaz.

Hüseyn

Deməli, gedim pulları gətirim?

Səməndərli

Get gətir, çünki bütün aşiqlər gətiriblər.

Hüseyn

Mən getdim.

Səməndərli

Get, ey mənim oynaq atım.

Hüseyn çıxır. Qənbər çiynində xurcun içəri girir.

Qənbər

Ya Allah, Səməndərli, ürəyimdə səninlə danışırdım, nə yaxşı rast gəldik.

Səməndərli

Qənbər? Üzünü görək. Gün hardan doğub, ey mənim gözümün işığı.

Qənbər

İki-üç günə gözünün işığı çəkilər, onda səninlə danışaram.

Səməndərli

Sən hər zaman xeyir xəbərlər müjdəçisi olmusan.

Qənbər

Xeyir deyil, şərdir. Yaxın gəl, burada adam yoxdur ki?

Səməndərli

Bura bax, sən, deyəsən, zarafatı doğruya çevirdin. De görək, nə olub?

Qənbər

Nə olacaq ki? Əlli-ayaqlı gedirik.

Səməndərli

Əlli-ayaqlı?

Qənbər

Hə.

Səməndərli

Gedirik?

Qənbər

Bəs necə?

Səməndərli

Mən getmirəm. Vaxtım yoxdur. Başa düşdünmü?

Qənbər

Özün bil. İşimiz məhkəmədədir. Yəqin bu gün-sabah sənə dəvətnamə gələr.

Səməndərli

Dizlərim taqətdən düşdü. Ədə, Allahsız oğlu, nə bəd xəbər gətirdin. Demədim mənə haram düşmür? Mən bu vaxta kimi məhkəmə qapısı görməmişəm.

Qənbər

Görərsən, itələyib salarlar. Sənə nə oldu?

Səməndərli

Boğazımda nə isə bir şey ilişib qaldı. Nə yuxarı gedir, nə aşağı. Oradan bir stəkan su ver.

Qənbər

Su vaxtı deyil, məhkəmədə bir tanış tap, işləri ləğv elətdir. Sənin əlindən elə işlər gəlir, a kişi, bir cavab ver görək.

Səməndərli

Əşi, müsəlman deyilsən? Oradan bir stəkan su versənə. Su da talon ilə deyil ki?

Qənbər (ona su verir)

Al, əlindən bir iş gələcək, ya yox? Quyruğumuz qapı arasındadır, qapını açıb bizi qurtara biləcəksənmi?

Səməndərli

Haradan bilirəm ki? Məhkəmə adı eşidəndə ürəyim payız yarpağı kimi əsir.

Qənbər

Yaxşı, yaxşı, gələn var. Söz aramızda qalsın. Özünü yığışdır. (Gülümov içəri girir)

Gülümov

Qənbər? Xoş, beş, on beş. Rəisdən bə xeyir...

Qənbər

Bə xeyr, yoldaş Gülümov, bə xeyr. Vacib bir iş üçün sizin yanınıza gəlmişəm.

Gülümov

Əcəb eləmisən. Aşna aşnanın yanına gələr də. Otur görək. Xurcunu yerə qoy, çiynində saxlama.

Səməndərli

Yoldaş Gülümov, bu gün bir dəstə yanğınsöndürən almışam. Sçotlarını gətirəcəyəm.

Gülümov

Səməndərli, yanğınsöndürənə çox güc vermə. Onsuz da MPVO-nun xərci qudurub mayanı yeyib.

Səməndərli

Müharibədir, yoldaş Gülümov, hava hücumundan müdafiəyə hazır-olmaq hər bir vətəndaşın borcudur. Düşmən göydən bomba tökəndə altına smetanı tutmayacaqsan ki?

Çıxır.

Gülümov

Afərin. Görürsən, Qənbər? Aşnan nə canfəşanlıq eləyir? Müharibə qurtarır, bu hələ indi işə başlayıb.

Qənbər

Artistdir də.

Gülümov

Hey, get, dolangilən xamisən hənuz, püxtə olmağa çox səfər gərək. Bizim başımız çəkənin yarısı ona qismət olsaydı, indi yəqin dağa-daşa dırmaşardı. Hə, necə oldu məhkəmə məsələsi, biryolluq eləyə bildin?

Qənbər

Hər yandan əlim üzülüb, Gülümov, bir bu Səməndərliyə ümidim qalıb. Görək, bir iş çıxarda biləcəkmi?

Gülümov

Necə? Boynuna götürüb?

Qənbər

Gözünü bir az qorxuzmuşam. Demişəm, səni də çağıracaqlar. Cəhənnəmə gedən özünə yoldaş aparar axı. Bu xurcunu qoyun bir yana.

Gülümov

Nə zəhmət çəkmisən, bəri ver görək.

Qənbər

Zəhmət niyə olur ki? Ehtiyatlı olun, yumurta sınıb yağı xarab eləyər.

Gülümov

Bu cür yumurta ilə yağın içi dolu minnət olar. De görək, sözünün canı nədir?

Qənbər

Sözümün canı budur ki, arabalar qalıb qapının ağzında, buraxmırlar.

Gülümov

Kimin nə ixtiyarı var sənin arabalarını qapının ağzında qoya. Gülümov ölübdür ki, kolxozçu boynunu burub qapıda dayansın? Faktura hanı, ver bəri görüm.

Qənbər

Budur burada. Ancaq fakturada səhv var. Yarım ton taxıl əskik yazılıb.

Gülümov

Bu saat yoxlayaq. Kolxozçunu incitmək... İncitmək... Hə, yox, deyəsən, kolxozçu bizi incidir. Bir kilo yağa yarım ton buğda? Bu lap Molla Nəsrəddin alış-verişi olar ki.

Qənbər

Sən məni lap utandırdın, Gülümov. Xəcalət çəkdim.

Gülümov

Xəcalət çəkməkdənsə, zəhmət çək, əlini cibinə at.

Qənbər

Xəcalət ona görə çəkdim ki, mətləbi əvvəlcədən açmadım. O xurcundakı təkcə yumurta ilə yağ deyil. Altda qəzetə bükülmüş əmanət var.

Gülümov

Hə, o ayrı maddə. Deynən ki, xurcunla gəlmişəm, mən də başa düşüm də. (Pulu çıxardıb sayır) Bazarda taxıl düşüb deyəsən.

Qənbər

Canın üçün, Gülümov, ayrı cürə sərf eləmir. O taxılı bazara yeridincə mən yeddi köynək tər tökürəm.

Gülümov

Bəs bizimki bacamızdan tökülür? Altı nömrəli forma məni bir parça çörəyə möhtac eləyib. Murad aparacaq Rəhilənin yanına, Rəhilə aparacaq Qurbanovun yanına, Qurbanov da hər şey ilə doyan deyil. Uzun əhvalatdır. Başımızdan olsaydı, yaxamız qurtarardı.

Qənbər

Necə bəyəm? Gedir?

Gülümov

Raykoma çağırdılar. Deyəsən, mərkəzə aparırlar. Müxtəsər... bu səfərlik məcburuq razı olaq. (Pulları cibinə qoyur) İndi oldum səninlə qardaş, dostam səninlə qəbirə qədər. Neyləyim aşna, qazanmaq üçün gərək güzəştə gedəsən. Düz deyirəm, ya yox?

Qənbər

Sağ ol, əziz yoldaş! Bu sözlərinin qiyməti yüz ton taxıldan artıqdır. Həkimanə sözlərdir. İcazə ver mürəxxəs olum.

Gülümov

Sağ ol. Xurcunu sonra aparararsan. İndi boşaltmağa vaxt yoxdur.

Qənbər

Əstəğfürullah... Xurcun söhbəti ola bilməz. Xurcunu məxsus səninçün toxutdurmuşam, güllü-çiçəkli, adına layiq, deyir, gül həmişə bər dəsti gül başəd.

Gülümov

Nə ki, dər dəst zir-zibil başəd. Sağ ol. Qənbər, sənin kimi adamları görəndə köhnə zəmanə yada düşür. İndiki zəmanənin gülü iclasdır, çiçəyi də şəxsi tənqid.

Qənbər

Mürəxxəs olum.

Gülümov

Gözüm üstə yerin var.

Qənbər çıxır. Gülümov xurcunu götürüb getmək istədikdə Firuzə əlidolu içəri girir. Gülümov xurcunu stolun altına qoyur.

Firuzə

Of, lap əldən düşdüm. Gülümov, bunları tut görüm.

Gülümov

Firuzə xanım? Maşallah, dünyanı alıb gətirmisiniz ki...

Firuzə

Dünya haradandır? Özgələri alanın yarısını bizə vermirlər. Kül bizim Qurbanın başına!

Gülümov

Allah eləməsin, Firuzə xanım, diliniz necə gəlir?

Firuzə

Yaltaq olma, sən Allah! Kül bütün kişilərin başına, içində də bizim Qurbanın. Ağzı yox, dili yox. Yenə o gərək gecə-gündüz mənə şükür eləsin ki, ordan, burdan dartıb gətirirəm. Lap yorulmuşam. Bu Səməndərli də hər gün mənə kömək eləyərdi, bu gün bilmirəm harada itib-batıb. O xurcundakı nədir, Gülümov?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов