Üçüncü pərdə
Страница 1 из 4
Səkkizinci şəkil
Bakının küçələrindən biri. Əlibaba ilə İmamqulu Kəblə Muxtarı gətirib güclə bir daşın üstündə oturdurlar.
Əlibaba
Dədə, bir balaca özünə gəl!
Kəblə Muxtar
Gecəni səhərə kimi gəzmədiyimiz yer qalmadı, tapılmadılar. Mən yıxıldım, mən biabır oldum. İndi bütün şəhər duuu... zurna götürüb çalacaq.
İmamqulu
Alagöz xanımı qaçırdan adam girimə keçsin, boğazını üzəcəyəm. Yaman əlim gicişir, adam öldürmək istəyirəm.
Əlibaba
Yazıq bacım indi görəsən haradadır?
Kəblə Muxtar
Onun adını mənim yanımda çəkmə, dəli olaram. Bivec oğlu bivec! Qurşandın qumara, mən qazandım, sən uduzdun, mən qazandım, sən uduzdun.
Əlibaba
Bir də əlimi qumara vurmayacağam.
İmamqulu
Mən də daha oynamayacağam, Kəbleyi!
Kəblə Muxtar
And için!
İmamqulu
Kəbleyinin əziz canı üçün!
Əlibaba
Dədəm ölsün, daha oynamaram!
Kəblə Muxtar
Başım qarışdı, bəylər yaddan çıxdı. Heç bilmirəm evlərinə necə getdilər? Çek hanı, dayan, deyəsən, itirmişəm.
İmamqulu
Nə çekidir, Kəbleyi?
Kəblə Muxtar
İngilis pulunun çeki. Qız cəhənnəmə, pulu itirərəm. Hə, buradadır, tapıldı, şükür Allaha cibimdə imiş. İmamqulu, Əlibabanı tək göndərməyə qorxuram, səndən təvəqqəm var: gedin bizə, mənim otağımda, şkafın içində iki sarı çamadan var, Əlibaba yerini bilir, götürüb aparın mehmanxanaya...
Əlibaba
Çamadanların içində pul var, dədə?
Kəblə Muxtar
Yüz min manat. Firuzənin canı üçün manat-manat oradan-buradan yığmışam. Çamadanları verin Nəsrullah bəyə, ondan bir qəbzəlvüsul alın.
Əlibaba
O qədər nağd pulu Nəsrullah bəyə verirsən?
Kəblə Muxtar
Əvəzində onlar da mənə ingilis pulunun çekini veriblər, qazanclı işdir, tez aparın, tacir gərək sözündə möhkəm olsun.
İmamqulu
Arxayın ol, Kəbleyi! Əlibaba, gəl.
Kəblə Muxtar
Tapançanı çıxart, ha...
İmamqulu
Yanımda ikisi var.
Gedirlər. Sürətlə qayıdırlar.
Kəblə Muxtar
Niyə gəldiniz?
Əlibaba
Çadralı bir qız, yanında da bir oğlan, burada, yan küçədə dayanıblar. Oğlan üzünü yaylıqla tutub ki, tanınmasın.
Kəblə Muxtar
Yəqin onlardır.
İmamqulu
Onlardır, Kəbleyi... Bu tərəfdə də tində bir molla dayanıb.
Əlibaba
Mən mollanı görmədim.
İmamqulu
Mən gördüm, yəqin kəbin kəsdirməyə gedirlər.
Kəblə Muxtar
O hansı köpək oğlu molladır ki, ata-ananın icazəsi olmadan kəbin kəsir?
İmamqulu
Mollaya nə var? Pul ver, atasının yanındaca öz anasını ərə versin.
Rəşid Məğrur gəlir.
Rəşid Məğrur
Alagözlə oğlanı pusa-pusa bura qədər gətirmişik.
Kəblə Muxtar
Qeyrətli dayısan, vallah, qeyrətli dayısan. Sonra qaçarlar, ha!
Rəşid Məğrur
Oradan yol yoxdur. Gəlib buradan keçməlidirlər. Əli Məsrur pusqudadır.
Kəblə Muxtar
Əli Məsrur kimdir?
Rəşid Məğrur
Məşhur mühərrir, tanımırsınız?
Əlibaba
A... Mirzə Əlabbas dönüb Əli Məsrur oldu? Ha, ha, ha!..
Kəblə Muxtar
Gülmə, köpəkoğlu, belə vaxtda adam gülər?
Mirzə Əlabbas gəlir.
Mirzə Əlabbas
Rəşid Məğrur bəy, molla kimi isə axtara-axtara bu yana gəlir.
Rəşid Məğrur
Əli Məsrur bəy, sənin molla ilə işin olmasın, gözünü qızdan çəkmə.
Mirzə Əlabbas
Gör axırın hara gəlib çıxdı, Əlabbas!
Gedir.
İmamqulu
Gizlənin, bu saat mollanın duasını oxuyum.
Gizlənir. Casus molla paltarında o yan-bu yana baxa-baxa gəlir.
İmamqulu (onun qabağına çıxır)
Salam, axund əmi, səhər-səhər hara belə?
Casus
Sus... çəkil bu yana, iş var.
İmamqulu
Adə, mənə çəkil deyirsən? Mənə, qoçu İmamquluya, çəkil deyirsən?!
Casus
İşə düşmədik?
Geri dönüb getmək istədikdə qabağına Kəblə Muxtar çıxır.
Kəblə Muxtar
Hara gedirsən, xəlvəti kəbin kəsən köpəkoğlu!
Rəşid Məğrur və Əlibaba onun qabağını kəsirlər.
Rəşid Məğrur (Əlibabaya)
Bacıoğlu, tut, qolunu bağlayıb aparaq uçastoka.
Casus
Əl vurmayın, çığıraram.
İmamqulu
Çığır, ağzından atacağam.
Casusu döyəndə kapitan içəri girir.
Kapitan
Bu nə səs-küydür! Quşları güclə tələyə salmışıq, qaçırda bilərsiniz.
Casus
Cənab kapitan, məni bunların əlindən qurtarın.
İmamqulu
Sənin saqqalını yolacağam. (Əlini atır, saqqal bütövlüklə qopub əlində qalır)
Əlibaba
Mollanın üzünü quru-quru qırxdın ki?..
Kəblə Muxtar
Allah, sən saxla, mən bu cür şey görməmişəm.
Rəşid Məğrur
Burada təəccüblü bir şey yoxdur. Casusdur. Kapitan, tutun onu, yəqin alman casusudur.
Kapitan
Ona əl vurmayın. (Casusa) Keç, bu tərəfdə dayan. Ağalar! Bu, öz itimizdir, əsas fikrimiz qızla oğlanda olmalıdır. Siz gedin, onları elə mühasirəyə alın ki, bir yana tərpənə bilməsinlər, mən indicə gəlirəm.
Kəblə Muxtar
Gedək. Bədbəxt Kəblə Muxtar, qızını mühasirəyə alırlar.
Çıxırlar. Səhnədə kapitanla casus qalır.
Kapitan
Sən bilirsən, nəsən?
Casus
Əlbəttə, bilirəm, cənab kapitan, deyəcəksiniz axmağam.
Kapitan
Yox, dahisən?
Casus
İki gündür yuxu yuxulamıram, cənab kapitan, neyləyim, nə qədər əlləşib vuruşuramsa axırı yumruq, söyüşlə qurtarır. Görəsən mənim kimi bədbəxt casus dünyada varmı?
Kapitan
Adə, o saqqalı yaxşı-yaxşı yapışdıra bilmirdin? Yapışqana heyfin gəlirdi?
Casus
Qoçu İmamqulu adamın öz anadangəlmə tükünü başından qopardar, onun gücünə yapışqan davam gətirər?
Kapitan
Bu nə sözlərdir? Farağat! Marş, iki addım irəli! Gözlərinlə məni ye!..
Casus
Yeyirəm, cənab kapitan!
Kapitan
Sən əlahəzrət padşahın keşiyində dayanmış gizli məmursan. Saqqalı elə yapışdırmalısan ki, bir qoşun dartsa, qopmasın.
Casus
Baş üstə, cənab kapitan, paltarımı yenə dəyişim?
Kapitan
Yox, öz paltarını gey, get düz həbsxanaya. De ki, mən sənə on gün həbs cəzası vermişəm.
Casus
Mənə yazığınız gəlsin, cənab kapitan!..
Kapitan
Əmrimi yerinə yetir, heç olmasa səni on gün gözüm görməsin. Səni gördükcə özüm öz sənətimə nifrət eləyirəm.
Casus
Tapşırıq verin, məni qırmızılarla bir kameraya salsınlar. Orada da sizə xidmət göstərmək istəyirəm.
Kapitan
Xidmətin başına dəysin!
Casus
İcazə verin, rədd olum.
Kapitan
Ol!
Casus gedir. Bu halda İmamqulu, Əlibaba, Kəblə Muxtar, Rəşid və Əlabbas səhnəyə gəlirlər.
İmamqulu
Kapitan, onlar bu tərəfə gəlirlər.
Kapitan
Hazır olun! Kəblə Muxtar, siz burada, sağ cinahda durun! İmamqulu, qabaqda, hücum planında dayan! Əmrimi gözləyin.
Çadralı bir qadın və üzünü yaylıqla tutmuş bir kişi içəri girirlər. Hərə bir tərəfdən onları əhatə edirlər.
Kapitan
Yerinizdən tərpənməyin.
İmamqulu
Qımıldansanız, atacağam.
Kapitan (kişiyə)
Üzünü niyə tutmusan, aç!
Kişi
Dişim ağrıyır.
Kapitan
Yaylığı üzündən götür!
Kişi yaylığı üzündən götürür. Bu, Xosrovdur.
İmamqulu
Malay oğlandır.
Kəblə Muxtar
Adə, tutmayın məni, tutmayın məni...
Rəşid Məğrur
Kəbleyi, küçədə yaxşı deyil. Gör siz kimin bacısının ərisiniz?
Kapitan
Bu oğlanı mən yaxşı tanıyıram. Onun əlindən hər nə desən gələr. Tez qızın çadrasını açın.
Roza (çadranın arxasından)
Siz necə müsəlmansınız ki, küçədə qızın çadrasını açırsınız?
Əlibaba
Alagözün səsinə oxşayır, odur, özüdür!
Kəblə Muxtar
O namussuz qızın çadrasını aç, hamı üzünə tüpürsün.
Xosrov
Sizin zor eləməyə ixtiyarınız yoxdur.
İmamqulu
Az danış, ə... açın deyirlər, açın.
Xosrov (Rozaya)
Üzünü göstər. Daha bizimki keçib.
Roza (çadranı açır)
Hə, buyurun, bu da mənim sifətim.
Əlibaba
A... çadranın altındakı matişgədir ki!
Kapitan
Nə üçün rus qadını çadraya bürünüb?
Xosrov
Nə olar? Döndərib müsəlman eləmişəm.
Roza
İmam Hüseyn haqqı!
Kapitan
Yaxşı, bəs Kəblə Muxtarın qızı ilə nökəri haradadır?
Xosrov
Kəblə Muxtar kimdir?
Kəblə Muxtar
Mənəm, mən bədbəxtəm.
Roza
Əmi, biz nə sizi tanıyırıq, nə də sizin qızınızı.
İmamqulu
Bu nə şirin danışır, ə!..
Əlibaba
Zalım oğlu, bu bülbülü haradan tutub salıb çadraya?
Kapitan
Sizin bəxtiniz gətirdi ki, evinizi axtardım, şübhəli bir şey tapılmadı. Amma fərqi yoxdur, əvvəl-axır quyruğunuz keçəcək əlimə.
Xosrov
Quyruğu siz bizə qoşmusunuz, kölgə kimi izlədiyinizdən xəbərimiz var.
Roza
Kapitan, doğrudan, hanı bizim kölgəmiz? O olmayanda darıxırıq.
Xosrov
Darıxma, kapitan bizi çox istəyir, quyruqsuz qoymaz. Dayan, qabaqca mən gedim, müsəlman arvadı gərək kişinin dalınca gəlsin...
Gedirlər.
Kəblə Muxtar
Bu ümidimiz də heçə çıxdı.
Kapitan
Qəm yemə, Kəbleyi, axtaran tapar.
Kəblə Muxtar
Gedək, yenə axtaraq, qazandığın pul burnundan töküldü, Kəblə Muxtar!
Gedirlər. Səhnə boşalan kimi Xosrov və Roza tez qayıdırlar.
Xosrov
Gəl, bizim yolumuz buradandır, onlar o tərəfə getdilər.
Roza
Gör dalımızca kölgə sürünmür ki?
Xosrov
Heç kəs yoxdur, hara gedək?
Roza
Gərək, tez Alagözgili tapaq.
Xosrov
Hə, onları yerbəyer eləsək, rahat gedib işimizi işləyərik, dünəndən mətbəəyə getməmişik.
Roza
Yenə kim isə gəlir. Gör nə əyilə-əyilə divardibi yeriyir?
Xosrov
Hanı? Hə... Deyəsən, yenə həmən tipdir, qrim eləyib, sifətini dəyişib.
Rəcəb ora-bura baxa-baxa içəri girir. Onları görüb geri qaçmaq istəyir, birdən tanıyıb dayanır.
Rəcəb
Axır ki, sizi haqladım.
Xosrov
Çox axtarmısan? O qoçu sənin saqqalını qopartdı, mən də bu saat bığını yerindən çıxardacağam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-diriler-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Birinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
İkinci pərdəİkinci şəkilYenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.*
Üçüncü pərdəDördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*
Dördüncü pərdəBeşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər