Содержание
  1. Səkkizinci şəkil
  2. Doqquzuncu şəkil
  3. Onuncu şəkil

Страница 4 из 4 · 75%

Nəsrullah

Atıb eləyən yoxdur, arxayın ol. Üzünü çevir ki, pulumuzun yerini bilmə. Zəmanə pis zəmanədir, adamları tanımaq olmur.

Çinovnik

Mən düzgün adamam, arxayın olun.

Üzünü çevirir. Əhməd çamadanın birini açır, yüzlük çıxardıb, tez, yenə çamadanı bağlayır.

Əhməd (pulu çinovikə uzadır)

Al!

Çinovnik

Üzümü çevirə bilərəm?

Nəsrullah

Çevir, götür yüz manatı.

Çinovnik

Bu saat yasavulu səsləyim, atları gətirsin. (Pullara baxır, birdən təəccüblə səslənir) Pah, evinəcən sənin!

Əhməd

Nə olub?

Çinovnik

Bu yüzlük qəlpdir ki?!

Nəsrullah

Necə yəni, qəlpdir?

Çinovnik

Qəlp puldur, saxta...

Nəsrullah

Haradan bildin?

Çinovnik

Budur bax, bu kağızı... Bu nömrəsi... bu da ki rəngi... Bu yaxınlarda bütün banklara təlimat gəlib, bir dəstə fırıldaqçı çoxlu saxta pul buraxıb... İndi onları bərk axtarırlar... Sizə bu yüzlüyü kim verib?

Əhməd

Yəqin paçkaya qarışdırıb veriblər, xəbərimiz olmayıb...

Nəsrullah

Qaytar onu mənə! (Pulu çinovnikdən alıb diqqətlə baxır) Dünyada nə bacarıqsız adamlar var, əməlli-başlı qəlp pul kəsməyi də bacarmırlar. (Əhmədə) Yaxşı, bu yüzlüyü mən ayrıca qoyaram, sahibinə qaytararıq. Sən ayrı pul ver, kişini ləngitmə.

Əhməd (Çinovnikə)

Üzünü o yana çevir, tərpənmə.

Çinovnik

Sizin pul çıxarmağınız, lap arvadların soyunmağı kimi bir şey olub.

Əhməd (yenə çamadanı açır. İki dənə əllilik çıxardıb verir)

Al, daha bu pullara sözün ola bilməz.

Çinovnik (pulları alıb baxır)

Necə ola bilməz? Qəlpdir. Özünüz baxın, o saat başa düşərsiniz.

Nəsrullah

İşə düşmədik! (Pulları alıb baxır) Padşahın başı bir az əyri düşüb, onu deyirsən?

Çinovnik

Kağızına bax, kağızına! Əsl yüzlüyü, əlliliyi əlinə alanda adamın iştahı açılır, pulu çeynəyib yemək istəyir.

Nəsrullah

O biri çamadanı aç.

Əhməd

Yerini başa salma! (Çinovnikə) Üzünü o yana çevir, tərpənmə.

Çinovnik

Yəqin bu pulları alanda da belə eləmisiniz, ona görə də sizə qəlp pul basıblar.

Üzünü çevirir.

Əhməd (o biri çamadanı açır, baxır)

Deyəsən bunlar da o cürdür.

Nəsrullah (Çinovnikə)

A kişi, gəl bura, özün seç, yüz manat götür.

Əhməd

Neyləyirsən? Pulların yerini özgə adama göstərmək olar?

Nəsrullah

Daha ondan keçib, deyəsən, qazanc qudurub mayanı yeyib. (Çinovnikə) A kişi, gəl də.

Çinovnik

Yoldaşın atmaz ki?

Əhməd

Yox, yox, gəl, icazə verirəm.

Çinovnik onlara yaxınlaşır.

Çinovnik

Bu iki çamadanın ikisi də doludur?

Əhməd

Onun sənə borcu yoxdur.

Nəsrullah

Səbirli ol, ay Allahın bəndəsi. Başımızın üstündə qara buludlar oynayır, xəbərin yoxdur. A kişi, gəl, bu pulların qəlpi ilə əslini ayır bir-birindən.

Çinovnik (çamadanların içindəki pullara diqqətlə baxır)

Burada bir manat da əsl pul yoxdur, hamısı saxtadır.

Nəsrullah

Diqqətlə bax.

Çinovnik

Mən bank işçisiyəm, gözümdən qaçmaz. Ağzımda deyirəm ki, bu pullar hamısı saxtadır. Ələ düşsəniz ikinizi də güllələyərlər.

Əhməd

Elə sənin özünü bu saat güllələrəm.

Çinovnik

Özündən çıxma. Bu pulları alanda diqqətlə baxaydın, gərək. İndi mənim üstümə xoruzlanmaqdan nə çıxar?

Nəsrullah

Deyirsən şəhərə aparsaq əngəli çıxar?

Çinovnik

Dayan... dayan... hələ bəzi paçkalarda üstdən bir-iki qəlp pul qoyub altını tamam ağ kağız eləyiblər. A kişilər, siz pul alanda sayıb eləməmisiniz, məgər?

Əhməd

Saymağa, baxmağa, vaxt oldu ki?

Nəsrullah

Bəs neyləyək?

Çinovnik

Mənim məsləhətim, bax, bunların hamısını tökün bir yerə, yandırın, izi-tozu da qalmasın. Mən əslində gərək sizi tutub aparaydım divanxanaya... amma görürəm bədbəxtsiniz, fırıldaqçı əlinə düşmüsünüz... Sağ olun, icazə versəniz, gedərəm.

Nəsrullah

Sən o səkkiz qızının canı, bu barədə bir adama danışma.

Çinovnik

Qızlarımın canı üçün, arxayın olun.

Gedir. Xeyli sükutdan sonra.

Əhməd

Bəlkə bu adam bizi aldatdı?

Nəsrullah

Yox, bu adam aldatmadı, o adamlar aldatdılar. Sən çamadanı açan kimi mən gördüm ki, bu pullar ölü pullara oxşayır, parıltısı yoxdur.

Əhməd

Demək, Kəblə Muxtar bizə kələk gəldi, hə? Getmişdik saqqal gətirməyə, bığı da qoyduq gəldik.

Nəsrullah

Getmişdik ölü diriltməyə, diriləri öldürüb yola saldılar.

Ayağı ilə çamadanları vurur, pullar səpələnir.

Əhməd

Heyf, qırx səkkiz qızılı havaya sovurduq!

Nəsrullah

Lüt-mədərzad qayıdırıq İrana.

Əhməd

Özümüzlə aparaq, bəlkə orada yeritdik.

Nəsrullah

Yox, onlara yaxın düşmək olmaz.

Əhməd

Onda bu zəhrimarları yandıraq. Kişi birdən şeytanlayar, tutub dədəmizi yandırarlar.

Nəsrullah

Bizim dədəmizi Bakıda yandırıblar. Cibimizdə kibrit almağa pulumuz yoxdur. Qoy bu pullar səpələnsin yollara, gəlib-gedən götürsün, xərcləyəndə tutulsun. Biz yandıq, qoy onlar da yanıb kül olsunlar. Gedək, başlayaq öz köhnə peşəmizə, min bərəkət, yenə əmmaməyə.

Gedirlər. Arxa işıqlar sönür, səhnənin qabaq tərəfi daha da işıqlanır.

Mirzə Cəlil, Hüseyn və Ağa içəri girirlər.

Ağa

Həriflər əliboş getdilər ki!..

Hüseyn

Son sözləri də bu oldu: “Min bərəkət yenə əmmaməyə”... Demək, belələri üçün avamlıq, cahillik, tamahkarlıq, paxıllıq, mövhumat və din pərdəsi ən sınanmış pərdədir.

Mirzə Cəlil

Bu pərdəni yırtıb dağıtmaq üçün, bu ölümə məhkum adamları yolumuzdan kənar eləmək üçün xalq özü vuruşmağa başlamışdır. Biz isə acı gülüşümüzlə bu vuruşa kömək etməliyik. (Üzünü tamaşa salonuna çevirir) İndi mən də sizi deyib gəlmişəm, ey mənim tamaşaçı qardaşlarım! Qoymayın, ölülər diriləri soysunlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов