Содержание
  1. Beşinci şəkil
  2. Altıncı şəkil
  3. Yeddinci şəkil

Страница 1 из 5

Beşinci şəkil

Kəblə Muxtarın evi. Axşama hazırlıq gedir, otaqları yığışdırırlar. Firuzə xanım əli belində ortada hərlənir. Kəblə Muxtar qan-tər içində evə girir.

Firuzə

Bəs tək niyə gəldin, qonaqlar hanı?

Kəblə Muxtar

Gəlmədilər.

Firuzə

Dünyanın o cür dövlətliləri əlinə keçib, evə gətirə bilmədin?

Kəblə Muxtar

O cür adamlar evə düşməzlər, mehmanxanada yaşamağa adət eləyiblər. Rəcəbi göndərdim, restorandan onlar üçün xörək gətirdi.

Firuzə

Londonda, Parisdə yemək yemiş adamlar sənin o qotur restoranının yeməklərini ağızlarına alacaqlar? Ac oturacaqlar, bir yandan da söyəcəklər ki, Kəblə Muxtar nə itdir ki, onun qonaqlığı nə ola?

Kəblə Muxtar

Ey, ey, arvad, danışanda bir az qabiliyyətli danış.

Firuzə

Mənə qabiliyyət öyrətmə, çəkil bir tərəfə, qulluqçular döşək düzəcəklər. (Qulluqçuya) Ağız, o cür döşək salarlar? Korsan, a dilənçinin qızı? (Ərinə) Qonaqlar qurdların caynaqlarına keçsin, sən də bax.

Kəblə Muxtar

Qurd hardandır, ay Firuzə, onlar Nardarana getməyiblər ki? “Astoriya”ya düşüblər ey!

Firuzə

O qurddan demirəm, Bakının milyonçu canavarlarını deyirəm. Onların əllərinə keçsələr, sən üzlərini də görə bilməzsən. O qədər qazanc da barmaqlarının arasından süzülüb tökülər onunbunun cibinə. Kül sənin tacir başına.

Kəblə Muxtar

Qulluqçulardan ayıbdır, Firuzə, heç olmasa saqqalıma hörmət elə.

Firuzə

Sənin saqqalın, ya da ki, o qulluqçunun əlindəki süpürgə, mənimçün fərqi yoxdur.

Kəblə Muxtar

Daha lap ağ elədin ha!..

Firuzə

Tutaq ki, lap ağ eləmişəm, neyləyəcəksən? Hünərin var, yaxın gəl, əl qaldır.

Kəblə Muxtar

Mənciyəz qələt eləyərəm.

Firuzə

Hə, özündən iyirmi yaş cavan qız alanda bəs qocalığı fikirləşmirdin? Yumruğunu qaldırarsan, qolunu qopardaram.

Kəblə Muxtar

Heç yumruq yox, barmağımı da qaldırmaram. Mən səni çox istəyirəm, Firuzə!

Firuzə

Yalan danışma! Çox istəməyini nədən bilim? Mənim kimi arvadı sən gərək qızıl, mirvari içində saxlayasan. Özgə arvadların qapılarında dördatlı fayton dayanır. Hamama elə bəzənib gəlirlər ki, parıltıdan adamın gözü qamaşır. Amma mən... Yazıq canım, utandığımdan evdə çimirəm. Bizim bəxtimiz belədir. Anam qoca kişiyə getmişdi, mən sənə qismət oldum, hələ qızımı da qocaya verirəm. Dedilər ağız, naz eləmə, cavana gedən yumruq yeyər, qocaya gedən quyruq... Qurban olum cavanın yumruğuna...

Kəblə Muxtar

Ürəyini sıxma, elə bu gün, siftə bismillah doxsan səkkiz min qazanmışam.

Firuzə

Buruq satmısan?

Kəblə Muxtar

Yox, iyirmi min ingilis pulu almışam, yarıbayarı ucuz satıblar.

Firuzə

Çox ala bilmirdin?

Kəblə Muxtar

Nağd istəyirlər. Heç bilmirəm haradan düzəldəcəyəm? Bəlkə sən öz pulundan bir az verəsən?!

Firuzə

Mənim pulumla işin olmasın, özüm bilərəm neyləyərəm, hara xərcləyərəm. Çəkil bu tərəfə, özünü qulluqçuya sürtmə.

Kəblə Muxtar

Əstəğfürullah... Mən gedə bilərəm? İşim var ey...

Firuzə

Dayan, bilirəm işini sənin! (Səhnə arxasına tərəf) Ə, Rəcəb! (Üz-gözü bağlı, Rəcəb içəri girir) Gəl bu stulları çıxart buradan.

Rəcəb

Hansı stulları deyirsiniz, xanım?!

Firuzə

Bunları.

Kəblə Muxtar

Sir-sifətinə nə olub, ə?

Rəcəb

Xanım döydü, qonaqların verdiyi qızılları əlimdən aldı, ağa!

Firuzə

Hələ şikayət də eləyirsən, yetim? İtil gözümdən.

Rəcəb stulları götürüb çıxır. Əlibaba içəri girir.

Əlibaba

Məmə!

Firuzə

Ay sənin boyuna qurban olum. Necə də dayısına oxşayır. Gəl bura, məmən səni öpsün.

Əlibaba

Sonra... Axotum yoxdur.

Kəblə Muxtar

Nə var, yenə uduzmuş qumarbazlara oxşayırsan?

Əlibaba

Canım üçün, Kəbleyi, lap pis günə düşmüsən. Əlim heç gətirmir. Mirzə Əliabbas sarıdan da başın sağ olsun.

Firuzə

Öldü?

Əlibaba

Ölsə ondan min qat yaxşıdır.

Firuzə

Qovmusan?

Əlibaba

Qovmamışam, qumarda qoçu İmamquluya uduzmuşam.

Kəblə Muxtar

Bişüur oğlu, bişüur!

Firuzə (qəhqəhə ilə gülür)

Ha, ha, ha... Adamdan oynayırsınız?

Əlibaba

Neyləyim, ay məmə, səkkizimə doqquz çıxartdı.

Kəblə Muxtar

Axırda mənim özümü də uduzacaqsan. Min dəfə deyirəm, əl çək bu zəhrimardan...

Firuzə

Əşi, cəhənnəmə... yaxamız qurtardı. Kefli oğlu keflinin maaşını verməkdən zara gəlmişdik.

Əlibaba

Maaşını yenə biz verəcəyik, amma İmamquluya qulluq eləyəcək. Bəs mən niyə uduzmuşam ki?

Kəblə Muxtar

Tfu sənə, nankor övlad!

Çıxır.

Əlibaba

Məmə, mənə pul lazımdır.

Firuzə

Sonra gəl verim. Bura bax, atan pristində özgə arvadlarına baxmırdı ki?

Əlibaba

Arvadlara baxmırdı, amma dayımı söyürdü.

Firuzə

Yaxşı, kəkö Məhəmmədin oğlu, mən mən olum, sən də sən. Əlibaba bəyin oğlu Rəşidi pulsuz-parasız görmüsən, üstünə hürürsən?

Əlibaba

Bilirsən nə oldu, məmə? Nəsrullah bəy dayıma əlli min manat pul bağışladı.

Firuzə

Rəşidə əlli min? Ola bilməz!

Əlibaba

Babamın goru haqqı. Dedi: Rəşid Məğrur, elə eləyəcəyəm ki, altı aydan sonra Nobel qapında qarovulçu dayansın.

Firuzə

Bunlar dövlət quşlarıdır. Allah insan sifətində bizə qonaq göndərib. Bircə, Alagözün nişanı qurtarsın, gör onlara nə hörmət eləyəcəyəm.

Əlibaba

Alagöz haradadır, heç gözümə dəymir?!

Firuzə

Sevindiyindən şitlik eləyir, bütün günü gözünün yaşını tökür. Düzdür, qız ərə gedəndə gərək ağlasın. Amma daha nişandan başlamazlar ki. Yaxşı yadıma düşdü, gedim tapşırım, geyinməyə başlasın, bir azdan qudalar gələcəklər.

Gedir.

Əlibaba (tək, cibindən qumar kağızı çıxardır)

Nəsrullah bəy dedi ki, həyat qumarxanadır, biz hamımız qumar oynayırıq. Bircə onun özüylə oynaya bilsəydim, nə yaxşı olardı!

İşıqlar sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов