Содержание
  1. Beşinci şəkil
  2. Altıncı şəkil
  3. Yeddinci şəkil

Страница 2 из 5 · 20%

Altıncı şəkil

Alagözün otağı. Alagöz məktub yazır. Rəcəb qapının qabağında gözləyir.

Alagöz (məktubu qurtarıb zərfə qoyur)

Rəcəb! Mənim xətrimi istəyirsən?

Rəcəb

Bu evdə mən bircə sənin xətrini istəyirəm. Sözün düzü budur. İstəyirsən məni öldür, istəyirsən qov. Sən gedəndən sonra mən bircə gün bu evdə qalsam əbad-əcdadım tünbətün olsun. Hə, bu sözü də dedim... mən əgər...

Alagöz (onun sözünü kəsir)

Dayan, dayan, a Rəcəb, bir suala yüz cavab verirsən.

Rəcəb

Verəcəyəm, yüz cavab verəcəyəm. Bəylər üç qızıl vermişdilər, anan saldı məni ayağının altına, elə vurdu ki, əngim dönüb oldu batman tərəzi...

Alagöz

Rəcəb, vaxt yoxdur, iş tələsikdir, sən sözümə yaxşıyaxşı qulaq as! Əgər mənim xətrimi istəyirsənsə...

Rəcəb

İstəyirəm, niyə istəmirəm. Həzrət Abbas haqqı əgər sən bu evdə olmasan...

Alagöz

Dayan, bir dəqiqə... Sözümə qulaq as, bu kağızı...

Rəcəb (onun sözünü kəsir)

Kağızı gizlət, Firuzə xanım bura gəlir... (Alagöz tez məktubu gizlədir) Ağla, bayaq mən ona demişdim ki, Alagöz xanım otağında oturub ağlayır. Sıx gözünü, bircə damcı yaş çıxsın. Amanın günüdür.

Firuzə xanım içəri girir. Rəcəb Alagözün ağlamadığını görüb, özü birdən-birə ağlamağa başlayır.

Firuzə

Bu nə yasxanadır, niyə ağlayırsan, köpək oğlu, deməmişəm bu otağa ayağın dəyməsin? (Rəcəbin yaxasından yapışır) Bu saat mən səni...

Rəcəb

Xanım, vurma, sən balalarının canı vurma, əlin ağırdır, bir də vursan nəfəsim gedər, qayıtmaz, yazığam...

Alagöz

Ay ana, onunla işin olmasın, mən acıqlanmışam, ağlayır.

Firuzə (Rəcəbin yaxasını buraxır)

Əcəb eləmisən! Acıqlanmaq nədir? Acığın tutdu, yapışdır şilləni üzünə. İtil gözümdən! (Rəcəb çıxır) İndi de görək, niyə ağlamısan?

Alagöz

Anacan, məni o kişiyə vermə, səndən ayrılmaq istəmirəm.

Firuzə

Niyə ayrılırıq ki, axmağın qızı, bir şəhərdə olacağıq. Sən Persidskidə, biz Azyatskidə... Bir-birimizə qonaq gələcəyik. Qohum, quda... Hünərləri var, səni incitsinlər. Firuzə ölməyib ki, onun qızını incidələr? Jandarmeriyada işlədiyinə nə baxırsan? Əlibabanın canı üçün, kişilərini qataram arvadlarına, arvadlarını kişilərinə!

Alagöz

İstəmirəm, anacan, heç kəsi heç kəsə qatma... Məni ərə vermə, vəssalam.

Firuzə

Olmaz. Bu gün nişan gətirirlər... ayıbdır...

Alagöz

Axı, şəhərdə adam tapılmır ki, məni evli kişiyə ərə verirsiniz?

Firuzə

A... evlənməyib ki... matişgə saxlayır... Tapşırmışam, qovacaq köpək qızını... Ağlama, gicin balası, pis olar, boşanarsan... Gedim görüm cücələri yoldularmı?

Firuzə çıxmaq istədikdə tələsik içəri girən Rəcəblə toqquşur. O saat onun yaxasından yapışır.

Firuzə

Ə, sən yenə gəldin? İmam Hüseyn haqqı, bir gün mənim əlimdə öləcəksən.

Rəcəb

Xanım, aman ver! Alagöz xanımı bir qız görmək istəyir, qapıda dayanıb.

Firuzə

Bəs qapıda niyə saxlamısan?! Yəqin təzə qohumlardandır.

Rəcəb

Yox ey, ay xanım, matişgədir, amma bizim dildə bülbül kimi danışır.

Firuzə

Matişgədir? Deyir, Alagöz xanımı istəyirəm?

Rəcəb

Hə də...

Alagöz

Kimdir, görəsən?

Firuzə

Bildim kimdir! Yəqin o başıbatmışın saxladığı arvaddır.

Alagöz

Başıbatmış kimdir?

Firuzə

Sənin nişanlını deyirəm də.

Rəcəb

İndidən o da mənim kökümə düşdü?

Firuzə

Nə donquldanırsan, ə, get çağır gəlsin. (Rəcəb çıxır) Əgər odursa, o ləçərin ölüsünü bu evdən çıxartmasam, atamın qızı deyiləm.

Alagöz

Ana, ancaq burada yox, bu otaqda yox...

Firuzə

Sən dayan, mən özüm yaxşı bilirəm harda neyliyəcəyəm. Həyasızlığa bax, nişan günü mənim evimə gəlir...

Alagöz

Uf... ay Allah, mən nə qədər bədbəxt qızam!

Rəcəb ilə Roza içəri girirlər.

Roza

Alagöz, bacım, xoş gördük. (Alagözlə görüşür, Firuzə xanıma) Salam, Firuzə xanım, mən Alagözlə bir yerdə gimnaziyada oxumuşam. Rəfiqəmdir.

Firuzə

Nişanlısı ilə bir tanışlığın, qohumluğun yoxdur ki?

Roza

Nişanlanmısan, Alagöz? Təbrik eləyirəm, heç xəbərim olmayıb... yoxsa çoxdan gəlib təbrik eləyərdim. (Onu təzədən qucaqlayıb öpür)

Firuzə

Hələ bu gün nişanlanır. Vaxtında gəlmisən. Səhərdən gözünün yaşı kəsilmir. (Rəcəb ağlamağa başlayır. Firuzə xanım onu öldürücü nəzərlərlə süzür) Biz gedək, iki rəfiqə söhbət eləyin. Ona bir az nəsihət elə.

Roza

O elə əvvəldən də sentimental qız idi. Sinifdə həmişə qəmgin oturardı. Eybi yoxdur. Mən başına ağıl qoyaram, arxayın olun!

Firuzə (Rəcəbə)

Çıx görək... Hələ bunun ağlamağına bax, elə bil bədəninə şiş batırırlar.

Rəcəb ilə Firuzə xanım çıxırlar.

Alagöz

Bağışlayın, siz kimsiniz? Mən sizi həyatımda birinci dəfədir görürəm.

Roza

Susun, yavaş danışın! (Qapını bağlayır) Məni sizin yanınıza Pərviz göndərib.

Alagöz (sevincək)

Pərviz şəhərdədir?

Roza

Bu gün gəlib.

Alagöz

Bəs siz onu haradan tanıyırsınız?

Roza

Pərvizin bir dostu var, Xosrov.

Alagöz

Eşitmişəm.

Roza

Mən Xosrovun nişanlısıyam.

Alagöz

Rozasınız? Pərviz mənə sizdən o qədər danışıb! Bəs, o necə olub Bakıya gəlib?

Roza

Biz teleqram vurmuşuq, Xosrovla mən. O sizi çox istəyir. Əgər nişanlandığınızı eşitsəydi dəli olardı.

Alagöz

Deməli, Pərviz buradadır. Necə də ürəyimə dammışdı. Səhərdən gözümün yaşını saxlaya bilmirdim. Heç özüm də bilmirdim, bədbəxtlikdən ağlayıram, ya xoşbəxtlikdən. Haradadır?

Roza

Biz onu gizlətməyə məcbur olduq. Ancaq gizləndiyi yerdə çox qala bilməz. Gərək tez Bakıdan çıxsın.

Alagöz

Əlbəttə. Allah eləməsin, yenə ələ keçə bilər. Tez getsin, şəhərdə qalmasın.

Roza

Sizdən asılıdır.

Alagöz

Məndən asılıdır? Nə cür? Başa düşmürəm.

Roza

Pərviz sizsiz buradan getmək istəmir.

Alagöz

Mən onunla hara gedə bilərəm?

Roza

Hər yana!.. Dünya böyük, üfüqlər geniş.

Alagöz

O böyük dünya, o geniş üfüqlər mənimçün deyil, Roza.

Roza

Nə üçün belə danışırsınız, Alagöz, bəlkə daha Pərvizi sevmirsiniz?

Alagöz

Sevmirəm? Mən sevmirəm? Budur, siz gəlməmişdən qabaq nökəri poçta göndərirdim ki, Pərvizə məktub salsın, alın, oxuyun!

Roza

Məktub ayrı, sevgi ayrı, sözdə biz hər nə olsa deyirik, işə gələndə...

Alagöz

Elə siz də sözdən işə keçin, oxuyun!

Roza (məktubu oxuyur, dəhşətlə)

Bu məktubu siz yazmısınız?

Alagöz

Mən yazmışam.

Roza

Sizin kimi gənc, ağıllı, ziyalı bir qıza ölüm yaraşarmı?

Alagöz

Taleyimiz belədir, hər il Bakıda yüzlərlə mənim kimi gənc qız özünü həlak eləyir. Ayrı çıxış yolu yoxdur. Biz dustağıq. Pəncərələrimizdə barmaqlıq, qapımızda qarovulçu, başımızın üstündə ağır yumruq. Dustaqxanada ölümdən başqa ayrı nə barədə düşünmək olar?

Roza

Dustaqxanadan qaçmaq da mümkündür.

Alagöz

Hara?.. Bu kameradan o biri kameraya? Ya da ki, pozğun, alçaq bir adamın ağuşuna?

Roza

Yox, azadlığa.

Alagöz

O heç mümkün deyil...

Roza

Əgər sizdə cəsarət yoxdursa...

Alagöz

Necə? Məndə cəsarət yoxdur? Ölümə qərar vermək, bu gözəl dünyanı, insanları, arzunu, ümidi, günəşi qoyub dəhşətli bir boşluğa atılmaq cəsarət deyil?

Roza

Yox, acizlikdir. Yalnız həyatla üz-üzə gəlməkdən qorxan adamlar intihar eləyərlər.

Alagöz

Dənizdə boğulan bir adama kömək eləməkdənsə sahildə dayanıb, “vuruş, mübarizə apar” deyə çığırmağın nə mənası var?

Roza

Mən dənizdə boğulanın yanına köməyə gəlmişəm, əlimi uzadıram.

Alagöz

Sizin əliniz də aciz qadın əli deyilmi?

Roza

Nə danışırsınız, Alagöz, qadının əli aciz niyə olur ki, qələm də tuta bilirik, silah da. Adam gərək taleyə boyun əyib dayanmasın, xoşbəxtliyi üçün özü mübarizə aparsın.

Alagöz

Nə cür? Mənə də öyrədin!

Roza

Bu saat öyrədim. Bu gecə burada nişan məclisidir, eləmi? Yəqin ki, Həştərxandan gələn o tacirlər də məclisdə olacaqlar. Baş qarışacaq, nişan alver bazarına çevriləcək. Siz də bundan istifadə eləyib Pərvizə qoşulub qaçarsınız.

Alagöz

Pərvizlə qaçaram?

Roza

Hə, onunla gedərsinizmi?

Alagöz

Pərvizlə mən cəhənnəmə də getməyə hazıram.

Roza

Pərviz sevdiyi qızı cəhənnəmə aparan oğlanlardan deyil. Qulaq asın, görün nə deyirəm. Polis bizim arxamızdan əl çəkmir, ona görə də Pərvizlə əlaqəni tamam üzməli olmuşuq. Siz inandığınız bir adam vasitəsilə ona bir kəlmə xəbər göndərməlisiniz: “Mən hazıram”. Axşam isə gecədən keçmiş bir bəhanə ilə qapınızın qarşısına çıxın. Faytonçu yanınızdan keçəndə “At deyil, qanadlı quşdur!” deyib çığırsa həmən faytona minin. Vəssalam.

Alagöz

Sonra?

Roza

Sonra görüş, səadət. Alagöz adlı bir qızın bizim dəstəmizdə mübarizəsi. Bu, ölümdən bir az yaxşıdır, elə deyilmi?

Alagöz

Elədir.

Roza

Bəs niyə sevinmirsiniz?

Alagöz

Mən ölüm dünyasına getməkdənsə Pərviz dünyasına, həyat dünyasına getməli oldum. Buna sevinməmək olar?

Rozanı öpür. Qucaqlaşıb otaqda hərlənirlər. Firuzə xanım içəri girir.

Firuzə

Bismillah... (Rozaya) Ay qız, sən ovsunçusan, nəsən?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов