Содержание
  1. Beşinci şəkil
  2. Altıncı şəkil
  3. Yeddinci şəkil

Страница 5 из 5 · 80%

Əlibaba

Yaman quyruq bulayırsan ha, saqqal, deyəsən, gəlirimiz yaxşı olacaq.

Kəblə Muxtar

Yaxşı, yaxşı, məni biabır eləmə.

Əlibaba (Rəşid Məğrura)

Dayı, gedək dalını davam eləyək, İmamqulu, gəl!..

Rəşid Məğrur

Əli Məsrur, düş qabağıma.

Rəşid Məğrur, Əlabbas, İmamqulu və Əlibaba çıxırlar.

Nəsrullah bəy

Hacı, tel vurub sənə quru meyvə sifariş eləmişdik. Hazır olub-olmadığı haqqında bir söz demirsən?

Hacı

Bəy dadaş, sizdən asılıdır. Sabahdan dəniz qırağındakı bütün dükanlarımı boşaldıb bir gəmi mal hazır eləyərəm. Ancaq qiyməti məlum deyil, o məni bir az darıxdırır.

Nəsrullah bəy

O barədə nigaran qalma, sövdələşərik. Məni pulu yox, vaxtı maraqlandırır.

Hacı

On günə tamam eləyərəm.

Nəsrullah bəy

Uzaqbaşı bir həftə.

Hacı

Doqquz gün...

Əhməd bəy

Çəkil bu yana, kişi, hirsləndirmə. Bir həftə dedilər, denən baş üstə.

Nəsrullah bəy

O qədər mərhəmətsiz olma, Əhməd bəy, Hacı səkkiz gün deyir, səkkiz günə razı olaq.

Hacı

Baş üstə. Səkkiz günə hazır eliyərəm.

Nəsrullah bəy

Məşədi, ipək hazırdırmı?

Məşədi

Hələlik yüz pud hazırlamışam.

Nəsrullah bəy

Yüz pud da lazımdır.

Məşədi

Düzəldərəm, ancaq qiymətini gərək müəyyən eləyək.

Əhməd bəy

Sən de, biz eşidək.

Məşədi

Getdiyim Məşhəd haqqı...

Əhməd bəy

Məşədi, ticarətdə anda inanmazlar. İki kəlmə sözünü de!

Məşədi

Yüz iyirmi.

Əhməd bəy (Nəsrullah bəyə)

Ərziniz?

Nəsrullah bəy

Yüz...

Məşədi

Uşaqlarım ölsün yüz mayasıdır.

Nəsrullah bəy (Əhməd bəyə, yavaşdan)

Doxsanda tacirik, çərçi deyilik. Yüzə razısan, de, deyilsən, çəkil dur bir kənarda, bazar açma.

Əhməd bəy

Sən baqqalsanmış.

Məşədi

Acığınız niyə tutur, alverdə sövdələşərlər də... Yüz on...

Nəsrullah bəy (Əhməd bəyə yavaşdan)

Doxsan.

Əhməd bəy

Məşədi, biz ipəyin puduna doxsandan artıq verə bilmərik.

Məşədi

Bəs özünüz yüz deyirdiniz.

Əhməd bəy

Doxsan, artıq olmaz.

Məşədi

Mən yüzə razıyam.

Əhməd bəy

Doxsan.

Nəsrullah bəy

O qədər mərhəmətsiz olma, Əhməd bəy, yüz deyir, qoy yüz olsun. Eybi yoxdur, qoy ziyan çəkək.

Əhməd bəy

Yaxşı, yüz olsun. Bir həftəyə hazır elə.

Məşədi

Baş üstə, baş üstə.

Kəblə Muxtar (Hacının qulağına)

Dinsizin öhdəsindən imansız gələr.

Nəsrullah bəy

Nə pıç-pıç eləyirsiniz, mister Kəblə Muxtar?

Kəblə Muxtar (öz-özünə)

Yenə mənə mastır dedi. (Nəsrullah bəyə) Heç...

Nəsrullah bəy

Əhməd bəy, Kəblə Muxtar ilə məsələni bitirdin?

Əhməd bəy

Xeyr, Kəbleyi hələ bir hərəkət göstərmir.

Kəblə Muxtar

Mən bu barədə sizinlə təkbətək danışmaq istəyirəm.

Nəsrullah bəy

Yox, Kəblə Muxtar, mənim bu tacirlərdən gizlin heç bir sözüm yoxdur. Qəlp pul satmıram ki, başqalarından gizlədim? Sözünü de, qurtarsın getsin.

Kəblə Muxtar

Sözüm yoxdur ki... Əlli nağd, əlli də çek... Özünüz gedib bankdan alın.

Əhməd bəy

Ştrissen.

Nəsrullah bəy

Əlbəttə, ştrissen, tut qolumdan, məni qaldır, bu evdə bir dəqiqə dayanmaram, gündə iki dəfə sözünü dəyişən adam tacir deyil, nakişidir!

Kəblə Muxtar

Nəsrullah bəy, qızımın nişanını yasa çevirməyin. Getsəniz, bütün məclis pozular.

Əhməd bəy

Beş dəqiqə səbir eləyin, Nəsrullah bəy, bu cür əsəbi vəziyyətdə küçəyə çıxmağı həkim sizə qadağan eləyib.

Nəsrullah bəy

A kişilər, mən bu adama hörmət eləyib beş manatdan ingilis pulu verirəm, bir gündə yüz min manat qazanc eləyir, bu isə əvəzində gör nə hoqqa çıxardır!

Hacı

Məşədi ilə mən funt-sterlinqi altı manatdan alırıq, pulun da hamısını nağd veririk.

Məşədi

Hacı nə deyir, qol qoyuram, bə şərta ki, bankın təsdiqi ola.

Hacı

Nəsrullah bəyin çekini banka sabah səhər tezdən mən özüm apararam.

Kəblə Muxtar

Hacı, mənim qabağıma keçmə, sonra səninçün pis olar...

Hacı

Neyləyəcəksən? Qoçu bizdə də var. Əlindən gələni beş qaba çək.

Kəblə Muxtar

Qoyduraram kəllənə, ağzını balıq kimi açarsan, yuma bilməzsən. Bəy dadaş, yüz min nağd bu saat verirəm.

Hacı

Kəs səsini bihəya! Pullar bizimdir.

Kəblə Muxtar

Bihəya sənsən, əclaf! Əvvəlcə mənimlə sövdələşiblər!

Məşədi

Cibgir!

Hacı

Soyğunçu!

Nəsrullah bəy

Sükut, əzzəmtü əleyküm, ya əhləlqübur.

Əhməd bəy

İngiliscə de, ingiliscə de!

Nəsrullah bəy

Rayt şpansen. Ştrissen, vələdüzzinalar! And olsun Allaha, bütün Qırmaniyanın qoşununu tökərəm bu məmləkətə!

Kəblə Muxtar

Bağışlayın, bəy dadaş, hüzurunuzda biədəblik elədik.

Nəsrullah bəy

Hacı, Məşədi, saxtan nixten, de sallan deyl, meyl.

Hacı (Əhməd bəyə)

Nə deyir, qadan alım?

Əhməd bəy

Hirsindən ingilis dili ilə alman dilini qarışdırıb bir-birinə.

Məşədi

Allah, sən saxla!

Hacı

Bağışlayın, cənab, biz də üzr istəyirik.

Nəsrullah bəy

Əhməd bəy, sən məni buraya gətirdin ki, müsəlmandırlar, gedək, ticarətlərini rövnəq eləyək. Halbuki mən bu cür hərcmərclik heç... o yerin adı nədir, birtəhərdir ey... orada da görməmişəm. Hacı, sizə ingilis pulu lazımdır, sabah gəlin, nə qədər istəyirsiniz, aparın. Kəblə Muxtarın tikəsini ağzından niyə çıxartmaq istəyirsiniz? Əhməd bəy, ver çeki, halal xoşu olsun.

Əhməd bəy

Baş üstə. (Cibindən çek çıxardır) Kəbleyi, al bu iyirmi min funt-sterlinqin çeki. Möhkəm yerə qoy, itirsən, cavabdeh deyilik.

Kəblə Muxtar

Arxayın olun, can cibimə qoyacağam.

Nəsrullah bəy

Nağd pul hamısı bu gecə bizə çatmalıdır.

Kəblə Muxtar

Arxayın olun. Qulbeçənizlə göndərərəm.

Nəsrullah bəy

İndi üçünüz də bir-birinizlə öpüşün...

Kəblə Muxtar, Hacı və Məşədi öpüşürlər. Nəsrullah bəy yaylıq çıxardıb göz yaşını silir.

Əhməd bəy

Bu qədər dövlətli adamın elə nazik ürəyi var!

Nəsrullah bəy

Əhməd bəy, o gətirdiyimiz brilyant boyunbağını ver Kəbleyiyə, salsın qızımızın boynuna.

Əhməd bəy (cibindən boyunbağı çıxardır)

Kəblə Muxtar, buyurun, Nəsrullah bəyin şəxsi hədiyyəsidir. Soltan Əbdülhəmidin qırxıncı zövcəsi üçün almışdı, o xəl olunandan sonra qaldı özümüzdə.

Nəsrullah bəy

Ştrissen söz danışma, Əhməd bəy, sən dediyin qolbaq idi, bunu mən yaponlardan almadım? Yadından çıxıb?

Əhməd bəy

Düzdür. Tamam yadımdan çıxıb! (Boyunbağını Kəblə Muxtara verir) Kəbleyi, gör necə gün kimi şölə saçır.

Kəblə Muxtar

Çox sağ olun, başımı uca elədiniz.

Məşədi (Hacıya)

Tülkü, burada da qazandı.

Bu halda musiqi çalınır. “Oğlan evi gəldi” – deyə səslər eşidilir. Hamı səhnəyə çıxır. İmamqulu bir əlində tapança, bir əlində kart kağızı oynayır. Sonra hamı o biri otağa keçir. Hacı ilə Məşədi Nəsrullah bəyin və Əhməd bəyin qolundan tutub aparırlar. Onlarla bərabər səhnəyə gəlmiş jandarma kapitanı lap axırda o biri otağa keçmək istədikdə molla paltarında, gözüçeşməkli birisi səhnəyə gəlir və kapitanı səsləyir.

Kapitan qayıdır.

Kapitan

Buyurun, molla əmi, mənə dair qulluğunuz!

Casus

Mənəm, cənab kapitan, tanımadınız? Otuz doqquz nömrəli.

Kapitan

Əhsən, özünü elə dəyişmisən ki, tanıya bilmədim. Nə sözün var?

Casus

Qız ilə nökər bizim göz altında saxladığımız Roza xanımın yanına getdilər.

Kapitan

Nə qız, nə nökər? Başa düşmürəm.

Casus

Kəblə Muxtarın qızı ilə nökəri. Bir fayton gəlib dayandı, onlar tələsik mindilər, mən atıldım faytonun dalına. Saxladılar bizim izlədiyimiz evin qabağında... Düşüb evə girdilər.

Kapitan

Nə bildin ki, qız Kəblə Muxtarındır?

Casus

O cür canlar alan gözəl Bakıda bir dənədir, tanımamaq olar?

Kapitan

Bu nə danışıqdır? İki addım irəli! Əlahəzrət padşahın keşiyində dayanmış məmur gözəlliyə qarşı küt olmalıdır. Bəs niyə iki addım irəli gəlmirsən? Əmr vermirəm?

Casus

İki addım irəli gəlsəm məni o biri otaqdan görə bilərlər.

Kapitan

O da düzdür. Ayıqsan, əhsən!

Casus

Əmriniz nə olacaq?

Kapitan

İşlər yaman dolaşığa düşüb. Sən get, o evi gözdən qoyma. Mən bu saat gəlirəm.

Casus

Sifətimi dəyişim?

Kapitan

Yox, elə bu cür yaxşıdır.

Casus

İstəyirsiniz keşiş şəklinə düşüm. Mollanın keşiş olmağı bir dəqiqəlik işdir.

Kapitan

Dedim yox. Geriyə dön, marş, qapıdan çıx!

Casus gedir. Kəblə Muxtar gəlir.

Kəblə Muxtar

Kapitan? Gəlin, baxın, görün, oğlan mənim qızımçün nələr göndərib.

Kapitan

Heç bilmirəm bu ağır xəbəri sizə necə verim.

Kəblə Muxtar

Nə olub, kapitan, açıq danışın!

Oyankı otaqdan Firuzə xanımın səsi gəlir. “Kəbleyi, Kəbleyi”!

Kapitan

Odur, haray qopdu, indi nə olduğunu bilərsiniz.

Firuzə (içəri girir)

Muxtar! Başın batsın! Evimiz yıxıldı!

Kəblə Muxtar

Ay arvad, başıaçıq hara gəlirsən? Kişi var.

Firuzə

Kül sizin kişi başınıza! Alagöz yoxdur!

Kəblə Muxtar

Necə yoxdur?

Firuzə

Yoxdur da... qaçırdıblar.

Kəblə Muxtar

Hara qaçırdıblar?

Firuzə

Axmaq suallar vermə, kəkö Məhəmmədin oğlu! Tez gör neyləyirsən? Evimiz yıxıldı... Ay!.. Ay!.. (Çığırmağa başlayır, o biri otaqdan qonaqlar tökülüşürlər, “Nə olub? Nə olub? Nə var?” deyə hərə bir sual verir)

Nəsrullah bəy (yavaşdan Əhməd bəyə)

Kəbleyinin arvadı hürkmüş marala oxşayır.

Əhməd bəy

Bu haray nə pis vaxtda qopdu!

Kəblə Muxtar

Camaat, mənim namusuma toxunublar, qızımı qaçırdıblar, nə durmusunuz?

İmamqulu

Əlim gicişir, adam öldürmək istəyirəm. Bu saat mən o qaçırdan adamı tapıb bu tapançadakı güllələrin hamısını çaxacağam başına.

Firuzə

İmamqulu qardaş, əgər tapıb onu öldürə bilməsən, onda gəl bu Kəblə Muxtarı öldür. Bu namussuzluqdan sonra başında papaq saxlamağa onun ixtiyarı yoxdur.

İmamqulu

Baş üstə, bacı, arxayın ol! Camaat, gəlin dalımca!

Əlibaba

Gəlin dalımızca.

Rəşid Məğrur

Əli Məsrur, gəl.

Kəblə Muxtar

Hara gedək? Bu boyda şəhərdə onu harada axtaraq?

Kapitan

Mən yerini bilirəm, gəlin!

Gedirlər. İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов