Содержание
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Страница 3 из 7 · 29%

Üçüncü şəkil

Bakı. Dəniz kənarı. Körpünün yanı. Həştərxan gəmisini qarşılamaq üçün gələnlər ora-bura gəzinirlər, üç oğlan, əllərində “Molla Nəsrəddin” səhnəyə çıxır.

I oğlan

“Molla Nəsrəddin”! Təzə nömrə “Hop-hop”un şeri! Mozalanın felyetonu!

II oğlan

“Molla Nəsrəddin”! Zəngəzurda çörək tapılmır! Camaat acdır!

I oğlan

Adə, çörək tapılmır, paxlava yesinlər, şəkərbura yesinlər! Ha, ha, ha...

“Molla Nəsrəddin”, “Molla Nəsrəddin” deyə çığıra-çığıra gedirlər. Hacı ilə Məşədi səhnəyə gəlirlər.

Hacı

Məşədi! Yallah, yallah. Hava alırsan?

Məşədi

Hava almağa vaxt hardandır, ay Hacı, Həştərxandan bir tacir gəlir, onu qarşılayıram. Budur, tel almışam, iki yüz pud ipək istəyir. Əziz canın üçün, başımı itirmişəm.

Hacı

Pənah bərxuda. O tacirin familiyası nədir?

Məşədi

Familiyası Otaylinski, Nəsrullah bəy Otaylinski...

Hacı

Qəribə işdir. Əhməd bəy Butaylinski adlı bir tacir də mənə bir gəmi quru meyvə sifariş eləyib, Sibirə göndərmək üçün.

Məşədi

Buradan Sibirə gəmi gedir?

Hacı

Getməsə istəməz ki? Məşədi, mənə elə gəlir ki, bunlar şərikdirlər.

Məşədi

Mən də elə güman eləyirəm, amma Hacı, puldan bir kəlmə söz yoxdur. Heç olmasa, qabaqcadan göndərəydilər.

Hacı

İndi xaricdə ticarət təzə üsulladır. Məşədi, olmaya-olmaya, pul sözü işlədəsən, gülərlər.

Məşədi

Pulsuz iki yüz pud ipəyi verim aparsınlar ki, nə var, nə var, gülərlər?

Hacı

Əsl tacirin əli pula dəyməz. Məşədi, o sənə çek verir, sən də ona mal verirsən. Bildin? Bu saat alveri o cür eləyirlər. Məxmər stullarda otururlar. Qabaqlarında da qəhvə, əvvəlcə anekdot danışırlar.

Məşədi

O nədir?

Hacı

Gülməli sözlər. Danışırlar, gülürlər, danışırlar, gülürlər, arada da qiymətdən söhbət gedir.

Məşədi

Ay-hay, olan-qalanımı gülə-gülə verim getsin? Bəlkə o danışanda heç mənim gülməyim tutmadı?!

Roza səhnədən keçib gedir. Hacının gözü ondadır. Məşədi görmür.

Hacı

Məşədi, bir ora bax, min pud ipəyə dəyər.

Məşədi

Hara deyirsən?

Hacı

Ora, ora... nə görürsən?

Məşədi

Şalban görürəm.

Hacı

Əşi, bu tərəfə bax ey, bu tərəfə.

Məşədi

Gördüm, gördüm, əhsən bunu belə yaradana, əhsən!

Hacı

Döndü, üzünü yana çevirdi. A kişi, yaxşı-yaxşı bax da.

Məşədi

Mənim gözüm uzağı yaxşı seçmir. Bir az yaxına getsək, qiyamət qopmaz ki?..

Hacı

Getməsək, qiyamət qopar!

Gedirlər. Xosrov ilə Əyyub əmi içəri girirlər.

Əyyub əmi

Ay rəhmətliyin oğlu, bu teleqramı vuranda fikirləşmədin ki, Pərviz bu şəhərə ayaq basa bilməz?

Xosrov

Gərək bu iş gizlin olsun. Əlbəttə, o, aşkar gələ bilməz. Amma gəlməyə də bilməz.

Əyyub əmi

Niyə gəlməyə bilmir?

Xosrov

Qız əldən çıxır.

Əyyub əmi

Dünyada axırıncı qızı ərə verirlər, daha kökü kəsilir?

Xosrov

Siz də belə danışanda daha mən nə deyim? Sevir ey, Pərviz o qızı çox sevir. Qız da Pərvizi sevir. Bu onu, o bunu... Ah, uf... Həmişə də hicran...

Əyyub əmi

Kimdir o qız?

Xosrov

Deməyə ixtiyarım yoxdur.

Əyyub əmi

Niyə, bu da gizlin işdir? İclas eləyirsiniz, harada, nə barədə, sus, sirrdir. Əyyub əmiyə demək olmaz. Vərəqə çap eləyib camaata yayırsınız, bu vərəqələri kim yazıb, kim çap eləyib, kim divarlara yapışdırıb, yenə sirrdir. Əyyub əmiyə demək heç olmaz. Amma sonra nə olur? Tutulanda qaçırsınız birbaş Əyyub əminin üstünə, ay haray, kömək elə, qardaşın oğlunu tutublar. Bəli, Əyyub əmi düşür qapı-qapı, o vəkil sənin, bu vəkil mənim. İndi qızın da kim olduğunu demək olmaz, hə?..

Roza içəri girir.

Xosrov

Niyə demək olmur? Bilirsiniz kimdir?

Əyyub əmi

Yox, bilmirəm. Bilsəm soruşmaram ki?

Roza

Çıx ağacın başına, hamıya car çək. (Onlara yaxınlaşır)

Əyyub əmi

Ağız, kafir qızı, salam-zad da vermirsən.

Roza

A... bu gün səhər görüşmüşük də...

Əyyub əmi

Hər görüşəndə gərək salam verəsən.

Roza

Salaməleyküm, Əyyub əmi!

Əyyub əmi

Əleykəssalam. Deməli, qızın kim olduğunu mənə demək olmaz.

Roza

Niyə olmur? Deyirəm, yavaş danışsın, bərkdən çığırmasın.

Əyyub əmi (Xosrova)

Hə, pıçılda qulağıma.

Xosrov

Kəblə Muxtarın qızı Alagöz.

Əyyub əmi

Ay-hay... Danışanda mübarizədən-zaddan dəm vurursunuz, aşiq olanda gedib tacir qızına aşiq olursunuz.

Roza

Əyyub əmi, Alagöz meşşan deyil, ağıllı qızdır, qabaqcıl fikirlidir.

Əyyub əmi

O da sizin bu işlərinizdə iştirak eləyir?

Xosrov

Yox, biz Alagözün üzünü də görməmişik. Pərvizin dilindən deyirik, çox aşiqdir ey, lap əldən gedir.

Əyyub əmi

Yaxşı, bəs Pərviz gəlib neyləyəcək?

Xosrov

Rəsmi elçi gedəcəyik.

Roza

Qız da bir az göz yaşına güc verər, bəlkə ata-anasını mərhəmətə gətirə bildi.

Əyyub əmi

Ah, cavanlıq, cavanlıq! (Bu vaxt jandarma kapitanı səhnədən keçib gedir) Aha, jandarma da buradadır ki.

Xosrov

Ayrılmaq lazımdır.

Əyyub əmi

Dağılın hərəniz bir tərəfə. (Yavaşdan) Diqqət eləyin, görün, kim var, kim yoxdur, bu qurd niyə buralarda hərlənir?.. Gedin, mən də bu tərəflərdə olacağam.

Roza ilə Xosrov gedirlər. Əyyub əmi də onların dalınca getmək istədikdə Mirzə Əliabbasla qarşılaşır.

Mirzə Əliabbas

Aha, Əyyub, necəsən, ey qəzetsatanların ən şərəflisi?

Əyyub əmi

Sən necəsən, ey hesabdarların ən balacası! Burada neyləyirsən?

Mirzə Əliabbas

Həştərxandan gəmi gəlir, ağamla mən onu qarşılayırıq.

Əyyub əmi

Hə, deyirəm niyə Həştərxan pişiyi kimi gözlərin par-par parıldayır. Yəqin o münasibətlə vuracaqsan, hə?

Mirzə Əliabbas

Səhvin var, Əyyub, sən gördüyün ağacları kürəkliyə kəsiblər. Bu alçaq zəmanə Əliabbası soxub qoz qabığına, bir şüşə şərab üçün körpə uşaqlar kimi ağlamalı olmuşam. Neçə gündür dilimə dəyməyib. Ümidim yalnız bu gün axşamadır.

Əyyub əmi

Axşam kimin qapısında olacaqsan?

Mirzə Əliabbas

Öz qapımızda. Axşam Kəbleyinin qızının nişanıdır.

Əyyub əmi

Ay Əliabbas, Əliabbas, sənin tayların, səninlə bir yerdə qurtarmış ziyalılar banklarda böyük mütəxəssis kimi işləyirlər, amma sən qotur bir Kəbleyinin hesabdarısan.

Mirzə Əliabbas

O sən dediyin ziyalılar dövlətli balalarıdır. Öz atalarının hesabına oxuyublar, mənə isə Kəblə Muxtar təqaüd verib oxutdurub. Əvəzində mən ona iki il xidmət eləməliyəm. Az məvaciblə, nökər kimi. Aldığım pul yeməyimi, paltarımı görmür.

Əyyub əmi

Belə de!..

Mirzə Əliabbas

Bəs necə, dövlətli hesabına oxumaq da bir kişilik deyil, adam heçə çevrilir.

Əyyub əmi

İçkiyə o qədər güc vermə, Əliabbas, sonra tamam heç olarsan.

Mirzə Əliabbas

Mənim eşqim, ümidim, təsəllim yalnız içkidir, onu əlimdən alsalar bir dəqiqə yaşaya bilmərəm. Ora bax, ora, Əyyub, bu aciz qulun ağası təşrif gətirir.

Əyyub əmi

Mən gedim.

Mirzə Əliabbas

Getmə, dayan, tanış ol, ağzın dada gəlsin.

Əyyub əmi

Yox, Kəbleyi dadına baxmağa iştahım yoxdur.

Gedir. Kəblə Muxtar ilə Rəcəb gəlirlər.

Kəblə Muxtar

Mirzə Əliabbas, buradasan?

Mirzə Əliabbas

Əmr elədiyiniz kimi, Kəbleyi!

Kəblə Muxtar (Rəcəbə)

A gədə, bu pula (cibindən pul çıxarır) böyük, bir dəstə gül al. Yox, bir dəstə yox, iki dəstə. Qonağımız ikidir. (Rəcəb getmək istəyir) Adə, o saat qaçma, gör nə deyirəm. Gözlə aldatmasınlar səni, hamısı qızılgül olsun, qırmızı, bir də sarı... Necədir, Mirzə Əliabbas?!

Mirzə Əliabbas

Sarı-nifrət nişanəsidir. Qırmızı da... Kəbleyi, özün bilirsən ki, qırmızılar bu saat nə həngamə çıxarırlar.

Kəblə Muxtar

Düzdür, sarı da yaramaz, qırmızı da. Ağ gül... Tez, ağ gül al, gətir.

Mirzə Əliabbas

Ağ gül gənc qızlara məxsusdur, onu ya toyda təqdim eləyərlər, ya da ki, yasda. Bu cür tacirləri ağ gül ilə qarşılamazlar.

Kəblə Muxtar

Sən bütün rəngləri heçə çıxartdın, bəs neyləyək?

Rəcəb

Bu tində kağız güllər satırlar, rəngbərəng...

Kəblə Muxtar (Mirzə Əliabbasa)

Necədir?

Mirzə Əliabbas

Vəhşiliyin ən dəhşətli şəkli.

Kəblə Muxtar

Sənin mədəniyyətin məni lap xirtdəyə yığdı. (Rəcəbə) Pulları bura ver. Dədə-babamız qonaq qabağına gül ilə çıxmayıb ki? (Pulları Rəcəbdən alır)

Mirzə Əliabbas

İnciyərlər.

Kəblə Muxtar

İnciyərlər, əncir ağacına çıxarlar. Axşam quzu kababını verərəm dəmlərinə, yadlarından çıxar.

Mirzə Əliabbas (sevincək)

Quzu kababı? Xanımın nişanına onları da dəvət edəcəksiniz?

Kəblə Muxtar

Əlbəttə, çoxlarının paxıllıqdan gözləri çıxacaq, (Rəcəbə) adə, get dayan lap o qabaqda, gəmi görünəndə xəbər ver. (Rəcəb gedir) Hə, Mirzə Əliabbas, de görüm nə fikirləşirsən?

Mirzə Əliabbas

Fikrim odur ki, o cür möhtərəm şəxsiyyətlər olan məclisdə gərək ən bahalı şərablar olsun.

Kəblə Muxtar

Onu demirəm ey, baş işlət görək, bu gələnlər kim olar?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 мин
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 мин
Yeni il hədiyyəsi

Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

8 мин
Cənnət xuliqanı

Proloq*– Sevil gəlmədi.

196024 мин

Стихи других поэтов