Страница 1 из 4

I

Tətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

– Saraydan fəhlələrə çarə olmaz!

– Azadlıq verilməz, alınar!

Keşiş Qaponun riyakar sözünə və çarın mərhəmətinə inanmış fəhlələr arasında tərəddüd və həyəcan doğdu. Bir neçə nəfər ucadan bağırdı:

– Qovun bu dinsizləri!..

– Qovun bu üsyançı şeytanları!

Kütlə irəliyə doğru dalğalandı. Bir az sonra sarayın yaxınlığında durub çardan cavab gözlədilər. Mərhəmət umduqları saray onlara yaylım atəşi ilə cavab verdi. Minlərcə günahsız fəhlə qanına qəltan oldu. Bu atəş səsi bütün Rusiyaya yayıldı. Hətta məğrur, dik başlarını göylərdəki buludlara dayamış Qafqaz dağlarını belə aşıb onun ən qüvvətli dalğası Azərbaycanın fəhlə mərkəzi olan Bakı neft rayonlarını bürüdü. Hər yerdə çarın və xaçın qanlı mərhəmətini görmüş və anlamış fəhlələr bütün qüvvəti ilə inqilaba sarıldı. Sürətlə coşub-daşmaqda olan inqilab kəndlilər üzərində də böyük təsir buraxdı. Hər yerdə kəndli hərəkatı genişləndi, bütün Rusiyanı bürüdü, mülkədar əmlakı zəbt olunmağa başladı. Çar, inqilab şöləsini söndürmək məqsədi ilə məclisi-məbusan layihəsini nəşr etdi. Layihədə məclis üzvlərinə yalnız iştirak hüququ verilir, fəhlələr seçki hüququndan məhrum edilirdi. Bolşeviklərin Mərkəzi Komitəsi seçkini və məclisi-məbusanı boykot etdi.


Fəhlələr fəhlə qışlası həyətinin qapısı ağzında topa-topa durub bu haqda danışırdılar. Ucaboy, skelet kimi quru olan Vanya yumruğunu havada oynadaraq:

– Bəsdir, biz bu aclığa, qıtlığa son verməliyik, – deyirdi, – bizə heç bir faydası olmayan müharibələr açan, ölkələrin həyat damarını soran çar hökumətini kökündən devirmək lazımdır!

Onun kimi arıq, ortaboylu sarışın bir fəhlə:

– Ey, Vanya, sən həmişə tərs danışırsan, – deyirdi, – vəziyyətin belə ağır zamanında sən bizi hara çəkirsən?

– Acından it kimi gəbərməkdənsə, namusla düşmənlə çarpışıb ölməyə!

– Vətənin bu vaxtında bizi də üsyanamı çağırırsan?

– Bunu ancaq vətənin xain və namussuz oğulları edər!

– Ey Petka, mən sizi yaxşı tanıyıram. Namusdan hər kim danışsa, siz danışmayın! Mən sizi üsyana yox, inqilaba çağırıram. Bu müharibədən biz nə qazandıq? Torpağımızmı azdır? Bu biabırçı məğlubiyyət çar üsuli-idarəsinin nə qədər çürük və yaramaz olduğunu isbat etməyirmi? Bu qanlı müharibə üzündən pullar dağıldı, çalışqan, işlək əllər səfərbərliyə alınıb müharibədə məhv oldu; təsərrüfat tamamilə pozuldu; ərzaq birə iki bahalandı; xalq içinə aclıq və xəstəlik yayıldı. Məmləkət aclıq və ehtiyac içində çırpınır. Bunu hökumət görə-görə bu fəlakətin qarşısını almaq əvəzinə gündən-günə xəfiyyələrini artırır, xalqı süngü və qorxu altında saxlamağa çalışır. Bax, budur müdafiə etdiyin vətən və onu əlində oyuncaq edən hökumət! Bax, budur xainlik və namussuzluq! Çarın və burjuaziyanın quyruğunda sürünən monarxistlərin nə qədər namuslu olduğu meydandadır. Siz namusdan heç bir zaman danışmayın! Namuslu oğullar vətənimizi və xalqımızı bu azğın canavarın qanlı pəncəsindən qurtarmağa çalışar!

Fəhlələr Vanyanın sözünü təsdiq etdilər. Araz özünü saxlaya bilməyib gurlayan səslə söhbətə qarışdı:

– Vanya doğru deyir, çox doğru deyir. Mən bu petkalara təəccüb edirəm. Bunlar çarın nəyinə aşiqdir? Proletariat bu azğın çarın, o xain kadetlərin gözünə ox kimi batdığı və onu bütün vətəndaşlıq hüququndan məhrum edib heyvan kimi yaşatdığı halda, bunlar yenə burjuaziyanı, onun hamisi olan çarı dördəlli tutmaq istəyir. Bu riyakarlıq deyilmi? Sizcə namus bu isə, bizə lazım deyil! Qoy o riyakar namus sizin olsun!

Petka dodaqaltı mırıldandı:

– Əlbəttə, Vanya kimi vətən xainlərinin sözü siz müsəlmanlar üçün əlverişlidir. Siz nə itirirsiniz?!

Bunu eşidincə Araz barıt kimi partladı:

– Ey Petka, sən dodaqaltı çox mırıldanma, sözün var, kişi kimi açıq söylə. Bilirəm, sən demək istəyirsən ki, bu azğın çarın yırtıcı pəncəsi altında inləyən bədbəxt ölkələr müstəmləkəmizdir. Ona görə də əhalisini gecə-gündüz heyvan kimi işlətmək, özünü inək kimi sağıb bütün məhsulat və istehsalatını daşımaq bizim haqqımızdır. Hanı? Bəs neçin sən və sənin kimi kəndini, torpağını atıb başqa ölkələrə dağılan ruslar da mənim kimi acdır?! Sən bunu heç düşünürsənmi? Xalqlar düşməni olan siz monarxistlərin kəlləsini sıldırım qayalara çırpa-çırpa bu murdar fikirləri başlardan çıxarmalıyıq.

Qriqor gülə-gülə əlini onun çiyninə vurdu:

– Haqqın var Araz, bunların dar beyninə bizim geniş mənada düşündüyümüz vətən kəlməsi sığa bilməz! Xalq düşmənləri olan bu millətçi ruslar başqa xalqlara təhkimçilik dövründə yaşayan kölə kimi baxır. Onlar bizim sıralarımızda olan şüursuzları da öz təsirləri altına almışlar. Görmürsən ac Petka özünün də kölə olduğunu düşünüb anlamır.

– Bir buna bax, acından sapsarı saralıb, bizim ac bəylər kimi fikrindən ağalıq keçir, – deyə Araz fikirlərini davam etdirdi. – Quru xülyadan insanın qarnı doymaz!

Qriqor:

– Bu sözlərin heç biri onun başına girmədi. Qoy bir az düşünsün.

– Hələ bizim içimizdə öz gücünə inanmayan, simasını itirmiş belə fəhlələr az deyil, – deyə Vanya üzünü Araza tutub təzədən söhbətə qarışdı. – Bunlara öz sinfini, dost-düşmənini tanıtmaq bizdən nə qədər iradə, səbir və mətanət istəyir. Bax, təşkilatın qarşısında belə mühüm məsələlər durur.

Sərkis əlində qəzet fəhlələrə yanaşdı:

– Yoldaşlar, yeni xəbəri eşitmisinizmi? Çar canını dişinə tutub məclisi-müəsisan layihəsini nəşr edib. Layihədə biz fəhlələrə seçki hüququ verilmir.

Vanya qəzeti acıqla dartıb Petkanın üstünə atdı:

– Buyur, Petka, buyur, bu da sənin sevimli və mərhəmətli çarın! O səni insan yerinə qoymayıb hər bir hüquqdan məhrum edir, sən onu dördəlli tutursan.

– O bizi suyu kəsilmiş dəyirmana döndərdi, yenə əl çəkmir.

– Mərkəzi Komitə bu seçkini və məclisi, şübhəsiz, baykot edəcək. Firqəmizin götürdüyü əsas xətt çox doğrudur: inqilabı dərinləşdirmək, sinfi mübarizəni kəskinləşdirmək, fəhlə və kəndli birliyi ilə çarlığı kökündən yıxıb dağıtmaq.

– Yaşasın inqilab!..

Yığıncağa toplanan fəhlələr get-gedə çoxalırdı. Bundan xəbər tutan menşeviklər də öz nümayəndələrini və tərəfdarlarını yığıncağa göndərmişdilər. Menşevik nümayəndələri iqtisadi tələblərlə kifayətlənməyi, burjuaziya ilə əlbir hərəkət etməyi tələb edirdilər. Çıxış edən fəhlələrin çoxu onların bu fikirlərini tənqid edir, bolşeviklərin xətt-hərəkətini müdafiə edirdilər.

Vanya ondan qabaq çıxış edən və fəhlələr arasında həmişə menşevik fikirləri yayan İmranı tənqid etdikdən sonra dedi:

– Biz acından ölsək də inqilabı axıra qədər davam etdirməliyik. mütləqiyyəti yıxmayınca proletariata, xalqlara azadlıq, həyat və səadət yoxdur. Çar bizi müharibə zamanı qurşun qabağına göndərir, dinclik vaxtı acından öldürür.

Araz onun sözünü kəsərək:

– Menşeviklərin ikiüzlü siyasəti bizi aldada bilməz! – dedi. – Onlar çarın ikibaşlı qartalına bənzəyir. Ancaq bir fərqi var: onun hər iki başı bir-birinə bənzədiyi halda, bunların bir-birlərinə bənzəməyən iki başı, iki qəlbi var. Həm proletariatı əldə tutmaq, həm də çar və çar quyruqları ilə yollaşmaq istəyir. Bu ikiüzlü siyasət proletariatın davam etdirdiyi inqilaba böyük zərbə deyilmi?

Arazın sözləri İmranı bərk əsəbiləşdirdi:

– Ey, bura bax, özündən çox çıxırsan, – deyə o tərs-tərs Araza baxdı. – Biz hələ qatıq kimi uyuşmaqda olan proletariatı çarın qurşunlarına qurban verə bilmərik. Bizim üçün hər bir proletariat qiymətlidir.

Vanya əli ilə İmranı sakit edərək, sözünə davam etdi:

– İmran, bilirəm, səni menşeviklərə sarı çəkən onların yağlı dili, yalan vədləridir. Onlar dənizdə qopan fırtınadan qorxub sahillərə sığınan, kiçik dalğacıqlarla oynayan qorxaq şamayı balıqları kimidir. İnqilab dənizinin dərinliklərinə cummaq üçün nəhəng gərəkdir, nəhəng!

Yığıncaqdakı menşeviklərdən biri kinayə ilə:

– Çox öyünməyin, sizin də necə nəhəng olduğunuzu bilirik! – deyə qışqırdı.

Bir başqası isə Vanyaya belə cavab verdi:

– Biz inqilabın tədriclə inkişaf etməsi tərəfdarıyıq. Sizin kimi kal meyvəni ağacdan silkələyib yerə tökmürük.

– Sizin üçün meyvələr həmişə kaldır. Bunlar bəhanədir. Qorxaqsınız, qorxaq. Siz proletar inqilabına əngəl olursunuz. İnqilab hər tərəfə qol-budaq atıb canlandığı bir vaxtda siz zalım bir cəllad kimi onun sağlam qollarını kəsib, çılpaq buraxmaq istəyirsiniz. Siz proletariatın üzdə dostu, ürəkdə düşmənisiniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Meşə gözətçisi

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.

195412 мин
Pioner düşərgəsində

Yay tətili yenicə başlamışdı. İçərisi sevinclərlə aşıb-daşan, boyunları qırmızı qalstukla bəzənmiş pionerlərlə dolu avtobus düşərgənin qapısı qarşısında dayandıqda elə bir qurbağa gölünə bir daş atdılar. Uşaqlar intizar içində gözləyirdilər ki, birdən şofer çox uzun davam edən bir fit verdi. Fitin verilməsi ilə qapının açılması bir oldu. Qapıya qoca bağban Salman dayı çıxmışdı. Həmişəki kimi bu dəfə də o öz kiçik dostlarını qızğın bir məhəbbətlə qarşıladı. Keçən il yay tətilini həmin düşərgədə keçirmiş Azər yaşıl bağı, bostanı, becərilmiş çiçəkliyi quş baxışı ilə süzərək:– Qocalar demişkən, Salman dayı bağı yenə cənnətə döndəribdir, – dedi.

195512 мин
Layla

Layla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!

19061 мин
Dovşan

Dovşana bax, dovşana,Dovşan qaçdı bostana,

19061 мин

Стихи других поэтов