Dördüncü fəsil
Страница 2 из 4 · 25%
Vanya ona bir şey sezdirməmək üçün təbii bir səslə:
– Bu məsələ bütün fəhlələri düşündürür. Əvvəllər arabir gizli yığıncaqlarımız olurdu. İndi tamamilə susmuş kimidir. Yəqin rəhbərlər fəhlələri qırğına verməkdən qorxur. Əlbəttə, çar qazağı, çar polisi ancaq çar məmurlarını tanıyır, onlar əmr quludur. Nə əmr etsələr ona itaət edirlər. Ona görə də hökumətə qarşı üsyan etmək zənn etdiyimiz qədər asan deyil, ehtiyatlı olmaq lazımdır. Biz bu gün ancaq vəziyyətimizin yaxşılaşmasını tələb edə bilərik, – dedi.
Bu sözlər Mişanı tamamilə qane etdi. Bir az söhbət etdikdən sonra ayrılıb getdi.
Vanya əli ilə Arazın qoluna vurub:
– Dostuna yaxşı azdırma verdimmi? – deyə soruşdu.
Araz gülümsəyərək:
– Azdırmanı yaxşı verdin. Ancaq sən ona harda iş tapacaqsan?
Vanya onun fikrini anlayıb:
– Bilirəm sən nə deyirsən. Ona Şəmsinin mədənində iş tapacağam. O mədən tamamilə bizim tərəfimizdədir. Qorxma, üstündə otuz göz qoyacağam. O hələlik bizə lazımdır, çünki belə azdırmalarla biz ondan çox istifadə edə bilərik.
– Mən sənin bu fikrinlə tamamilə şərikəm. Bu gün mən də ona belə azdırmalardan vermişəm – deyə Araz Vanyanın fikrini təsdiq etdi. Sonra Araz Mişa ilə aralarında olan söhbəti olduğu kimi Vanyaya danışdı. Axırda isə dedi:
– Montaşevin mədənində daşnaqlar arasında təbliğat apardıqdan sonra onlara da belə bir təklif etmişdir. Dünən mənə Qriqor dedi.
Vanyanın halı və rəngi dəyişdi. Birdən-birə dayanıb hiddətli səslə:
– Tfu, alçaq, – deyə bağırdı.
Sonra Arazdan soruşdu:
– Sən hansı dəstədə manqabaşısan?
– Üçüncü dəstədə.
– Mən dördüncü dəstədə. Demək hələlik beş dəstəmiz var.
– Beş nə üçün? Bibiheybət rayonunda da iki. Hamısı yeddi dəstədir. Hər dəstədə 50 nəfərdən 350 nəfərə kimi əli silahlı fəhlə var. Rus, erməni və müsəlman fəhlələrindən təşkil edilmiş bu dəstələr neft rayonlarında iki xalq arasında salınan ədavətin qarşısını ala biləcək. Ancaq şəhərə əlimiz çatmır. Ora da kömək edə bilsəydik.
Vanya:
– Təşkilat şəhərdə də ciddi tədbirlər görmüş və görməkdədir. Sən Mişanın vəd etdiyi silahları tezliklə əldə etməyə çalış. Donuzdan bir tük də qənimətdir. Bu silahların bizə böyük köməyi dəyəcəkdir. Mənsə indi Azad yoldaşla görüşməli, onu məsələdən xəbərdar etməli və göstərişlər almalıyam. Hələlik sağ ol, ayıq ol, Mişanı gözdən qoyma.
II
Fəhlələr qum üstündə toplanıb danışırdılar. Qriqor alnının tərini silə-silə onlara yaxınlaşdı. Yoldaşları onu yorğun-arğın görüb soruşdular:
– Hardan gəlirsən, Qriqor?
Qriqor başından furajkasını götürüb:
– Şəhərdən... Kaş getməyəydim, daşnaqlar qoçu Ağarzanı öldürdülər, bunun axırı yaxşı görünmür, – deyə əlinin tərsi ilə üzünün tərini sildi.
Araz onun ətəyindən çəkib:
– Otur, danış, səndə xəbər var, – dedi.
Qriqor oturub, gördüklərini nağıl etməyə başladı:
– Qoy sizə əhvalatı təfsilatı ilə söyləyim. Deyirlər ki, qoçu Ağarza bir erməni qadını ilə yaşayırmış. Qadın olduqca gözəlmiş. Öz ərini sevmədiyinə görə gecə yatdığı yerdə Ağarza ilə birlikdə onu öldürür. Bu hadisədən daşnaq nümayəndələri xəbər tutub Ağarzanı öldürtməyə qərar verirlər. Bu gün, bazar günü daşnaqlar kilsə ayinindən sonra dəstə-dəstə küçəyə çıxarkən təsadüfən Ağarza da o küçədən keçirmiş. Ağarzanı görən kimi onlar hər tərəfdən hücum etmiş və onu öldürmüşlər.
– Onu öldürənləri sən özün də gördünmü? – deyə Araz maraq və həyəcanla soruşdu.
– Mən Parapetdə oturub, erməni tanışlarımdan biri ilə söhbət edirdim. Birdən atışma qopdu, həyəcan içində hərə bir tərəfə qaçmağa başladı. Atışma davam edirdi. Bunun nə olduğunu heç kəs bilmirdi. Gördüm adamlar erməni kilsəsi tərəfə axır, mən də getdim. Kilsədən çıxan daşnaqlar fayton yanında yerə yıxılmış bir meyitə yanaşıb tapançalarının güllələrini onun başına boşaldır, heç bir şey olmamış kimi uzaqlaşıb gedirdilər. Mən bir nəfərdən öldürülənin kim olduğunu soruşdum. O, mənə “Qoçu Ağarzadır” – deyə cavab verdi. Meyitə azından əlli güllə vurulmuşdu. Canında sağ yeri qalmamışdı. Bu hadisənin çox pis nəticə verəcəyini bildiyim üçün onu ətraflı öyrənmək istədim. Deyirlər Ağarzanın qardaşları meyiti soyundurub açıq bir arabada küçələri gəzdirə-gəzdirə: “Ay müsəlmanlar, bir görün ermənilər bizim qardaşımızı necə öldürüblər!” – deyə xalqı ermənilərə qarşı qaldırmağa çalışırlar.
– Bu işə polis qarışmırdımı?
– Polis nəfərləri sevindiklərindən küçələrdə bığlarını eşirdilər. Bu fitnəni törədən elə hökumətin özüdür! Bunun axırı yaman olacaq. Bir tərəfdən hökumət, bir tərəfdən də bizim burjuylar, qoçular bunu şişirib gör bir nə fitnə çıxaracaqlar. Arada hər iki tərəfdən yenə əlsizayaqsız adamlar tələf olacaq.
Araz axşama qədər yoldaşları ilə dərdləşdi. Bu hadisə ona çox təsir etmişdi. O, Vanyanın yolunu çox gözlədi, lakin Vanya gəlib çıxmadı. Araz axşamüstü yorğun və pərişan halda evə qayıtdı.
Son günlər evə gec-gec gəldiyi, həmişə fikirli və pərişan olduğu üçün Günəş onu xeyli məzəmmət etdi:
– Yenə evdə-eşikdə tapılmırsan. Bu təşkilat sənin başına təzədən bir bəla açmasa yaxşıdır.
Araz:
– Sən mənim işlərimə qarışma, – dedi, – kişinin başı qalda gərək.
Araz o gün bərk yorğun idi. Yemək yedikdən sonra uzanıb yatdı. Gecəyarısı Günəş onu oyadıb:
– Qalx, qalx, səni qapıda çağırırlar – dedi. Araz yuxulu gözlərini ovuşdurub:
– Kimdir? – deyə soruşdu.
Günəş:
– Sənin dostun urusdur, gör nə deyir.
Araz yataqdan qalxıb tez qapıya yüyürdü. Mişanı görüncə:
– Ədə, Mişa, sənsən? Gecə vaxtı xeyir olsun, nə var? – deyə soruşdu.
Mişa yavaşca:
– Tüfəngləri gətirmişəm. İki yüz vədə vermişdim, yüz əlli tüfəng ala bildim, – deyə onun üzünə baxdı.
Araz başını qapıdan çıxarıb baxdı. Qapı ağzında yüklü bir araba durmuşdu. Mişa onun qolundan tutub çəkdi:
– Gəl, gəl, tez ol arabanı boşalt! Ancaq sən bunları hara qoyacaqsan?
Araz arabaya yaxınlaşıb:
– Sən qorxma, incir ağacının altına yığacağam. Səhərə qədər ona əncam çəkərəm. Arabanı içəri çək! – deyə böyük darvazanı açdı. Arabanı həyətə çəkdilər. Böyük brezenti üstündən götürüb tüfəngləri və patronları incil ağacının altına yığdılar. Mişanın rəngi qaçmış, qorxudan əl-ayağı titrəyirdi. Araba həyətdən çıxarkən Arazın əllərini əlləri içində tutub:
– Dostum, amandır, çox ehtiyatlı ol! Məni işə salsan, sonra özün bil! – dedi.
Araz əli ilə onun arxasına vuraraq:
– Qorxaq olma, arxayın ol! – dedi.
Mişa arabaya atılıb getdi. Araz tüfənglərin yanında oturub onları tez başdan etməyi düşünürdü. Günəş yatmamışdı. O hər şeyi görür, hər şeyi bilirdi. O indi qapı ağzında durub qaranlıqda zor-güc seçə bildiyi Araza baxırdı. Onun nə düşündüyünü anlamışdı. Yavaşca:
– Araz, Araz! – deyə çağırdı.
Araz qaranlıqda ona yaxınlaşınca:
– Bura bax, onları evin enli böyük taxçasının dal tərəfindən yığmaq olar. Mən də qabağından yorğan-döşəyi yığaram. Heç görünməz, – dedi. Araz, Günəşin məsləhətini çox bəyəndi.
– Ay qoçaq arvad, bu hardan sənin fikrinə gəldi? Bax, həmişə belə qoçaq və iradəli ol! – dedi.
Günəş taxçanı boşaltdı. Tüfəngləri qucaq-qucaq daşıyıb taxçanın arxa tərəfindən bir-birinin üstünə səliqə ilə yığdılar. Taxça doldu. Qırx tüfəng yerdə qalmışdı. Onları harda gizlətməyi düşünərkən, zehnində bir fikir doğdu. Araz tez həyətə yüyürdü. Qapını açıb uzaqlara baxdıqdan sonra evə tərəf yüyürdü. Patron qutusunun üst taxtasını aslan pəncəsi ilə qoparıb açdı. Cibini güllə ilə doldurdu. Tüfənglərdən birini götürüb həyətdən çıxmaq istərkən onu diqqətlə təqib edən Günəş birdən-birə yaxasından tutub:
– Ey, bu gecəyarısı hara gedirsən? Səni təkbaşına qoymaram, – deyə geri çəkdi. Araz üç-dörd addım geri oturdu. Günəş hələ onun yaxasını əlindən buraxmamışdı. Sağ əli ilə möhkəm tutub:
– Tüfəngi yerə qoy, gülləni cibindən çıxar; gəl get, yat, səni təkbaşına bu gecəyarısı buraxmayacağam! – dedi.
Araz:
– Burax, Günəş, bu saat qayıdıram – deyə öz yaxasını Günəşin əlindən çıxartmaq istədikdə yaxında ayaq tappıltısı və danışıq səsi eşidildi. Araz səs gələn tərəfə qulaq asdı. Kimsə deyirdi:
– Bu zaman onu yuxudan oyatmaq çətin olacaq. O birisi deyirdi:
– Çarə yoxdur, hər necə olsa oyatmaq lazımdır.
Araz:
– Ey, kimsiniz? – deyə ucadan qışqırdı.
Vanya onu səsindən tanıyıb:
– Oyaqsan? Tez ol, gəl! – deyə ona yaxınlaşdılar.
Qriqor hamısından əvvəl:
– Tez ol Araz, daşnaqların əlindən tüfəngləri almaq lazımdır. Arabanı dayandırmışıq, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение