Üçüncü fəsil
Страница 1 из 7
I
1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.
Bu illər bütün Rusiyada olduğu kimi, Bakıda da bolşevik partiyasının sıraları sınanmış inqilabçı fəhlələr hesabına genişlənmiş, bir-birinin ardınca əzəmətli nümayişlər, tətillər keçirilməyə başlamışdı. 1904-cü ilin dekabrında keçirilən tətildə fəhlələrin böyük qələbə qazanması, onları gələcək mübarizəyə həvəsləndirmiş, qələbəyə inamı artırmışdı.
Bu dəfə də Bakı Komitəsi neft mədənlərinin tətil etməsini qərara almış və bu işə rəhbərlik etmək üçün Azad yoldaşa bir neçə mühüm tapşırıq verilmişdi. Ala-qaranlıqdan bir-bir, iki-iki gələn fəhlələr Şorgöl ətrafında birləşir, bir-birindən aralı topa-topa oturub, söhbət edirdilər. Saat 7-də mitinq başlandı. Mitinqdə azərbaycanlı fəhlələrin çoxluq təşkil etməsi tətil rəhbərlərini olduqca sevindirirdi. İnqilab rəhbərləri və fəhlələr odlu, həyəcanlı nitqlər söylədilər. Bakı partiya təşkilatının ümumi tətil haqqında çıxarmış olduğu qərar maddə-maddə oxunub, fəhlələr tərəfindən müzakirə və təsdiq edildi. Sabah Stepan Razin təpəsinə yığışıb, oradan mütəşəkkil surətdə nümayişə çıxmağa qərar verildi. Hökumət məmurlarını azdırmaq məqsədilə o gün fasilə ilə bütün mədənlərdə fit çalınması qərara alınmışdı. Fəhlə tətilindən xəbər tutan polis, atlı kazaklar hər tərəfə baş soxur, ancaq fəhlə yığıncağının yerini tapa bilmirdilər. Yığıncağın birinci fit çalınan yerdə olduğunu zənn edən atlı kazak və polislər mədəni dörd tərəfdən bürüdülər, lakin yığıncaqdan bir əsər görmədilər. Bu zaman başqa mədəndə fit həyəcanlı bir səslə çalmağa başladı. Bir anda kazaklar və polis nəfərləri həmin mədəni üzük qaşı kimi araya aldı. Bu dəfə də yığıncağın yeri müəyyən edilə bilmədi. Düşməni azdıran bu fitlər o gün kazakları və polisləri hey ora-bura qaçmağa məcbur etdi. Lakin yığıncağın harada keçirildiyi yalnız saat birdə fəhlələr Marselyoza oxuya-oxuya Şorgöl dərəsindən qayıtdıqları zaman məlum oldu.
Sabahı gün fəhlələr mütəşəkkil surətdə Stepan Razin təpəsinə toplaşdılar. Orada yenidən mitinq başlandı. Mitinq iştirakçıları nümayiş üçün oradan hərəkət etmək istərkən, kazak dəstəsi onları araya aldı. Kazak zabitləri fəhlələrə dağılışmağı əmr etdi, lakin onlara əhəmiyyət verən olmadı. Kazaklar hücuma keçərək, fəhlələri tüfəng qundağı və şallaqla vurub dağıtmağa başladılar. Fəhlələr inad edib müqavimət göstərir, arabir kazakları daşa basırdılar. Kazaklar fəhlələrin başları üzərindən yaylım atəşi açdılar, sonra da fəhlələri öz atlarının qabağına qatıb, nümayiş sıralarını dağıtmaq istədilər. Bir kazak zabiti Vanyanı yaxaladı. Vanya onun əlindən dartınıb qaçmaq istərkən, kazak tüfənginin qundağı ilə onun çiynindən elə vurdu ki, o üzüqoylu yerə sərildi. Bu zaman Mişa özünü onun yanına yetirib, qolundan tutaraq yerdən qaldırmaq istədi. Zabit atını Vanyaya tərəf sürüb, tüfənginin qundağı ilə onu yenə vurmaq istədi. Uzaqdan bunu görən Araz özünü saxlaya bilmədi. O, qaçıb gələrək zabitin tüfənginin qundağından yapışdı. Kazak tüfəngi özünə tərəf çəkərkən Araz tüfəngi onun əlindən özünə tərəf elə bərk çəkdi ki, zabit atdan yuvarlanıb yerə sərildi, başı qarpız kimi partladı. Araz tüfəngi yerə atıb, fəhlələrə qarışdı.
O gün nümayiş rəhbərlərindən bir neçəsi polis tərəfindən həbs edildi.
İki gün sonra Arazın qapısı ağzında bir araba dayandı. Üç nəfər polis arabadan düşüb, həyətə girdi. Araz həyətdə əncir ağacı altında yenicə uzanıb yatmışdı. Onu oyadıb, həbs edildiyini bildirdilər. Araz geyinib polislərlə getməyə hazırlaşırdı ki, Günəş onun qabağını kəsdi.
– Mən arvadlığımla bunların hər üçünü şil-kut edib yola salaram, sən bunların qabağına düşüb hara gedirsən? – deyə həsrət və heyrətlə Araza baxdı.
Araz cavab verməyib, polislərlə birlikdə qapıdan çıxdı.
Araba karvansara kimi geniş bir həyətə girdi. Onlar arabadan düşüb, həyətin sol tərəfində yerləşən kiçik qapını açaraq, böyük bir zala daxil oldular.
Otaqda yeddi-səkkiz yazı stolu qoyulmuşdu. Stolların arxasında müxtəlif rütbəli polis məmurları oturmuşdu. Arazı gətirən polislərdən biri stol başında oturan şişman bir məmura yaxınlaşıb, nə isə soruşdu, sonra üstündə “Naçalnik” yazılı lövhə olan bir qapını açıb içəri girdi.
Araz dərhal buranın cinayət polis idarəsi olduğunu bildi. O bir neçə polis nəfərinin bir gənc tələbəni necə sorğu-suala tutduğuna qulaq asır, aralarında gedən danışıqları eşitməyə çalışırdı. Tələbə çox təmkinlə cavab verir, üstünə yıxmaq istədikləri cinayəti boynuna almaq istəmirdi. Bu zaman qapı açıldı, Arazı bura gətirən ucaboy, arıq polis pörtmüş bir halda oradan çıxıb, əli ilə işarə edərək, Arazı içəriyə, naçalnikin yanına apardı. Naçalnik nəzakətlə:
– Buyurun, buyurun! – deyə, Araza yer göstərdi.
Araz oturdu. Naçalnik əvvəlki vəziyyətini pozmayaraq sözə başladı:
– Bağışlayın, zəhmət verdik, sizdən bir neçə şey soruşacağam. Ümidvaram ki, cavab verməkdən boyun qaçırmazsınız?
Araz dinmədi. Naçalnik:
– Siz hansı mədəndə işləyirsiniz? – deyə soruşdu.
– Sabunçuda, Qasım bəyin mədənində.
– Çox gözəl. Adınız nədir?
– Araz.
– Çoxdanmı mədəndə işləyirsiniz?
– On beş yaşından işləyirəm.
Naçalnik ayağa qalxıb, bir qədər ona yaxınlaşaraq:
– Elə siz bu işdə mənə kömək edə biləcəksiniz, – dedi. – Deyin görüm, o günkü tətilə rəhbərlik edənləri tanıyırsınızmı?
– Tanımıram.
– Nümayişdə nitq söyləyənləri necə?
– Orada hamı danışırdı. Bəzilərini sifətdən tanıyıramsa da, adlarını bilmirəm.
Yaxşı, heç olmazsa kazaklar hücum etdiyi zaman nitq söyləyən adamın kim olduğunu deyə bilərsinizmi?
– Yadımda deyil, bir də o zaman mitinq dağılmışdı.
– Bəs o zaman siz harada idiniz?
– Fəhlələrin arasında.
Naçalnik ciddi vəziyyət alaraq:
– Kazaklarla fəhlələr arasındakı toqquşmaya dair nə deyə bilərsiniz?
– Fəhlələr vuruşmaq fikrində deyildilər. Onların silahı yox idi.
– Kazaklardan, fəhlələrdən ölən və ya yaralanan oldumu? Onları tanıyırsınızmı?
– Mən ancaq dünən eşitdim ki, bir kazak atından yıxılıb ölmüşdür.
– Bunu sizə kim dedi?
– Kazakın ölüsünü aparanda görüblər. Adamlar danışırdılar.
– Kazak atdan yıxılanda siz onu gördünüzmü?
– Yox, mən görmədim.
– Bəs kim görmüşdür?
– Bilmirəm.
– Deyirlər siz görmüşsünüz.
– Yox, görməmişəm. Mən bu xəbəri ancaq dünən eşitdim.
Naçalnik qaşlarını çataraq zəngi basdı. Həmin ucaboy, arıq polis içəri girdi. Naçalnik əli ilə ona işarə edərək:
– Götürün bunu! – deyə əmr etdi.
Polis Arazı həyətə çıxararaq, oradakı iki nəfər başqa polisə tapşırıb, başı ilə nə isə işarə etdi. Onlar Arazı müstəntiqin yanına gətirdilər. Müstəntiq acıqlı baxışlarla Arazı süzdükdən sonra:
– Hə, de görüm, ey qatil, kazak zabitini sən nə üçün öldürdün? – deyə soruşdu.
Araz etinasız durub cavab vermədi. Müstəntiq onun bu etinasızlığından hiddətlənərək, ağzı köpüklənə-köpüklənə:
– Ey, cavab ver, sən müstəntiq qarşısında hər suala cavab verməyə məcbursan! – deyə bağırdı.
Araz laqeyd bir tövrlə:
– Heç kim məni məcbur edə bilməz – dedi.
Müstəntiq daha bərk acıqlandı, əlini stola çırparaq:
– Mən səni məcbur edərəm! – deyə yenidən bağırdı.
Araz yenə cavab vermədi. Müstəntiq bir də əlini stola çırparaq, Arazı söyməyə, təhdid etməyə başladı. Araz əlini onun stolu üstündəki mürəkkəbqabına uzadaraq:
– Ağzını dağıtma, – dedi, – yoxsa bu mürəkkəbqabı ilə başını yararam. Svoluç da sənsən, svinya da sənsən, sukkinsin də.
Müstəntiq onun bu hərəkətindən heyrət edib, bir qədər çaşıb qaldıqdan sonra:
– Bu dəlidir, axmaqdır, nədir? Bilmir ki, müstəntiq qarşısında cavab verməlidir? – deyə bir nəfərdən soruşur kimi söyləndi. Araz cəsarətlə:
– Boş yerə zəhmət çəkməyin, mən sizə cavab verməyəcəyəm! – dedi.
Müstəntiq zəngi basdı. Arazı gətirən polis nəfərlərindən biri içəri girdi. Müstəntiq ona:
– Bu vəhşini sakit etmək lazımdır! – deyə əmr etdi.
Araz onun üstünə kükrəyərək:
– Vəhşi sənsən! – deyə var gücü ilə qışqırdı.
Polis nəfəri müstəntiqə təzim edərək:
– Ağa, mən onu sakit edərəm, ancaq yaman həyasız adamdır! – dedi.
Arazı həbsxanaya apardılar. O, həbsxana qapısından içəri girdikdə cinayət axtaran polis idarəsində naçalnikin qapısı ağzında rast gəldiyi gənci gördü. Onun yanında əli tüfəngli iki soldat durmuşdu. Elə bu vaxt həbsxana rəisi əlində bir kağız öz otağından çıxaraq, həmin gəncə yaxınlaşıb:
– Gəl! – deyə bağırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,