Üçüncü fəsil
Страница 3 из 7 · 29%
Bu zaman orta boylu xoşsimalı bir gənc içəri girdi. Araz onu görüncə tanıdı. Bu Arazın polis idarəsində rast gəldiyi tələbə idi. O, Arazı və onun oturduğu stolu şübhəli baxışlarla süzərək:
– Səni nə üçün buraya köçürmüşlər? – deyə soruşdu.
Araz ona tərəf gedə-gedə:
– Məni ümumi səyyar korpusa köçürmüşlər. Mən orada yaşayıram, – deyə cavab verdi.
– Yox, sən bizim korpusa keçməlisən. Kokla bu xüsusda danışmışam, gəl gedək! – deyə o cəld çıxdı.
Arazı siyasi korpusa köçürtdülər O, korpusun dəmir qapısından içəri girən kimi mədən partiya təşkilatının katibi Azad, Vanya, Qriqor və Mişa onu üzük qaşı kimi araya aldılar. Vanya onu qucaqlayıb öpdü:
– Araz, necəsən, biz hey səni düşünürdük, – dedi.
– Bir de görək, sənin başına nə oyun gətiriblər?
Araz başına gələnləri təfsilatı ilə danışdı. Azad əlini stola çırpıb:
– Alçaqlar, bu ağalıq çox sürməyəcək! – deyə bağırdı.
Bu zaman Azadın gur səsini eşidən qoca xidmətçi Andrey başını qapıdan içəri uzatdı. Bir qədər diqqətlə baxdıqdan sonra üzünü Azada tutdu. Arazı göstərərək:
– Görünür bu da sizdəndir, – dedi. – Bu yazığa çox əziyyət verdilər. O anbarda üç gündən artıq qalmaq olmaz, bu yazıq isə orda on gün qaldı. Eh, bu qanlı zindan nə qədər canlar yemiş, nə qədər insanlar çürütmüşdür! Sizin bu korpusa elə adamlar gəlib-gedibdir ki, insan kədərlənməyə bilmir. Nə üçün? Yoxsulları qaranlıq quyudan çıxarmaq istədikləri üçün.
Qoca Andrey sözünü qurtarmaq üçün yenə ətrafına baxdı, nə gördüsə, tez özünü toplayıb qapıdan uzaqlaşdı. O, məmurlardan kimi isə görmüşdü. Vanya cəld ayağa qalxıb, qapıya tərəf baxaraq:
– Sən bu qoca şeytana bax, bizdən söz almaq istəyir, – dedi. – Buranın rəisindən tutmuş qapıçısına qədər hamısı xəfiyyədir. Onlarla ehtiyatlı olmaq lazımdır!
Araz burada bir qədər rahat idi. Onlar hər gün gizli olaraq ümumi tətil və təşkilat haqqında məlumat alırdılar. Tətil və nümayişlər bütün qüvvəti ilə davam edir, həbsə alınan fəhlələrin və rəhbərlərin azad edilməsini tələb edirdi. Hətta bir-iki dəfə fəhlələr silaha da əl atmış, kazaklarla aralarında atışma da olmuşdu.
Tətilin müvəffəqiyyətlə davam etməsi siyasi korpusdakı dustaqları çox sevindirirdi. Tətil və silahlı çıxışlardan ruh almış siyasi dustaqlar başqa dustaqlar içində gizli təbliğat aparırdılar. Azad yoldaşın sözləri dustaqlara, bəzən qaçaqlara da çox təsir etdiyindən, ona qarşı böyük hörmət bəsləyirdilər. Hətta Dəli Xalıq, Qaçaq Məcid: “Buradan qaçdığımız gündən biz də sizinlə bərabər işləyəcəyik” – deyirdilər.
II
Həbsxana rəisi Kok arabir Mişanı çağırır, saatlarla kabinəsində danışdırırdı. Bu hadisə Azadı çox narahat edirdi. Bir gün yenə Kok Mişanı öz kabinəsinə çağırdı. Bir saat sonra korpusa döndüyü zaman Azad ondan soruşdu:
– Mişa, Kok səndən nə istəyir?
Mişa acı-acı gülümsəyərək:
– Quduz it adamdan nə istəyər, – deyə cavab verdi. – Bizim təşkilatda kimlərin olduğunu soruşur.
– Sən nə cavab verdin?
– Mən təşkilatda çalışmıram, ona görə də onun nə üzvlərini, nə də başçılarını tanımıram, – deyə cavab verdim.
Azad susdu.
İki gün sonra Kok Mişanı yenə çağırdı. Mişa getdi. O gün çox gözlədilər, ancaq qayıtmadı. Üç gün keçdi, yenə qayıtmadı. Mişa məsələsi bütün korpusu qəmgin etmişdi. Onu hara və nə üçün aparmışlar? Hamı bu barədə düşünürdü. Bu hadisə hər kəsdən çox Araza təsir etmişdi. O, acığından dil-dodağını çeynəyirdi.
Axşamüstü idi. Dustaqlar öz daş kimi bərk olan yataqlarında uzanmışdılar. Bu arada qapı yavaşca açıldı. Dustaqlardan bir neçəsi başını qaldırıb qapıya tərəf baxdı. Qoca Andrey qapı arasında dayanıb içərini dumanlı baxışlarla süzürdü. Gözləri Azada sataşınca əli ilə ona işarə edib yanına çağırdı. Azad dərhal yerindən qalxıb getdi. Qapı arxasında dörd-beş dəqiqə gizlin danışdılar. Oradan Dəli Xalıqın da səsi eşidilirdi. O da qoca Andreyin sözünü təsdiq edirdi.
Azad qayıtdı. Onun qaşları çatılmış, üz-gözü dumanlanmışdı. Hər kəs bir maraq içində böyük hadisə üz vermiş kimi gözlərini Azad yoldaşa dikmişdi.
– Nə var? Nə olub? – deyə dustaqlardan biri soruşdu. Azad sadəcə gülümsəyərək:
– Heç bir şey, özü haqqında danışırdı – deyə cavab verdi. Azadın bu cavabı hamını qane etdiyindən, yenə uzanıb rahatlanmağa başladılar. Azad da yerinə uzandı.
O çox narahat və əsəbi idi. İri qara gözlərini qapaqları içində gizləyərək gah sağ, gah sol böyrü üzərinə uzanır, gözlərinə yuxu getmirdi. Yatan yoldaşlarının xorultusu, fısıltısı otağı bürümüşdü. Tavandan asılmış kiçik elektrik lampasının sönük və sarımtraq işığı onların üzgözünə dağılmışdı. Əsəbi bir halda yerindən qalxdı. Otağın içində səssiz gəzə-gəzə yoldaşlarını bir-bir gözdən keçirdi. Onların belə sakit yatışı onun kədərlərini silib, qəlbinə bir az təsəlli verdi. Qəlbində “ey məzlum insanlar, yatın, heç olmasa gecələr bu vəhşi quruluşun acı qayğı və düşüncələrindən bir az dincəlin!” – dedi. O yenə yerinə uzandı, yenə qalxdı; müntəzir adamlar kimi gözlərini bir zaman qapıya dikib qaldı. Koridorda ayaq səsi eşidincə, tez qalxıb qapı tərəfə getdi, onun kim olduğunu bilmək üçün qulağını qapıya dayayıb durdu. Artıq dayana bilmədi, qapını əli ilə döyməyə başladı. Qapı arxasından keşikçi qaba və quru bir səslə:
– Kimsən, nə deyirsən? – deyə bağırdı.
– Mənəm, bayıra çıxmaq istəyirəm!
Qapıçı əvvəlki səslə:
– Yox, aça bilmərəm, gecə vaxtı eşiyə çıxmaq olmaz! – dedi.
Bu zaman qapı ağzında ayaq səsləri eşidildi. Kimsə:
– Növbətçi, aç qapını, burada bir nəfərlə görüşəcəyəm – dedi.
Keşikçi ona:
– Yox, gecə vaxtı qapı açılmaz, bilsələr mənim atamı yandırarlar, – deyə cavab verdi.
Azad diqqətlə dinləyib qapı ağzındakı adamı səsindən tanıdı. Əli ilə qapını yavaşca vurub:
– Xalıq, mən oyağam, – dedi.
Xalıq qandallı sağ ayağını qaldırıb keşikçiyə:
– Sənə aç, deyirəm, yoxsa bu qandalla başını partladaram! Sonra yumşaq səslə:
– Kok, Teymurbəyin dəstəsi ilə bağda kefə məşğuldur. Sən qorxma, beş dəqiqə görüşüb qayıdacağam, nədən qorxursan?
Keşikçi tərəddüd içində durub onun üzünə baxırdı. Dəli Xalıq birdən-birə iki əli ilə onun boğazından tutub:
– Sənə aç, deyirəm, köpək oğlu, yoxsa boğacağam! – dedi.
Keşikçi boğuq səslə:
– Yaxşı-yaxşı, Xalıq açıram, – deyə yalvarmağa başladı. Qapı açıldı. Azad özünü koridora atdı. Keşikçi onu şübhəli baxışlarla süzdükdən sonra:
– Sizi burada görsələr, axı mənim işim xarab olar. Bunu Xalıq anlamır, siz ki, bilirsiniz, – deyə gözlərini onun üzünə dikdi.
Azad buna cavab vermək istərkən, Xalıq ondan əvvəl sözə başlayıb:
– Ay axmaq, mən buna Kokun ailəsinin bağda, Teymurbəyin dəstəsi ilə kef elədiyini göstərəcəyəm. Üç dəqiqəyə qayıdırıq. Nədən qorxursan? Bilirsən ki, Kok bizim əlimizdədir, o sənə neyliyə bilər? – deyə Azadın əlindən tutub getdi. Onu bağın qapısına qədər gətirdi. Qoca Andrey tez yaxınlaşıb əli ilə işarə edərək:
– Bax, bu yaxındakı stolda Teymurbəyin ailəsi, Kokun arvadı və qızları oturur. İkinci işıq gələn stolda, Kok, sizin dostunuz Mişa və başqaları kef edir. Bu ağacların dalından get, qorxma, onlar səni görməyəcək. Amma sən onları görərsən, – dedi.
Azad yoldan getmək istərkən, Andrey onun qolundan tutub əlavə etdi:
– Dostunuz çulunu dəyişib, o dünən dustaqxana məmuru formasında idi. Bu gün isə adi bir məmur qiyafəsinə girmişdir. Diqqətlə bax, tanıyarsan, – dedi.
Xalıq onun qolundan çəkərək:
– Mənə də bu gün göstərdi, mən inana bilmədim. Get gör o olsa onu elə burada öl...
Azad bağçaya girdi. Gecənin qaranlığı, ağacların kölgələri onun görünməsinə mane olduğunu bildiyindən, çox sərbəst gedirdi. O birinci stolun qarşısına çatdığı zaman durub diqqətlə baxdı. Kokun ailəsi ilə Teymurbəyin ailəsi bir yerdə yeyib-içib əylənirdilər. Azad bir az da irəli getdi. Gəlib ikinci stolun qarşısında durdu. Lampanın sarımtraq işığında onları aydın görmürdü. Doğrudanmı Kokla bir stol başında oturub kef edən onların yoldaşı Mişa idi? Gözlərinə inanmırdı. Onların söhbətini dinləmək üçün bir az da yaxın gəldi. Kok ona deyirdi:
– Biz ordumuzun qalib süngüləri ilə bu dikbaş xalqların məğrur başlarını əyib, torpağına sahib olduq. Onlar bizim pəncəmizdən xilas olmaq üçün min çarə düşünürlər. Onlar bu gün qurtuluşlarını yalnız sosialist firqələrinin ortaya atdığı şüarlarda görürlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,