İkinci fəsil
Страница 1 из 7
Üfüqü narıncı rəngə boyayan günəşin işıq və hərarəti azalmağa başlamış, axşam sərinliyi çökmüşdü. Qonşular Əlisəfanın qapısı yanındakı narın qum təpəsinin üstünə yığışıb söhbət edirdilər. İki qardaş – Qulu ilə Həsən arasında çəkişmə davam edirdi. Böyük qardaş Həsən deyirdi:
– Ay qardaş, bu bizim ata-baba əkin yerimizdir, Allah verib neft xəzinəsi çıxır. Gəl bu yeri satıb kasıblığın daşın ataq!
Qulu Həştərxan xoruzu kimi boynunu dik tutaraq, qardaşının fikri ilə razılaşmırdı.
– Yox, fələk də ayağını yerə dirəsə, mən bu yeri satmayacağam!
– Sən bu adamlardan ağıllısan? Hamı satır, sən niyə satmırsan? Nəyi gözləyirsən? Hay, hay, özün qazdırıb milyonçu olacaqsan? De görüm, hansı pulla?
– Mən bu yeri satmağa qoymaram, şərikli qazmağa müştəri çıxsa, razıyam.
– Ay bədbəxt oğlu bədbəxt, sən müştəri tapınca qırğı Bağdadı aşar. Gecə-gündüz işləməkdən ilan kimi qabıq qoyuram. Sən özün məndən də pis gündəsən. Hələ müştəri tapıla, quyu qazıla, nöyüt çıxa... hay, hay! Ölmə eşşəyim, yaz gələr, yonca bitər.
– Bu qədər dayanmısan, bir az da dayan!
– Mən dayana bilmirəm, ay adamlar, siz də əhvalatı bilirsiz. Bizim bir parça yerin dörd yanım qonşular qazmırlar?
– Qazırlar, hamısı da ürəyin istəyən qədər neft verir.
Araz sözə başlayaraq dedi:
– Doğrudur, o yer neft xəzinəsidir. Bilirsənmi, sənin yerinin dörd tərəfi qonşu buruqlarıdır. Hamısı da sənin yerinin neftini çəkib aparır. Bir-iki il belə keçsə, o yerə bir nəfər də müştəri çıxmaz!
Həsənin kiçik, qara gözləri qalın qapaqları içində birdən-birə parıldadı. Gövdəsini irəli verib:
– Bəs mən nəyi deyirəm? Vaxt ikən satıb başdan eləmək lazımdır! müştərisi də başı üstündə, sizin qonşu Dadaşovdur, – dedi.
Bu vaxta qədər sükutla iki qardaşın çəkişmə və deyişməsini dinləyən Əlisəfa nəhayət dilə gəldi:
– Gec-tez o yeri satıb, ya qazdırıb siz də varlanacaqsınız. Hamballıq Arazla mənə qalacaq.
Araz əli ilə Əlisəfanın dizlərinə vurub dedi:
– Düz demirsən, keçən ildən sən də qazanc yolunu tapmısan. Bizim alın təri ilə qazandığımız qəpik-quruş hara gedir? Hamısı sənin dükanında ərimir? Qoyun kimi hər yerdə soyulan ancaq bizik.
Əlisəfa qaşlarını çataraq, boğuq bir səslə:
– Nə üçün soyulursuz? – deyə soruşdu. Ət verirəm, qənd verirəm, çay, çörək verirəm, qiymətini alıram.
– Bilirəm, bilirəm, o elə bir tələdir ki, ehtiyac bizi öz ayağımızla o tələyə salır.
Qulu mənalı baxışlarla Arazı süzərək, söhbətə qarışdı:
– Siz kimsiniz?
Araz əli ilə ətrafı göstərərək:
– Bax, bu ətraf kəndlərdə yaşayan, yaxın, uzaq ölkələrdən öz zəhmətini satmaq üçün bura gələn minlərlə mənim kimi kasıb, ac fəhlə...
Qulu Araza etiraz etdi:
– Elə demə, Araz, Allaha xoş getməz. Diş verən çörəyini də verəcək. Hər kəsin alnına nə yazılıb o olacaq. Hamı varlı olmaz ki... Elə olsa bəs bu qara işləri kim görər? Bunların hamısı Allahın hökmüdür.
Araz Qulunun bu sözlərinə qəhqəhə ilə güldü. Qulu qəhqəhədən pozuldu.
– Yalan deyirəm? Nə üçün gülürsən?
– Hələ mədən sahibi olmamış, ac fəhlə olduğun halda bir sahibkar kimi danışdığın üçün!
– Bu gün ac olsam da, gec-tez mədənçi də olacam, milyonçu da. Bilirəm ki, torpağımda xəzinə yatır.
– Mən də bilirəm ki, hər xəzinə üstündə bir ilan yatır. Mən o ilanlardan özümü qorumağı bacarıram.
Bu söz Quluya pis təsir etdisə də, Arazın təbiətini bildiyi üçün ağır cavab verməkdən qorxaraq:
– Allah o ilanlara bərəkət versin, onlar olmasa biz acından ölərik! – dedi.
Araz istehza ilə güldükdən sonra başını tərpədərək:
– Doğrudur, sənin kimi öz gücünə, zəhmətinə inanmayanlar ölər! – dedi.
Əlisəfa məsələnin başqa şəkil alacağını görüb, söhbətin mövzusunu dəyişdirmək fikri ilə Arazın sözünü kəsdi:
– Qulu, sən bu işi gəl uzatma! – dedi. – Həsən yaxşı deyir, ya bu neft yerini sat, vaxt ikən başdan elə, ya da şərikli qazmağa tez bir müştəri tap. Yoxsa dörd tərəfdən qazılan qonşu buruqları o yerin neftini elə əmər ki, südü sağılmış inəyə dönər. O vaxt nə alan olar, nə də şərikli qazdıran.
Bu sözdən Həsənin yarasının üstünə köz basıldı:
– Ay camaat, siz də şahid olun, neçə ildir bu sözü ona deyirəm, amma sözümü heç saymır. Daha bəsdir, mənim torpağımda xəzinə yata-yata uşaqlarım acından ölür, özüm də it günü keçirirəm. Xalq mənə töhmət etsə də, mən öz hissəmi ayırıb satıram. Qulu öz hissəsini neylirsə özü bilsin. Buna nə deyirsiniz?
Əlisəfa barışdırıcı bir əda ilə Həsəndən soruşdu:
– İşdir, torpağı bölüşməli olsaz hansı tərəfi Quluya verərsən?
– Gün çıxan tərəfi...
Qulu yerindən kükrədi:
– Xeyr, o yeri özünçün saxla, sonra deməzsən ki aldatdım?
– Yaxşı, qoçaq, sən hansı tərəfi istəyirsən?
– Sən böyük qardaşsan, həm də mömin, Allah bəndəsi bir adamsan. Mən o tərəfi sənə verirəm...
Həsən bu sözdən hiddətləndi:
– Ədə, səni böyüdən mən, bu yerə çatdıran mən, indi isti aşıma soyuq su qatırsan?
– Soyuq su nə üçün qatıram, o bir parça torpağın, o da sən, kimə istəyirsən sat!
– Ay nadürüst, sən bilmirsən ki, bu torpağın yaxşı müştərisi Dadaşovdur, o öz mədəninə səmt olan tərəfi istəyir?
– Onu da bilirəm, bizim torpağın dörd bir tərəfində qazılan hər buruğun nə qədər neft verdiyini də bilirəm. Məni aldada bilməzsən. Arazdan soruş, o sənə hamısını desin.
İki dizi üstündə oturub onların çəkişmələrini dinləməkdə olan Araz varlanmaq həvəsində olan bu qardaşların aqibətini görürmüş kimi başını mənalı-mənalı tərpədərək cavab vermədi. İki qardaş arasında torpaq üstündə olan mübahisə getdikcə qızışıb, axırda bir dava şəklini aldı. Əlisəfa onları güc-bəla sakit etdi.
Bu əhvalatdan üç gün sonra Qulunun əkin yerinə taxta-şalban tökülüb, sürətlə buruq qurulurdu. Qulu bunu eşidib-bilincə başı alovlu mədənə gəldi. Podratçı Şeydanı görüncə üstünə kükrədi:
– Mənim torpağımda nə deyib buruq salırsan? Bu ixtiyarı sənə kim verib?
Onun ağzı köpüklənə-köpüklənə söylədiyi sözlərə Şeyda əsla əhəmiyyət verməyib, fəhlələrə əmr verməkdə davam edirdi. Qulu bundan daha da hiddətlənərək, səsi çıxdığı qədər bağıra-bağıra:
– Bu saat bu taxta-şalbanları buradan götürün! – dedi. – Od vurub yandıracam! Yoxsa elə bilirsən dünya dərəbəylikdir?
Qulu atılır, düşür, çığırır, Şeyda isə ona əhəmiyyət də verməyib, öz işinə davam edirdi. Acığından Qulunun bütün vücudu titrəyir, daralmış köksünə sığmayan qəlbi az qala partlayırdı. O nə edəcəyini bilmirdi. Birdən çəkici götürüb, yeni vurulmaqda olan taxtaları söküb dağıtmağa başladı. Şeyda artıq susa bilmədi. Onun qolundan tutub hiddətlə:
– Çıx buradan! Çıx deyirəm! – deyə bağırdı.
– Çıxmayacağam! Sən çıx mənim yerimdən! Atalar yaxşı deyib: Yersiz gəldi, yerli qaç!
– A kişi, bu yer sənindir, kimindir, mən ona qarışmıram. Aslan bəyin əlində notariusdan verilmiş kağız var, sən ha de mənimdir, sənin ağzına baxan kimdir?
Bu sözlərdən Qulu donub qaldı, sonra əvvəlkindən daha şiddətli bir səslə qışqırdı:
– Bu bəylərin evi yıxılsın! Yoxsa mənim yerimi öz adına saldırıb?
– Mən bilmirəm, get özüylə danış!
Qulu qızardı, bozardı, daş kimi donub hərəkətsiz qaldı. Başını aşağı dikib düşünərkən həyatın ağırlığını bütün vücudu ilə hiss etdi. O çox gözəl bilirdi ki, çar hökuməti ancaq bəylərin torpağına dəyməmişdir. Hökumət özü isə əkin yerlərinin bir hissəsini götürüb buruq qazdırmaq üçün icarəyə verir. Kəndli torpaqlarını da bəylər yavaş-yavaş öz adlarına keçirib mənimsəyirlər. O, ancaq indi əli əkin yerindən çıxmış kəndlilərin halını düşündü. Arazın “Qoyun kimi hər yerdə soyulan ancaq bizik” sözlərinin mənasını ancaq indi anladı. Quluda alverçilik damarı vardı. O, xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən tərs bir adam idi. Yumruğunu havada oynadaraq:
– Şeyda, bu hayıfı mən yerdə qoymayacam, Allah ya sizə verər, ya mənə, – deyərək çıxıb getdi.
Qulu əl çəkmədi. Aslan bəylə görüşmək üçün dəfələrlə şəhərə getdi. Aslan bəy onu qəbul etmədi. Qulu qapıdan əl çəkmədi. Aslan bəy evdən çıxarkən onu küçədə yaxaladı. Əvvəlcə yumşaqlıqla əhvalatı ona anlatdı. Aslan bəy gülümsəyərək:
– O torpağı hökumət mənə veribdir, – dedi.
Qulu şəriətə əl ataraq:
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Стихи других поэтов
در کوی تو مستمند و زار آیم؟
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik