İkinci fəsil
Страница 3 из 7 · 29%
III
Qulu Aslan bəyi, onun atası Rəhim bəyi çox yaxşı tanıyırdı. Rəhim bəy kəndin adlı-sanlı bəylərindən sayılırdı.
Çar hökuməti Qafqazı istila etdikdən sonra Azərbaycan bəyləri ruhanilərin kafir adlandırdıqları yeni dövlətə bir müddət isinə bilmədilər. Vəziyyəti belə görən Rusiya dövləti bəyləri öz tərəfinə çəkmək məqsədi ilə bir sıra tədbirlər gördü. Azərbaycan bəyləri öz sədaqətlərini bildirmək üçün o zaman çara bir teleqraf vurdu və öz aralarında seçmiş olduqları dörd-beş bəyi, o cümlədən Rəhim bəyin atası Mahmud bəyi Peterburqa göndərdilər. Mahmud bəy hökumətə sədaqət göstərdikdən sonra onun qapısında dar ağacı asıldı. O, hökumətə asi olan, böyük cinayət yapan adamları asdırır, bundan böyük zövq alırdı. Mahmud bəyin vəfatından sonra oğlu Rəhim bəy sərvət və əmlakı öz əlinə aldı.
1861-ci ildə təhkimçilik üsulu dəyişdikdən sonra başqa yerlərdə olduğu kimi Azərbaycanda da hökumət öz siyasətini dəyişdirdi; bəylərin nüfuzunu qırmaq, öz üsuli-idarəsini möhkəmləndirmək fikri ilə bəylərin ixtiyarını aldı, kəndlərə, qəzalara koxa, kəndxuda, pristav və naçalniklər təyin etdi, xalq çar məmurlarını tanımağa başladıqdan sonra, bəylərin keçmiş nüfuz və hörməti gündən-günə azalmağa, ticarət işləri canlandıqca əmlak və sərvəti əlindən çıxmağa, gəlir mənbələri getdikcə qurumağa başladı.
Bu vəziyyət xalqın əməyi ilə yaşamağa alışmış olan bəyləri istər-istəməz yaşadığı mühitə uyğun bir ticarətə girişməyə məcbur etdi. Abşeron yarımadasında neft yerləri meydana çıxdıqdan sonra başqa bəylər kimi Rəhim bəy də fürsətdən istifadə edərək, ümid verən sahələri mənimsəməyə başladı. Lakin buruq qoymağa əcəl ona aman vermədi. Rəhim bəy öldükdən sonra oğlu Aslan atasının mülkünə sahib oldu. Özünün buruq qoymağa gücü olmadığından bir-iki parça neft yerini satdı. Sonra ən etibarlı yerdə buruq qazdırdı. Sel kimi axmaqda olan qara qızıl sayəsində Aslan bəy böyük dövlət və saman sahibi oldu. Kənd həyatı onun zövqünü təmin etmədiyindən, kənddəki evini bacısı Humaya verib, özü şəhərdə yeni aldığı mülkə köçdü.
Başqa mədənçilər kimi şəhərdə kontor açdı, yavaş-yavaş şəhər həyatını, burjuaziyanın adət və təbiətini mənimsəməyə başladı. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında böyük bir şərəf sayılırdı. Qumar, əyyaşlıq və sairə ən çox məşğul edən əyləncələr idi. Aslan bəy şəhər varlıları ilə sıx əlaqə yaradıb, yaxşı münasibətə girdikdən sonra bunların hamısını əldə etməyə müvəffəq olmuşdu.
Daşdəmir Quluya kömək etməkdə bir şey itirmirdi. Hər iki tərəfdən əldə edəcəyi qazancı zehnində ölçüb biçirdi. Əlavə olaraq, bir tərəfdən onun evinə kəfən geyib gəlmiş Qulu hər yerdə bu işi açıb söyləyəcək, digər tərəfdən Aslan bəy kimi əjdaha ilə pəncə-pəncəyə çarpışaraq, nəhayət, onu məğlub etməklə şəhərdə və kəndlərdə şöhrəti bir qat daha artacaqdı.
Daşdəmir işi əvvəlcə sülh yolu ilə həll etmək istədi. Öz kiçik qardaşı Zamanı Aslan bəyin yanına göndərdi. Aslan bəy: “Bir parça əkin yerini hökumət mənə veribdir, geri qaytarsam yaxşı düşməz. Hökumət məndən narazı qalar” demişdi.
Zaman qayıdıb Aslan bəyin cavabını söylədikdə Daşdəmir körük kimi qızarıb:
– Sən bir buna bax, mənə də yalan satır, heyvan özünsən! – deyə bağırdı.
Daşdəmir qardaşını bir də göndərdi. Bu dəfə Aslan bəy demişdi: “Kəndliyə neft yeri nə gərək. Daşdəmir nə üçün belə işlərə qarışır?”
Daşdəmir bu işin sülh yolu ilə həll olmadığını görüncə, başqa bir yol seçdi. Əlaltı qoçulardan üç nəfər çağırıb əmr etdi:
– Bu gecə Aslan bəyin mədənə tökdürdüyü taxtalar oğurlanacaq!
Səhər mədəndə hamı bir-birinə dəymişdi. Podratçı Şeyda qarovulçunun üstünə bağırıb deyirdi:
– De görüm, gecə sümsük it kimi harda sülənirdin? Taxtalar hanı?
Qarovulçu and içib deyirdi:
– Ay Şeyda, bu gecə səhərə qədər əlimdə tüfəng mədənin dörd bir tərəfini gəzib qarovul çəkmişəm. Bir dəqiqə də gözümə yuxu girməyib.
– Necə qarovul çəkmisən ki, bu qədər taxtanı daşıyıb aparıblar, xəbər tutmamısan?
– Mən də ona təəccüb eləyirəm. Bu zalım oğlu cindir, şeytandır, nədir?
Aslan bəyə xəbər getdi. Aslan bəy bu daşın kimin tərəfindən atıldığını bildiyi üçün səsini çıxarmadı.
Sabahı gün Aslan bəyin quyularından birinin motoru yox oldu. Şeyda acığından dil-dodağını çeynəyir, qarovulçuya ağzından gələni deyir, “motorun qiymətini sənin maaşından çıxacağam” – deyə onu hədələyirdi.
Şeyda oğrunu axtarmağa başladı. Bu xüsusda Aslan bəylə görüşərkən, şeyləri Qulunun oğurladığına hökm verdi. Aslan bəy qaşlarını çataraq:
– Yox, mən oğrularımı tanıyıram. Sən ehtiyatlı ol, mən özüm bu işə əncam çəkərəm, – dedi.
O gecə Aslan bəy Daşdəmirin dayısı Kərimi onun yanına minnətə göndərdi. Daşdəmir dayısının nə üçün gəldiyini dərhal duydu. Onu çox hörmətlə qəbul etdi, Kərim öz fikrini ona açmamış Qulunun qapısına kəfənlə gəldiyini təfsilatı ilə söylədi, sonra əlavə edərək dedi:
– Mən o gecə özümə söz verdim ki, atam da minnətə gəlsə sözünə baxmayacam. O kişinin torpağı özünə çatmalıdır.
Kərim Daşdəmirin təbiətini bildiyi üçün Aslan bəy haqqında bir kəlmə də söz açmadı. Dayı ilə bacı oğlu bir qədər danışdıqdan sonra Kərim qalxıb getdi.
Üçüncü gün mədəndə Şeydanın səsi yenə ətrafı bürümüşdü. Qarovulçunun kölgəsinə bağıra-bağıra söyüb deyirdi:
– Bu zalım oğlu hardadır? Gəlsin mənim itiyimə cavab versin. Fil boyda dəzgah oğurlanır, onun xəbəri olmur. Yəqin bu oğurluqda özünün də əli var.
O çox çığırdı, bağırdı, qarovulçu tapılmadı. Axırda acığa düşüb:
– Bu saat onu tapıb gətirin, bu dəfə mən onunla başqa cür danışacağam! – dedi.
Qarovulçunu çox axtardılar, tapılmadı. Oğrular gecə onu da dəzgahla bərabər götürüb getmişdilər. Onu ancaq üç gün sonra buraxdılar.
Şeyda yeni qarovulçu tutmaq məqsədi ilə Arazın yanına getmiş, onun bu xam xəyalı da baş tutmamışdı.
Aslan bəy bu qədər təhqir və təhdidə dayana bilmədi. Məhkəməyə şikayət etdi. Daşdəmir ona: “Məni məhkəmə ilə qorxutmasın, məhkəmələrdə o bildiyi yolları mən ondan da yaxşı bilirəm. Hələ bunlar nədir? Onu evində yatdığı yerdə döşəyi ilə oğurlayacam!” – deyə xəbər göndərdi.
Aslan bəyin hər yandan çarəsi kəsildi. O, məhkəmələrin qoçularla da əlbir olduğunu gözəl bilirdi. Daşdəmirlə bacara bilməyəcəyini, nəhayət, başına bəla açacağını düşünərək, Qulu ilə barışmağa qərar verdi. Ertəsi gün səhər tezdən mədənə getdi. Qulunu kənd mollası axund Mirzə Mehdinin evinə çağırmağı Şeydaya tapşırdı.
Qulu Aslan bəyin mədənində baş verən əhvalatlardan hər gün böyük bir sevinclə xəbər tuturdu. Odur ki, onu axund Mirzə Mehdinin evinə nə üçün çağırdıqlarını o saat başa düşdü. Ona görə yolda gedərkən hansı şərtlərə razı olacağını əvvəlcədən qərarlaşdırırdı. Aslan bəy və Mirzə Mehdi Qulunu çox hörmətlə qarşıladılar. Mirzə Mehdi riyakar bir əda ilə sözə başladı:
– Qulu, Aslan bəy əhvalatı mənə müfəssəl bəyan etdi. Atası mərhum Rəhim bəy kimi o da bu məsələni şəriətlə həll etmək fikrindədir. Mən sizi barışdırmaq istəyirəm, sən buna nə deyirsən?
– Axund, mən Aslan bəyi birinci gün şəriətə çağırdım, o qaçdı.
– Əlbəttə, əlbəttə. biz müsəlmanıq, müsəlman kişi rus məhkəməsinə qaçmaz, şəriət qapısına gedər. İndi sən məni öz tərəfindən vəkil edirsənmi?
– Nə üçün?
– Sizi şəriət yolu ilə barışdırmaq üçün.
– Nə şərt ilə?
– Mən hər ikinizə əlverişli şərt qoyaram.
Aslan bəy qətiyyətlə:
– Axund, mən səni öz tərəfimdən vəkil edirəm, – dedi.
Qulu şübhəli baxışlarla hər ikisini süzərək:
– Burda nə şərt ola bilər? Torpağımı özümə qaytarsın, barışım.
Aslan bəy bu sözdən qaşlarını çataraq cavab vermədi. Axund Mirzə Mehdi bəyin bu sözdən pozulduğunu görüncə:
– Qulu, bu barışmaq qaydası deyil, sən haqsızlıq edirsən, – dedi.
– Nə üçün haqsızlıq eləyirəm? Öz torpağımı istəyirəm!
Aslan bəy dayana bilməyib bağırdı:
– A kişi, sənin torpağın yoxdur, bunu bir kərə qan, torpaq mənimdir!
– Yox mənimdir! Heç bir şərtə razı deyiləm, torpağımı qaytaracaqsan!
– Bilirəm səni danışdıran nədir. Mənə də Aslan bəy deyərlər, get, gücün varsa al!
Qulu ayağa qalxdı. Ağzı köpüklənə-köpüklənə:
– Mənə də Qulu deyərlər, ya öləcəyəm, ya bu torpağı səndən alacağam, – deyərək getmək istədi.
Mirzə Mehdi iki dizi üstə qalxıb qışqırdı:
– Qulu, Qulu, sən şərti bilməmiş işi pozursan, bu yaxşı iş deyil, kişi beş min manat pul verir.
Qulu acı-acı gülərək:
– Çox sağ ol, altında xəzinə yatan torpağı beş min manata versəm el mənim üzümə tüpürər. Mənim torpağımı qaytarsın, başqa heç bir şərtə razı deyiləm, – deyib qapıdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Стихи других поэтов
در کوی تو مستمند و زار آیم؟
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik