Содержание
  1. II
  2. III
  3. IV
  4. V

Страница 1 из 6

Əncir ağacı altında çalınan sazın ahəngdar səsi ətrafı bürümüşdü. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun, köpüklü sular kimi axıb yayılırdı. Xüsusən oxuyanın ürəyə yatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman insan özünü büsbütün başqa bir aləmdə hiss edirdi:

Sel axar, mələr gələr,
Dağ-daşı dələr gələr,
Bir igid kasıb olsa,
Başına nələr gələr!
Kababı köz öldürür,
Sürməni göz öldürür,
İgidi qılınc kəsməz,
Tənəli söz öldürür.

O elə böyük bir eşqlə oxuyub-çalırdı ki, nə həyətə girən adamı görmüş, nə də onun: “Araz, yenə kimin tənəsindən şikayət edirsən?” – sözlərini eşitmişdi. O, sazın zil pərdəsini dilləndirir və o zamanın ən məşhur xanəndəsi olan Keçəçi oğlunun zəngulələrini düzgün vurmağa çalışırdı. Arazın səsi qonağı elə məst etmişdi ki, o, əncir ağacı yanında, ayaq üstə durub, dərin bir nəşə içində Arazı dinləyirdi.

Araz sazını yerə qoyduğu zaman qabağında dimdik duran qonağı görüb:

– A, Şeyda, sən hara, bura hara? Yol azmayıbsan ki? – deyə heyrətlə açılan gözlərini onun üzünə dikdi. Şeyda yuxudan oyanmış kimi, düşüncəli gözləri ilə Araza baxıb:

– Sağ ol, Araz, əcəb avazın var! – dedi, sonra diqqətlə bir alçaq daxmaya baxdı, bir də yamaqlı süfrədəki soğan-çörəyə. Bu vəziyyət əsil məsələyə keçmək üçün Şeydaya münasib bir şərait yaratdığından fürsəti qaçırmayıb dedi:

– Yoxsulluq sənə heç yaraşmır. Sənin indi gərək qəşəng bir evin olaydı, hər gün həyətdə uca bir çinarın kölgəsində sazını çalıb oxuyaydın... Qulluqçular kababı şişdəcə isti-isti gətirib süfrəyə, qabağına qoyaydı... Sən də onu qırmızı şərabla ötürəydin gedəydi. Bax, buna deyərdim həyat. Yoxsa toyuq hininə oxşayan bu daxma, bu qotur əncir ağacı, bu kasıb süfrə doğrudan da sənə yaraşmır.

Şeyda bu sözləri dedikdən sonra əlini lovğa-lovğa döşünə vuraraq, əlavə etdi:

– Bir mənə bax, indi xan kimi dolanıram.

Araz istehza ilə gülərək, qalın bir səslə:

– Otur, otur, sən mənim dərdimi çəkmə, – dedi. – Əli əsə-əsə daştərəzi tutan adamın kababdan, şərabdan danışmasına inanmaram. Siz qəpiyi qəpik üstünə qoymasanız dünya dağılar.

– Yoxsa sən məni belə tanıyırsan? – deyən şeyda otura-otura soruşdu.

Araz cavab vermədi, sadəcə gülümsəyərək:

– Bir de görüm, sən nə əcəb bura gəldin?

– Tələsmə, bilərsən, ancaq sənin sözün məni çox tutdu. Mən baqqal dükanının daşını çoxdan atmışam.

– Bilirəm, bilirəm!

– İndi Aslan bəyin mədənini podrata götürmüşəm, ona iki buruq qazdırıram... İş də ki...

Araz onun sözünü kəsərək:

– Bilirəm, hətta qayışın, taxtaların oğurlandığını da bilirəm, – dedi.

Şeyda bu sözdən donub qaldı.

– Sən bunu kimdən eşitdin?

– Eşitdim, mənə danışdılar...

Şeyda fikrə getdi. O, Araza təklif etmək istədiyi məsələni açmağa artıq cəsarət etmirdi. Bu sadə və yoxsul adamın qəti və kəskin cavabları onu tamam çaşdırmışdı. Mövzunu dəyişmək fikri ilə süfrədən bir parça çörək və bir-iki göy soğan götürüb, yeyə-yeyə soruşdu:

– Araz, gərək ki, bu çörək öz ununuzdandır?

– Öz unumuzdandır, bir parça yerim var, hər il əkirəm.

– Bu mədən işləri ki, belə böyüyür, bir gün bu yerlər qiymətə minəcək!

Araz istehza ilə:

– O zaman biz də mədənçi olarıq! – dedi.

– Bir bax, Ramana, Balaxanı, Sabunçu, Bibi-Heybət, Suraxanı yerləri gündən-günə tərəqqi edir. Desyatininə iki yüz min manat deyənin ağzına vururlar.

– Yaxşı, bu bağlar dağılır, yerlər satılır, bəs camaat nə edəcək, ona ki, bu işlərdən bir xeyir gəlmir?

– Təki torpağımızdan nöyüt çıxsın. Bir də bilirsən ki, bizim torpaqlar susuz, ələfsiz, Ərəbistan qumsalıdır, orada bağ salmaq, əkin becərmək iynə ilə gor qazmaqdır. Nöyüt çıxsa, yeri olan yerini satar, varlanar, yeri olmayan fəhləliyə gedər, ustalıq öyrənər. Bircə mənə bax, sən demişkən, baqqallıqdan gəlib gör hara çıxmışam. Mədən podratçısıyam. Aslan bəy üçün buruq qazdırıram. İşim çox yaxşıdır. Ancaq mənə təmiz, qoçaq bir adam lazımdır. Onun üçün də yanına gəlmişəm.

– Xeyir ola, qoçaq adamı neyləyirsən?

– Qarovulçu qoymaq istəyirəm, – deyə Şeyda gözlərini Arazın gözlərinə dikdi, lakin Arazın cavab vermədiyini görüb, yenə sözünə davam etdi:

– Bilirəm, ayda on beş-on altı manatdan çax almırsan. Həm də o qədər işləyirsən ki, lap əldən düşürsən. Gəl bizə qarovulçu ol, ayda sənə əlli manat verim.

Araz tərs-tərs Şeydanın üzünə baxdı. Şeyda bu baxışdan pozulduğunu hiss etdirməyib, inandırıcı bir səslə:

– Canın üçün doğru deyirəm, düz əlli manat.

– Bilirəm, bilirəm, əlli də verərsən, hələ yüz əlli də, ancaq mənim itlərlə boğuşmağa vaxtım yoxdur!

– Necə itlərlə boğuşmağa? Bu nə sözdür?

– Bəli, sizin bu mədənlərdə düzlükdən başqa hər nə desən var!

– Məsələn...

– Məsələn... hansı buruqda oğurluq olmur? Ən böyük mədənlərdən başlamış, ta kiçiklərinə qədər hər gecə, hər gün oğurluqları sən ki, məndən yaxşı bilirsən?!

– Düzdür, oğurluq var... Mənim də taxtalarımı, qayışımı oğurladılar.

– Sən oğurlamışdın, onlar da oğurladılar.

– A kişi, sən baş-ayaq nə üçün danışırsan? Mən oğruyam?

– Tək sən yox, bütün mədən sahibləri və onların sənin kimi podratçıları, hətta, qarovulçuları da oğrudur, niyə danırsan? Bir-birinizdən oğurluq etmək ki, sizin peşənizdir.

Şeyda cavab tapmadığından bir an donub qaldı. Arazı istehzalı bir nəzərlə başdan-ayağa süzdükdən sonra səsini dəyişərək:

– Tutaq ki, peşəmizdir, məsəl var: “Palaza bürün, elnən sürün”.

– Mən eldən qaçmıram, onun xeyir-şərində həmişə olmuşam. Ancaq eli oğurluğa, adam öldürməyə çəkə bilmərəm. Bu mənim işim deyil. Qoçuluq gündən-günə artır. Mədənçilərin hökumət adamları ilə birlikdə açdığı bu yol çox qorxulu yoldur. Belə getsə...

Şeyda onun sözünü kəsdi:

– Mən bura moizə eşitmək üçün gəlməmişəm. Sən qoçaq adamsan, camaat səni sayır, səndən qorxur, ona görə də mən deyirəm ki, sən gəl bu işə razı ol, həm sənin işin düzəlsin, həm də bizim.

– Camaat məndən nə üçün qorxsun? Mən kimi incitdim? Kimi öldürdüm? Kimin haqqını yedim? Məgər hər güclü olandan qorxarlar? Məndən əl çək, get adamını tap!

Arazın bu sözlərindən sonra Şeydanın ümidi büsbütün kəsildi. O qəzəblə:

– Sənin rəhmətlik atan Balakişi də belə tərs adam idi. Odur ki, acından öldü! – dedi.

Araz onun bu sözündən bərk tutuldu, ona ağır cavab vermək istədi, ancaq öz evi olduğu üçün acığını udaraq:

– Namərdlərə boyun əyməkdənsə, acından ölmək yaxşıdır! – dedi.

Şeyda ona cavab vermədi. Acıqlı ayağa qalxıb getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов