Birinci fəsil
Страница 4 из 6 · 50%
III
Aclıq və fəlakət gəncliyin zövq və nəşəsini dadmadan Vanyanı Rusiyanın uzaq və buzlu steplərini, qalın şam meşələrini tərk edib, Bakıya gəlməyə məcbur etmişdi. O, iş axtarmaq üçün mədənləri gəzə-gəzə Qasım bəyin mədəninə gəlib çıxmışdı. Vanya buruğun ağzında durub həzin bir səslə:
– Burada mənə münasib bir iş yoxdurmu? – deyə soruşdu.
Podratçı Əhməd onu başdan-ayağa diqqətlə süzdükdən sonra qəti bir səslə:
– Yoxdur! – deyə cavab verdi.
Vanya məyus bir halda donub qaldı. Sönük, lakin cəsarət və iradə ifadə edən bir nəzərlə fəhlələrə baxdı. Onun görkəmi, hər bir hərəkəti “acam, işə ehtiyacım var” – deyirdi. Vanyanın bu vəziyyəti Araza ilk dəfə mədənə gəlib iş istədiyi zamanı xatırlatdı. O bir Vanyaya baxdı, bir də podratçı Əhmədə, qaşlarını çataraq, özünə məxsus kəskin və amiranə bir səslə:
– Əhməd dayı, nə üçün buna iş vermirsən? – deyə soruşdu.
Podratçı Əhməd onu çəpəki süzərək, cavab vermədi.
Qazmaçı usta əli ilə Vanyanı göstərərək:
– Onun canına, cəmdəyinə baxmırsan? Gündə on iki saat bu istinin, soyuğun altında işləyə bilər? – deyə cavab verdi.
Vanya onun dediyi sözləri əl-qolunun hərəkətindən başa düşüb:
– Arıq olduğuma baxmayın, mən işdən qorxmuram! – dedi.
– Aca nə isti, nə soyuq? Daşdan çörək çıxarmaq üçün hər işə gedər! – deyə Araz ustaya etiraz etdi. Sonra üzünü Əhmədə tutaraq:
– Əhməd dayı, sən ona iş ver, yazıqdır, mən ona kömək edərəm, – dedi.
– Bacarmaz, onun işi deyil!
Araz inad etdi:
– Sən nə itirirsən? Bacarmaz, çıxardarsan.
Əhməd bir Araza, bir də Vanyaya baxdı, sonra üzünü Araza tutub:
– Kişi oğlu, bundan fəhlə olmaz, ancaq sənin sözünü yerə salmıram; yaxşı işləməsə daha məndən incimə.
Vanya o gündən Arazla bir buruqda çalışmağa başladı. O, Arazdan iki yaş böyük, xoş simalı, şirinsöhbət bir oğlan idi. Göy gözlərinin saf, təmiz şəfəqləri qəlbinin aynası idi. Xasiyyətləri tutduğundan hər iki gənc fəhlə birinci gündən dostlaşdılar. Amma nə Vanya azərbaycanca bilirdi, nə də Araz rusca. Əvvəlləri bir-biri ilə çox zaman işarə ilə danışırdılar.
Bu mədəndə azərbaycanlı fəhlələr çox olduğundan Vanya onları dinləyə-dinləyə az bir vaxtda Azərbaycan dilini ala-yarımçıq öyrənmişdi. Günorta yeməyi zamanı Araz öz yoxsul süfrəsini Vanyanın yanında yerə sərib gülə-gülə:
– Ay Vanya, nə var, nə yox? – deyə soruşduğu zaman Vanya:
– Vallah bir şey yox... yaxşı... yaxşı, – deyə cavab verdi. Araz yenə soruşdu:
– Çəpgöz Hüseynlə aran necədir?
– Hansı? O... dükançı Hüseyn? Ədə, o yaman julik, yaman adam. Mən ayda bir an altı manat alır, üç manat otaq verir. Üç manat naloq verir. Manda on manat qaldı. Gedir Hüseyn dükana: “Ay Hüseyn, mən nə apardı?” O çotka aldı, şaraq, şaraq: “çörək, pendir, papiros, spiçka, neft, şakar, çay, sud, yumurta, vodka... on dörd manat altı qəpik...” Mən ona dedi: “Ey Hüseyn, mən yumurta aparmadı, sud aparmadı, vodka sovsem aparmadı...” O dedi: “Yox, apardı... çox danışma!”
Araz qəhqəhə ilə güldü, sonra əlini onun çiyninə vurub:
– Qəm yemə, bizimki soyulmaqdan gəlibdir, – dedi.
– Hüseyndən acıq etdi, getdi o yoğun ermanı Ayrapetdən aldı. Paluçka alan gün getdi dükana: ay Ayrapet, mən nə apardı? O da çotka aldı: “çörək, pendir, sud, yumurta, vodka, papiros, spiçka, şakar, çay, neft...”. Ay Ayrapet, mən sud aparmadı, yumurta aparmadı, vodka heç aparmadı... O dedi, “yox, apardı, danışma!”.
– Heç aparmadı?
– Yox, vallah, heç aparmadı.
Araz ciddi bir tövr aldı, əlini Vanyanın çiyninə qoyub dedi:
– Vanya, bizi yaman soyurlar. Gündə on iki saat işləyirik, yenə acıq; aclıq hələ bir tərəfə qalsın, hər gün ölüm qorxusu var. Bir yandan quyular ağzını əjdaha kimi açıb, fəhlələri bir-bir udur, bir tərəfdən də bu mədənçilər, qoçular bir-birindən neft, taxta, boru, qayış oğurlayırlar. Oğrular, işin üstü açılmasın deyə bəzi vaxt fəhlələri də götürüb özləri ilə aparırlar. Bu xozeyinlər varlandıqca acgöz olur. Dünyanı da qazansalar gözləri doymur.
Doğrudan da mədənlərdə oğurluq, qoçuluq gündən-günə artırdı. Ona görə də mədən sahibləri qoçaq, bacarıqlı qarovulçular tutmağa məcbur olurdular. Günəşin qulağı batdımı, kimsə bir buruğun yanından keçə bilməzdi. Qarovulçular onu tutub döyər, səhərə qədər dustaq saxlardılar. Təslim olmayanda aralarında atışma başlardı.
Bir gün Arazın işlədiyi quyunun baltası qırılmışdı. Mədəndə buruq alətlərini təmir edən emalatxana olmadığından qırılan alətləri təmir üçün Bakı stansiyasının yanında olan emalatxanaya aparmaq lazım idi. Podratçı Əhməd o axşam Arazı evə getməyə qoymadı. Ona bir tüfəng verdi. Vanyanı da ona qoşub baltanı emalatxanada təmir etdirməyə göndərdi. Qaranlıq çökmüşdü. Araz Vanya ilə üç-dörd pud ağırlığında olan baltanı götürüb, emalatxanaya gedirdi. Kasparov qardaşları mədəninin yanından keçərkən qarovulçu Sarı Musa ona doğru gələn kölgələri görüncə:
– Ey kimsiniz? Durun! – deyə çığırdı.
Araz əhəmiyyət verməyib, gedə-gedə:
– Qorxma, bizik – deyə cavab verdi.
– Kimsən? Dur, tərpənmə, vurdum!
Araz vəziyyətin ciddi olduğunu yalnız indi anlayıb, yaxındakı buruğun arxasına keçərək baltanı yerə qoydu, baltanın arxasında daldalanıb tüfəngi əlində hazır tutdu. Vanya ona:
– Araz, atma, o bizim nəyimizi alacaq? Görür ki, qırıq baltanı qayıtdırmağa aparırıq, – dedi.
Araz qaranlıqları yaran acıqlı gözlərini ona dikdi:
– Necə nəyimizi alacaq, o bizim baltamızı əlimizdən almaq istəyir.
Qarovulçu yenidən bağırdı:
– Ey kimsən? Yoldan çıx, yoxsa vurdum!
Araz da eyni səslə:
– Sən çıx yoldan, qoy yolumuzla gedək!
– Ey oğlan, sən kimsən?
– Mən mənəm!
– Adın nədir?
– Adım? Araz!
– Hansı kənddənsən?
– Suraxanı kəndindən. Bir de görüm, sən kimsən?
– Mən Sarı Musayam!
– Tanıyıram, de görüm bizim yolumuzu nə üçün kəsirsən?
– Hara gedirsiz?
– Balta qırılıb, onu qayıtdırmağa aparırıq.
– Kimin buruğundan?
– Podratçı Əhmədin.
– Yaxşı, gəlin keçin.
Araz Vanya ilə bərabər baltanı götürüb, yola düşdü. Yaxınlaşınca Sarı Musa diqqətlə Araza baxdı, birdən onun tüfəngini dartıb əlindən almaq istədi. Araz onun bu hərəkətindən acıqlanıb, tüfəngi elə dartdı ki, Sarı Musa az qaldı ağzı üstə yerə dəysin. Sarı Musa özünü doğrulduncaya qədər Araz onun tüfəngindən tutdu:
– Tüfəngi elə almazlar, bax belə alarlar, – deyə gücü gəldikcə burub dartdı və Sarı Musanın əlindən aldı.
Sarı Musa mədənlərdə ən qoçaq qarovulçulardan biri sayılırdı. Bu vaxta qədər heç kəs cəsarət edib onun qabağına çıxmamış və onu belə təhqir etməmişdi. O bu gecə on səkkiz yaşında bir gəncin qüvvət və cəsarəti qarşısında yarpaq kimi titrəmişdi. Qürur və əzəməti qırıldığı halda yenə də bütün qüvvət və iradəsini toplayaraq, heyrətlə bağırdı:
– Ədə, mənim tüfəngimi alırsan?
– Canını da alaram! Sən kimdən artıqsan?!
Sarı Musa acığından titrəyirdi, çünki o bilirdi ki, sabah “Sarı Musanın tüfəngini gecə südəmər bir uşaq əlindən almışdır” sözləri dillərdə dastan olacaqdı. Bunu heç vəchlə öz lovğa mənliyinə sığışdıra bilmirdi. O bir də Arazın üzərinə atılıb, tüfəngi onun əlindən almaq istədi. Araz tüfəngin qundağı ilə onu elə vurdu ki, o geriyə səndələyərək, yerə sərildi. Araz Vanya ilə baltanı qaldırıb gedərək:
– Boş yerə özünü incitmə, sən məndən tüfəng ala bilməzsən, sabah gəl, tüfəngini apar, – dedi.
Sarı Musa bu cavan fəhlədə olan hünərə heyrət etdi. Vücudundakı bütün ağrıları unudaraq, onu məğlub edən bu uşağın kim olduğunu öyrənmək üçün arxadan bağırdı:
– Ey, qardaş oğlu, de görüm sən kimlərdənsən?
– Neyləyirsən, sabah bilərsən!
– Yox getmə, tanışlıq ver, mənim kimi əjdahanın tüfəngini əlindən alan adamın kim olduğunu bilmək istəyirəm. Sən Allah, de görüm kimlərdənsən?
– Balakişinin oğluyam.
– Aha, Balakişinin oğlu, Atabalanın nəvəsi... Belə de... Yoxsa, bir qoşun gəlsə idi, mənim tüfəngimi əlimdən ala bilməzdi. Rəhmətlik atanla duz-çörək kəsmişəm. Əvvəlindən tanısaydım, nə mən sənin yolunu kəsərdim, nə də sən mənim adımı batırardın. İndi ki, belədir, gəl mənim tüfəngimi qaytar, qorxma, mən sizin nəslə tüfəng atmaram.
Sarı Musanın sözləri, xüsusən onun “əvvəlindən tanısaydım, nə mən sənin yolunu kəsərdim, nə də sən mənim adımı batırardın” – deməsi Arazı düşündürdü. O, tüfəngi yerə qoyub:
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение