İkinci fəsil
Страница 7 из 7 · 86%
Vanya xudahafizləşib getdikdən sonra Araz çox şad bir halda otağa daxil oldu. Atasının kefini kök görən Polad sevinib, gülə-gülə:
– Çox şirin danışırdınız, Vanya əmi deyəsən təzə xəbərlə gəlmişdi? – deyə soruşdu.
– Yaxşı başa düşmüsən. Vanya əmi lap təzə və şad xəbərlə gəlmişdi., – deyə Araz gülümsəyən gözləri ilə oğluna baxdı, lakin bu təzə və şad xəbərin nə olduğunu demədi. O nə isə düşünürdü.
Arazın sosial-demokrat dərnəyində iştirak etməsi onun siyasi şüura malik bir fəhlə kimi inkişaf etməsinə kömək edirdi. O, çarizmi yıxmaq üçün tətil və üsyanlar haqqında dərnəkdə eşitdiklərinin nə qədər doğru olduğunu düşünür, fəhlə tətili və nümayişlərinin gücünü qiymətləndirirdi. Xüsusilə, bir neçə gün əvvəl Bir may münasibəti ilə Stepan Razin təpəsi yaxınlığında təşkil edilmiş nümayiş ona çox yaxşı təsir bağışlamışdı. Bakı sosial-demokratlarının rəhbərliyi ilə keçirilən bu nümayişdə fəhlələrin göstərdiyi həmrəylik Arazda bu əzəmətli qüvvəyə olan inamı bir qat daha artırmışdı. Odur ki, Araz getdikcə mədən sahibləri və çar məmurları ilə daha sərt rəftar edir, onlara qarşı olan nifrətini büruzə verməkdən çəkinmirdi.
Bir gün Araz, Vanya və onların dostu fəhlə Qriqor mədənin yaxınlığındakı kiçik bir qayanın ətəyində oturub dərnəyin tapşırıqlarını yerinə yetirmək üçün tədbir tökürdülər. Bu vaxt kiçik hesabdar Mixail Mixayloviç oradan keçirdi. Araz gülə-gülə:
– Ey, xozeyin, gəl görək, nə var, nə yox – deyə onu səslədi.
Yoldaşları gülüşdülər. Mixail Mixayloviç onların yanına gəlib:
– Xozeyin sizsiniz ki, padşahla padşahlıq edirsiniz, – dedi. – Bütün işçiləri onunla vuruşmağa çağırırsınız.
Vanya ona dik-dik baxaraq:
– Bəsdir, biz bu aclığa, bu haqsızlığa son verməliyik, – dedi. – Bizi gecə-gündüz acqarına bu insafsız xozeyinlərə işləməyə məcbur edən müstəbid hökuməti kökündən yıxmaq lazımdır.
Mixail Mixayloviç istehza ilə gülərək:
– Vanka, sən həmişə belə tərs-tərs danışırsan, – dedi. – Bu danışıqlardan isə siz çox şey itirir, bir şey qazanmırsınız, – dedi.
Araz bu söhbətə qarışmaya bilməzdi. O, həmişə fəhlələr arasında sazişçi, barışdırıcı bir əhvali-ruhiyyə yaymağa çalışan Mixail Mixayloviçə bu dəfə də cavab verməyi lazım bildi:
– Mixail Mixayloviç, sən səhv edirsən, o gün fəhlələrin yığıncağında gözəl nitq söyləyən bir inqilab rəhbəri məzlumların davasına çox yüksək qiymət verdi. O dedi ki, fəhlələrin dostu Marks demişdir ki, sinfi mübarizədə sizin itirdiyiniz ancaq zəncir, qazandığınız isə bütün dünya olacaq. O gündən bu sözlər yadımda qalıb. Ancaq Mişa, bu sözlər sənin başına girməz, çünki sən Qasım bəyin ayda 25 manatına qulluq edirsən.
Qriqor Arazın sözlərini təsdiq etdi:
– Xozeyinlər biz fəhlələrin qanını sorduqları kimi, sənin tək kiçik işçilərin də qanını sorurlar. Ancaq öz haqqınızı düşünməyə və onu müdafiə etməyə sizdə hələ o şüur yoxdur.
Mixail Mixayloviç dodaqaltı mırıldanaraq:
– Əlbəttə, Vanya kimi vətən xainlərinin sözü sizin üçün çox qiymətlidir, – dedi. – Sizləri bunlar yoldan çıxarır.
Araz bu sözləri eşitcək barıt kimi partladı:
– Ey, Mişa! Dodaqaltı mırıldanma, sözün var, kişi kimi açıq de. Bilirəm, sən Vanyanı çarı sevmədiyi, bizim kimi kiçik millətlərlə dost olduğu üçün təqsirkar hesab edirsən. Ancaq səhv düşünürsən. Rusiyada indi bütün fəhlələrin, məzlumların vəziyyəti bir cürdür. Səni, Vanyanı və bir çoxlarını öz doğma yerlərinizi buraxaraq, bu mədənlərə gəlib işləməyə nə vadar etmişdir? Aclıq!.. Sən bunu düşünürsənmi?
Vanya əlini Arazın çiyninə qoyub:
– Haqqın var, Araz, – dedi. – Bizim düşündüyümüz vətən məfhumu bu padşahpərəstlərin başına girməz! Onlar başqa xalqlarla qul kimi rəftar etməyə adət etmişlər.
Mişa bir az düşündükdən sonra:
– Padşahla padşahlıq eləmək olmaz, – dedi. – Axı dağ kimi bir hökumətə siz nə edəcəksiniz?
Vanya:
– O sənə elə görünür, – deyə cavab verdi, – onun bütün gücü, qüvvəti səndən asılıdır. Ona qüvvət verən sən özünsən.
– Vallah, siz özünüz də nə dediyinizi bilmirsiniz, – deyə Mişa başını bulayaraq, çıxıb getdi.
Araz onun arxasınca:
– Sən bir buna bax, – dedi, – acından sapsarı saralıb, bizim ac bəylər kimi ürəyindən ağalıq keçir. Xalq içində bir misal var: “Şahqulunun bağı var, heyvası yox, narı yox”.
Vanya bir qədər düşündükdən sonra:
– Hələ bizim içimizdə öz gücünə inanmayan fəhlələr az deyil, – dedi. – Bunlara öz hüququnu başa salmaq, dost-düşmənini tanıtdırmaq bizdən nə qədər səbir, iradə, mətanət istəyir.
Bu əhvalatdan üç gün sonra Vanya ilə Araz tənəffüs zamanı buruğun yanında oturub qəlyanaltı edirdilər. Bu zaman Mişa da gəlib çıxdı. Araz onu görən kimi:
– Ey, xozeyin, gəl görək – deyə yerindən qalxdı.
– Xozeyinlikdən istefa verdim, – deyə Mixail Mixayloviç Arazın göstərdiyi yerdə onunla yanaşı oturdu.
Araz:
– Deyəsən xeyirxəbərlə gəlmisən? deyə soruşdu.
– Elədir ki, var, – deyə Mişa cavab verdi. – O gün sizdən ayrıldıqdan sonra mübahisə etdiyimiz məsələ haqqında çox fikirləşdim. Bütün gecəni səhərə qədər yata bilmədim. Sizin fikirlərinizdə bir həqiqət olduğuna inanmağa başlamışam.
– Demək, ağıllanmağa başlamısan!
– Elədir, gec də olsa, axır ağlım başıma gəlib.
Mişa bir qədər onlarla danışıb, birlikdə qəlyanaltı etdikdən sonra getdi. Araz mənalı-mənalı Vanyanın üzünə baxaraq:
– Axır ki, onu da imana gətirdik, – dedi.
– Araz, sən çox sadədil adamsan, bunlara çox da inanmaq olmaz, – Vanya cavab verdi.
Mişa onların yanına tez-tez gəlib gedirdi. O, sosial-demokrat dərnəyinə girmək üçün verdiyi ərizənin cavabını gözləyirdi.
Bir gün tənəffüs zamanı Mişa yenə onların yanına gəlmişdi. Vanya ilə Araz bu dəfə onu böyük sevinclə qarşıladılar. Hər ikisi növbə ilə onun əlini sıxaraq, “sosial-demokrat” dərnəyinə qəbul olunması münasibəti ilə təbrik etdilər. Mişanın çoxdan bəri intizar çəkən gözləri işıqlandı. O, dostlarına öz minnətdarlığını bildirərək dedi:
– Mən qaranlıqda yolunu azmış bir yolçu idim, siz məni o qaranlıqdan işıqlı bir yola çıxartdınız, çox sağ olun, təşəkkür edirəm.
Bundan sonra Mişa dərnəyin qapalı iclaslarında, fəhlə tətili və nümayişlərində fəal iştirak etməyə başladı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!
Vətənə qayıdarkənEy bulanıq Kür, dərə, səhra, çəmən!Bu görünən sənmisən, ah, ey vətən?!
Hər şey köhnəDoğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
İki qaranquşKür kənarı, səhər, gözəlcə hava,Bürünüb yamyaşıl çəmən, səhra.
Стихи других поэтов
در کوی تو مستمند و زار آیم؟
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik