Содержание
  1. I
  2. II
  3. III
  4. IV
  5. V

Страница 2 из 7 · 14%

Gənc onun dalınca getdi. Araz dəhlizdəki ayağı qandallı dustaqlara baxırdı. Həbsxana rəisi qapı ağzında duran xidmətçiyə nə isə deyib, yenə içəri girdi. Xidmətçi yan otağa keçib yırtıq, kirli bir köynək və şalvar gətirərək, qapının ağzında yerə qoydu. Həbsxana rəisi yenə otağından çıxıb Araza:

– Paltarlarını soyun! – deyə əmr etdi.

Araz paltarlarını soyunub, yalnız bir alt paltarında qaldı. Rəis həmin kirli paltarları ayağı ilə ona tərəf itələyərək:

– Al, bunları geyin! – dedi.

Araz köynəyi və şalvarı iki barmağı ucunda yuxarı qaldırıb, diqqətlə baxdıqdan sonra tüpürüb yerə atdı. Sonra üzünü həbsxana rəisinə tutub qəzəblə:

– Mən bu it çulunu geymərəm! – dedi.

Həbsxana rəisi onu başdan-ayağa süzərək:

– Geyərsən, çox mırıldanma, dalımca gəl! – deyə qışqırdı.

Araz qürurunu pozmayaraq, onun arxasınca getdi. Rəis növbətçiyə bir kamera göstərib:

– Aç! – deyə əmr etdi.

Kameranın qapısı açıldı. O, Arazı kameraya salıb, xidmətçinin gətirdiyi həmin kirli paltarları ardınca içəri ataraq çığırdı:

– Bu buzlaqda donduğun zaman bu paltarlar sənə lazım olar!

İçəri girən Arazın ardınca qapı bərk bağlandı. Kameranın içi payızın son gecəsindən qaranlıq, qışın dondurucu səhərindən soyuq idi. Araz əli ilə kameranın içini yoxlamağa başladı. Kamera böyük bir anbar idi. Görünür bina tikildiyi zaman burada palçıq tutulduğundan döşəməsiz yerdə palçıq daş-kəsək kimi bərkimişdi. Araz əli ilə kameranın içini axtara-axtara getdiyi zaman əlinə odun parçaları toxundu. Bu bir adam boyu hündürlüyündə yığılmış odun parçaları idi. O yenə qapıya tərəf gəlib, divara söykənərək düşünməyə başladı. Birdən nə isə xatırladı, qapını şiddətlə vurmağa başladı, cavab verən olmadı. Araz bu dəfə qapını təpikləməyə başladı. Növbətçi kameranın balaca deşiyini açıb:

– Ey, üsyançı, nə səs-küy salmısan? Bu həyasızlıqda davam etsən kötək yeyəcəksən! – deyə çığırdı.

Araz:

– Ey, aç qapını, sözüm var! – deyə səsi gəldiyi qədər bağırdı. Növbətçi bir cavab verməyib deşiyin ağzını örtdü. Üç-dörd saat sonra qapının deşiyi yenə açıldı. Növbətçi içəriyə heyva boyda yumru bir şey atıb:

– Ey, quldur, al, ye! – deyə çığırdı.

Araz acmışdı. İçəri atılan daş kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət tapdı. Girdə, quru cad çörəyi idi. Araz onu əli ilə zor-güc parçalayıb dişinə saldı. Sonra bir az rahatlanmaq üçün quru yerə uzandı. Vücuduna yapışan buz kimi soyuq və kələ-kötür palçıq onun böyrünü, arxasını deşirdi. Çox uzana bilməyib qalxdı, ayağı ilə anbarda yumşaq bir yer axtardı. Bu zaman növbətçinin atmış olduğu köynəklə şalvar ayağına toxundu. Tez əyilib onları yerdən götürdü, şalvarı yumurlayıb başının altına qoydu, köynəyi də altına sərib üstünə uzandı. Həbsxana rəisinin “Bu buzlaqda donduğun zaman bu paltarlar sənə lazım olar” sözlərini xatırladı. Sonra bu havasız, qaranlıq və rütubət yerdə nə qədər mərd insanların çürüyüb məhv olduğunu düşündü. O gecə səhərə qədər gah bu, gah da digər böyrü üstə dönərək, bir təhər yuxuya getdi. Ayılarkən kameranın içərilərinə uzanan sarımtraq bir işıq zolağından səhər olduğunu bildi. Növbətçi qapının deşiyini açaraq, yenə bir parça quru cad çörəyi atıb:

– Ey, qatil, al ye! – deyə bağıraraq, yenə deşiyi örtdü.

Araz qalxdı. Daş-kəsək, qurumuş palçıq, buz kimi soyuq yer onun vücudunu sarsıtmışdı. Əli ilə axtarıb çörəyi tapdı. Bərk ac idi. Çörəyi dişinə salıb yeməyə başladı. Kəsək kimi quru cad çörəyi onu doyurmadı. Günortaya qədər gözlədi. Günorta deşik açıldı. Növbətçi adəti üzrə bir cad çörəyi atdı, sonra kiçik bir kasada kartof, kələm suyundan ibarət olan şorbanı uzadaraq:

– Sevdiyin donuz şorbasıdır, al ye! – dedi.

Araz donuz adı eşidər-eşitməz:

– Onu apar ver atan yesin, – deyə kasanı deşikdən əli ilə növbətçiyə sarı itələdi. Kasa dönüb növbətçinin üstünə töküldü. O, Arazı söyə-söyə üst-başını təmizlədi, sonra “Quldurun biri, elə zənn edir ki, burda ona plov verəcəyəm, ay sən öləsən” – deyə mırıldanıb deşiyi hiddətlə bağladı.

Pəhləvan gövdəli Araza hər şeydən çox aclıq təsir edirdi. Hər dəfə verilən iki yüz qram cad çörəyi onu doyurmurdu. Axşamüstü növbətçi ona bir şey uzadaraq:

– Ey, bunu sənə qonşun göndərdi, al, kefindir, – dedi.

Araz əlini uzadıb yeməyi aldı. Növbətçi pıçıltı ilə:

– Heç kəs bilməsin, bundan sonra hər gün sənə bu yeməkdən gətirəcəyəm, – deyərək deşiyi örtdü. Göndərilən pay bir parça çörək və iki böyük kotletdən ibarət idi. Bunu kim göndərmişdi? Bir an düşündükdən sonra ilk dəfə polis idarəsində və həbsxanaya girdiyi zaman rəisin otağının qapısı ağzında gördüyü gənc dustağı xatırladı. Onun simasındakı nəciblik, mərdlik və cəsarət əlamətləri dərhal bu işin həmin gənc tərəfindən görüldüyünü güman etməyə əsas verirdi. Bəs o bu çörəyi və kotleti haradan alır? Bunu ona kim gətirir? Bunlar Araza qaranlıq idi. O, çörək və kotletləri böyük bir iştahla yeyib yatdı. Həmin gündən etibarən hər gün səhər, günorta, axşam cad çörəyindən başqa hər dəfə növbətçi ona iki yüz qrama qədər çörək və iki kotlet uzadıb:

– Al, bu dadlı kotletləri ye! – deyirdi.

Bir gün Araz ondan soruşdu:

– Bu kotletləri mənə kim göndərir?

Növbətçi boğuq bir səslə cavab verdi:

– Səninlə yan-yana yaşayan bir cavan oğlan. Bilirsən o necə oğlandır? Pulu da çoxdur. Hayıf bu oğlana.

– Onu nə üçün tutublar?

– Növbətçi ətrafına baxdıqdan sonra:

– Məhkəmə sədri Şmalinskini öldürübdür. İşi çox xarabdır. Onu yəqin ki, edam edəcəklər. – Sonra ətrafına bir də nəzər salıb, – bilirəm, sən də kazak zabitini öldürmüsən, – dedi, – oğlana demişəm.

– Yox, mən zabit öldürməmişəm.

Növbətçi şübhəli nəzərlə koridora baxdıqdan sonra:

– Pulun varsa ver, sənə nə istəyirsən alım, – dedi.

– Mənim pulum yoxdur, kasıb bir fəhləyəm.

Növbətçi üzünü turşudaraq, deşiyi bərk örtdü.

Araz on gün kamera adı verdikləri bu qaranlıq və soyuq anbarda qaldı.

Bir gün qapı şiddətlə açıldı. Növbətçi gülə-gülə:

– Ey, dustaq, çıx, – dedi, – dalımca gəl!

Araz dəli kimi özünü koridora atdı. On gün işıq görməyən gözlərini koridorun işığı qamaşdırdı. O, əlləri ilə gözlərini ovuşdurduqdan sonra növbətçinin arxasınca getdi. Onu Ali məhkəmənin üzvü Vasilyev danışdıracaq idi. Araz yalnız tuman-köynəkdə kabinetə girdi. Vasilyev onu heyrətlə süzərək:

– Bu nədir, nə üçün çılpaqsan? – deyə bağırdı. Hanı sənin dustaq paltarın?

Araz əli ilə həbsxana rəisi Koku göstərərək:

– Bundan soruşun! – dedi.

Kok qızardı, bozardı, dili dolaşa-dolaşa:

– Cənab Vasilyev, mən ona paltar vermişəm, – dedi.

Araz hər ikisini kinli nəzərlə süzdükdən sonra:

– Xahiş edirəm bir gedib bunun məni saldığı kameraya, verdiyi paltara baxasınız, – dedi.

Vasilyev yerindən qalxdı, hər üçü kameraya gəldi. Vasilyev kameranı və paltarı gözdən keçirdikdən sonra acıqlı bir səslə:

– Bu gün dustağı səyyar korpusa köçürəcəksən! Ona yeni paltar ver! – deyə əmr verdi.

Araz yeni paltar geyindikdən sonra Vasilyev onu kabinetə çağırıb ondan kazak zabitinin ölümü və nümayiş haqqında məlumat almaq istədi. Araz onun suallarına cavab vermədi. Vasilyev çox çalışdı, onu danışdıra bilmək üçün bir çox yağlı vədlər verdi. Araz yenə bir şey demədi.

Onu səyyar korpusa köçürdülər.

– Məni siyasi korpusa köçürməlisiniz! – deyə Araz etiraz etdisə, bir nəticə vermədi.

Korpusda yaşayan dustaqlar başına toplanıb onun kim olduğunu, nə üçün həbsə düşdüyünü öyrənməyə çalışırdılar. Bir az sonra başqa korpuslarda xəbər tutan dustaqlar: Qaçaq Məcid, Dəli Xalıq öz dəstəsi ilə, Qoçu Teymurbəy, Əliheydər və başqaları bir-bir Arazı görməyə gəldilər. Qaçaq Məcid ona deyirdi:

– Ayağımdakı qandala baxma, dörd dəfə sürgündən qaçmışam, yenə qaçacağam. Qorxma, sənə heç bir şey olmaz. Atalarını yandıraram!

Qoçular, qaçaqlar həbsxana içində hökmranlıq edirdi. Onların xariclə əlaqəsi olduğundan müdir və məmurlar onlardan qorxurdu. Araz həbsxana içindəki bu hökmranlığın əsas səbəblərini düşünür, çar hökuməti və çar məmurlarının yürütdüyü siyasətə qarşı qəlbində kin və intiqam hissi daha şiddətlə alovlanırdı. İqtisadi və siyasi vəziyyətin ağırlığı ölkənin ən igid və qoçu oğullarını qaçaqlığa, quldurluğa məcbur etmişdi. Bu vəziyyət özü elə mövcud üsuli-idarənin yerində fəhlə və kəndli hökuməti qurmağın ən doğru bir yol olduğunu təsdiq edirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов