Содержание
  1. I
  2. II
  3. III
  4. IV
  5. V

Страница 6 из 7 · 71%

IV

Araz həbsdən azad olduğu günün sabahı işə getdi. Podratçı Əhməd onu çox soyuq qarşıladı, lakin Araz buna əhəmiyyət vermədi. İşdən sonra birbaş kontora gəldi. Üç manat on beş şahı keçmiş əmək haqqını tələb edib aldı.

O gün Aslan bəy mədənə baş çəkməyə gəlmişdi. Araz keçərkən Aslan bəy onu uzaqdan görüb istehza ilə:

– Kişilər yaxşı deyiblər ki, “nə yaraşır arığa, gedib girsin qoruğa”, – deyə Araza söz atdı. – A kişi, xalq günahını təmizləmək üçün Kərbəlaya gedir, Xorasana gedir, sən də dustaqxanaya... Pəh, pəh, pəh!..

Araz qaşlarını çataraq:

– Buna bax, kəsək oturub daş üçün ağlayır, – dedi, – Bilirəm ki, mənim üçün canın yanmır, öz gününə ağlayırsan.

Aslan bəy Arazdan belə cavab gözləmirdi. O elə zənn edirdi ki, Arazın həbs edilməsi onu yumşaldacaq. Odur ki, bu cavab onun qürurla yoğrulmuş vücudunu titrətdi. Qarşısındakı adamın Araz olduğunu görüncə hirsini yeməyə çalışdı, dodaqlarını gəmirə-gəmirə:

– Bilirəm, başın hələ də havalıdır, səni yolundan bərk azdırıblar, – dedi. – Bu yolnan getsən həmişə ac olacaqsan.

Araz qəzəblə:

– Acından ölsəm də sənin kimi namərdlərdən iş istəmərəm, – deyə cavab verdi.

Aslan bəy cavab vermədi. Araz gözlərini yerə dikərək acıqlı halda çıxıb gedirkən, birdən Mişa ilə qarşı-qarşıya çıxdı. Mişa onu görüncə:

– Oy... Araz, Araz, hardasan? Səni axtarmaqdan yoruldum, – deyə ona yaxınlaşdı. Onlar bir-biri ilə çox səmimi görüşdülər, sonra yaxındakı bir təpədə oturdular. Mişa çoxdan görmədiyi Arazı şən və diqqətli baxışlarla süzdükdən sonra:

– Çoxdandır səni görmürəm, – dedi, – heç dəyişilməmisən, poladsan, polad. Dustaqxana sənə heç təsir etməmişdir, rəngin üstündədir.

Araz onun sualına cavab vermədən soruşdu:

– Sən indi harda işləyirsən?

Mişa gülümsəyərək:

– Heç bir yerdə, – deyə cavab verdi. – Məni qovdular. İndi neçə gündür ki, işsiz gəzirəm.

Araz heyrətlə:

– Nə üçün? Qovulmuş fəhlələrin hamısını işə qəbul etməyə məcburdurlar.

Mişa onun sözünü kəsərək:

– Əvvəlcə qəbul etdilər, sonra bir bəhanə ilə yenə çıxarıb qovdular.

– Bəs necə yaşayırsan?

– Bir təhər yaşayıram, neyləyim.

Mişa bu sözləri o qədər həzin və yanıqlı bir dillə söylədi ki, Arazın ürəyi yandı, cibindəki pullarını çıxarıb:

– Bu gün maaşımı almışam. Üç manat on beş şahıdır. Al bu bir manat sənin, iki manat on beş şahı mənim ailəmin. Qorxma,ürəkli ol, acından ölmərik! – deyərək manatı ona uzatdı.

Mişa manatı aldı, başını tərpədə-tərpədə:

– Mən heç şeydən qorxmuram, – dedi, – tətildən sonra təşkilatımız çox qüvvətlənmiş, Rusiyadan, Gürcüstandan təcrübəli rəhbərlər gəlmiş. Yaponların bizimlə müharibə başlaması çox yaxşı oldu. Çar ordusu hər yerdə məğlub olur. Müharibə nəticəsində hökumət zəiflədikcə bizim təşkilatımız güclənəcək. Bu saat yaman çalışırıq.

Araz onu məmnun baxışlarla süzərək dedi:

– Mən həbsə düşəni təşkilat işlərindən xəbərim yoxdur. Fəhlələr təşkilata çox yazılırmı?

– Çox yazılır, əvvəllər belə deyildi, indi dəstə-dəstə gəlirlər.

Bu söz Arazı çox sevindirdi. Mişa yerindən qalxaraq:

– Araz, mən bir az xəstəyəm, bir az da işim var. Sən təşkilat üzvləri ilə görüş, çıxarılan qərarları, bizim öhdəmizə düşən vəzifələri mənə də xəbər ver! – deyə xahiş etdi.

Onlar görüşüb ayrıldılar. Mişanın verdiyi məlumat onu çox sevindirdi. Çünki təşkilata üzv yazıldığına görə müsəlman fəhlələri və kənd əhli onu dinsiz, “millət xaini” adlandırıb hörmətdən salırdılar. İndi müsəlman fəhlələri və kəndlilər arasında aparılan təbliğat yavaş-yavaş öz bəhrəsini verirdi. Araz bu dadlı düşüncələr içində evə gedirdi. Qapıya yaxınlaşaraq qarşıdakı iri püstə ağacının altından bir nəfər ayağa qalxıb:

– Araz, Araz, bura gəl! – deyə onu yanına çağırdı.

Araz əvvəlcə tanımadığı bu adama uzaqdan diqqətlə baxdı. Yaxınlaşdıqda:

– Vanya, sənsən? – deyə əlini ona uzatdı. Vanya onun əlindən çəkib, ağacın altında oturtdu. Bir qədər dinməzcə oturduqdan sonra:

– Mişa ilə çox şirin söhbət edirdin. O sənə nə deyirdi? – deyə soruşdu.

Araz:

– Elə bir söz demirdi, – deyə cavab verdi, – ordan-burdan danışırdıq.

– Onun sənə dediklərini danışa bilərsənmi?

Araz Mişanın tapşırdıqlarını və aralarındakı söhbəti təfsilatı ilə nağıl etdi. Vanya acı-acı gülərək:

– Sən heç Mişanın kim olduğunu bilirsənmi? – deyə soruşdu.

– Sən ki, onu məndən yaxşı tanıyırsan – deyə Araz təəccüblə cavab verdi.

Vanya Arazın üzünə baxıb, gülərək başını oynatdı, sonra əlini onun çiyninə qoyub:

– O xaindir, jandarm idarəsinin xəfiyyəsidir – dedi. – Ehtiyatla dolan.

Araz qulaqlarına inanmadı, heyrət içində:

– Necə? Mişa jandarm idarəsinin xəfiyyəsi? Buna mən heç inana bilmərəm, – deyə bağırdı.

Vanya:

– Yavaş, çığırma, – dedi, – sən buna inana bilməsən də təşkilat üçün bu isbat edilmiş bir həqiqətdir. Mişa xəfiyyədir. Bunu bilmək səni çox maraqlandırırsa isbat edə bilərəm.

– Nə ilə isbat edərsən?

– İndi bunu isbat etmək o qədər də çətin deyil. O sənə deyib ki, bir az xəstəyəm, həm də işim var. Əvvəla o, xəstə deyil, səndən də, məndən də sağlamdır. İşi olduğuna isə inanıram, çünki sabah şəhərə jandarm idarəsinə gedəcəkdir. İstəsən, bərabər gedək, orada onu öz gözünlə gör, inan!

Araz başını aşağı salıb, əsəbi bir halda əli ilə qumu eşələyirdi:

Vanya:

– Nə deyirsən? Getmək istəyirsənmi? – deyə soruşdu.

Araz qara qaşlarını çataraq:

– Yox, isbat olunmuş bir məsələni təzədən yoxlamağa ehtiyac yoxdur, – dedi. – Ancaq, bu cındırından cin ürkən Mişa hara, xəfiyyə hara? Adam lap məəttəl qalır.

Vanya gülə-gülə:

– Nə, cındırından cin ürkən? Onu sən şəhərdə xəfiyyə paltarında görsən tanımazsan. İki gün əvvəl dəniz donanması zabiti forması geymişdi. Onun partiyaya qəbul edilməsinə səbəb biz olduq. İndi bütün məsuliyyət bizim üzərimizə düşür.

Vanya bu sözlərdən sonra Arazı tamamilə inandırmaq üçün gördüklərini və öyrəndiklərini eynilə nağıl etdi, sonra qoynundan bir fotoşəkil çıxarıb ona uzadaraq:

– Əgər şübhə edirsənsə al bax, onun jandarm idarəsində çəkilmiş şəklidir, – dedi.

Araz Mişanın şəklinə baxdıqdan sonra:

– Artıq hər şey aydındır, – dedi, – zalım oğlu çulunu yaman dəyişib.

Araz bu sözləri deyib bir an sükut etdi. Vanyanın danışdıqlarını xəyalında bir də canlandırınca o aslan qəlbinin içində acı bir ağrı duyub dərindən inlədi. O, ömrü boyu həyatın hər acısını dadmış, hər fəlakətini görmüş, onun ən ağır zərbələrini belə yemişdi. Ancaq onun polad qəlbi, bütün bunlara qarşı göstərdiyi mətanət sayəsində heç bir zaman belə inləməmişdi. Mişa, artıq tanıdığı, öz əməyi, öz alnının təri ilə yaşayan yoxsul Mişa deyildi. O indi öz sinfini, onun kimi minlərcə, milyonlarca öz kəndini, ailəsini atıb boz steplər, qalın meşələr aşıb bir parça çörək üçün buralara gələn yoxsul xalqların düşməni, çar xəfiyyəsi idi. Onun heç bir sıxıntı və kədərə yol tapa bilməyən qəlbini inlədən bu acı duyğu idi. O bütün nifrəti ilə:

– Tfu, satqın, alçaq! – deyə bağırdı.

Hər ikisi susdu. Sonra Vanya bir şeyi xatırlayırmış kimi, birdən-birə Arazın qolundan tutub:

– Araz, bura bax, – dedi, – yaxşı yadıma düşdü, bizə öz adamımız olan yaxşı bir qayıqçı lazımdır. Bu günlərdə dənizdə, coşqun ləpələr qoynunda mühüm bir iclasımız olacaqdır. İclasda bir çox mühüm məsələlərlə yanaşı xain Mişanın məsələsi də həll ediləcəkdir. Odur ki, növbəti iclas üçün dənizdən etibarlı yerimiz yoxdur.

Araz gülümsəyərək:

– Qayıqçı mən – deyə cavab verdi.

Vanya sevincək:

– Nə deyirsən? sən qayıq sürmək də bacarırsan?

Araz ciddiyyətlə:

– Bilirəm, özü də lap yaxşı.

Vanya fərəhlə:

– Bu çox yaxşı oldu, – dedi. – Biz bir dənizçi ilə danışmışıq. Nə zaman istəsək bizə bir-iki saatlığa bir qayıq verəcəkdir.

Onlar xeyli danışıb ayrıldılar.

Araz Vanyadan ayrıldıqdan sonra həyətə girdi. Mişa məsələsi onu bərk qəzəbləndirmişdi. Başı aşağı çox fikirli yeriyirdi. O ancaq otağa daxil olduğu vaxt başını qaldırdı, üz-gözü gülməyə başladı. Araz həmişə belə idi. Xaricdə nə dərdi, nə fikri olsa, evə gələn kimi hamısını unudur, hər kədəri qəlbindən silib təmizləyirdi. Bu dəfə də otağa girən kimi sevimli Günəşini, baxışlarında özünü gördüyü Poladını şən və gülərüzlə qarşıladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов