Üçüncü fəsil
Страница 5 из 7 · 57%
Qoca bayaqdan bəri başını qaldırıb, Vanyanı diqqətlə dinləyirdi. Vanya sözünü qurtardıqda aralığa yenə sükut çökdü. Nəhayət, qoca zəif bir səslə ona pıçıldadı:
– Hər halda onu bilməlisən ki, sənin dostun buraya yaxşı niyyətlə gəlib-getmir. Bura jandarm və gizli polis idarəsinə məxsusdur.
Vanya heyrət içində:
– Yox, ola bilməz! Jandarm idarəsini tanıyıram, o ki, O... küçəsindədir.
Qoca yavaşca:
– Sən dediyin baş idarədir, bura isə onun kiçik bir guşəsidir. Bu darvazadan içəri girənlər başqa qapıdan tamamilə başqa formada, başqa qiyafədə çıxırlar, sən boşuna darvazaya baxma, o içəridə üzünə qrim yapdırıb, formasını dəyişdirib baş qapıdan çıxacaq, birbaş gizli polis idarəsinə gedəcək. Qayıtdıqdan sonra baş qapıdan girib formasını soyunacaq, yenə öz adi paltarında darvazadan çıxacaq. İndi bildinmi bura haradır?
Vanya minnətdarlıqla:
– Bildim ata, bildim, bura bizim haqqımızı ayaqlamaq, dilimizi bağlamaq, kirli və xoş əllərini vicdanımıza qədər uzatmaq istəyənlərin yuvasıdır, – deyərək nəzərlərini baş qapıya dikdi.
Vanyanın bu sözləri qocanın ürəyindən idi. O, əlindəki maqqaşı yerə qoydu. Gözlüyü gözündən çıxarıb, yenə nə isə demək istəyirdi ki, Vanya cəld stuldan durub qapıya tərəf getdi və:
– Odur, çıxdı, gedir! – deyə qoca ilə xudahafiz etmədən özünü cəld küçəyə atdı.
Vanya başqa geyimdə olan Mişanı izləyərək, baş jandarm idarəsinin qapısından içəri girincəyədək onu təqib etdi. İndi öz vəzifəsini bitirmiş adamlar kimi vicdanı sakit, qəlbi rahat bir halda divara söykənib durdu; elə bu zaman ucaboylu, sağlam bədənli bir kişi ona yaxınlaşdı, diqqətlə üzünə baxdıqdan sonra:
– Bağışlayın, siz Vanya deyilsinizmi? – deyə soruşdu. Vanya tanımadığı bu adamın üzünə heyrətlə baxdıqdan sonra yavaşca:
– Vanyayam, – deyə cavab verdi.
O, Vanyanın əlindən tutaraq, gülə-gülə:
– Məni tanımırsanmı? Mavleyevka kəndində keçən gənclik günlərimizi nə tez unutdun? – dedi və onun dik gözlərinin içinə baxdı.
Vanya ona diqqətlə baxdıqdan sonra:
– Aha... Vasya, Vasya! Bu sənsən? – deyərək onu qucaqladı; onlar öpüşdülər. Vasya şəfqətlə parıldayan gözlərini bir də dostuna dikib:
– Vanya, səni bir də görmək olarmış! Bakıya nə zaman gəlmisən? – deyə soruşdu və cavab gözləmədən onun qolundan tutub, – gəl dostum, gəl, bu yaxın restoranda oturub doyunca danışaq, – deyə onu restorana çəkdi.
Onlar uşaqlıq və gənclik illərindən uzun-uzadı danışdılar. İçilən qədəhlərin, söylənən xatirələrin nəşəsi hər ikisini məst etmişdi. Söz uzandıqca uzanırdı. Vanya Mişanı tamamilə unutmuşdu. Vasya son badələri doldurdu:
– Bunu, dostum, gələcək səadətimizin şərəfinə içək! – deyə qədəhini Vanyanın qədəhinə vurdu. Vanya şərabı başına çəkdikdən sonra ağzını silərək:
– Vasya, hər şeydən danışdıq. Ancaq sənin harda qulluq etdiyini soruşmağı unutdum! – deyə ona baxdı.
Vasya mənalı-mənalı gülümsəyərək:
– Soruşmasan yaxşıdır, Vanya, – dedi. – Bəs sən harda işləyirsən?
– Mən, mədəndə, buruqda...
– Aha... zəhmətli işdir. bilirəm. Təzə gələndə mən də bir həftə orda işlədim. Günə bir manat da vermirlər. Sonra bir təsadüf məni jandarm idarəsində işləməyə məcbur etdi.
Gözləmədiyi bu cavab Vanyanı sarsıtdı. O, heyrətlə dostunun üzünə baxdı. Lakin birdən özünü toplayaraq:
– Nə vəzifədə? – deyə soruşdu.
Heç gözlənilmədən məsələ açılmışdı. Bir-birinin dalınca içilən qədəhlər, uşaqlıq xatirələri Vasyanı elə kövrəltmişdi ki, gizli saxlamalı olduğu sirri heç özü də bilmədən açıb demişdi. Lakin iş yerini deməsindən Vasya o qədər də peşman olmadı. Əvvəla, Vanya onun nəzərində adi fəhlə idi; bir fəhləni, özü də uşaqlıq dostunun onun harada işləməsini bilməsi ona o qədər də qorxulu görünmədi. İkinci tərəfdən jandarm idarəsində işləmək onsuz da Vasyanın ürəyindən deyildi və o, oradan çıxmaq üçün münasib bir fürsət axtarırdı. Odur ki, Vasya öz uşaqlıq dostu ilə çox səmimi danışır, bildiyi məsələləri gizlətməyə o qədər də səy göstərmirdi. Buna görə də o, Vanyanın “Nə vəzifədə?” sualına da çətinlik çəkmədən:
– Fotoqrafçıyam, adı bizim idarəyə düşən adamların şəkillərini çəkirəm, – deyə cavab verdi. Sonra ayağa qalxaraq Vanyanın qolundan tutub:
– Belə söhbətləri burda etmək o qədər də münasib deyil, – dedi, – qalx gedək bizə, həm şəklini çəkim, həm də Nina ilə görüş.
Vasya xörək paylayanla haqq-hesab çəkdikdən sonra Vanya ilə bərabər restorandan çıxdı. Yolda Vanya:
– Nina kimdir? – deyə soruşdu.
– Mənim arvadım. İndi onu da tanımazsan. Sizin yaxın qonşunuz Pavelin qızı...
– Nə deyirsən? Onu almısan? Pavelin bizimlə qohumluğu da var. Atamın doğma xalası oğludur. Gedək, gedək! – deyə Vanya addımlarını yeyinlətdi. Birlikdə Vasyanın evinə gəldilər. Yolda gedərkən Vanya öz-özünə “Bundan çox istifadə etmək olar” – deyə düşünürdü. Qapıdan içəri girən kimi Vasya ucadan:
– Nina, Nina! Gəl gör bir kimi qonaq gətirmişəm, – deyə arvadını səslədi.
Nina onları gülərüzlə qarşıladı. O, əvvəlcə Vanyanı tanımadı. İri, ala gözlərini ona dikib diqqətlə baxdı. Vasya dayana bilməyib, tez tanışlıq verdi. Nina gülə-gülə onun əlindən tutub içəri apardı. Mavleyevka kəndindən, onun öz ailəsindən, qohum-əqrəbasından xəbər tutdu. Sonra Vasyaya:
– Sən dostunu məşğul elə, mən bu saat gəlirəm, – deyib bayıra çıxdı.
Şəkil məsələsi Vanyanı çox maraqlandırırdı. O, üzünü dostuna tutub:
– Vasya, mənim bir yoldaşım da bu günlərdə sizin idarəyə işə girmişdir, – dedi.
– Kimdir? sən onun bizim idarəyə girdiyini haradan bildin?
– Özü mənə dedi.
Vasyanın qaşları çatıldı. O bir saniyə düşündükdən sonra təkrar soruşdu:
– Adı nədir?
– Mişa!
– Mişa! O sarıbəniz, çil-çil, arıq adamdır. Tanıyıram, – deyə dostunun üzünə güldü. Sonra təkrar sözə başlayıb, əlavə etdi:
– Bizim idarədə onun adı Semyondur. Bu gün də gəlmişdi. O nədənsə müxtəlif qiyafələrə girməyi çox sevir. Onu bir neçə qiyafədə çəkmişəm, – deyə Vasya yerindən qalxıb, o biri otağa keçdi. Bir az sonra əlində bir neçə fotoşəkil içəri girdi. Ona dörd-beş şəkil göstərərək:
– Bax, gör tanıyırsan?
Vanya şəkillərə diqqətlə baxdıqdan sonra daxilindəki həyəcan və nifrəti gizlədərək gülə-gülə:
– Özüdür, zalım oğlu qraf kimi geyinmişdir.
Vasya onun adi paltarda çəkdirdiyi şəkli uzadaraq:
– Aralarındakı fərqə diqqət et! – dedi.
Vanya bu şəkli alıb baxarkən Nina bayırdan:
– Vasya, Vasya, – deyə çağırdı.
Vasya tez koridora çıxdı. Vanya Mişaya ən çox bənzəyən bir şəkli götürüb, tez qoynuna qoydu. Vasya qayıdıb içəri girən kimi Vanyanın qolundan tutub:
– Qalx, Nina bizə yemək hazırlayıncaya qədər sənin şəklini çəkim, – deyə onu öz otağına aparmaq istədi. Vanya bəhanə gətirib razı olmadı. Vasya çox israr etdisə də o, iki-üç gündən sonra təmiz paltarda gəlib şəklini çəkdirəcəyinə söz verdi. Vasya Mişanın stolun üstündəki şəkillərini götürərkən:
– Mişa çox istedadlı xəfiyyədir, – dedi. – Deyilənlərə görə olduqca böyük işlər açacağına söz vermişdir.
Vasyanın bu sözləri Vanyanın qəlbinə bir xəncər kimi sancıldı. Həyəcanını gizlətmək üçün Vasyaya tez cavab verməyə məcbur oldu:
– Bilirəm, o çox istedadlı adamdır.
Vanya artıq axtardığını tapmış, vəzifəsini bitirmiş olduğundan getmək üçün bəhanə axtarırdı.
Nina içəri girdikdə Vanya ayağa qalxdı, əlini ona uzadaraq:
– Bağışlayın, mən getməliyəm, – deyərək, onun əlini öz əlləri içində sıxdı.
– Getmək olmaz. Mən sizə yemək hazırlayıram, qalın, günümüzü bir yerdə xoş keçirək, – deyə Nina qalmağı ondan xahiş etdi. Vanya vacib işi olduğunu bəhanə gətirib, onun xahişini qəbul etmədi. Onlarla çox mehribancasına və nəzakətlə görüşüb qapıdan çıxdı. Pillələri enərkən Vasya onun arxasınca:
– İki-üç gündən sonra gözləyirik, hökmən gəl, – deyə qışqırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Sinəmə dağ çəkir mənim bu dövranSinəmə dağ çəkir mənim bu dövran,Halımı dərk edər kim çəksə hicran.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,