Dördüncü fəsil
Страница 4 из 4 · 75%
III
Hökumət Bakı bolşevik təşkilatının tətil və nümayişlər keçirməyə qızğın hazırlıq görməkdə olduğunu bilir, ona qarşı mühüm tədbirlər görürdü. Bu tədbirlərdən biri də millətlər arasında düşmənçilik toxumu səpmək, onları bir-birinə qırdırmaq və beləliklə tətillərin qabağını almaqdan ibarət idi. Bakı qubernatoru Nakaşidze bu fikri erməni və Azərbaycan burjuaziyasının başına yerləşdirmək üçün gecə-gündüz min bir vasitə ilə çalışıb tər tökürdü. Daşnaqların qoçu Ağarzanı öldürməsi onun əlində belə vasitələrdən biri oldu. Həmin gecə o, hər iki tərəfin başçıları ilə gizlicə görüşüb, hər iki tərəfə onların istədikləri qədər silah vermişdi.
Bolşeviklər xalq içində paylanan intibahnamələrdə hökumətin ikiüzlü siyasətini açıb göstərir, onun oynadığı iblis roluna qarşı tətil və nümayişlərlə cavab verirdilər. Bu nümayişlərdən biri də Arazın işlədiyi mədənin fəhlələri tərəfindən keçirildi. Səhər tezdən Araz yoldaşları ilə nümayişə çıxmaq üçün fəhlə qışlasına getdi. Vanya iki nəfər fəhlə dostu ilə oturub, yavaş-yavaş danışırdı. Araz onlara yaxınlaşdı. Onlar çox kədərli və həyəcanlı idilər.
Araz dayana bilməyib:
– Nə var? Nə olub? – deyə soruşdu.
Vanya ani sükutdan sonra yavaşca:
– Azadı bu gecə aparmışlar, – dedi. Sonra əhvalatı olduğu kimi Araza nağıl etdi:
– Dünən gecə Azad yoldaşın evində təşkilatın mühüm iclası olmuşdur. İclasda Bakı Komitəsindən də yoldaşlar iştirak edirlərmiş. İclas vaxtı agentlər evi əhatə etmiş, Komitə üzvləri dama açılan pəncərədən qaça bilmişlər. Yaxşı ki, onlardan heç biri ələ keçməmişdir. Azad yoldaş qapını açdığı zaman onlar otaqda heç kimi görməyib: “Hanı iclasa gələnlər?” – deyə soruşmuşlar. Azad yoldaş onlara heç bir cavab verməmişdir. Onlar evdə və həyətdə axtarış apardıqdan sonra Azad yoldaşı götürüb getmişlər.
– Bəs iclasın qərarları necə? Yoxsa...
– Yox, qaçarkən mühüm kağızları yoldaşlar aparmışlar, – deyə Vanya cavab verdi. – Mən ancaq buna sevinirəm. Lakin son hadisələr göstərir ki, aramızdakı xəfiyyələr çox yaxşı işləyir, sirrimizi öyrənir, sonra gedib lazım olan yerinə xəbər verirlər. Hələ o gecə dənizdə olan iclası da xəbər vermişlər. Agentlər qayığı Qaraşəhər körpüsündə gözləyirmişlər. Qayıq daş körpüyə getməsəymiş, hamı tutulacaqmış. Görünür mişalar aramızda tək deyildir. Bu xainləri tezliklə tapmaq və ifşa etmək lazımdır.
Vanya bir qədər düşündükdən sonra yenə əlavə etdi:
– Doğrudur, biz Mişaya həmişə səhv məlumatlar veririk. Ancaq bu işlərdə hər halda onun da əli vardır. Mişa adını eşidən kimi Arazın qəzəbindən gözləri parladı. O, acıqlı bir səslə:
– Mənə elə gəlir ki, bu xainin fəhlələr qabağında ifşa olunması vaxtı gəlib çatmışdır, – dedi. – Birdəfəlik onun kim olduğunu hamıya tanıtmaq lazımdır!
Vanya:
– Doğru deyirsən, Araz, – deyə cavab verdi, – onu bu gün nümayişdən əvvəl fəhlələrə tanıtmaq lazımdır!
Bu zaman onlara doğru gələn bir gənc:
– Vanya kimdir? – deyə soruşdu.
O, Vanyanı yanına çağırıb, ona bir məktub uzadaraq:
– Bunu həbsxanadan göndərmişlər, – dedi. – Sənə çatacaq, al oxu, tez cavab yaz!
– Məktubu sənə kim verdi?
– Oğlan gülümsəyərək:
– Həbsxanada işləyən qoca Andrey verib, özü də tapşırıb ki, tez cavab gətirim. Mən Dəli Xalıqın adamıyam.
Vanya bir az sakit oldu, məktubu oxuyub, yalnız iki kəlmədən ibarət bir cavab yazdı. Oğlan cavabı alıb getdi.
Vanya Azadın məktubunu oxudu. Məktubda ancaq “Səlamətlikdirmi? Nigaranam.” sözləri yazılmışdı.
– Sən nə cavab verdin? – deyə Araz soruşdu.
– Yazdım ki, “Arxayın ol, səlamətlikdir”.
Hamı dərin bir sükut içində başını yerə dikib düşünürdü.
Sükutu birinci olaraq Vanya pozdu:
– Mişa məsələsini həll etmək, onun kim olduğunu fəhlələrə bildirmək vaxtı çatmışdır. Yoxsa bundan sonra onun bizə çox ziyanı dəyəcək.
– Lazımdır, lazımdır! – deyə hamı bir səslə cavab verdi. Sonra onlar nümayişə çıxmaq üçün Şəmsi Əsədullayevin mədəni yanında toplanmış fəhlələrin yanına getdilər.
Mişanın verdiyi yanlış məlumatlardan jandarm idarəsi şübhələnməyə başlamışdı. Bu məlumatlar jandarm idarəsinin vaxtında lazımi tədbirlər görməsinə mane olurdu. Xüsusilə neft rayonlarında daşnaqlara və qoçulara paylanmaq üçün verilən silahın bolşeviklərin əlinə keçməsi Mişanı tamamilə etibardan salmışdı. Mişa indi öz mövqeyini bərkitmək üçün mühüm tədbirlər düşünürdü. O öz fəhlə dostlarının da ondan şübhələndiyini hiss edirdi. Buna baxmayaraq, mühüm və əsaslı məlumat toplamaq üçün hər dəfə bacardığı qədər nümayişlərdə və mitinqlərdə iştirak edirdi.
Nümayiş üçün fəhlələr Şəmsi Əsədullayevin mədəni yanında toplanmışdılar. Mişa da onların arasında idi. Bu zaman Vanya, Araz və başqa fəhlələr gəlib onlara qarışdılar.
Vanya hündür bir daşın üstünə çıxdı. Bütün nəzərlər ona dikildi. O, Mişanın ağac başına keçirmiş olduğu xəfiyyə paltarındakı fotoşəklini yuxarı qaldırıb hamıya göstərdi. Onun xəfiyyəlik fəaliyyəti haqqında fəhlələrə qısa məlumat verdi və çıxışını: “Rədd olsun çar xəfiyyələri, rədd olsun aramıza soxulmuş Mişa kimi xainlər!” sözləri ilə bitirdi.
Bütün fəhlələr bir ağızdan Vanyanın son sözlərini təkrar etdilər. Onlar Mişanı didib parçalamaq istəyirdilər.
Mişa sanki yuxu görürdü, gözlərinə inanmırdı. Ağac başında duran jandarm idarəsində aldırdığı rəsmi idi. Onu görüncə gözləri qaraldı, beyni dumanlandı, söz söyləməyə iqtidarı qalmadı.
Qriqorun qəzəbli səsi eşidildi:
– Bizə düşmən olan çar xəfiyyəsi içimizdən çıxsın, yoxsa biz başqa cür çıxardarıq!
Mişa yerində mıxlı kimi durub vəhşi, ürkək heyvan kimi dörd tərəfinə döyükürdü. Araz ona tərəf gəldi. Qəzəbdən od tutub yanan gözləri ilə onu başdan-ayağa acıqlı-acıqlı süzərək:
– Alçaq, çıx bizim aramızdan! – deyə bağırdı.
Mişa bir söz demədən sürətlə onlardan uzaqlaşırkən fəhlələrdən bir neçə nəfəri daldan ona fit çaldı.
Mişa öz şəklini hardan və necə ələ keçirdiklərini bilmək üçün oradan birbaş şəhərə, fotoqrafçı Vasyanın evinə gəldi. Vasya onu nəzakətlə qəbul etdi. Oturar-oturmaz Vasya ondan:
– Sənin dostun gəlib çıxmadı, bu necə oldu? – deyə soruşdu.
– Hansı dostum?
– Dostun Vanya. O gün bizə gəlmişdi. Şəklini çəkdirməyi söz verdi, amma bu vaxta qədər gəlib çıxmayıbdır.
– Sən onu hardan tanıyırsan?
– Necə hardan? O bizim kəndlidir. Gənclik günlərimizi bir yerdə keçirmişik. Hələ səndən nə əcəb bizə gəldin?
– Sənə bir az zəhmət verəcəyəm. Mənim müxtəlif qiyafələrdə çəkdirdiyim şəkilləri görmək istəyirəm. Mümkünsə onları göstər.
Vasya qalxıb getdi.
Bir az sonra əlində şəkillər içəri girdi. Gülə-gülə:
– Bağışla, – dedi, – səndən izinsiz bunları dostum Vanyaya göstərmişəm.
Mişa cavab vermədi. O artıq bu oxun ona haradan və nə cür atıldığını gözəlcə anlamışdı. Şəkilləri alıb, diqqətlə bir-bir nəzərdən keçirtdi. Sonra üzünü Vasyaya tutub:
– Mənim xəfiyyə paltarında çəkdirdiyim şəkil hanı? – deyə soruşdu.
Vasya:
– Buradadır, – deyə şəkilləri bir-bir yoxladı. Şəkil yox idi. O çox axtardı, şəkil tapılmadı.
– Yoxsa Vanyaya vermisən?
– Yox, ona şəkil vermədim. Bəlkə xoşuna gəldiyindən özü götürüb aparmışdır?
Mişa ayağa qalxıb:
– Sən yaxşı tanımadığın adama mənim şəkillərimi nə üçün göstərirsən? – deyə əsəbi bir halda soruşdu.
– Necə tanımadığın adam? O kimdir ki?
– O, bolşevikdir, bolşevik təşkilatının ən fəal üzvlərindən biridir.
Vasya yerində donub qaldı. Mişa ona nifrət və qəzəblə xeyli baxdıqdan sonra çıxıb getdi. Vasya dalısınca çıxıb, onu çox çağırdı. O qayıtmadı.
Mişa birbaş jandarm idarəsinə gəldi. Bütün əhvalatı və fəhlələr tərəfindən ifşa edildiyini naçalnikinə açıb söylədi. Naçalnik acı-acı gülümsəyərək:
– Sən bizə fəhlələr üçün lazım idin, – dedi, – madam ki, ifşa edildin, indi eyni məqsəd üçün səndən istifadə etməyimiz çətin olacaq.
Mişa qızardı, bozardı, bulaşıq gözlərini naçalnikin stoluna dikib qaldı. O öz üzərindəki şübhəni aradan qaldırmaq, jandarm idarəsində yenidən mövqe və etibar qazanmaq istədiyi bir vaxtda naçalnik onun artıq işə yaramadığını açıqcasına üzünə söyləyirdi. O çox düşündü, lakin cavab verməyə bir söz tapmadı. Naçalnik kargüzarı çağırdı. Mişanı ona göstərib:
– Buna axırıncı dəfə olmaq şərti ilə töhmət verib işə tik, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение