Köç
Содержание
Страница 3 из 7 · 29%
Kərim baba
Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. Kərim baba altmış yaşlarında, qısa boylu, köksü və kürəkləri enli bir qoca idi. Gözünün yanları iri cizgilərlə örtülmüş və kiçilmişdisə də, yenə parlaq idi. Söz söylədiyi zaman daima kiçik gözləri, qalın və iri dodaqları gülərdi. Onun keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərində oxumaq olurdu. Yaşlı olduğu halda daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, canı sapsağlam idi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və qoçaq olduğu anlaşılırdı. İndi belə, fikri-zikri daima ovda və şikarda idi.
Atasından qalma köhnə tüfəngi var idi. Bu tüfəngin lüləsi kiçik bir top lüləsi qədər idi. Onu hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı, hər gün silər, təmizlər və arabir dərənin içinə enərək, bir yeri nişan alardı. Nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb düşərdi. Tüfəngin bir top qədər şiddətli səsindən xoşlanmayan Ayrım qızı arabir Kərim babaya istehza ilə: “Ayıbını yer örtsün, sən heç bildiyindən əl çəkmə! Yaxşı ki, dədən Qafar sənə bu qırıq tüfəngi qoyub gedibdir” – deyirkən Kərim baba məğrur bir tövrlə:
– İgid atadan igid oğula bir tüfəng, bir də at qalar – cavabını verərdi.
Kərim baba inəkləri cüzi aylıqla güdərdi. Özünün də iki inəyi, dörd-beş qoyunu var idi. Hər gün inəkləri bir yamaca yayıb obaya qayıdardı. Bu işdə ona bəzən kiçik oğlu Vəli də kömək edərdi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan qalmazdı. O da onların içində olmalı idi. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi; lakin o bunlara heç əhəmiyyət verməyib nəşəsini pozmaz, tütək çalar, sümsü qayırar, hələ bayatı şikəstəsi də ağzından düşməzdi.
Ayrım qızı
Ayrım qızı qısa boylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlaq üzü var idi. Bu çalışqan, namuslu qadının üzündə kişilərə məxsus bir heybət vardı. Hələ gurlayan səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı. Gündüzləri bir yandan bizim evdə çalışıb-çapalayar, bir yandan da öz evinin işlərini görərdi. Meşədən şələ-şələ odun daşıyar, sac asar, çörək bişirər, özgələrinin inəklərini, qoyunlarını sağar, nehrə çalxayar və yorulmaq nə olduğunu bilməzdi.
Bu vaxta qədər kimsə Ayrım qızından “yoruldum” sözünü eşitməmişdi. Həyat onu belə öyrətmişdi. Onun əsil adı Fatı idi. Atası “ayrım” olduğundan hamı onu “Ayrım qızı” çağırırdı.
Bu iki adamın təbiəti bir-birinə əsla uymurdu. Onun üçün Ayrım qızı bir yandan Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən darılar, o biri tərəfdən də naxır sahiblərinin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. Kərim baba heç bir şeyə əhəmiyyət vermədiyi kimi, buna da əsla əhəmiyyət verməyib nəşəsindən, kefindən qalmazdı.
Bir gün qadınlarla uşaqlar moruq və çiyələk yığmağa getmişdi. Kərim baba sıradan heç qalarmı?! Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmiş, naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumru başlı, iri çomağı götürüb özünü naxıra yetirmişdi. Axşamçağı naxırı obaya doğru sürərkən hamı ona tamaşaya çıxdı.
Hətta Kərim baba da bu tamaşadan qalmadı, uzaqdan laqeyd baxışlarla arvadını seyr etdi. Ayrım qızı əsla tövrünü dəyişməyərək əlində çomaq o inəyin, bu öküzün arxasınca bağıra-bağıra qaçırdı.
Kəndlilərdən biri gülə-gülə Kərim babaya:
– Ay Kərim, a Kərim! Buna Ayrım qızı deyərlər, adamdan belə hayıf alarlar, bu pəhləvan arvad kişidən artıqdır – dedi.
Bu sözün Kərim babaya bir milçək vızıltısı qədər təsiri olmadı, gurlayan səsi ilə:
– Mənim kimi kişinin elə də arvadı olar – deyə cavab verdi.
İki pəhləvan
Sular qaralmağa, günəş yavaş-yavaş meşəli dağların arxasına çəkilməyə başlamışdı. Alaçığın bir tərəfində palaz döşəyib, çay içirdik. Kərim baba da palazın ucunda Ayrım qızı ilə yan-yana oturmuşdu. Hər ikisi keçmiş igidliklərindən danışır, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı.
Ayrım qızı Kərim babanı qızışdırmaq fikri ilə əlini onun çiyninə vuraraq deyirdi:
– Bunu görürsüz, aylarca üzünü görməzdim. İşi nə idi: Boşboğazlıq, o qapı-bu qapıda veyl-veyl gəzməkdən başqa əlindən bir iş gəlməzdi, evə gələndə bizə qan qusdurardı. Bir igidliyi, qoçaqlığı olsaydı... Meşədən bir şələ demirəm. bir qucaq odun da gətirməzdi. Odun gətirməyə getsə görərsən beş-on çırpını arxasına alır: “Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?” – deyə bar-bar bağırardı; elə bil ki, mənə baş gətirib. Bu gün meşədən gətirdiyim bu dağ kimi şələni görürsüz ki? Belə şələ gətirsə, kişi deyərəm. Onun hünəri nədir?
Ayrım qızı söylədiyi sözlərdən məğrur bir vəziyyət aldı. Gurlayan səsi ilə Kərim babaya:
– Rəhim ağanın qapısında nehrə çalxaladığımız yadındadır? – dedi.
Kərim baba sükutla başını tərpətdi. Ayrım qızı üstün gəldiyini hiss edərək, özünü doğrultdu, şən və açıq bir sifətlə sözə başladı:
– İkimiz də cavan idik. Rəhim ağanın qapısında qulluq edirdik, bu çoban idi, mən də ağanın inəklərini sağır, yağ-pendirini tuturdum. Qapıda bundan başqa dörd-beş çoban da var idi. Hamısı yeniyetmə, bığıburma oğlanlar idi. Bir gün nehrə çalxalayırdım. Zəhra xanım da alaçığın ağzında durub baxırdı. Canınız üçün, çobanların hamısını yordum. Bax, bunun özünü elə yordum ki. düşdüyü yerdə qaldı. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı:
– Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi – dedi.
Ayrım qızı bu sözləri söylərkən Kərim baba yetim uşaq kimi başını köksünə dikərək, həzin-həzin dinləyirdi. Ayrım qızının belə öyünməsi, Kərim babanın sükutla büzülüb durması birdən-birə bayaqdan Ayrım qızına qulaq asanların qəhqəhəsinə səbəb oldu. Bu qəhqəhədən Kərim baba özünü bir qədər doğrultdu.
– Eh! Adam qocalanda belə sözləri çox eşidər; mən əgər yazı-pozu bilsəydim göstərdiyim igidlikləri bir-bir yazar, böyük kitab bağlardım. İnsan özünü öyməkdən nə çıxar. Arvad nədir ki, onun igidliyi nə olsun. Hay! Hay! beş-on qoyun sağıb, nehrə çalxayıb, yağ-pendir tutub, dili ağzına sığmır. İndi mən deyim, sən qulaq as!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-koc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dörd pərdəli, bir şəkilli dramİştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, Poladın kiçik həyətini və yoxsul daxmasını təsvir edir.*
İkinci pərdəİkinci şəkilSəhnə xanın evini və həyətini təsvir edir. Atakişi həyəti süpürür.*
Üçüncü pərdəDördüncü şəkilSəhnə kiçik dağ ətəyini təsvir edir. Orta tərəf qamışlıqdır. Sol tərəfdə köhnə daxma,*
Стихи других поэтов
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.