Köç
Содержание
Страница 6 из 7 · 71%
Can qorxusu
Sentyabrın isti günü idi. Günəş yandırırdı. İtlər, çobanlar meşələrə, sərin kölgəliklər altına çəkilmişdilər. Biz də alaçığın içində hər birimiz bir yanda uzanmışdıq. Sarı toyuğum da cücələrini başına yığıb, armud ağacı altında eşələnir, dənlənirdi. Toyuq birdən-birə acıqlı səslə qaqqıldadı. Cücələr dərhal uçaraq kolların arasına soxuldular.
Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb, yükün altına soxuldu. Qüvvətli qanad çalınmasına bənzər bir səs hələ də alaçığımızın üstündə eşidilirdi. bir-birinin arxasınca baş verən bu hadisələrdən özümüzü itirmiş halda alaçıqdan kənara çıxdıq. Alaçıqdan onon beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. Anam:
– Qızılquşdur – dedi, sonra cücələri tutmaması üçün əlinə böyük bir ağac alıb kiş, kiş edərək, qızılquşu qovlamağa başladı. Biz alaçığa girən quşun arxasınca getdik. Bizdən əvvəl qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb, sevinə-sevinə:
– Tutdum, kəklikdir – dedi.
Qardaşımın ətrafında sevincimdən atılıb düşərək:
– Ver mən də baxım – deyə bağırdım.
Bu zaman anam içəri girdi. Kəkliyi əlimizdə görüncə:
– Canının qorxusundan yazıq özünü alaçığa salıb – dedi.
Qızılquş pəncəsindən qurtarıb özünü insan əlində əsir görən kəklik həyəcanla çırpınır, dartınır, əllərimizi dimdikləyirdi. Qardaşım:
– Qanadlarını bağlayım, qaçmasın – dedi.
– Yox, oğlum, bu heyvan bizim evimizə sığınmışdır, onu azad edin; baxsanız a, qorxusundan yazığın ürəyi ağzına gəlir – deyə anam cavab verdi.
Bu sözləri anam elə söylədi ki, qəlbimizdə riqqət doğdu. Artıq hamımız onu azad edilməsi tərəfdarı idik. Hamımız alaçıqdan çıxdıq. Kəklik də o kiçik gözlərini göyə dikərək baxır, düşmənin getmiş olduğunu bilmək istəyirdi. Qardaşım quşu birdən-birə havaya ataraq:
– Uç, get! – dedi.
Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin ağacları arasında yox oldu.
Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq.
Biçin
Səhər-səhər alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər.
Qardaşım onların dalınca:
– Namaz, Namaz, haraya gedirsiniz? – deyə çağırdı.
Namaz arxaya dönərək yarımağız:
– Qoruğa gedirik, qoruğa, çiyələk dərməyə, – dedi.
Biz də arxalarınca qaçıb yetişdik, dərəni keçdik, kiçik bir cığırla meşəyə doğru qalxdıq. İki çağrım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. Sevincimizdən sıçradıq. Bir az sonra artıq talada idik. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir, qadınlar, uşaqlar isə otların arasından çiyələk yığır və qurumuş otlardan ötədə, bəridə taya vururdular. Biz dayanarmıyıq? Yetişən kimi qoruğa atıldıq. Çiyələkdən doyunca yedik. Sonra yumşaq otların, dərzlərin üstündə atılıb düşməyə, bağırışmağa başladıq. biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirirkən quş balaları “cik-cik” edib, kiçik qanadlarını çırparaq, qalın otlar arasına soxuldular. Hamımız oraya qaçdıq. Biçinçi əyilib, ovcunda tutduğu bir quş balasını mənə uzadaraq:
– Al, – dedi.
Sevincək əlimi açdım. Quşu ovcuma qoydu. Ovcumu açarkən əllərim al-qan içində idi. Tüklərim ürpərmiş bir halda “Ay, bu nədir?” deyə quşu yerə atdım. Oraq onun hər iki ayağını biçmiş, kiçik heyvan ayaqsız qalmışdı; bir, əllərimi al qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən o kiçik heyvana baxdım.
Qəlbimdə acı bir hiss doğdu. “Topal heyvan, səni artıq kim bəsləyəcək?” – dedim. Hamı biçilmiş qoruğun tikan kimi duran otları üstündə inildəyə-inildəyə sürünən quşcuğaza baxırdı. O biri quşları tutmuş olan uşaqlar topal quşu ovucları içinə alıb tamaşa etdikdən sonra, yenə otlar arasına buraxdılar. O günkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idim. Bir saat sonra obaya döndük.
Bu əhvalatdan uzun illər keçmişdir. Ancaq bu gün də o qanlı vaqiəni unutmamışam.
Yoldaşım rza
Cümə axşamları mənim ən çox sevdiyim gün idi; çünki hər həftənin bu günü atam şəhərdən gələrdi. Bir təpə başında oturub, səbirsizliklə atamın yolunu gözlərdim.
Axşamüstü idi. Obada gəzinirdim. O gün südçülərdən biri şəhərdən çox tez qayıtmışdı. Onu uzaqdan görüncə yanına qaçıb, atamı soruşdum. Südçü çubuğunu qalın dodaqlarının bir tərəfinə qısaraq, o biri tərəfindən tüstünü buraxdığı halda gülümsəyərək:
– Atan bu gün gəlməyəcək, işi var, – dedi.
Bu söz ildırım kimi məni sarsıtdı. Məyus və dalğın halda geri döndüm. O isə arxamdan çağırıb:
– Ey, bura bax! Gələcək, səni aldatdım, mən bu gün tezdən çıxmışam – dedi.
Cavab vermədən yoluma davam etdim. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə, yüksək dağlar arxasına çəkilməyə, uca ağacların kölgələri şərqə doğru uzanmağı başlamışdı. Sürülər, naxırlar mələşə-mələşə obaya doğru qaçırdı, mən də bir təpədə oturub o gurultunu dinləyir, o canlı lövhəni seyr edirdim. Çadırımızın ağzında at kişnəməsi eşitdim. Dönüb baxınca nə gördüm? Atam!.. Sevincimdən ayaqlarım bir-birinə dolaşa-dolaşa yüyürüb boynuna sarıldım. Atam yoldaşım Rzanı da özü ilə gətirdiyindən, sevincim bir qat artmışdı. Sevinməzmiyəm? Cücələrimi, çeşmələrimi, göyəm ağaclarını göstərmək üçün yeni adam tapmışdım. Bir fincan çay içən kimi qalxdıq. Toyuqlarımdan başlayaraq göyəm ağaclarımı, dərədəki çeşmələrimi bir-bir göstərdim. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq, onlarla bərabər atılıb düşdük. Artıq qaranlıq düşür, seyrək duman uca dağların başından dərələrə, meşələrə enirdi. Göy üzü təmiz olduğundan şimal tərəfdəki bir-iki bulud dəniz içində kiçik təpəciklər kimi görünürdü. Hər ikimiz əl-ələ verib yüyürə-yüyürə evə gəldik.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-koc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dörd pərdəli, bir şəkilli dramİştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə, Poladın kiçik həyətini və yoxsul daxmasını təsvir edir.*
İkinci pərdəİkinci şəkilSəhnə xanın evini və həyətini təsvir edir. Atakişi həyəti süpürür.*
Üçüncü pərdəDördüncü şəkilSəhnə kiçik dağ ətəyini təsvir edir. Orta tərəf qamışlıqdır. Sol tərəfdə köhnə daxma,*
Стихи других поэтов
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.