Birinci pərdə
Страница 4 из 4 · 75%
Dördüncü şəkil
Üçüncü şəkildəki görünüş. Artıq günəş öz şüalarını ətrafa saçmışdır.
Kimon (Məlik), əlində uydurma üstürlab, saray xidmətçisi
Məstur ilə danışır.
Kimon
Məsturum! Al, budur həmin o zəhər. Bircə damcı içərsə məhv eylər.
Məstur
Bu xəyanət çətin başa gələcək.
Kimon
Bu xəyanətlə bəxtimiz güləcək!
Məstur
Sarayın qəlbi, ruhudur Uluca.
Kimon
Mənə göz verməyən o tülkü qoca
Bu zəhərdən alar ağır zərbə,
Zərbədən sarsılar o Nüşabə.
Məstur
Yox, Məlik, yox, bu xeyli qorxuludur.
Kimon
Qəlbinə qorxu girməsin, Məstur!
Ölsə qazdan ayıq qoca kaftar,
Rumlu qeysər bizi ikiəlli tutar.
Qorxma, tədbirə gəl riza göstər!
Fəth edincə bu ölkəni qeysər Tikəcək Bərdəyə məni xaqan.
Sürərik onda şanlı bir dövran.
Məstur
(Ətrafa baxaraq)
Sus, gələn var.
Kimon
Çəkil, çəkil!
Məstur
Bəs sən?
Kimon
Mən bəla görmərəm, tez ol, gizlən.
Məstur səhnədən uzaqlaşır. Kimon onun ardınca baxaraq kinayə ilə gülür.
Olmasa sadədil ağılsızlar,
Arizuya çətin qovuşmaq olar.
Kimon Tərxanın yaxınlaşdığını görüncə kənara çəkilib dayanır,
arxadan həzin mahnı səsi eşidilir:
Ağ buxaqda qara xallar
Ara-sıra qoşa düşər.
Duysa bunu canalan yar
Qəmzəsi göz-qaşa düşər.
Tərxan gəlib Nüşabəyə elçi getmiş olan vəziri Saltikin yolunu
gözləyir, arxadan oxunan mahnını dinləyir.
Qanadlandı yenə sövda,
Ovçu tərlan düşdü yada.
Könül yanar qızğın oda,
Eşq atəşi başa düşər.
Atlas geymiş uca dağlar,
Ətəyində sellər çağlar.
Kəklik, turac gülər, ağlar,
Səsi dağa, daşa düşər.
Kimon
(Tərxana yaxınlaşaraq)
Uğur olsun, oğul, bu şanlı gəliş!
Səni bu yurda taleyin çəkmiş.
Tərxan
Kimsiniz?
Kimon
Vurğunam təbiətə mən,
İşığa, atəşə, hərarətə mən.
Ruhumun mərkəzi o yezdandır!
Mən kiçik zərrəyəm, o, vulkandır! Köksü atəşli qətrəyəm ondan,
O isə çalxanan geniş ümman.
Tərxan
Bəli, ustadınızdır Əflatun,
Buyurun, mərhəba, bir az oturun, Meyliniz varsa sərvətə, yeməyə!
Kimon
Ehtiyacım yox, ey oğul, köməyə, Yediyim gündə üçcə xurmadır.
Ruhu, vicdanı mədələr qanadır.
Adətim hər zaman riyazətdir;
Bütün insanlara məhəbbətdir.
Tərxan
Əlinizdə nədir bu?
Kimon
Üstürlab –
Göy, günəş, ulduz, ay, fəza, mehtab Mənə çoxdan sevimli məhrəmdir. (Üstürlabı göyə çevirib baxaraq)
Bu nücum elmi başqa aləmdir,
Bax, nə şeylər görünmədə gözümə;
Bəxtinin ulduzu gülür üzümə.
Mərhəba, şanlı taleyin vardır!
Müştəri ulduzu sənə yardır.
Tərxan
Haradan bildiniz bunu, baba can?
Kimon
Bir yumaqdır əlimdə bu dövran,
Nə oyun işləsə bu çərxi-fələk,
Gözlərimdir bulud yaran şimşək.
Pərdə altında hər qəzavü qədər
Mənə parlaq günəş kimi görünər.
Tərxan
Görürəm, səndə çox kəramət var.
Kimon
Qarşıda ən böyük səadət var.
Səni bu yurda taleyin çəkmiş.
Nə qədər şən, şərəflidir bu gəliş!
Köksü atəşli bu gözəl torpaq
Sənə qismət olur, sənə ancaq!
Qəhrəmanlar qılıncını öpəcək...
Tərxan
Çaşdın, ey mürşidim, dayan, nə demək? – Bu gözəl yurda hökm edir xaqan,
Adı Nüşabə, nazlı bir canan.
Kimon
Onu da ram edər əziz bəxtin,
Şövkətin, dövlətin, uca təxtin. Şaha qüvvət verən siyasətdir.
Sına öz bəxtini ki, fürsətdir.
Tərxan
Ah, içimdə nə toy, nə bayram var. Eşqimiz dəf çalar, könül oynar.
Qoca Saltik neçin gecikdi, canım?
Kimon
Görünür, saxlamış sevimli xanım, Bilirəm, dan şəfəqli şux ülkər
Ona xələt, qızıl, xəzinə verər.
Tərxan
Hər zaman taleyim mənə yardır.
Kimon
Qəhrəman, diqqət et, gələn vardır.
Tərxan
(Kənara baxaraq)
Qoca Saltik gəlir, aman, ona bax! Üzü qəmli, kədərlidir ancaq...
Saltik gəlir, o qəmlidir, Tərxana baş əyir.
Nə cavab verdilər?.. Vəzir, durma!
(Saltik dinməz durur)
Söylə, qarşımda boynunu burma!
Saltik
Daşa dəydi sənin uca muradın,
Əylənirmiş bizimlə nazlı qadın.
Söyləyir bu nişan, bu elçi nədir? Mənə qarşı deyilmi bir təhqir? Belə müşgül, ağır günümdə mənim
Diləyimdir fəqət ana Vətənim.
Kimon
(İstehza ilə)
Sən, qadında qürura bax, sözə bax!
Saltik
(Kimona)
Həm hünər var o qızda, həm qanacaq.
Tərxan
Qaynayır qəlbimin içində öcüm,
Bilirəm, çatmaz o nəhəngə gücüm.
Gəray uzaqda görünür.
Saltik
(Tərxana)
Bax, Gəraydır gəlir, gedək, Tərxan.
Kimon
Burda bir sirr var...
Tərxan
Tez ol gizlən!
Hər üçü səhnədən uzaqlaşıb ətrafda gizlənir.
Gəray gəlib təpənin üstündən uzaqlara baxır.
Gəray
Günəş öz aləmində seyr edəli,
Görməmiş böylə nazənin gözəli.
Ah, bu əfsanəvi, gözəl ceyran
Mənə qismət olarsa, ey yaradan, Çəkərəm əl bu şan, bu şövkətdən,
Dönmərəm bu sevimli afətdən.
Bu zaman Uluca gəlib Gəraya yaxınlaşır.
Uluca
Bilirəm, söylədir səni sövda.
Mən də gənclikdə düşmüşəm bu oda. Eşq bir çalxanan köpüklü dəniz,
Ya fəzadır dərin və sahilsiz.
Gəray
Söylə sən kimsən, ey sevimli qoca?
Uluca
Yaşlı bir pəhləvan.
Gəray
Adın?
Uluca
Uluca.
Gəray
Çox gözəl, söylə bu sevimli ocaq,
Çox yaxınmı sənə?
Uluca
Deyildir uzaq.
Gəray
Torpağımdır o Gəncə ilə Aran,
Bil, Gəraydır adım da, ey baba can! Çırpınan dalğadır bu gənc ürəyim,
Var gözümdə sevimli bir diləyim.
Uluca
Nə üçün gəldiniz bu məmləkətə?
Gəray
Rəhbərim eşqim olmuş, əlbəttə!
Həm də qasidlərim gətirdi xəbər: Keçdi sərhədi rumlu İskəndər.
Ölkəyə dəyməsin ziyanı deyə,
Xanıma mən də gəlmişəm köməyə.
Uluca
Bu qoca pəhləvana satma yalan!
Sən ki Tərxanla bağladın peyman.
Gəray
Yox, inanma, eşitdin isə bunu.
Oynadım mən də gəncəfə oyunu. Bu həyatda ara-sıra insan
Aldadır, söyləyir bir az da yalan.
Nazlı canana vurğunam mən də,
Bu keçidlərdə yorğunam mən də. Ölərəm, etmərəm xəyanət ona,
Diləyimdir mənim o nazlı sona.
Uluca
Qəlbi atəşli aşiq isə adın,
Hanı tərlan kimi süzən qanadın?
Gəray
Yolçuyam, sən işıqlı bir ülkər,
Bu qaranlıqda ol mənə rəhbər.
Uluca
Neyləyim? Fikrini açıq söylə!
Gəray
Tez görüşdür sevimli yar ilə.
Uluca
Bu görüşdən əcəb nədir məqsəd?
Gəray
Bir təsəllidir ancaq, eyləmə rədd, Yarı görmək bütün cahana dəyər. Aylı, ulduzlu asimana dəyər.
Uluca
Yox, bu mümkün deyil.
Gəray
Aman, baba can!
Görünür ki, sən aşiq olmamısan?
Uluca
Daş deyildir mənim qoca ürəyim.
Gəray
Eşqimə, bil ki, baş əyir diləyim.
Uluca
Eşq ilə çırpınan cəfaya dözər,
Laçın alçaqda, həm fəzada süzər!
Gəray
Baba, eşqin göyündə qəlb ucalır.
Uluca
İşığı Ay, oğul, Günəşdən alır.
Gəray
O günəş parlayınca bürcündən,
Ürəyim rəqs edir sevincindən.
Uluca
Çox zaman eşq aldadır hissi,
Yanğını andırır sönük nəfəsi.
Gəray
Sönməz eşqim, o bir yanar dağdır. Qəlbimə çağlayan bir irmaqdır.
Uluca
O təmiz qəlbinə vurludum mən, Dostlara yol açıq, gedək.
Gəray
Əhsən!
Oxudu qəlbimi ağıl gözünüz,
Sağ olun, duydunuz bu eşqimi siz.
Uluca ilə Gəray gedirlər. Tərxan, Saltik və Kimon pusqudan çıxırlar.
Saltik
(qəzəbli)
Bu da ən çox inandığın o Gəray.
Kimon
Onu da aldı qoynuna bu saray.
Tərxan
Ağlım uçdu başımdan, ah, vəzir!
Saltik
İndi dostlarda etibar nə gəzir?
Tərxan
Qopdu köksümdə kinli bir tufan.
Kimon
(Hiylə ilə)
Dözmək olmaz bu dərdə.
Tərxan
Ey yaradan!
Qəlbimi yaxdı odlu bir şimşək.
Saltik
Həyəcan etmə!
Kimon
İztirab nə gərək!
Tərxan
Yox, bu təhqiri qoymaram yerdə! Yasa batsın gərək saray, Bərdə...
Kimon
(Getmək istəyən Tərxana)
Yadlara bağlıdır açıq yollar.
Saltik
(Tərxana)
Hər təlaş aqibət bəla doğurar.
Tərxan
Çarə yox.
Kimon
Var!
Tərxan
Nədir? Tez ol, göstər!
Kimon
Ölkələr fəth edən böyük qeysər
Çoxunu qurtarıb o möhnətdən.
Tərxan
Uf, yanar odlara tutuşdum mən!
Saltik
Bəllidir fikri, xan, bu bir çaramı?
Tərxan
O sağaltmaz mənim dərin yaramı!
Məstur görünür. Kimon onu işarə ilə yanına çağırır.
Kimon
(Tərxana)
Çatdı imdadına bu qız, ey xan!
Gəl, quzum, gəl!
Tərxan
(Uzaqda görünən Məsturu göstərərək)
O kimdir, ay baba can?
Kimon
Məsturum, əlbir ol bizim xanla,
Tez görüşdür sevimli xaqanla.
Məstur
Yad kəsə bağlıdır bütün yollar,
Buna, zənnimcə, bircə tədbir var: Sevgili yarı istəsə görmək,
Bir qadın paltarı geyə o gərək!
Tərxan
Yox, yox, Məstur, düşün, düşün bir az, Şir ki, ceyran dərisinə sığmaz!
Məstur
Qəhrəman, baxmaq istəsən o aya,
Səni ancaq bu yol alar saraya.
Kimon Tərxana baxaraq istehza ilə gülür.
Saltik
Düşün, Tərxan, can atma qanlı işə.
Kimon
Uzgüçü qorxusuz üzər həmişə.
Tərxan
Görüşə tək bu isə yol, ata can,
Razıyam!
Məstur
Gəl dəyiş qiyafəti.
Saltik
(İztirabla)
Xan!
Bir düşün, bu gediş çəkir haraya?
Kimon
(Məstura)
Ləğm içilə xanı götür saraya!
Tərxan
Gəl görək, taleyim nə göstərəcək!
Kimon
Uğur olsun!
Saltik
Düşün...
Məstur
Yubanma.
Tərxan
Gedək! Mənim ilə görüşsə sevgili yar,
Bəxşişim, xələtim səni doyurar.
Tərxan, Saltik və Məstur gedirlər. Kimon onların ardınca baxaraq istehza ilə:
Kimon
Bu görüşdən nəsibiniz ancaq
Olacaq bir qarış qara torpaq!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-nusabe-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
TapmacaSaqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,
Şair, hücreyi-iştiğalı və düşüncələriKiçikcə bir oda içrə zavallı bir məxluq –Yaşar... və çox gecələr olduğu otağı soyuq.