Neft fontanı
Содержание
Страница 3 из 4 · 50%
Səkkizinci gəliş
Əli Şəfi və Mirzə
Mirzə ortalıq qapıdan gəlir və iki kitab verir
Mirzə. Mirzəcanın nimdərinin altında imiş, yoxdur, bunları da çəlləyin üstündən götürdüm.
Əli Şəfi. Ay evi dağılmış, bu bayazdır? Bu ki, Tarıverdinin qəzəl kitabıdır (oxuyur). Ay dalay, dalay, dalay...
Yüz fikrü xəyal eyləyirəm, könlüm açılmır,
Qüssə məhü sal eyləyirəm, könlüm açılmır.
Mirzə. Niyə könlün açılmır? Budur, dördüncü nömrə fontan eləyir, onda ürəyin açılar. İndidən hələ bir nəfər müsürman mənə ayda beş manat verir ki, onun kanalına neft buraxım.
Əli Şəfi. Oho! Olmaya ki, mənsiz iş tutasan ha! (sonra o biri kitaba baxır). Oho! Bu nədir, Krılovun basnılarıdır.
Mirzə. Bilmirəm nədir, mən oxumamışam.
Əli Şəfi. Odur oxumamısan ki, bu günə qalmısan da.
Mirzə. Sən ki, oxumuşsan, görürük elə vərəzən günə çıxmısan.
Əli Şəfi. Anlamırsan, sənə nə deyim (“Kvartet” basniyasını oxuyub yarı rus, yarı Azərbaycan dilində izah edir).
Mirzə. Nə uzun qulağımızı dəng elədin, söylə görək nə deyir o?
Əli Şəfi. Deyir ki:
Nadinc meymun, eşşək, keçi tapdılar –
Bir ayını kvartet çalmağa.
Mirzə (onun sözünü kəsir və təməsxüranə). Puf... puf.. Hayıf deyil bizim Kəllədəmənə kitabı?!.. Hə, yaxşı, yaxşı. Bizim upravlyayuşşi nərdivana mərdivən deyir a.
Əli Şəfi. Pəh, sən onu deyirsən, xəbərin yoxdur, dülgər İrəfə də nəccar deyir (gülürlər). Aha, birdən Bəybala eşidər ha?
Mirzə. Bir də de görüm nə deyir?
Əli Şəfi. A heyvan, bizi biabır edərsən, çıx burdan, cəhənnəm ol!
Mirzə. Oho, oho. Oho!
Əli Şəfi. Tərs sillə gələr ha! Çıx burdan, çıx!
Mirzə. Yavaş, yavaş! Oho, oho!
Əli Şəfi. Məni tanıyırsanmı? Gözünü sil, məni əməlli tanı!
Mirzə. Necə məgər, yoxsa moğrusan, qalabəyisən? Nə çıx-çıx deyirsən? Havayı gəlməmişəm ki! İki abbası sağ olsun, iki abbası.
Əli Şəfi. Eh, sənin iki abbasın başına dəysin. Al itil, açıl başımdan!
İkisi də gedirlər
Doqquzuncu gəliş
Bəybala (gəlir) Bu nə səs idi, qoymadılar bir az yatım, dincəlim.
Əli Şəfi görəsən hansı cəhənnəmə getdi. Amma mən bunun xatırını çox istəyirəm! Yaxşı qulluqbaz, vəfalı adamdır. Məmmədovun yanında məni tərif edə-edə lap göyə çıxardıb.
Xansənəm (daxil olur) Bəybala sənsən?
Bəybala. Bəli, bacı, mənəm. Nə qulluğunuz var?
Xansənəm (gəlir lap Bəybalanın üzünə baxır və saqqalından yapışır). A saqqalın ağarsın, bu mənim uşağımı nə üçün çıxartmısan?
Bəybala (öz-özünə). Nataraz arvaddır ha! Heç xarrat bazarından keçməyib (Xansənəmə xitabən). Sənin uşağın kimdir, bacı?
Xansənəm. Kim olacaq, Mirzə!
Bəybala. Nə Mirzə?
Xansənəm. İki il idi burda qulluqda idi. Dünən bir, bu gün iki, gəldin-gəlmədin uşaqcığımı çıxartdın, qoydun avara. Sənə nə yamanlıq etmişdi? Fayda verməz, təzə gəlmisən axı... təhər-törünə bax bunun... Adamaoxşamaz (barmağı ilə hədələyir). Budur mən gedirəm şəhərə, uşağımı göndərəcəyəm gəlsin.
Bəybala (öz-özünə). Biz də deyirik ki, müsəlman arvadlarında qoçaqlıq yoxdur (Xansənəmə xitabən). A bacı, buyurursan, yoxsa xahiş edirsən?
Xansənəm. Əlbəttə, xahiş edirəm, təvəqqe edirəm, Bəybala ağa! Dediyim budur ki, birtəhər yola gedin. Biz də, axır, müsəlmanıq, adamıq, qərib ölkədən gəlmişik, özgənin yanında üzümüzün suyu tökülməsin. Biz də, axır, bir ocağıq! Yoxsa məni tanımırsan? Mən Kərbəlayı Məşədi Hacının uşaqlarının anasıyam. Keçən il qaban ovuna gedəndə ovda öldü. Daş düşsün fələyin başına. Yoxsa, mən hara, Balaxanı hara? Ağdam mahalı hara, bura hara?
Bəybala. Eybi yoxdur, de gəlsin, Allah qoysa fontanlarımız atar, bir işə qoyarıq.
Xansənəm. Çox sağ olasan. Allah sənə ömür versin (stolun üstünə bir cüt corab qoyub deyir). Bu da sənin peşkəşin.
Əli Şəfi (gəlir). Ağa, qanatı gətirdilər, amma yaxşı deyil, çürümüşdür. Özünüz baxsanız yaxşı olar.
Bəybala gedir
Onuncu gəliş
Xansənəm (öz-özünə). Ay oğlan, bu Bəybala Tükəzban Xanbacının bacısı oğlu deyil, yoxsa Tubunisanın qardaşı oğludur? (Əli Şəfi bunu görmür, gəlir telefonun yanına zəng vurur). Buy, bismillah, bu nədir? (Yenə zəng vurulur). Ay balam, bu şeytandır, nədir (Yenə zəng vurulur). Vay dədəm sənə qurban (Əli Şəfi buna baxır, Xansənəm qorxur, gedir, onun yanında durur).
Əli Şəfi. Ay bacı, niyə belə gizlənirsən?
Xansənəm. Allah amandır, bu şeytandır, nədir? A balam, əgər müsəlmansan, Allah xatirinə, daha məni qorxutma. Danış görək sözün nədir?
Əli Şəfi. Ay bacı, şeytan kimdir?
Xansənəm. A balam, ödümü qusdum ki, bir danış görək nə təhər adamsan?
Əli Şəfi. Kim ilə danışırsan, ay arvad? (gülür). Ha, ha, ha... bah, telefona deyirsən. Adam da balaca zəngdən qorxar? Qorxma, bacı, qorxma. Bu bir məzəli maşındır, gəl göstərim, bir gör bu nə cür şeydir.
Xansənəm. Yox, qorxuram, a bala.
Əli Şəfi. A bacı, “siyiredenite” eliyənlər hamısı arvaddır. Nədəndir sən qorxursan, olar yox? Yaxın gəl, bax, gedərsən kənddə söhbət elərsən, hamı mat qalar. Bir bax, gör bunun içində ildırım var?
Xansənəm. Yox, mən qorxuram, istəmirəm.
Əli Şəfi. A bacım, mən yekəlikdə kişi sənin yanında, niyə qorxursan, nədən qorxursan? Mən budur zəngi vururam (zəngi vurur). Madmozel deyir, yəni arvad deyir (arvad səsi ilə) sentralnı. Mən deyəcəyəm siyirdenete pojalusta kislotnı rağoto Frakul Hurviç Birnataqov. İndi hazırdır. Zəngi vurdum, danışacaqlar.
Xansənəm. Siz axı rus dili ilə danışırsınız, mən ki, bilmirəm.
Əli Şəfi. Axı sənin xəbərin yoxdur. İstəyirsən lap moltanı dili ilə danışım. Bir bax (danışır). İxto aparat? Zırpı sənsən? Qorağsanmı? İzdes adin qarabaqski madam yest, danışmaq istəyirsənmi? (Xansənəmə deyir). Gəl, götür, qulağına tut, həm eşit, həm danış.
Xansənəm (danışır). Kimsən? Xansənəm? Nə deyirsən? (telefonu atır). Ala, ala! Vuy, lova düşəsiniz! Külüm onun başına!..
Əli Şəfi (gülür). A bacı, nə dedi?
Xansənəm. Heç nə, külüm onun başına!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-neft-fontani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tutalım çox ağıllı tacirsən,İş aparmaqda xeyli mahirsən.
Yay gecəsiAxşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.
Yay səhəriƏkinçilər, – yay gecəsiydi kənddə –Yorğun, arğın yeni çimir etmişdi.
QışBir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.