Üçüncü hissə, 31. Gizir Səfərov
Doğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.
Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:
“Yadınızdadır, mən sizə deyirdim, vaxt gələcək, Orucov Murovun ən böyük zabitlərindən olacaq. Gördünüz? Üstündən bir il keçməyib, haqqında əfsanələr dolaşır. Mən şadam ki, bu ulu dağları belə igid kəşfiyyatçıya, ləyaqətli zabitə əmanət edib gedirəm!”
“Yaxşı görək!” - komandir bir az utandı, deyəsən.
“Səmimi danışıram! Burda xidmətdə qalsam, düşünərsiniz ki, bu sözləri nəyinsə xatirinə deyirəm. İnanın mənə, heç bir təmənna güdmürəm! Komandir, siz böyük adamsınız! Bundan da böyük olacaqsız! Allah sizə də, burda qalan dostlara da, hətta Əsgər İrəfiyevə də kömək olsun!”
Gülüşmə düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-31-gizir-seferov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Onunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.
Dördüncü hissə, 30. KomandirBu dünyada bir kimsəyə minnətim olmadı, Sevincdən başqa. Biz, əslində, sənəddə evli idik, həyatda deyil. Bir-birimizdən ayrı düşmüşdük və bəzən işlərim o qədər çox olurdu ki, ayların necə keçib-getdiyini bilmirdim. O, həm evi-uşaqları idarə edirdi, həm də bir gözü mənim üstümdə olurdu. Özünə zarafatla “əsgər anası” deyirdim. Doğrudan da, anam nə edərdisə, Sevinc onu edirdi. Əlində zənbil xidmət keçdiyim yerlərə gəlir, əsgər valideynləri kimi məni gözləyib görüşürdü. Yaxşı ki, Zabil varmış. Mən evimdən birinci Sevincə, ikinci Zabilə görə arxayın idim. Yoxsa xidmət eləyə bilməzdim.Zabil arada məndən möhkəm incimişdi. Toyumda çağıra bilmədiyim üçün. Açığı, deyə bilərdim, amma utandım. Əsgərlikdə idi. Haramıda qulluq edirdi. Fikirləşdim, necə zəng vurum, deyim, toy eləyirəm, qardaşıma icazə verin? Bəlkə, toy başqasının olsa, edərdim. Alınmadı. Və bir gün atamdan eşitdim ki, Zabil məndən inciyib, özü də açıq şəkildə bəyan edib: “Mənim o adda qardaşım yoxdur!”
Dördüncü hissə, 31. ZabilBoynuma alıram ki, o sözü demişdim. Haqqım vardı. Belə şey olar? Qardaşın ölkənin ən tanınmış zabiti ola, ad-sanı hər yana yayıla, səni toyuna çağırmaya! Mənə üç günlük icazə almaq onun üçün çətin deyildi. Heç yadına düşməmişəm.Necə incimişdimsə, deyirdim, onu qəbir evinəcən bağışlamaram.
Dördüncü hissə, 32. KomandirAkademiyaya getdiyim vaxtlar şəhərdə ailəmlə qalırdım. Aqşin böyümüşdü artıq. Lakin evdə az gördüyü üçün məni tanımırdı. Aqşinə atasının varlığını hiss etdirə bildim. Buna görə çox xoşbəxt idim. Körpə yaşlarından ona əllə sağollaşmaq öyrətmişdim. Anasının qucağında mənə əl eləyir, hətta öpüş də göndərirdi. Hər dəfə mən gülürdüm, Sevinc qəhərlənirdi. Nəsə, o an özünü saxlaya bilmirdi. Həmişə mənimlə zarafatlaşan, şux xasiyyətli Sevincin belə kövrəldiyini görəndə daha çox gülürdüm. İstəyirdim o da göz yaşlarını silsin, gülümsəsin. O isə ağlaya-ağlaya gülümsünürdü. Həm öz istədiyini edirdi, həm mənim istədiyimi.O saat özümü ciddiliyə vururdum. Bizdə belə idi; mən ciddiləşəndə o, zarafata keçirdi, o ciddiləşəndə mən.