Страница 6 из 12 · 42%

– Demək, belə görünür, tək oğul gərək anasının qoynundan çıxmasın, eləmi?

– Çıxsın, amma belə də qanadlanıb dağa-daşa uçmasın.

– Anam, mənim hamıdan rəhmdil anam, – deyə Mehman günləri iztirabla keçən anasını sinəsinə basdı, aram bilməyən, hey qaynar bulaq kimi qaynayan göz yaşlarını əzinik dəsmalına sildi. - Mənim gözəl, göyçək, qəşəng anam! Bütün yer üzündə bir tək anam, bir tək atam, bir tək bacım, bircə tək qardaşım, günüm ruzigarım, məkkəm-mədinəm, qibləgahım!

– Sən məni kitab dilinə tutma, Mehman! – deyə Xatun dartınıb oğlunun əlindən çıxdı. – Səni heçcə yana buraxmaram! – Səbri tükənən Xatun qayıdıb qapını dartıb açdı, gəlinin yatıb-yatmadığını hesaba almadan, – bax Züleyxa da! – deyə çarpayıda qurcalanan hələ də büründüyü yorğandan başını çıxarmayan gəlininə tərəf söyləndi, – bax bu qız da razı deyil! – Gəlin səsini içinə salıb dinmədi, ananın iztirablarına cavab vermədi. Ömründə az-az özündən çıxan Xatun dönüb Mehmanın yanına qayıtdı:

– Səni heçcə yana buraxdı yoxdur! – deyə inad göstərdi, – heçcə yana, əsla!

– Əgər sən mənim mehriban anam, mənim hər addımımı belə ölçübiçiyə salsan, mən öz vəzifəmi yerinə yetirə bilmərəm! – deyə Mehman yır-yığış elədi, nəhayət, Qaloşlu adamın yəhərlənib-yüyənlənib gətirdiyi səkil at qapıda kişnədi, əsrarlı ürək döyüntüsü keçirən Xatunun vücudü uyuşub açıldı...

İşin işdən keçdiyini, Mehmanı yolundan saxlamaq mümkün olmadığını kəsdirən Xatun daha müvazinətini saxlamağa, yad adam yanında pərdəni yırtmamağa çalışdı. O dönüb axşamdan qalan həmin xörəyi əlüstü qızdırdı... Mehman ananı incitməmək üçün erkən olsa belə süfrəyə qoyulanı yedi, ağac pilləkəni aşağı düşdü.

– Bir tək Allah, sən özün bu uşağa yar ol! – deyə ana bəzəkli piyaləni su ilə doldurdu, Mehman atın belinə qalxıb tərpənincə o suyu oğlunun ardınca atdı, ağaran su Mehmanın yolunu işıqlandırdı.

– Od içindən də salamat çıxar! – deyə əlacı kəsilən ana oğlunun səfərini xeyirliyə yozdu: – Tək oğlumu tək Allah özü pənahında saxlayacaqdır...

Səkilin yorğa yerişini dərin qibtə hissilə süzən Qaloşlu adam ataanadan yetim qalan yanıq uşaq kimi hər iki əlini qoynuna qoyub büzüşdü, çıxıq çiyinlərini çatıb kədərli görkəm aldı. Onun günlüyü qısalıb əyilən kepkasını bürüyən, çal qırçın saçları yanlardan pırtlaşıb leylək yuvasını andırdı. O, başını məna ilə buladı, sual işarəsini andıran əyri-üyrü görkəm alıb mübhəm bir vəziyyətə düşdü. O, Mehmanın sözə baxmayan tərsliyi barəsində hıq-zıqqıla deyindi, Xatunun qarşısında özünün Mehman üçün ən canıyanan adam olduğunu nümayiş etdirdi. Ürəyi, atlanan oğlundan üzülməyən, Xatun dönüb eyvana qalxdı, məhəccərə söykəndi, birinci dəfə at belində gedən, birinci dəfə at belinə qalxan oğlunu müşayiət etdi, – “uğurlar olsun!” Ana udquna-udquna, təkrar-təkrar xeyir-dua verdi, – “Allah sən özün mənim bircəmə qıyma!.. Xudavənda, sən özün mənim bircəmi özcə qanadında saxla!”

Səkil belində quruşulan, cilovu əlində dəstələməkdə acizlik çəkən adamın minici olmadığını lap birinci dəfə, yəhərə qalxdığı andan duymuşdu... Bunun üçün də səkil hələ də şıltaqlıq edir, yəhər altında öz çiyinlərini oynadırdı! Enişin başına enincə, belindəki minicini götürüb yerə vurmaq üçün hoqquldayırdı. Öz vəziyyətinin gərginliyini duyan, səkildən ehtiyat edən Mehman qorxu qarşısında birdən özünü ələ alıb yığışdırdı, cilovu əlində çevikliklə topladı, səkil başını döndərib alışıb qızaran gözləri ilə təzə minicisinin üzəngidəki ayaqlarını süzdü. Qalın qozlu dərəni keçən Mehman öz oturuşunu düzəldən zaman qənşərə çıxdı. Atın səkil ayaqlarından tutmuş minicinin başına qədər hamısı eyvanda dayanan anaya, elə də indicə içəridən çıxıb məhəccərə söykənən Züleyxaya, hələ də bir küncdə büzüşən Qaloşlu adama göründü... Xatunun saralan sifəti yavaş-yavaş açıldı, sanki ananın üzündən tala buludlar çəkildi... Züleyxanın yuxulu şişkin gözləri genişləndi, Qaloşlu adamın sir-sifəti getdikcə quzey meşəsinin cır alması kimi turşudu:

– Söyləyəndə ki, oğlan, sənin üçün bu vəhşi dağ-daşa düşmək hələ tezdir, bu sıldırım yollar qorxuludur. – Qaloşlu adam hiyləgərliklə açılışıb-oyalandı: – İndi vursun, bu səfərdə bir kəsgi, bir xata-bala olsun?!. Daha durub, düşünüb, demir qoca anam var, cavanəzən gəlinim var?!

– Kişi sən o küncdən bəriyə nəs-nəs danışma! – Xatun hiddətləndi. – Avandına düşən işi tərsinə yozma. – Xatun bayquş avazlı qırışıq kölgəli qocanı susdurmaq, onun xeyirə açılmayan ağzını hər iki əliylə yummaq istədi: – Uğurlu olsun, de! İşi bəduğur yozmaq yaramaz!

Qaloşlu adam udqunub “Qoy o quş kimi səkən səkilin yalmanı qanlı gəlsin, ağıçısayağı kişnəyə-kişnəyə, qara xəbər gətirsin! – deyə mənhus nəfsilə cavan yolçuya qarğıdı. İlk gəldiyi gündən gözləri su içməyən ədalı oğlana bədduaçı olub nifrin etdi: – Beləsi nə qədər tez ürəyindən oxlansa bir o qədər yaxşıdır!” Xatunun iti nəzərləri gizli bədduaçını süzdü, Qaloşlu adam başını çiyni üstə qoyub, fəqir görkəm aldı. Getdikcə səkilin belində özünü daha yaxşı cəmləşdirən Mehman dolayını ötüb qarşıdakı dərəyə endi, sonra yuxarıya, “Yeddi qardaş”a doğru dırmanıb, ardıcıl meşədə gözdən itdi. Qürur və nigarançılıq içində nəfəsini dərən Xatun dönüb Züleyxaya diqqətlə zənn etdi, gəlinin gözlərində muncuqlanan gilələr görüncə sevindi: “Allah özü elə eləsin ki, bunların ulduzları barışsın!” – Xatun gözlərini göy səmtinə döndərdi: – “Elə olsun ki, xeyirli olsun! Elə olsun ki, bu bir körpəyə bir zaval toxunmasın!”

Ardıcıl meşəyə girən Mehman əyri-üyrü cığırla bir daha daşlı dərəyə düşüb yastı-yastı təpələrə qalxdı, nəhayət, dağların arası ilə üzüaşağı, Araza doğru axan çayın kənarına düşüb rahatlandı. Səkil öz minicisi ilə razılaşmış kimi kilkanlı quyruğunu qaldırıb qulaqlarını qoşalayıb dördəm gedir, üstündəki cavan adamı götürüb başı qarlı “Yeddi qardaş” dağlarına doğru aparırdı. Mehman tənhalaşdığı üçün yenə də öz vəzifəsinin məsuliyyətinə dönürdü. Mehman öz iradəsini toplamaq, bu ucqar dağlı-dərəli dairədə itib-batmadan işləmək, inqilabi qanunçuluğu möhkəmlətmək, öhdəsinə düşən işləri vicdanla yerinə yetirmək istəyirdi... Mehman hələ təhsil zamanı istehsalat təcrübəsində göndərildiyi vaxt, rayon məhkəmələrinin və müddəi-ümmuiliklərinin işlərinin gedişindən duyub dərk etmişdi ki, camaatın arasına girmək, kütlələrin səsini eşitmək, yazılmayan, imzalanmayan güclü hökmləri oxumaq, ecazkar sirləri öyrənmək zəruridir... Bəlkə, Mehmanın Bakıda nəzərdə tutduğu elmi mövzusunun özü də burada, zəruri tələblərə görə dəyişdi? Bəlkə o, yeni mövzu seçib işlədi?.. Ancaq indi düzünə gəlincə Mehmanın elmi əsəri işləmək üçün vaxtı yox idi. Bəlkə o, burada təcrübi işdə çalışa-çalışa göz açdı, müəyyən bir qərara gəldi?.. Bəlkə o, işləri öyrənəndən sonra mümkün edib iş arasında elmi işini işlədi, Bakıya dönürkən Məlikzadəyə bəyəndirdi, onun razılığını aldı?

Səkilin belində gedən Mehmanın xəyalı yuxarı-aşağı cövlan edir, görmədiyi dağ-daşı nə qədər seyr etsə də, yenə də öz daxili aləmindən üzülə bilmir, bu səfərindən ümdə məqsəd nə olduğunu daha da müəyyənləşdirmək və dürüstləşdirmək istəyirdi... Raykom katibi Vahidov prokurorun kəndlərə çıxmağını, camaatla görüşüb danışmağını, necə deyər dilləşməyini məsləhət bilmişdi!.. Əlbəttə, belə olduqda Mehmanın nüfuzu artar, onu tanıyıb, bilənlər çoxalar, o özü də müəyyən dərəcədə görüb-götürər, özünü-sözünü daha da bərkidib, möhkəmləndirərdi. Demək, onda cavan prokuror, bu qanunu təhrif edən, ipə-sapa yatmayan Kamilovu da bu səkil kimi cilovlamağı bacarar, onu öz cızığından çıxmağa, dəli bir buğa kimi böyürüb, bağırmağa qoymazdı!.. Bəli, azğın əyani yaxşıca cilovlamaq üçün çox möhkəm zəmin, sarsılmayan dayaq gərəkdir, həmin dayaq da kütlələr tərəfindən qat-qarış halda gələn, – doğrudur, düzdür, – sədalarıdır! Demək, elə hökm vermək gərəkdir ki, eşidən-bilən vicdanlı əks təsdiq edib, qol qoyub, möhür bassın... Yoxsa prokurorun tələb etdiyi cəza, məhkəmənin çıxardığı hökm kütlələr tərəfindən təsvib edilməyəcəksə, başlar şübhə ilə tərpənəcəksə, demək uçurum vardır, özü də indi Mehmana görünən uçurumdan da dəhşətli uçurum vardır!

Ancaq o uçurumla bu uçurum arasında böyük fərq vardır. Bu uçurum gözə göründüyü halda, o uçurum açıq halda, gözə görünmür, bəzən də Murtuz kimi daz başlar uçurumun üstünü məharətlə malalayır, yeri gələndə adamı birdən itələyib çıxılmaz uçuruma salır. Bu uçuruma düşərkən çıxmaq, yeri-yurdu cırmaqlayıb qalxmaq mümkün olduğu halda, o uçurumdan çıxmaq, yuxarıya qalxmaq mümkün olmur, əbədi məhvin amansız hökmü sənin qulaqlarında səslənir...

Mehman təbiət mənzərələri aləmində belə öz iş-gücünə dair mühakimə edir, oxuduğu müdrik kəlamları xatırlayır, sanki ağıllı-kamallı adamların öyüd-nəsihətlərini eşidirdi... Səkil belindəki adama alışmış kimi dördnala yeriyirdi... Birdən Mehman gözlərini döndərib yuxarı dağlardan üzüaşağı tökülüb gələn qıjıltılı çaylara baxır, bu çayların daşqayalara çırpıla-çırpıla necə getdiyini görürdü. Mehmanın ciyərlərinə təmiz dağ havası dolur, o, köksü dolusu nəfəs alırdı... Baxırsan yuxarıya “Yeddi qardaş” dağları əfsanəvidir!.. Daşlar cürbəcür, rəngbərəngdir!.. Bax, yuxarıdakı qoç daşlar necə də buynuz-buynuza, kəllə-kəlləyə dayanmışlar... Sanki onlar indicə geriyə çəkilib yamanca toqquşacaqlar... Sanki hansı qoçunsa kəlləsi çat verəcək, başı zədələnəcək, beyni qatıq kimi dağılacaqdır?.. – Mehman əlindəki qamçını yuxarıya qaldırıb səkilin sağrısına vurmadan havada saxladı, əfsanəvi mənzərənin əsrarlı təmtərağı qarşısında heyran qaldı... İndi qoçları buradan qoparıb, şəhərin müəyyən muzeyinə aparmaq yaxşı olardı, yaxud tərpənmədən burada belə bitili saxlamaq? – Mehman əlindəki qamçını aramla endirib, yoxuşu dırmanan səkilin yalmanından yapışdı, daha dərinlərə qulaq verdi... Güclü səs-səmir, haradansa gələn fışqırıq, aləmə yayılan nəğmə bir-birinə qarışırdı... Mehman dinləyə-dinləyə dönüb yenə də baxdı... Qoçlardan yuxarıda boy tutan buynuzlu buğaları da gördü... Sonra da o, sal qayaların üstündə işlənən qılınc-qalxanlı cəngavərlərin əmrə müntəzir dayandıqlarına tamaşa etdi... Bir az o yanda sökük məqbərə – abidə görünürdü. “Demək mən bu ucqar aləmi seçməklə vətənimin gözəl bir guşəsini seçmişəm”, – deyən Mehman elə bir guşə seçmişdir ki, bəlkə də heç öyrənilməmişdi?.. Bu yerlərin nə eli, nə adəti öyrənilmiş, nə bir kəs tərəfindən qələmə alınmış, nə bir sətir yazılmışdır... Halbuki bu yerlərin özünə görə qədim-qədim tarixi, bu qoçların, buğaların, qılınc-qalxanlı süvarilərin, başqa yanda görünən günbəzlərin, məqbərə və abidələrin bir sirri, mənası vardır. – Mehman bu yerləri seyr edib, düşündükcə, bütün bu yeni, eyni zamanda qədimdən qalan aləm ona mənalı, əsrarlı görünürdü. Mehman belə bir əfsanəvi mənzərə aləminə bələd olmadan təqribi gəlsə də, indi burada gözlərini açdıqca yeni və maraqlı aləmlər görür, izdihamlı şəhəri qoyub, bu torpağa gəlməyindən heç də peşman olmur, Züleyxa xanım kimi ah-uf eləmirdi. Əlbəttə, Mehmanın ümdə məqsədi bu aləmi seyr etməklə bu abidələri, nişangahları harayasa köçürməklə, yaxud buranın özündə belə mühafizə edib-etməməkdə deyildi. Bir prokuror olaraq Mehmanın işi canlı insanların talelərilə məşğul olmaqdan ibarət idi. Mehmanın işi-gücü səssiz-küysüz ötüb keçən aləmdə deyil, səsli-küylü çığırdıla-çığırdıla sökülüb-tökülən, uçurulan, yenidən qurulub tikilən bir aləmdə idi. O, meşəli dağ-daşın arasıyla at belində dolana-dolana qalxdı, birdən əlini gözlərinin üstünə gətirib yuxarı dağın döşünə baxdı, evləri bir-birinə bitişən, boz tüstüsü başı qarlı dağların zirvəsinə doğru ucalan seyrək-seyrək obaları gördü... Mehman atın cilovunu çəkib başını döndərdi, darısqal, əyri-üyrü cığırla üzüyuxarı dırmandı, dağın gərdəninə sancılan günəşin şüaları gözlərinə düşdüyündən, başını yana çevirdi. Bu yerlərə bələd olan, bənd-bərələri bilən səkil at daşlı-qayalı cığırı bir erkəc kimi adlaya-adlaya bu biri yandakı obanın qənşərinə yetişib, qulaqlarını kürələyib, burunlarını pərələyib, güclü kişnərtilə kişnədi. At minmək, at belində gəzib-dolanmaq, xüsusən belə ucqarları seyr etmək özü də Mehmana görə bir dünya deyildimi? Təbiət aləminə düşən, kişnərtili köhlənin belində özünü bərkidən Mehman boylanıb yerə yapışan evləri sınayır kimi gözdən keçirdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 мин
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 мин
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 мин
III

Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

19442 мин

Стихи других поэтов