XIV
Müstəntiq Murtuzov təlaş göstərib, pərakəndə işləri sahmana salıb, bir-bir nəzərdən keçirir, prokurorun gəlməsini gözləyirdi. Elektrik işığı yanır, Murtuzovun sarı daz başını işıldadırdı.
– İndi prokuror gələcək, izahat vermək lazımdır, – deyə o, maraqlı söhbət üçün mövzu axtarırdı, – gərək elə edəsən ki, gözünə girəsən, inansın!.. Yoxsa ayrı cürə iş uduzular.
Prokuror içəriyə gircək o, adəti üzrə yenə ayağa qalxıb dik dayandı. Mehman stolun arxasına keçdi.
Hər ikisi dönüb işləri birlikdə nəzərdən keçirməyə başladılar. Murtuzov münasib fürsət tapınca:
– Siz bilirsinizmi, yoldaş prokuror, – deyib söhbət açdı, – burada rayonda biz, bəzən, düzünü deyim ki, qanunu kampaniyaya tabe edirik!
– Məsələn?..
– Məsələn, tutaq ki, yaz əkini getmir, icrakom qərar çıxarır ki, tapşırılsın prokurora bir neçə səhlənkarı məsuliyyətə cəlb etsin, yaz əkininin gedişini sürətləndirsin!
– Əlbəttə, səhlənkarı məsuliyyətə almaq lazımdır! Biz əkin-çörək üçün də məsuliyyət daşıyırıq!
– Səhlənkar tapılmasa bəs necə?
– Axtarıb səhlənkarı tapmaq lazımdır! Müqəssir kim olursa olsun tapılmalı, məsuliyyətə cəlb edilməlidir Bizim cəmiyyətin inkişafına mane olan sinfi düşmən ünsürləri mütləq qanuni zərbə almalıdırlar!.. Ancaq mən qanunsuzluğa qarşı mübarizə dedikdə, müqəssiri yox, təqsirsiz vətəndaşın toxunulmaz böyük hüquqlarını nəzərdə tuturam!
– Mən də elə bunların hamısını əcəbcə bilirəm. Hünərin var iş tərtib edib səhlənkarı tapma?!. Bəli, müqəssir olmamaq üçün özün istər-istəməz gərək bir səhlənkar düzəldib tapasan. Beləliklə, bir də baxıb görürsən ki, qanun gəldi, bu cürə çətin işlənən bir mətləbə tabe oldu!..
– Qanunu heç bir kənar mətləbə tabe etmək olmaz, bu, qanunu təhrif etmək olardı, – deyə Mehman əlindəki işi qatlayıb kənara qoydu, o biri işi çəkdi. Murtuzov, prokurorun əlində olan işə diqqətlə baxıb:
– Bu da həmin mətləbdəndir, – dedi, – baxırsınızmı? Əsasında Kamilovun qərarı vardır!
– Rayon icraiyyə komitəsinin də düz olmayan qərarına müddəiümumilik heç bir zaman yol verə bilməz!
– Doğrudur, – deyə Murtuzov süni bir sevinclə səsini qaldırdı. – Mən onu lap sizi görən saniyədən başa düşmüşəm. Başınız üçün, demək bir az da əlimin içi kimi görmüşəm. Ümumiyyətlə, mən padxalim deyiləm, həm də yaltaq-padxalim deyiləm mən! İndi baxırsan ki, bütün rayon anlayır ki, rayona qanun nəzarətçisi gəlibdir. Xalis xozeyini, sahibi!..
– Yaxşı, bu nə şahiddir belə? – deyə Mehman vərəqi göstərdi. Murtuzov boğazını uzadıb diqqətlə baxdı:
– Düzü, vallah, təşkil etmişik. – O, burnunda güldü, sarı, daz başındakı damarlar şişib qızardı.
– “Təşkil etmişik?..” Bunu necə anlamaq olar, müstəntiq? Murtuzov ayağa durub xeyli əyildi və başını kağızın üzərinə salladı:
– Belə ki, qərarı yerinə yetirmək lazımdır. – O, vərəqi oxudu. – Görürsünüzmü?.. Düzəltmişik, qanun qəlibinə salmışıq!
– Düz qərar deyil, biz süni sənədlərlə heç bir sadiq vətəndaşı incidə bilmərik!
Prokuror oxuyub-oxuyub birdən hirsləndi:
– Bilmək lazımdır ki, sosialist inqilabı əməkçi insanların böyük hüquqları üçün olubdur! Vətəndaşı öz hüquqlarından süni və qondarma yolla məhrum etmək, böyük inqilabın bəhrələrinə xəyanət etməkdir!
Murtuzov cib dəftərini çıxarıb:
“Sosialist inqilabı əməkçi insanların böyük hüquqları üçün olubdur” – deyə yazdı, məmnuniyyətlə nəfəs aldı:
– Çox gözəl, – deyə o qeyd etdi. – Ancaq bizim Kamilovu başa salan gərək!.. Bir iş olacaq, baxırsan ki, bar-bar bağıracaq, özündən çıxacaq, əlini stola vurub, az qala, yazıq şüşəni çilik-çilik eləyəcək, deyəcək: “Hökumət mənəm, ya sən?.. Hökumət yerdədir, ya göydə?”. Üstünə düşəcək, sözünü göyərtməyincə, qatığa qara dedirtməyincə səndən əl çəkməyəcək, sən də əlacsız qalıb deyəcəksən: “Elədir!”. Hünərin var bir sözünü iki eləyib qabağına bir çöp sal...
– Niyə?.. Məgər özbaşınalıqdır?
Murtuzov karandaşı dəftərinin arasında saxladı.
– Nə buyururdunuz, yoldaş prokuror?
– Deyirəm ki, qanunu möhkəm tutmaq lazımdır!
“Qanunu möhkəm tutmaq lazımdır”. – O, tələsik yazıb başını qaldırdı.
– Kamilovu anladan olsa! Bəli, yoldaş prokuror, onu dünyada başa salan olsa!.. Bir dərnək olmaz ki, ondan mən geriyə qalam. Bir qıymətli söz olmaz ki, mən onu buraxıb dəftərimə yazmayım!.. Dərnəyə də hamıdan qabaq gələrəm, hamıdan sonra gedərəm. Ona görə də bütün hamı bilir ki, mən nə təhər aktivəm!.. Mən bir dəfə görməmişəm ki, Kamilov dərnəyin qapısını açıb burnunu içəriyə sala... Dərnək hələ o yanda qalsın, lap bir kitabın cildini açıb beşcə sətirini axıra qədər gözdən keçirə... Uzunçuluqda da bu dünyada misli-bərabəri yoxdur. Düzü, mən özüm uzunçuluğu sevmərəm. Mən iki kəlməni xoşlaram: “Hə” ya “yox!” Doğrudan da belə ha! Nə dəxli var mətləbə ki, durub uzun-uzadı uzunçuluq eləyəsən?.. Bir də görürsən çağırır, danışdıqca danışar, uzatdıqca uzadar, uzadar, ha, bir sicim uzunluğunda, ha!.. Baxırsan ki, ona elə gəlir ki, ağzından dürr tökülür, ancaq qanıb bunu dürrü yerdən-yurddan yığan yoxdur!..
Mehman diqqətlə baxıb Murtuzovun atmilçəyi kimi sıvaşmağından darıxdı, əlini qaldırıb endirdi:
– Boş danışığı eşitmək də lazım deyil, Murtuzov!
– Di, buyur onda Kamilovun danışıqlarının tək bircə kəlməsini eşitmə, yoldaş prokuror, o haqq-salam haqqı, bircə hərfini eşitməsən, qulaqardına versən, səninlə qanlıbıçaq olar. Kamilov elə bilir ki, bu dünyanı o özü yaradıbdır. Necə deyərlər: “Burda mənəm, Bağdadda kor xəlfə”. Elə bilir ki, o olmazsa, lap günün üzü tutular, dünya qara bağlar...
– Onda bu Kamilov çox məzəli bir tipdir ki!..
– Bəli, çox qəribə bir tipdir! Lap bizim klub səhnəsinin o “qudurmuş əyan” tiplərindən bir addım belə geriyə qalmayan, ağzıköpüklü bir tipdir!
Mehman kağızlara baxa-baxa gülümsedi, karandaşı ilə qeyd etdi. Murtuzov, prokurorun belə yumşaq gülümsəməsinə qüvvət vermək məqsədilə, əlini-əlinə vurub şaqqa çəkdi.
– Vay səni, Kamilov, belə ha! – deyə dostunun qarasınca danışmağa başladı. – Belə görünür ki, bir gün bu Kamilov özü klubda skamyada oturacaq, tipi səhnədə gəzəcək, bu zaman, öz-özünə baxıb əl çalacaq!.. Bəlkə adı Kamilov olmayıb Kamalov olacaqdır!.. Bağışlayın, bir də görürsən ki, ağzı köpükləndi, qanunlu-qanunsuz basıb bağladı, beş pencədən-tayadan biçdi, bu Kamilovun hərəkətlərini heç zaman vicdana sığışdırmaq olmur!" Birdən adam durub demək istəyir ki, axır, balam, Kamilov, sənin bu qaba hərəkətlərin qanuna uyğun deyildir?.. Olmur, demək olmur!.. Baxırsan ki, o zaman o, dünyanı uçurmağa başladı: – “Ədə, ay korafəhm oğlu korafəhm, bu boyda mənə nə qanun?”
– Dünyanı uçurmaq yox, tikmək lazımdır! Murtuzov, siz deyirsiniz, bu iş ancaq Kamilovun qərarı üzrə təşkil olunub, hə? Murtuzov oturduğu yerdə özünü çəkib:
– Bəli, – dedi, – belə olubdur!
– Daha ayrı bir əsas varmı?
Murtuzov başını bulayıb:
– Heç bir əsas, – dedi. – Vicdanım var mənim, heç bir əsas!
Mehman öz işinə davam etdi. Murtuzov udqunub:
– Bəli, Kamilov belədir, – dedi, – stolun arxasında bir sifət alar ki, naşı adam baxanda deyər, bəs kişinin başında dünya yerləşibdir...
– Onda stoldan aralı ona baxmaq lazımdır!
– Necə stoldan aralı? – Murtuzov yeni bir qeyd etmək üçün dəftərçəsinə baxdı. “Adama, stola bitişik yox, stoldan aralı baxmaq”. – Bəli, çox əcəb! ı
– Bəli, belə adamın qanunsuzluğunu, ağılsızlığını dövlət stolu ilə birləşdirmək olmaz! Stol ağılsıza qalxan ola bilməz! Əksinə, adam stola öz əqli ilə zinət verməlidir!
– Bu çox doğru, qızıl kimi qiymətli sözdür, yoldaş!
– Ona görə də belə boş əsaslar üzrə bizim sadiq vətəndaşları heç adi sorğuya da çağırmaq olmaz!
Murtuzov qollarını yana açdı:
– Vallah, Kamilovun hökmü qabağında mən lap bir qanadı qırıq cücəyəm! Bunu heç gizləməyinə dəyməz, o bir fildir, mən bir boz sərçəyəm, vallah!
– Fil də olsa, özbaşınalığa qarşı ardıcıl və müntəzəm mübarizə gərəkdir, müstəntiq!
– Mənim düzü, yoldaş prokuror, bir cüt balam var, gözlərini də ancaq mənim o cədvəldəki bir neçə yüz manatlıq donluğuma tikiblər!
– Bəs bu əbəs yerdən məsuliyyətə aldığınızın bir cüt balası yoxdurmu?
– Var, adam gərək düzünü desin, var. Əlbəttə, balası olan da var!
Mehman kağızları büküb bir tərəfə qoydu:
– Təzədən özüm istintaqa başlayacağam. Bu iş üzrə məsuliyyətə alınan briqadir Salamatovu buraxmaq gərəkdir, görünür iş puç olacaq!
– Bəs, Kamilov, onda?
– Hamı qanuna tabedir! – deyə Mehman Murtuzova tərs-tərs baxıb iş üzərində öz fikrini yazıb qəti imza etdi.
Müstəntiq gözlərini döydü, prokuror əlavə etdi.
– Bəribaşdan mən sizi xəbərdar edirəm, Murtuzov!..
– Mən əmrə itaət edirəm, yoldaş prokuror... Mənim də vicdanım bu ədalətə səs verir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xiv
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Balaca şəhərin evlərinə çəkilən əhalisi axşamkı tamaşanın pozulması haqqında öz evində belə xeyli deyindi, birisi bu işə ciddi əhəmiyyət verdi, digəri əlini qaldırıb “eh, Əbdülsalamın oyunxanası ancaq belə olar”, – deyib əlini yellədi... İstər-istəməz Balış barədə olan danışıq ayaqlandı, getdikcə yayıldı. Pəncərələrdən düşən işıqlar bir-bir söndü, müqabil tərəflər qaraldı. Lakin küçələr boyu qoyulan ara-ara işıqlar bir qədər nəfəs alıb öz işıqlarını artırdı. Payızın soyuq küləyi dağlardan üzüaşağı əsməyə, dirəklərdən sallanan lampaları yelləyib cırıldatmağa başladı. Anbarın ağzındakı dirəkdən sallanan lampanın səsi qapıdan içəri dolur, parça taylarının arasında marığa yatan Məmmədxanın narahatlığını birə-min artırır, hər yer Məmmədxana qorxulu, hər şaqqıltı ona təqibedici görünürdü. Xeyli ara verdi, Məmmədxan tayların arasından çıxıb qulağını anbarın qapısına söykədi: dizləri uçundu. Öz-özünü söyüb danladı, işığı tez yandırıb anbarı dördgöz halda seyr etməyə başladı... “İşdir meşə adamlarına qoşularamsa, buranı yarmaq lazım gələrsə, nə qədər qənimət əldə edə bilərik?” – deyə Məmmədxan yenə də anbarın içini tezcə dolduran işığı söndürdü. Özü də anbarla birlikdə qaranlığa qovuşdu. İndi Məmmədxana işıq yox, qaranlıq gərək idi. Sanki qaranlıq Məmmədxanın qolundan yapışır, işıq onun cinayət və xəyanətlərini faş edib anbarda olan kələklərinin və ötən gecənin zülmətində, təqribən, elə gecənin bu vaxtında törətdiyi ağır cinayətin üstünü açırdı... Yox, qaranlıqdan da artıq kömür kimi bir zülmət lazım idi ki, Məmmədxan bu gecə sabaha kimi, ya öz cinayətinin üstünü örtüb yalquzaq kimi ağızburnunu yalayıb sabahdan sakit görkəmdə işə çıxsın, yaxud elə bu gecə, vurub bu şəhərcikdən uzaqlaşsın, əlinə nə oldu silah keçirib qaranlıq meşələrdə gizlənən qolçomaq qalıqları ilə birləşsin, ipə-sapa yatmayan Mehmandan heyfini alsın... Axır bu cavan Mehman Atamoğlanovun yerində o dazbaş Murtuz Murtuzov olsaydı, necə də bu Balışın qətlini istənilən kimi yozar, ortaboylu, tökməbədənli, əldən-ayaqdan çevik Məmmədxan nə söyləsə üzü qarmon kimi qırışıq Murtuz onun bir cüt əfil-əfil yanan çiçək naxışlı xalçasının müqabilində lap sandıqtulasına dönərdi. Ancaq nə edəsən ki, burada başqa bir adam, dönməz, çəkinməz, qayıtmaz bir adam vardı ki, o öz araşdırıcı, nüfuzedici, qaynar, odlu gözlərini bu vurnuxan Məmmədxanın gözlərindən çəkmir, bir an belə onu bu anbarda öz halına-əhvalına buraxmır. Bax, bax oradan o yandakı bir cüt amir gözə görünür, Həmin gözlər Məmmədxanın nəinki zahirini, onun batinini, içini-içalatını yarıb, aləmə göstərir, – yığılın, gəlin, görün, – deyə aləmə haray salır, külli-aləm yığılıb gəlib görür ki, bu Məmmədxan olmazın xəyanətlər törətmiş, xalq əmlakını talan etmiş, hər iki qara əlini qırmızı qana batırmışdır. Gözlər çoxalır, gözlər cinayətkar qatili dəyirman daşlarından da bədtər əzirdi. Təftişdən başlayan ağır, əzici zəhm onu hey basır, əzirdi. Daha Məmmədxan burada, bu vəziyyətdə boğucu rütubətdə dayana bilmədən qapının arxasını boşaldıb bayıra çıxdı, qapını qıfıllayıb əlinin içində kibrit yandırıb surğuc tutdu, buranı möhürlədi, sarı bürünc möhrü cibinə qoydu, nə isə, haradansa balaca bir şıqqıltı onu səksəndirdi. Məmmədxan qurd kimi döyükdü, – “bu belə kim ola?” – deyə əlləri üstə çöngəyib yan-yörəyə boylandı. O diqqətlə süzə-süzə qaranlığa baxdı, heç bir iz-əlamət görmədi. Dirəkdən sallanan elektrik lampası yenə də birdən cırıldayıb səsləndi, anbarın qabağına tökülən həsir parçaları əsən küləyin qabağında yumurlanıb, aşa-aşa aşağıdakı uçuruma yuvarlandı. İndi hər bir şey yalquzaqsayağı çöng oturan Məmmədxanın gözlərində qabarıb dikəlib canlanır, onun qulaqlarında qəribə, müdhiş uğultulu səslər gəzir, törətdiyi cinayətin yerindən əkilib uzaqlaşmaq istəyirdi. Bəli, doğrudan da, indi hər şey Məmmədxana dəhşətli bir təhlükə görünürdü. “Yox, izi-tozu tamam-kamal itirmək, sübhün gözü açılana qədər aradan çıxmaq, meşəyə girmək, vuruşan dəstəni tapmaq gərəkdir!” – deyə Məmmədxan ayağa qalxdı, anbarın həyətindən əyri-üyrü dolaşıq addımlarla çıxdı, gecə növbəsini aparan milis nəfərinin gözünə dəymədən qaranlığın içiylə özünü üzüyuxarı verdi, gedib-gedib evinin qapısında dayandı, sinəsi qopub, ürəyi parçalanmaq istəyincə buraya sığındı. İri qıfıl öz yerindən asılmışdı. Demək burada heç bir dəyişiklik olmamışdı. Məmmədxan açarı çıxarıb qapını astaca açdı. İçəriyə girdi. O, lampanı yandırmadan, otağın içində büzüşdü. “– İndi bəs necə olsun? – Məmmədxan sinəsində mırıldandı. – İndi bu it balasının izini itirmək necə olsun? Buradakı, yandakı, bəlkə anbarın içindəki quyuda o it balasını gizlətmək mümkün olsun? Birdən aradılar, birdən bəlkə bu it balasını tapdılar”. – Məmmədxan daş kimi dayansa da öz murdar taleyini düşünürdü. “– Bəs onda, bəs onda?.. Bəs necə etmək? Bəlkə onu bənd-bənd doğrayıb buradan torbalarda hissə-hissə çıxarmaq! – Axır bir zaman onun əmisi də qısqanclıqdan öz qadını ilə eynən beləcə rəftar etmişdi? O, çar vaxtı qətlə çatdırdığı qadının qan izlərini məharətlə silib-süpürüb itirmişdi. Bu qan izləri, Şura hökuməti zamanında açılınca Araz çayının o biri tayını adlamışdı. Bəlkə elə indi Məmmədxanın əmisi də bu qaranlıq meşədəki bir dəstənin içindədir?.. – Yox, yox, daha belə bir gündə daş kimi dayanmaq, durmaq olmaz!”Məmmədxan ağırlaşan qurğuşun addımlarıyla qaranlıq küncdə gedib gödəksaplı, enliağızlı baltanı sağ əlinə götürüb, ağır-ağır samballadı. Otaqdan anbara açılan qapını tərpədib dayandı, bayıra qulaq verdi. Demək, bu ağır, ovxarlı balta işləyəndə necə olsa da bir səs çıxacaqdır! Bəlkə pusquda dayanan, bu evin dövrəsində dolanan da vardır? O, qaranlıqda qızaran gözlərini gəzdirdi. Mehmanın ona zillənən gözlərini görürmüş kimi vahiməyə düşdü, addım-addım geriyə çəkildi, əlində balta qapıya yanaşdı, nə isə onun qulağına bayırda xısıltı, həm də şübhəli ayaq səsləri gəldi. – “Adamdırmı, küləkdirmi?” – Məmmədxan qapı açıb gözünün ucuyla bayıra baxdı, bir qaraltı onun gözünə dəyib ötdü... – “Bu adamdır, ya mənim gözlərim böyüyübdür?” – Məmmədxan qapını açıq qoyub qəsdən öskürə-öskürə həyətə çıxdı, bir neçə addım da gəzib dolandı, heç bir qaraltı onun gözlərinə dəymədi. Məmmədxan içəriyə dönüb iri-iri boçkalar dayanan anbara girmək istərkən asta bir fit səsi onun qulaqlarına gəldi. – “Belədir, ya mənə belə gəlir?” – Məmmədxan bir qədər gözlədi, pəncərənin pərdəsini çəkdi, bayıra baxdı, yenə də gözlərinə qaraltı sataşdı, arada az-çox toxtayan Məmmədxanı yenə də dəhşət götürüb istər-istəməz uçundu, ancaq bir ümidlə içində baltanı daha bərk tutdu. Lakin bu baltanı burada işlədib azca da olsa səs çıxarmaq cinayət yerində tutulmaq deməkdi... Məmmədxan döndü, gizlətdiyi tapançanı aradı, xeyli eşələndi, tapmadı. O, tapançanın yerinimi azdırmışdı, yaxud onu Balış gizlətmişdir? Ya bəlkə Balış əlaltınca Məmmədxanın silahını milis rəisi Cabirə vermişdi? Bəlkə həmin tapança indi evin dövrəsinə dolanan bir milisin – gözətçinin əlindədir?.. Onda elə qaçarağa düşüncə, öz yanınca bu baltanı götürsün? Bu balta görən, duyan kəsdə bir şübhə oyatmazmı?.. Nə qədər şübhə oyatsa da əlac baltaya idi... Məmmədxan baltanın dəstəsini buraxmadı, onun qulpundan bərk-bərk yapışıb, qapıdan birbaşa çıxdı, həyətə düşüb addımlayınca bir öskürtü eşitdi. O, özünü gözə dəyməyən, ancaq bənd-bərəni kəsən silahlı adamların əhatəsində hiss etdi. İndi bu halda o, qaçmaq, aradan çıxmaq istədi. Ayaq saxladı, bəlkə bəndərgahlarda pusquya duranlar vardır. Birdən onlar gördülər, qışqırıb, əli baltalıya “dayan-dayan!” dedilər. Əli baltalı adam ayaq saxlamayınca odlu güllədən onun qaraltısına dolu kimi yağdırdılar, dəlik-deşik meyit ortada qaldı?! Nəfəsi təngişən, geniş dünya iynə ulduzu kimi başına daralan Məmmədxan qayıdıb qapısına söykəndi. Ona elə gəldi ki, buradan qaçmaq üçün etdiyi cidd-cəhd heç bir vəchlə baş tutmayacaq, o yaxalanacaq, yaxud dolu kimi yağan odlu güllələrin nəticəsində dəlik-deşik olacaqdır. Qalsa necə? – “Buradaca qalsam?.. Bəs necə?.. – deyə Məmmədxan çiyinlərini çatdı, başını qınına saldı. – Qalsam, bəlkə, birtəhər qaldım, anbardan çalıb-çapıb illər boyu yığdığım varın bir qismini, bərkə düşsə lap hamısını Murtuz kimisinin üstünə töküb özümü xilas etdim!.. Verim nəyin yolunu bağlamaz, verim kimin səsini desən boğazında boğmaz. Hələ bax o çıq-çıq, sarı saatın ardınca xeyli qiymətli, dəyərli şeylərdən tökməklə tamahkar Şəhla xanımın yumşaq, ətli əlilə inadcıl kürəkəninin ağzını qapamaq da olmazmı? Məmmədxan qapını bağlayıb nəfəsini dərdi, demək, işin izini ayrı yolla da itirmək olar. O, dolandı, evin içində gəzib bir neçə qulacdan ibarət kəndir tapdı. İçəriyə girib yan-yörəsinə baxdı, öz qurbanını dikəldib asmağa cəhd etdi... Xeyli vaxt keçdi, qaranlıq yavaş-yavaş əridi tər içində çapalayan Məmmədxan dönüb baltasıyla birlikdə yorğan-döşəyə girdi. “Bu zalım qızı həm oynağan, həm də gəzəyən çıxdı”, – deyə Məmmədxanın beyni sıxılıb daralmağa, ürəyi döyünməyə başladı. – İndi, sabahdan məndən soruşacaqlar, “Məmmədxan bəs Balış hanı? Niyə Məşədi İbad pozuldu?” Deyərəm: “Mən nə bilim hanı! Avaranın qızı avara, nə bilim itilib hansı cəhənnəmə gedib?”
XXXIZüleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
Стихи других поэтов
Dişinə vurub yumurta əmin ol sığortasından,Bu gün iqtidar müxalif bilinər yumurtasından.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.