Ərdəbil səfəri
Страница 1 из 2
Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü günündə Ərdəbildə əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı idi. Bizim Qızıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdı. Bu hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. “M-1” maşınla yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə qət edirdik. Axşamüstü Səraba çatdıq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola çıxmağı məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən ehtiyat edirdi. İkimizin də rütbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərək mənimlə sürücünün üzərində rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. O, sürücüyə ciddi tapşırdı ki, “Gözün dörd olsun, yolda gözünə şübhəli bir şey görünəndə cəld maşını saxla”.
Artıq qaranlıq düşmüşdü. Dərələrdən keçəndə qulaqlarımızda küləklərin uğultusu səslənirdi.
Təbrizdən Ərdəbilə gedən yol boyu hər şeydən çox söyüd və iydə ağacları görmək olur. Hətta palçıq evli kənd həyətlərində, küçələrində də bu ağaclar görünür. Yollarda Tehrana və digər şəhərlərə gedən maşınların damında da kəndirlə möhkəm sarınmış yük vardı. Bir də görürsən ki, yolu tozanaq bürüdü. Yolda toz bulud kimi havaya qalxdı. Budur, bir neçə yüz eşşəkdən ibarət karvan gəlir. Bunlar hansı mülkədarınsa, xanınsa taxılını, toyuq-cücəsini, meyvəsini şəhərə daşıyır. Bu malları gətirən karvanı sürən kəndlilərin yolların tozundan ancaq parıldayan gözlərini yaxşı seçmək olurdu. Yollar, yollar, ağ saçlı yollar, cənublu qardaşlarımın dərdlərinə, müsibətlərinə şahid yollar.
Cənublu qardaşlarımızın qəhrəmanlıqlarına şahid yollar. Bu yollardan səyyahlar, şairlər, alimlər, sərkərdələr keçib. Bu yollardan körpə Mirzə Fətəli (Səbuhi) keçib. Qaçaq Nəbi Təbrizə çar təzyiqindən bu yollarla gəlib. Ehtiyac içində boğulan sənublu qardaşlarımız bir parça çörək həsrətiylə Bakıya bu yollarla gəlib. Səttarxan öz fədailərilə bu yollardan keçərək azadlıq bayrağını Tehran meydanında dalğalandırmışdır. Bu yollarla kəndlərdən-kəndlərə gələn köçərilər, bu yollarla son mənzilə gözəllər, igidlər ötürüblər.
İndi yollardan ürəyi dərdlərlə, xoş arzularla dolu cənublu qardaşlarımız və öz səadətini qorumaqçın canından keçməyə hazır sovet adamları keçir. Mən il boyu hazırda Ərdəbildə yaşayan Baba haqqında düşünürdüm. Bizim Qasım İsmayılov küçəsində yaşayırdı. Bütün məhəllə onu tanıyırdı. Cənubi azərbaycanlı Baba bir novxanılı qızına evlənmişdi. Məhləmizdə ona həmşəri Baba deyərdilər. Çox şirindil, üzügülər adam idi. Onu həmişə atamla söhbət eləyən görərdim. Baba atama İran həyatından, oradakı bolluqdan, ucuzluqdan danışardı. Mən bu söhbətlərə qarışanda Babanın xoşuna getməzdi. İran pasportlu Baba müharibədən beş-altı il əvvəl İrana köçmüşdü. Məni düşündürən onun mədh etdiyi bu torpaqda necə güzəran keçirməsi idi.
Mən bu xəyalda ikən lapdan maşınımız dayandı. Əlizaman bağırdı:
– Nə var, adə?
Sürücü cavab verdi ki, qabaqdan gələnlər var.
Əlizaman tez maşından yerə atılıb əmr verdi:
– On addım geri, yerə yat!
Mən naçar maşından düşüb on addım geri çəkildim və yoldaşımla yanaşı tozlu yerə sərələndim. Yenə onun əmrilə silahlarımızı atəşə hazırladıq. Birdən sürücü maşının yanından bağırdı:
– Yoldaş batalyon komissarı!
– Nə olub adə?
– Gələn dəvə karvanıdır.
– Adə, ölmüşdük ki, bunu əvvəldən deyə bilməzdin.
– Əvvəldən bu qaranlıqda hardan deyə bilərdim!
Maşına minib yolumuza davam etdik.
Gecəni Ərdəbilə yaxın Nəyir kəndində qaldıq. Orada bizim qruppadan üç yoldaşımız vardı. Onlar Nir əhalisi və təbiəti haqqında rusca məlumat yazmışdılar. Yoldaşım yorğunluğa baxmayaraq yoldaşlarımızın rusca savadlı yazılmış bu məlumatının “səhvlərini” düzəldib sonra yatdı.
Səhəri Ərdəbilə gəldik.
Səfər dostum çox gözəl insandı. Ürəyi təmiz, bəzən bir uşaq qədər sadə idi. Yaxşı da təşkilatçı idi.
Ərdəbil səfərində o ovundan da qalmırdı. Təpəyə qonmuş qartal gördümü, maşını saxlatdırırdı. Atəş açandan sonra sürücüyə deyərdi ki, get o vurduğum quşu gətir. Sürücü bir neçə dəfə “vurulmuş” quş dalınca gedib əliboş qayıtdı. Nəhayət, etirazını bildirib daha quş dalınca getmədi. O isə deyirdi ki, yaxşı baxsaydın vurulmuş quşu çoxdan tapardın.
Yol boyu şirin söhbət edərək gəlib Ərdəbilə yetişdik.
Burada çalışan yoldaşlarımızın nümayiş və çevriliş haqqında məlumatları yox idi.
Dostum bizim yoldaşlarla məşğul oldu.
Mən şəhəri dolaşdım. “Hövdək” adlı qəzet redaksiyasında Ayı Cövdətlə tanış oldum. Ziyalılarla görüşdük. 7 Noyabr nümayişi haqqında söhbət etdik. Onlar məni başa düşdülər. Nəhayət, çayxanaları gəzdim. Burada Bakıdan gələnləri gördüm, səmimi söhbətimiz oldu.
Nəhayət, bir çayxanada qəribə hadisə baş verdi. Yeri torpaq, mizi köhnə taxtadan ibarət, tüstüdən göz-gözü görmək mümkün olmayan bu çayxanada oturub çay istədim.
Ərdəbillilər məni əhatə edib ölkəmiz və müharibə haqqında suallar verirdilər. Bu dəmdə əlində stəkanlar dolu padnosla bizə tərəf çay gətirən adam mənə tanış gəldi.
O mənə yaxınlaşanda “Süleyman!” deyib padnosu əlindən yerə buraxdı. Çayxanadakılar donub qaldılar. Mən də “Baba!” deyib ayağa qalxdım.
Qucaqlaşıb öpüşdük.
Baba ağlayırdı. Göz yaşını əlinin dalı ilə silib yanımda oturdu. Babanın paltarı köhnə, ayaqları yalın idi. Bəli, atamın cənnət kimi qələmə verdiyi, burda, Baba çayçı şagirdi olmuşdu.
Baba deyirdi ki, sovet qoşunları İrana daxil olanda göydə sizin ilk təyyarəni mən gördüm. Ona əl elədim. Baba ilə şərtləşib evlərinə getdim. Arvadı da məni görüb ağladı. Bütün məhəllə adamlarını soruşdu. Bu yoxsul, bər-bəzəksiz, yeri torpaq daxmada bir neçə saat şirin söhbətimiz oldu. Artıq əmin idim ki, Ərdəbildə heç bir xoşagəlməz hadisə baş verməyəcəkdir.
Ərdəbildəki hərbi dostlardan bir qədər azuqə alıb Babanın evinə göndərdim. Əvəzinə Babadan yalnız bir kütüm balığı götürdüm.
Ərdəbildə köhnə uçuq məscid vardır. Məscid deyəndə, hücrələri, barıları da uçmuşdur. Oraya getməli oldum. Çünki Sovet İttifaqından İran təbəələri 1937-ci ildə İrana köçürülərkən onların əksəri Ərdəbilə gəlmişdilər. Baba mənə demişdi ki, onların çoxu dilənçiliklə dolanır. Onlara mühacir (çervon) adı verib işsiz, pənahsız buraxıblar. Varlı gələnlər yoxsul olmuşlar.
Bəli, mən məscidə getdim. Uçuq hücrələr ayaqyalın, başıaçıq, çılpaq, meyit rəngli uşaqlarla, əldən düşmüş qocalarla dolu idi. Bizi görən kimi hamı məscidin həyətinə doluşdu. Yüzlərlə azəri burada göz görə-görə acından qırılırdı. Bəzilərinin başına hava gəlmişdi.
Bir gənc dodaqaltı öz-özüylə danışırdı. Şeir deyirdi. Mən bu mənzərəni Ərdəbildəki hərbi yoldaşlarımıza danışıb, onlara yardım göstərmələrini xahiş etdim. Yoldaşlarımız yaxşı dolanırdılar.
Məsləhətləşib qərara gəldik ki, aldıqları düyü, kartof, yağ, qənd paylarını bir araya toplayıb həmin aclara versinlər. Burada bir gənc dilənçi qadına rast gəldim. Söhbət əsnasında aydın oldu ki, o vaxtilə Gəncədə müəllimə imiş... İrana gələndən sonra bu hala düşmüşdür. Bu savadlı qadın dilənirdi. Biz onu hələlik Təbrizdə sovet xəstəxanasına işə göndərdik. Həmin qadınla görüşdən bir şeir yarandı. “Təsadüf” adlı şerim bu görüşün nəticəsidir. Şeir belə başlayır:
Birdən gözüm sataşdı xiyabanda bir qıza
Qafqazdakı həyatın mən andım, ağladım,
Dilbərdi, nazənindi, fəqət indi heç nədir,
Ahından od tutub o qızın yandım, ağladım.
Ərdəbildə məşhur təlxək Lotu Cabbara rast gəldim. Mən onu uşaqlıqda da görmüşdüm. O, Quba meydanında meyxana deyərdi, qəribə oyunlar nümayiş etdirib tamaşaçıların şiddətli gülüşünə səbəb olardı.
Lotu Cabbar xalq arasında məşhur oyunbaz idi. Onun məharətinə hamı heyran olurdu.
Hətta çar dövründə onun yaratdığı məzhəkələr öz səsilə vallara yazılıb satılırdı.
Lotu Cabbar Bakı və başqa şəhərlərimizin toylarında çox iştirak etmişdir. Mən onunla 1937-ci ildə də görüşmüşdüm. Azərbaycan Dövlət Dram Teatrında müdir vəzifəsində çalışdığım zaman Moskvada keçiriləcək 10 günlük üçün bizdə tamaşalar hazırlayırdıq. “Hacı Qara” komediyasının quruluşçu rejissoru respublikamızın xalq artisti Rza Təhmasib idi. Rza Təhmasib xahiş etdi ki, Heydər bəyin toy məclisində mütləq Lotu Cabbar iştirak etməlidir. Onu tapıb teatrda işləməyə dəvət etdik. Lotu Cabbar məşqlərdə çox gülməli oyunlar nümayiş etdirirdi. Bu qocaman usta hamımızı güldürürdü. Nəhayət, bir gün son məşq zamanı salonda adamların çoxluğunu görən Lotu Cabbar vəcdə gəlib sərhədi aşdı. Ağzından bir neçə beyt qəribə söz çıxdı. Rza Təhmasib vahiməyə düşdü. Dedi: “Qorxuram Moskvada daha başqa sözlər icad eliyə”.
Lotu Cabbarın zəhməthaqqısını verib hörmətlə yola saldıq. Budur, indi Ərdəbildə həmin Lotu Cabbar yanımızdadır. Bizi əyləndirir, güldürür.
Qocalığına baxmayaraq yenə qıvraqdır, çevikdir. Meyxana deyir, sərçə rəqsi göstərir. Barmaqlarıyla çəhəngini ta qulaqlarının dibinə aparır. Dombalaq aşır. Bir söz, bütün oyun proqramını bizim üçün nümayiş etdirir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-erdebil-seferi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Стихи других поэтов
Bir gündəxi ol bəhanəpərdazBir özgə bəhanə qıldı ağaz:
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
BəşərBəşər! Ey canlı bir hikmət, böyük qüdrətlərin vardır,Böyük əqlin, böyük fikrin, böyük qüvvətlərin vardır.