Dördüncü pərdə
Страница 2 из 3 · 33%
Aşna, qızıldandır, yoxsa gümüşdən?
Bayramalı
Kirəcdən.
Dəmirov
Adə, vurrey, yaşasın kirəc Qorxmazov.
Dilavər
Xamuş!
Qorxmazov
Tişi!
Dilavər
Qəbrə girənəcən dostuq səninlə,
Bu sol əlin, mən də sağ əlin, sənin!
Araq dostlarına arxayın ol ki,
Yadigar qalacaq heykəlin sənin!
Qorxmazov
Əlbəttə, qalacaq. Daha tez oturun. Əlli yaşımı tamam eləyək.
Dilavər
Kəsin bu nalələri, doldurun piyalələri. Xamuş!
Qorxmazov
Tişi!
Dilavər
Birinci piyaləni qaldıraq, alicənab, təvazökar, ürəyi əli kimi, əli ürəyi kimi açıq aşnamız Qorxmazovun sağlığına.
Dəmirov
Vurrey...
İçirlər.
Dilavər
Çün pişi əz vaxt tarzən qələyanə gəlsin. Xanəndə tüğyan etsin. Biz də guş edək.
Qorxmazov
Prostoy danışsana, biz də başa düşək.
Bayramalı
Çalın, oxuyun... Mən ölüm ürək yandıran.
Çalıb oxuyurlar.
Qorxmazov
Bu saat təbiətin xolodelnikindən görün sizə nə çıxaracağam. (Kəndirlə quyudan içki çıxarır.)
Dilavər
Badələri doldurun, piyalələri qaldırın. İçək ən namuslu, ən nəcib, ən həyalı, ən səxalı, ən vəfalı...
Qorxmazov
Ən cəfalı. (Dünya gəlir.)
Dilavər
Ən səfalı, Dünyamızın sağlığına!
Dünya
Var olun!
Dilavər
İlham gəldi. Xamuş!
Dəmirov
Tişi!..
Qorxmazov
Mənim sözümün duzunu qaçırtma. Tişi!..
Dilavər
Şəkərdən də şirindir ta əzəl gündən dilin, Dünya,
Sevin ki, qarğudan da xeyli nazikdir belin, Dünya.
Fərasətdə, nəcabətdə, gözəllikdə tayın yoxdur,
Yanında kaftara bənzər Gülara tək gəlin, Dünya!
Sənin sayəndə tez-tez cəm olur dostlar bu xəlvətdə,
Çinardan da uzundur çün səxavətdə əlin, Dünya!
Hamı
Vurrey...
Dünya
Şair belə olar. Yoxsa o...
Qorxmazov
Zəmanə şairlərini deyirsən? (Telefon zəngi, Qorxmazov telefon dəstəyini götürür. Bir əlində piyalə var.) Qulaq asıram. Necə? Təcili, yay klubuna gəlim? Əvvəla otdıxım mənimçün hər şeydən vajnıdır. İkinci, əlimdə çox vacib işim var. (Piyaləni vurur telefona.)
Bayramalı
Yoldaş Qorxmazov, siz bir qədər uzansanız yaxşıdır.
Dilavər
Vətənbaz da yorular? Mən frontlarda vuruşanda siz bilmirəm hansı siçan deşiyini satın almışdınız. Mənim gəzmədiyim şəhər, kənd qalmayıb, mən necə bir partirot... Adə hanı o kart?
Bayramalı (cəld cibindən oyun kartını çıxarıb əlində oynadır)
Bu dəqiqə... Aşna çəkirik?
Qorxmazov
Ay lotu, o kartı yox. Cümlə cahan kartını deyirəm. Dünya, sən atanın goru o dünya kartını gətir bura... (Dünya ona xəritə verir. Qorxmazov xəritəni açıb ağacdan asır. Sonra manqalın üstündən kabab şişini qapır.) Yaxşı-yaxşı baxın. Mən ata müharibəsində.
Dilavər
Çün dərk etmədik.
Qorxmazov
Ata müharibəsi, ay nadanlar, yəni oteçestki voyna. O vaxt mən burda, xüsusilə burda elə işlərdən çıxmışam ki. (Xəritədə bir nöqtəni göstərir.)
Dilavər
Çün... Yoldaş Qorxmazov, bura ki Həmədandır.
Qorxmazov
Həmədan olsun. Coğrafiyadan həmişə beş alardım, arvad məndə huş qoydu ki...
Dünya
Əvvəldən varındı ki!.. (Qapı zəngi vurulur. Dünya gedib qəzetləri alır.) Al, bu da sənin qəzetlərin.
Qorxmazov
Axır ki, ordenlərimiz öz əl-ayağıyla gəlib çıxdı.
Bayramalı
Sizi avansom təbrik.
Hamı
Avansom, avansom.
Qorxmazov
Mənim nəqdimi nisyəyə nə üçün döndərirsiniz axı?
Dilavər
Susdurun naxalları, qaldırın bakalları.
Qorxmazov
Mən ölüm! Ürəyim suya döndü. Oxu görək mənə hansından veriblər.
Dilavər
Qorxma, çün meydan genişdir, durma çap at, Qorxmazov!
Qorxmazov
Əhsən! Öz başına iş görüb aldın mükafat, Qorxmazov!
Dilavər
Çün iqdam edirəm qəzeti mütaliəyə. (Qəzetə göz gəzdirir. Gah çiynini dartır, gah başını bulayır.) Təqazeyi cahandır də. Eləyirlər də.
Qorxmazov
Tez də ordenlərimizi ver taxaq.
Dilavər (oxuyur)
Lenin ordeni ilə. Lenin adına fabrikin staxanovçusu.
Qorxmazov
Özgələrdə nə işin adə. Bizimkiləri oxu.
Dilavər
Qızıl əmək bayrağı ordeni ilə Sadıqzadə Gülara.
Dəmirov
Can, can, vurrey!..
Qorxmazov
Zəhrimar vurrey, çor vurrey!.. Dalını tez, tez dalını oxu!
Dilavər
Rəsulzadə Nadir.
Qorxmazov
Bağrımı yarma.
Dilavər
Qor, qor, qor.
Qorxmazov
Adə növbə çatdı mənə.
Piyalələri bir-birinə vurub içirlər.
Dəmirov
Vurrey, vurrey!..
Qorxmazov
Dilavər, sən məni təzədən dünyaya gətirdin. Az qalıb şadlığımdan başımı itirim.
Dəmirov
Qorxma, itirsən axtarıb taparıq.
Qorxmazov
Vallah uçuram ey, uçuram.
Dünya
Çox yuxarılarda uçma, uçularsan.
Dilavər
Çün ərz eləyirəm ki, mabədinə qulaq asın.
Qorxmazov
Adə, indicə Qorxmazov demədin?
Dilavər
Çün Qorda qaldım.
Qorxmazov
Onda tez ol tamamla məni.
Dilavər
Sansız təşəkkür... Qor, qor, qor... (Qorxa-qorxa oxuyur.)
Dəmirov
Güc elə!
Qorxmazov
Mənim familimdə nə qədər qor var ki, bu qədər höccələyirsən!
Dilavər
Qornastayeva Lida.
Qorxmazov
Necə? Dalını oxu.
Dilavər
Dalı qeyri-şəxslərdir.
Qorxmazov
Adə bəlkə məni rəhbəriniz kimi ayrıca ukazla naqradit eləyiblər. Birinci səhifəyə baxmısan?
Dilavər
Bəli, orda da yoxsunuz.
Qorxmazov
Axırıncı səhifədə necə?
Dilavər
Odra da bir şey görmürəm.
Qorxmazov
Axırıncı səhifənin lap axırına necə, baxmısan?
Dilavər
Çün orda arvadından boşananların, rəhmətə gedənlərin elanları var.
Qorxmazov
Deyirsən mən rəhmətə gedənlərin siyahısında da yoxam?
Dünya
Yıxdı bu arvadlar kişinin evini.
Qorxmazov
Belə, dostlar, siz öləsiniz, daha dünyanın zibili çıxdı.
Dünya
Nə dedin? Zibilim çıxdı?
Qorxmazov
Sənin yox, cümlə cahan dünyasının. Aman, ürəyim bir təhər oldu. Dostlar, yuxum çin çıxdı.
Bayramalı
Yuxuda nə görmüşdünüz?
Qorxmazov
Qulaq asın!
Dilavər
Xamuş!
Qorxmazov
Tişi!.. Görürəm ki, ölmüşəm. Tabutumu çiyninizə alıb məni qəbiristanlığa aparırsınız. Orkestr bir tərəfdə, qoşa zurna o biri tərəfdə çalır. (Dəmirov məclisdəki çalanlara işarə edir. Onlar ahəstə matəm havası çalır. Dəmirov bir şiş qapıb dirijorluq eləyir.) Arxamca venok götürən gözəl, göyçək qızların bir ucu burda, o biri ucu qəbiristanlıqda.
Dünya
Əclafın ölüsü də qızlardan əl çəkmir.
Qorxmazov
Görürəm ki, şəhərdə maşın, trolleybus, tramvay gediş-gəlişi kəsilib.
Dəmirov
Səni basdırıb evə piyada qayıdacağıq?
Qorxmazov
Görürəm ki, qəbrim hazırdır. Əli lapatkalı Dilavər və Bayramalı ağlaya-ağlaya üstümə torpaq tökürlər.
Dilavər və Bayramalı ağlamsınır.
Dəmirov (onu silkələyir)
Bəs mən nə qayırıram? Mən də ağlayıram?
Qorxmazov (xəyal aləmindən ayılır)
Hə, necə?.. Avansom ağlaşmayın! (Çalğıçılara) Kəsin! Mən seryoznı ölmüşəm ki, paxaronnı çalırsınız? Yox, mən ölməmişəm, ölməyəcəyəm də, yox, yox...
Dilavər
Ölmə, ölmə... Çün qəm yemə... qalibiyyət yenə sizinlə olacaq. Qoy müğənni bir təğənni etsin.
Çalğıçılar çalır, Qorxmazov ah-uf eləyir.
Qorxmazov (əsəbi)
Adə, bağrım çatladı ki... Burda barmaq var... barmaq. Mənim cibimdə daşdan, poladdan keçən elə xarakteristikalarım var ki, adamın atasını səriyər dalına. Bu bir, bu iki... (Kağızları stol üstə atır. Dünya diqqətlə baxır. Bir şəkil götürür.)
Dünya
Budur sənin daşdan, poladdan keçən xarakteristikan? Bu qız kimdir?
Qorxmazov
Staxanovçu qızdır. Məndən qəzetlər istədi, mən də qoydum cibimə ki...
Dilavər
Dünya xanım, sakit ol! Onun cibindən nümayan olan afəti-dövranın surəti...
Dünya
Sən də ona həyan çıxırsan? Mən daha bu xarabada qala bilmərəm. Mənim kimi namuslu qadına xəyanət... Yox, sən bu evdən rədd olmalısan!
Dəmirov
Bu dəfəlik onun zadını, günahını bağışlayın mənə.
Bu dəmdə Gülara gəlir.
Gülara
Salam... Deyəsən gəlib məclisin axırına çatmışam.
Dünya
Buyurun, bu da bir nümayan. (Gülaraya). Səni kim çağırıb gəlmisən? Tez itilin mənim evimdən!
Gülara
Qonağı qovmazlar. Bir də mən Qorxmazovu canlı bir hədiyyəylə təbrikə gəlmişəm.
Milisioner (içəri giri. Əlində kağız)
Nəhayət, sizi evdə tapdım. Buyurun imza atın. Sizi məhkəməyə çağırırlar.
Dünya
Bu nə sözdür, nəyə görə?
Milisioner
Mağazindəki hadisəyə görə, atelye modadakı hadisəyə görə.
Dünya
Mən məhkəməyə gedən deyiləm. Məhkəməyə mənim istirahətimi pozan bu qızı, bir də bu əclafı aparın. Tez bunları basın rayona.
Milisioner
Xanım, imza atınız.
Dünya (milisionerə)
Niyə durub baxırsan? İstəyirsən tapançanı belindən açıb bunları rayona mən özüm aparım?
Milisioner
Mən sizi bir daha xəbərdar edirəm. Bu dəfə elə zarafat yoxdur. Atınız imzanızı!
Dünya
Bütün dünyanın milisionerləri də gəlsə Dünya qorxan deyil. (Gülaraya) Sən niyə dayanıb durmusan? Get, bir də gözüm səni görməsin!
Gülara
Qoy onda ərinizin qiymətli hədiyyəsini təqdim eləyim, sonra.
Qorxmazov
Malades Gülara... Padarka sennidir?
Gülara
Çox.
Milisioner (fit verir)
İmza atınız, imza atınız, imza atınız!..
Dünya
Atmıram, atmıram, atmıram, al canın dincəlsin. (İmza atır.)
Milisioner
Məhkəmədə görüşənə qədər (gedir).
Gülara qapıdan səsləyir. Fatı, Rəhilə qucağında uşaq içəri girir.
Qorxmazov
Vay... (Özündən gedir.) Mən doğrudan da öldüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-geldi-geder-dorduncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir dost kimi yetişərək harayına Arazın,Gözlərimi zilləyirəm o tayına Arazın.
Qolsuz qəhrəmanGecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,Saya gəlməz insan udur lal gecənin havasını.
Yeni kəndin işıqlarıTəbiətin qucağında, doğma Xəzər qırağında,Qəhrəmanlar ocağında, kefimizin şən çağında
MəsuməOlmuş hadisədir*Sərgərdan yaşından illər boyu sən,
Стихи других поэтов
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
Побойся Бога, папа…Говорят, гребешь ты лапой, знают все на свете, папа.Навлекут поборы эти на очаг наш беды, папа.