Страница 3 из 3 · 67%

Dilavər

Ölmə, ölmə...

Dəmirov qrafindən ağzına su alıb Qorxmazovun üzünə püfləyir.

Gülara

Hədiyyə o qədər canlı hədiyyədir ki, sevindiyindən ərinizin ürəyi getdi.

Dünya

Bu bic balanı nə ixtiyarla mənim evimə gətiribsiniz?

Gülara

Atasıyla görüşə gətirmişik. (Nadir tez gəlir.)

Qorxmazov (ayılır)

Yalandır, yalan. Uşağı mənim üstümə niyə gətirmisən?

Dünya

Atası sənin adamın Nadir ola-ola.

Nadir

Biz adresi düz tapmışıq.

Fatı

Məni bağışlayın... Uşaq əvvəl bizdəydi, gəlinim əmizdirirdi. Sonra dünən bu külbaş ərim uşağı alıb ayrı yerə aparmaq istəyirdi. Mən qoymadım, uşağı mənə Qorxmazov tapşırmışdı.

Rəhilə

Məni o bədbəxt elədi, o...

Dünya

Cavab ver, ağa Qorxmazov.

Nadir

Cavaba ehtiyac da yoxdur. Məsələ aydındır. Mən də Qorxmazovu iki münasibətilə təbrikə gəlmişəm. Biri anadan olması münasibətilə...

Qorxmazov

Təşəkkür.

Nadir

O biri də buyurun baxın. “Kirpi”də sizi xüsusi qeyd eləyiblər.

Qorxmazov

Orden veriblər?

Nadir

Hətta şəklinizi də vurublar.

Dəmirov

Adə vurrey...

Qorxmazov (lovğalanır)

Adə Dilavər, nankor, məni qəzetdə yox, jurnalda naqradit eləyiblər. (Jurnala baxır.) Adə, bu sənin çəkdiyin şəkildir ki...

Nadir

Bəli, bu mənim çəkdiyim karikaturadır.

Qorxmazov

Malades sənə qarğaturist! Gördün zəhmətin zay olmadı. Dilavər, al oxu görək. Məni necə tərifləyiblər?

Dilavər (jurnala baxır)

Çün piş əz vaxt. Bərayi məlumat, çün...

Qorxmazov

Uzatma, adə başda nə yazıblar?

Teatr

Yazıblar ki, gəldi gedər...

Qorxmazov

Necə? Nə ixtiyarla? Kim yazıb bu iftiranı?

Gülara

Mən, Gülara Sadıqzadə. Bu da imzam. (Jurnalı göstərir.)

Dünya (Qorxmazova)

Tez ol çıx mənim xarabamdan... Yoxsa... (Onun sport şeylərini qapının ağzına tullayır.) Tez ol!

Qorxmazov

Adamda insaf yaxşı şeydir. Mən hara gedim, hara?

Dünya

İtil gözümdən!

Qorxmazov (Rəhiləyə)

Ay qız, Rəhilə, keç günahımdan. Gedək sizə, ver mənim detski malçikimi.

Rəhilə

Çəkil!

Gülara

Atelye modanın müvəqqəti müdirliyi, orada təmizlik aparılması mənə tapşırılmışdır. Rəhilə də bizdə işləyəcək.

Dəmirov

Adə vurrey... (Cəld əkilib Gülaranın tuflisini təmizləyir.) Öldürsələr də əyilməyəcəyəm.

Dilavər

Xamuş!

Zamanın qəhrəman, dilbər qızı ancaq Gülaradır,
Ədalət göylərində çün qızıl bayraq Gülaradır.

Qorxmazov

Deməli mən daha yoxam? Hamıya yer də düzəldi, iş də, Dünya! Gülara, Nadir, Dilavər, Bayramalı, adə Dəmirov... (Hamı ondan üz çevirir.) Belə... Gedək görək başımıza nə gəlir. (Birdən dönür.) Bir sual.

Dilavər

Xamuş!

Qorxmazov

Mənim evimi yıxan sənin xamuşun olmadı məgər? Mənim huşum, yerindən oynayıb. Siz allah, bir deyin görüm o şəklin altında nə yazıblar?

Hamı

Gəldi-gedər. (Qəhqəhə)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов