Страница 1 из 2

Yeddinci şəkil

Təbrizdə yoxsul Musanın evi. Nəbi yaralıdır. Yataqda uzanmışdır. Həcər və Güllü xala da buradadır. Musa Nəbinin yanında oturub kaman çalır. Nəbi musiqi ahəngi altında danışır.

Nəbi

Düşmənə rast gəldik biz “Çətən daş” da
Altı yüz qazaqdı, Səlim bəy başda.
Vuruşda gündüzü gecəyə qatdıq,
Nə qədər gülləmiz vardısa atdıq.
Lalə tək qızartdı qan dağı-daşı,
Dost-dostu itirdi, qardaş-qardaşı.

Musa

Ah, dəstən bəs hardadır indi?

Nəbi

Dağ kəndlərində...

Musa

Olsaydım, Nəbi qardaş, əgər sənin yerində
Gətirərdim onları birbaşa Təbrizə mən.

Nəbi

Yox, yox, Musa, bu işdən duyuq düşərdi düşmən,
Yox, qoy onlar hələlik dağ kəndlərində qalsın.
Yaralılar, yorğunlar bir az dincini alsın.

Musa

Bağışla, qoydum bayaq söhbətini yarımçıq,
O son davadan danış...

Nəbi

Qardaş, nə deyim artıq.
Sonra ehtiyatla çəkildik geri,
Tez keçdik Arazı o taydan bəri,
Mən bu son vuruşda üç yara aldım.
Bir günün içində on il qocaldım.

Musa

Nəbi, göz dəyməsin, dəmir kimisən,
Ürək dərdimizin baş həkimisən.
Vətənin oğlusan, millətin gözü.
Qopdu gəlişinlə yaramın közü.

Nəbi

Gəlişim əziyyət versə də sizə,
Pənah gətirmişəm ana Təbrizə.

Musa

Bu nə sözdür, Nəbi? Öz evindəsən.
Ən əziz qonaqsan bu Təbrizdə sən.

Nəbi

Unutmaq olarmı bu haqqı-sayı.
Arazın o tayı, istər bu tayı
Bir duyan, bir vuran saf bir ürəkdir,
Onun hər dərdinə dərman gərəkdir.

(Nəbi oxuyur.)

Araz, hər yaz çəmən birdir o sahildə, bu sahildə,
Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.
Bilirsən ki, suya xəncər, qılınc vursan da ayrılmaz,
Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə.

Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,
İnandım bir də mən, birdir o sahildə, bu sahildə.
Ürək telli müqəddəs saz, şerdən incə xoş bir dil
Araz, bildinmi sən, birdir o sahildə, bu sahildə?!
Haray saldım uzun illər, bütün aləm eşitsin ki,
Əziz, doğma vətən birdir o sahildə, bu sahildə.

Musa

Bu dərd həm sənindir, həm də mənimdir,
O sahil, bu sahil öz vətənimdir.

Nəbi

Ah, bağı, bağçası, ətir qoxuyan,
Bu yer ürəyimin bir parçasıdır.

Musa

Hər kənddə ulayır bir bayquş, bir xan,
Düşmənin toyudur, elin yasıdır.
Gəzir qarış-qarış Azərbaycanı
Yükü dağdan ağır bir qəm karvanı.

Nəbi

Belə getməyəcək bu qanlı dövran,
Olacaq zülm evi yer ilə yeksan.

Musa

Bu mənim üst-başım, buda ki, evim,
Belə güzəranı mən necə sevim?
Vəfasız dünyada quru canım var,
Bir də ki, ağlayan bir kamanım var.
Adam sayılmayır kim ki, yoxsuldur.
Bu yerdə vicdan da, namus da puldur!

Nəbi

Musa, Qasım dayı gecikdi yaman...

Musa

Qorxma, gəlib çıxar, qalma nigaran.

Uzaqda mahnı oxunur.

Dərdlilər yollardan gözünü çəkməz,
Haray, bu hicranın əlindən haray!
Ürəyi yanmayan göz yaşı tökməz,
Haray, bu dövranın əlindən haray!
Sirdaş yaranmısan, ey Araz mənə,
Bir dünya dərdim var, qulaq as mənə,
Pərişan görünür bahar-yaz mənə,
Vəfasız dünyanın əlindən haray!

Həcər

Bala, əziz bala, hardasan, harda?!
Bu bədbəxt ananı qoymusan darda.

Güllü xala

Sənə dağ çəkənin qurusun əli!

Həcər

Özümdə deyiləm balam öləli.
Verərək baş-başa dərdi-sərimlə
Mən od götürürəm kirpiklərimlə.

Qapı döyülür. Həcər və Güllü xala yan otağa keçir. Qasım dayı kiçik səbətdə Nəbiyə üzüm gətirir.

Nəbi

Aha, Qasım dayı, xoş gördük səni.

Qasım

Vəfasız düşünmə o qədər məni.

Musa

Qasım, nə xəbərlə gəlmisən?

Qasım

İş var...
Düşmənlər Nəbiyə quyu qazırlar.

Musa

Bəs niyə gecikdin?

Qasım

Bir səbəb oldu.

Nəbi

Tez danış, ürəyim şübhəylə doldu.

Qasım

Qoy deyim birbəbir öyrəndiyimi,
Təbriz hakiminə Tiflis hakimi
Haqqında yazıbdır belə bir fərman:
“Gərək təslim etsin Nəbini İran”.
Burda Səlim bəyin bir dostu vardır,
Adı Paşa bəydir, qart canavardır.
Ona da yazıbdır sizin Səlim bəy,
“Nəbini tutmaqçın mənə et kömək”.
Odur ki, bu saat Paşa bəy, divan
Səni axtarırlar, səni, Nəbi can...

Nəbi

Deyirsən, burdan da çəkilək geri!

Qasım

Deyəsən duyublar olduğun yeri.

Nəbi

Kim verdi sənə bu qara xəbəri?

Qasım

Haman Paşa bəyin qoca nökəri.

Musa

Nəbi, biz onunla qohumuq bir az,
O, bizim adamdır, yalan danışmaz.

Qasım (Xatirinə salaraq)

Hə... bir də deyir ki, dəstəndən kimsə
Bu işə qol qoyub...

Nəbi (Həyəcanla)

Necə?

Qasım

Nə isə
Bir az ehtiyatlı olsan nə olar?
Göz-qulaq olmağın zərərimi var?

Nəbi

Çətindir, çətindir buna inanmaq,
Dəstəmdən Kərimdir Təbrizdə ancaq.
Vuruşda sağ əlim, dostum, qardaşım,
Mənim dar günümdə ürək sirdaşım.

(Fikirləşir.)

İnsandır... Bəlkə də, dilim qurusun.
Mən nə danışıram?.. Öz yurdumuzun
Vəfalı oğlundan şübhə yaramaz
Yəqin yalan qatıb doğruya bir az.

Qasım

O, yalan danışmaz, ayıq ol, Nəbi!
Hər tərəf casusdur, sayıq ol, Nəbi!
Uymasın ürəyin hər şirin dilə,
Dostu yaman gündə imtahan elə.

Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlıdır.

Qurd Kərim (Nəbiyə)

Qardaşım, necəsən?

Nəbi

Yaxşıyam bir az.

Qurd Kərim

Mənə bıçaq vursan heç qanım çıxmaz.
Hər yana baxırsan xarabazardır.
Dolub dilənçiylə küçə və meydan,
İlan oynadanla, meymun oynadan
Bütün camaatı yığır başına...

Musa (Kinayə ilə)

Yaman darıxırsan deyəsən, aşna!
Ancaq bunlarımı görür gözlərin?
Heç məni açmadı sənin sözlərin.

Nəbi

Yoxsa qardaş dərdi könlünə yaddır?

Qurd Kərim

Yox, Nəbi, deyirəm, bu nə həyatdır?

Nəbi

Bu sözlər yaraşmır sənin adına,
Qara keçmişini sal bir yadına.

Musa

Kərim, heç qınama təbrizliləri,
Başları üstündə ölüm xəncəri
Verir öz hökmünü sorğu-sualsız,
Sən bir ev tapmazsan, qəmsiz, məlalsız.

Küçədən bir neçə güllə səsi eşidilir. Hamı bir an qulaq asır.

Qurd Kərim

Uzaqda atıldı.

Nəbi

Həcər, mənə bax.
Burda qalmaq olmaz, tez yola çıxaq.
Çalışaq, düşməyək ələ bu gecə.

Qasım

Sizi ötürərik elə bu gecə.

Qurd Kərim

Ay Nəbi, bu təlaş tamam nahaqdır,
Deyirəm, xəstəsən, yol da uzaqdır.
Sənə ağır olar, bəlkə bir qədər,
Başqa dost evində qalaq bir təhər.

Nəbi

Bura bax, yoxsa sən... nə isə... artıq
Danışmağa dəyməz, yola çıxırıq.

Həcər

Ürəyim nə yaman sıxılır, eyvah...
Nəbiyə bir xətər dəyməsin, Allah!

Qasım

Qorxma, Həcər bacı, biz ölməmişik,
Dostlar bu ətrafda çəkirlər keşik

Nəbi

Gedək, başımıza nə gəlir görək...

Güllü xala

Yaralı quş kimi çırpınır ürək.

Nəbi (Musaya)

Gəl, Musa, gözlərin dolmasın yaşla,
Vuruş qabaqdadır, sən işə başla.

Güllü xala

Hamının ürəyi birdirsə əgər,
Mənimsə ürəyim ikidir, Həcər,
Biri bu taydadır, biri o tayda.

Həcər

Ağlama, ağlamaq verərmi fayda?

Nəbi

Sağ ol, Güllü xala, var ol, a Musa...

Qucaqlaşıb öpüşürlər.

Musa

And olsun pozulmaz dostluğumuza,
Gəlləm yanınıza bir neçə aya,
Bizdən salam deyin dosta, aşnaya.

Qasım

Nədir bu ayrılıq, bilə bilmirəm,
Nədən bülbül qonmaz gülə, bilmirəm,
Gülmək istəyirəm, gülə bilmirəm,
Məni yalqız qoyub, gedəndən ayrı,
Can necə yaşasın bədəndən ayrı?!

Güllü xala Nəbinin dalınca bir kasa su atır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов