Содержание
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil

Страница 1 из 3

Doqquzuncu şəkil

Gorus zindanı. Səhnənin bir tərəfi kamera, digər tərəfi zindan rəisinin otağıdır. Pərdə musiqi müşayiətilə açılır.

Nəbi

Qazamat istidir, yata bilmirəm,
Düşmənlər güclüdür, bata bilmirəm,
Ayaqda qandalaq, qaça bilmirəm,
Qoy sənə desinlər ay qaçaq Nəbi,
Dostları özündən ay qoçaq Nəbi!

Mehdi və Vasili başqa qiyafədə içəri girirlər. Keşikçiyə pul verirlər.

Mehdi

Nəbi can.

Nəbi

Mehdi can, Vasili, qardaş!..

Mehdi

Dağlardan enmişik yanına birbaş.

Qucaqlaşırlar.

Bütün dost-aşnadan salam var sənə.

Nəbi

Ömürlük qazamat kəsiblər mənə.

Mehdi

Qəm yemə, dostların oyaqdır, oyaq,
Onlar and içərək veriblər qərar:
Bu qara zindanı dağıdacaqlar.
Enmişik dağlardan iki yüz atlı,
Hamısı qəhrəman, şöhrətli, adlı,
Qardaşım, qəm yemə, Gorusu gerçək
Almışıq dövrəyə üzük qaşı tək.
Hamımız yolunda sinə gərərək.
Səni bu zindandan qurtaraq gərək.

Nəbi

Ehtiyatlı olun, qurban verməyin,
Düşmən hiyləgərdir, aman verməyin.

Mehdi

Qardaşım, gözünü qırpma bir an da,
Vuruş başlanacaq dan ağaranda.

Növbətçi

Aman, evim yıxıldı, böyüklər gəlir bura,
Sizi burda görsələr məni çəkərlər dara.
Tez olun, tərpənin!

Nəbi

Di, durma Mehdi...

Mehdi

Hələlik...

Nəbi

Dostlara məndən salam de.

Naçalnik, Səlim bəy və bir neçə qazaq içəri girir.

Səlim bəy

Yaxşı tanımırsan onu sən hələ,
Odur ürək verən, dil verən elə.
Onu asdırmasaq dar ağacından
Ölkədə günbəgün artacaq üsyan.

Naçalnik

Siyasət lazımdır, Səlim bəy, düşün,
Nəbi əlimdədir onsuz da bu gün.

Nəbini gətirirlər.

Xoş gördük, qoç Nəbi!

Nəbi

Qurşama, əl çək!

Naçalnik

Nəbi, bu yaxşıdır, buyur, bundan çək.

(Papiros təklif edir.)

Nəbi

İstəməz, çəkdiyim budur hələlik,
“Həsən dədənovdur”, buyur naçalnik.

Naçalnik

Məni yaxşı eşit, gör nə deyirəm.

Nəbi

Qulağım sizdədir.

Naçalnik

Düşünüb hərdən
Deyirəm, doğrudan heyf Nəbidən.
Sənə lap ürəkdən acıyıram mən.
Bilirsənmi nə var?

Nəbi

Bilmirəm hələ.

Naçalnik

Nəbi, gəl mənimlə danışma belə.
Adına bağlıdır bütün üsyanlar,
Yazıqsan, cavansan, gələcəyin var.
Əgər belə getsə, məhv olarsan sən.
Nəbi, gəl bu daşı tök ətəyindən!
Söndür qəzəbini, bəylərlə barış,
Sənə qulluq verək, bizlərə qarış.
Yerə salmayasan sözümü gərək...

Nəbi

Satılmaz ellərçün döyünən ürək!

Naçalnik

Satılmaz... Satılmaz... Sözünə bir bax!
Qana boyanmışdır bütün Qarabağ.
Üsyan qaldırsa da beş-altı mujik,
Yenə də Qafqazın ağası bizik!
Nəbi, arxalanma bu qədər elə!

Nəbi

Kimə arxalanım, naçalnik, söylə?

Naçalnik

Bizə, ancaq bizə, bizdədir qüvvət,
Qoşulsan bizlərə elərik hörmət.
Artar var-dövlətin, artar vəzifən,
Sənə kişi kimi söz verirəm mən.

Nəbi

Sizdə görməmişəm hələ kişilik,
Bağışlayın məni, cənab naçalnik!

Səlim bəy

Polkovnik, mən sizə demişdim bayaq,
Bununla danışmaq nahaqdır, nahaq!

Nəbi

Yaxşı fikirləşin, bəydir adınız,
Quyruq bulamaqdan yorulmadınız?

Səlim bəy

Nəbi, unutma ki, sabınlı kəndir
Çoxdan boğazının həsrətindədir.
Özün öz əlinlə qəbrini qazma!

Nəbi

Mən ölən deyiləm, kefini pozma!

Naçalnik

Bir az açıq danış, nə istəyirsən?

Nəbi

Azadlıq, azadlıq, ancaq azadlıq!

Naçalnik

Səninlə danışmaq artıqdır, artıq.
Qəbirdə görərsən azadlığı sən!

Nəbi

Ellərim görəcək, görməsəm də mən.

Naçalnik

Ellərim, ellərim, ağlın hardadır?
Ellərim deyənlər zindanlardadır!
Nahaq salmayıblar səni zindana.
Padşahı saymayan bu qudurğana
Su, çörək verməyin, ölsün acından,
Sabah asılacaq dar ağacından!

Nəbi

Ölsəm də, oluram buna ümidvar:
Analar minlərcə nəbilər doğar.

Pərdə

Onuncu şəkil

Sıldırım qayalıqlar. Axşam çağıdır. Ocaqlar tüstülənir. Həcər bir qaya üstündən uzaqlara baxır.

Həcər

Bunlar harda qaldı?

Çimnaz

Darıxma, Həcər,
Nəbi sağ-salamat bir azdan gələr.

Həcər

Nələr çəkdiyimi ürəyim bilir,
Bir gözüm ağlayır, bir gözüm gülür.

Çimnaz

Gül iki gözünlə, bir ürəyinlə.

Həcər (Gülür.)

Qoy sən deyən olsun.

Çimnaz

Bax belə, belə...

Həcər

Çimnaz danışanda gülür ürəyim.

Qızlardan biri

Vallah, göz dəyməsin, yamanca qızsan.

Çimnaz

Qızlar, gəlin sizə bir mahnı deyim.

Qızlar

De gəlsin, de gəlsin.

Çimnaz

Dinməyin bir an.

(Oxuyur.)

İlk bahardan gözəl gülər
Qarabağın gözəlləri.
Yolçuları yoldan elər
Qarabağın gözəlləri.
Bal gəzdirər dodağında,
Mahnı deyər yaz çağında,
Çiçəklərin qucağında
Qarabağın gözəlləri.
Sevdiyinə sərin olmaz,
Dərdi, qəmi gözə almaz,
Kişilərdən geri qalmaz
Qarabağın gözəlləri.

Tapdıq (Papağını ata-ata gəlir.)

Həcər, gözün aydın, Nəbigil gəlir.

Həcər

Şad xəbər olasan.

Çimnaz

Dərəyə bax bir.

Həcər

Qızıl samovarlı, qızıl tavalı,
Naçalniklə, pristavla davalı,
Deyin, çalğıçılar vursun qavalı,
Qoy sənə desinlər, ay nadan Nəbi,
Divanı yerindən oynadan Nəbi!

Nəbi, Mehdi, Vasili və başqa qaçaqlar çalğı müşayiətilə gəlirlər.

Həcər

Xoş gördük, a Nəbi!

Tapdıq

Xoş gördük səni.

Nəbi

Dostlarım doğrudan sevirmiş məni.

Qəhrəman

Deyəsən Nəbiyə düşüb qazamat,
Maşallah, kökəlib.

Nəbi

Sizə zarafat
Gəlməsin qapqara, daş kimi çörək.

Vəli

Niyə gecikdiniz? Danışın görək.

Nəbi

Qoy Mehdi danışsın.

Mehdi

Mən niyə, balam?

Vəli

Nəbi, danışmasan vallah, partlaram.

Nəbi

Elə ki, ayrıldıq biz qazamatdan,
Gördüm qan-tər axır sel tək Boz atdan.
Çapdı dalımızca atlı qazaqlar,
“Qoyma, vur” səsindən titrədi dağlar.
Çıxıb hər tərəfdən göbələk kimi
Düşmənlər hürürdü qart köpək kimi.

Vəli

Sonra? Sonra?

Qəhrəman

Sakit, dinməyin görək!

Nəbi

Dedim, bir qurban da verməyək gərək,
Baxdım ki, Boz atı dörd nala çapsam,
Onların əlindən mən nicat tapsam
Hər şey dəyişəcək bir an içində,
Üzəcək dostlarım al-qan içində. Dəhşətli, qorxulu vuruşmalarda
Kişi, öz dostunu qoyarmı darda?!
Qıy vurdum, ay uşaq, tez yerə yatın!
Atın deyən kimi hamınız atın!
Qap-qatı bir duman basmışdı yolu,
Yağılar hasar tək kəsmişdi yolu.
Polad sinəmizi verib qabağa,
Cumduq gözümüzdən od yağa-yağa.
Saldıq pərən-pərən qudurğanları,
Sıçradı dörd yana qara qanları.
Qopduqca bədəndən düşmənin başı,
Çatıldı heyrətdən göylərin qaşı.
Bu vuruş, doğrudan böyük sınaqdı,
Hər yandan dolu tək güllələr yağdı.
Hər atəş açdıqca dostlarımla mən
Ayaqlar üzüldü üzəngilərdən.
Bulaşdı al qana çiçəklər, otlar,
Tük saldı qartallar, kişnədi atlar.
Atışma qızışdı, qopdu qiyamət!
Yerləri, göyləri bürüdü dəhşət!
Göz-gözü görmürdü, hər yan çən, duman,
Saysız yaralardan fışqırırdı qan.
At kişnəməsindən, güllə səsindən,
Qızmış aslanların hər nərəsindən
Sarsıldı qayalar, diksindi dağlar,
Qırıla-qırıla qaçdı qazaqlar.
Bu qoca aynalı gəlməsin gözə,
Çoxunu göndərdi gedər-gəlməzə.

Mehdi

Vuruş meydanında qana-qan dedim,
Basılmaz ömründə qəhrəman dedim.
Beş atlı üstümə yeridi yandan,
Ancaq baş tutmadı düşmənin fəndi.
Nəbi köməyimə yetişən zaman
Elə bil yerindən bir dağ tərpəndi!

Qəhrəman

Var olsun, var olsun qəhrəman Nəbi!
Min illər yaşasın mehriban Nəbi!

Nəbi

Qarışdı tərimə Boz atın təri...
Elliklə düşməni oturtduq geri,
Çaparaq atları, qovuşduq sizə.

Vəli

Nəbinin dostları gəlməsin gözə!

Nəbi

Hər igid yadında saxlasın gərək,
Köksüz bir ağacı tez yıxar külək!
Gəlin ürəklərdən bir səngər quraq,
Sönməsin ellərçün yanan o çıraq!

Mürsəl

Bir canım var, o da qurbandır elə!
Yaşımdan şikayət etmirəm hələ.

Qəhrəman

Yaxşı, Mürsəl dayı, ay cavan oğlan,
Bəs hanı Nəbiyə qoşduğun dastan?

Vəli

Lap yerinə düşdü, danış Nəbidən.

Mürsəl

Ondan yüz il desəm yorulmaram mən.

(Saz çalıb oxuyur.)

Nəbi qatıb qabağına, qovdu qorxaq dovşan kimi
Səlim bəyi, məlim bəyi, naçalniki, maçalniki.
Bir barmaqla Mahmud bəyin dartıb cırdı cəhəngini,
Pristavlar tökdü yerə tüfəngini, müfəngini.

(Nəbiyə) Nəbi can, necədir? Döşünə yatdı?

Qəhrəman

Vallah, cır səsindən qulağım batdı.

Mehdi

Qoy indi aşıqlar, oxusun bir az.

Mürsəl

Ellərin büsatı aşıqsız olmaz.

Aşıq

Nəbinin bığları eşmə-eşmədir,
Papağı güllədən deşmə-deşmədir.
Nəbinin atını bir at keçmədi.
Deyirlər, qandalı açıbdır Nəbi,
Minib Boz atını qaçıbdır Nəbi.

Hamı aşıqları alqışlayır. Nəbi onlara pul verir.

Tapdıq (Diqqətlə baxır.)

Bu gələn kim ola? Baxın, uşaqlar...

Vəli

Tək başına gəlir, burda bir iş var.

Vasili

Elçiyə oxşayır.

Tapdıq

Düzdür, tapmısan.

Qəhrəman

Qoy vurum, öldürüm.

Nəbi

Tələsmə, dayan.

Koxa

Mənə tapşırmışdır bu işi divan,
Bəylər nə deyibsə deyirəm mən də.

Mürsəl

Sən bunu görərsən bilirsən haçan?
Dəvənin quyruğu yerə dəyəndə!

Koxa

Təslim etməsəniz Nəbini, bilin,
Üzü gülməyəcək ömürlük elin.
Davasız, şavasız versəniz ələ
Dərdiniz, qəminiz qalmaz bir gilə.
Kəndə dönərsiniz adınız təmiz,
Qulluq alarsınız, dirçələrsiniz.

Vəli

Bizi nə bilmisən? Alçağın biri!

Qəhrəman

Namərdəm mən səni buraxsam diri.

(Koxanı vurmaq istəyir, ona mane olurlar.)

Mürsəl

Nəbi can, mən ölüm, sən dinmə görək,
Bunun cavabını özümüz verək.

Nəbi

Mən bir söz demirəm, özünüz bilin.

(Kənara çəkilib dostlarının hərəkətinə diqqət yetirir.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов